“Azərbaycan” qəzetinin səhifələrində 

 

38-ci yazı

 

Firidun Bazərqan: "Maarif proqramımız"

Keçmiş neçə il ərzində şagirdlərimiz irticaçı və bayağılaşdırılmış bir proqram əsasında təhsil alırdılar. Köhnə latın proqramı metodu ilə məktəblərdə təhsil davam edirdi və hələlikdə də davam etməkdədir. Bunu burada deməmiş olmayaq ki, hətta, fransız milləti keçmiş beynəlxalq müharibədə amerikalılarla yaxın olmaq niyyəti və ya illər boyu əldə edilmiş təcrübələr nəticəsində öz maarifində və latın tərbiyəsində dəyişikliklər tətbiq etdiyi halda, bizim maarifimiz onlara diqqət etməyib həmin köhnə latın metoduna əməl edirdi. O təlim-tərbiyənin nəticələri və məqsədləri ancaq diploma əhəmiyyət vermək və protokol qaydaları ilə imtahan aparmaq idi. Onun nəticəsidir ki, şagirdlərimiz nəzəri və əməlsiz bir dərsləri oxuyub hafizələrinə doldururdular. Məktəbi bitirdikdən sonra idarələrin birində miz dalısında qulluq etməyə çalışırdılar və bu kimi təhsildən də yanlış bir nəticə alırdılar.

Lakin indi ki, xalqımız azadlığını ələ alıb, onun sayəsində və eləcə də milli hökumətin yaranması nəticəsində hər bir sahədə, xüsusən maarif sahəsində islahat aparılır. Maarif Nazirliyinin proqramda islahat istəyini nəzərə alaraq istəyir ki, burada bir neçə söz qeyd edək.

Təhsil və təlim proqramı haqqında bunu bilməliyik ki, hər millətin maarifi onun xüsusiyyətlərinə tabedir. Bu xüsusiyyətlər sırasında misal üçün dil, tarix, ab-hava, adət-ənənələrlər, milli ənənələr, irsi və irqi, yaxud milli sifətlər, dolanışıq vəziyyəti, ya ümumi halda iqtisadi vəziyyət ola bilər. Hər bir millət üçün təlim və tərbiyədə xüsusi bir metod seçimi olursa da, yenə gərək həmin metod bu xüsusiyyətlərə tabe olsun və qəti bir surətdə bunların onda təsiri olacaqdır. Bunu isbat etməyə misal gətirə bilərik. Misir maarif sistemii 19-cu əsrin əvvəllərində fransızların vasitəsilə yaradıldı və latın təlim-tərbiyəsi orada əsaslandı. Lakin bu gün biz fransız yaxud latın maarifi ilə Misir maarifi arasında aşkar fərqlər görə bilərik. Habelə, Filippin maarifi amerikalılar vasitəsilə yaradılsa da, amma bununla belə xalq xüsusiyyəti baxımından Filippin maarifi ilə Amerika maarifi fərqlidir.

Bügünki dünyada iki cür təlim və tərbiyə metodu vardır: birisi latın metodudur ki, Fransada və Cənubi Amerikda tətbiq olunur. O birisi sə anqlo-sakson metodudur ki, İngiltərə və Şimali Amerikada hazırki halda tətbiq olunur. Halbuki, bu metodlar heç birisi üçün mənfəətli deyil. Latın tərbiyəsinin nəticəsini əməldə gördük. Anqlo-sakson metodu da bizim üçün yaramaz. Yalnız bizim üçün öz xüsusiyyətimizə aid bir təlim və tərbiyə lazımdır. Lakin mümkündür ki, öz təlimimizdə bizim üçün lazım olan metodlardan bəzi hissələri xaricilərdən götürək.

Misal üçün aşağıda birisini qeyd edirik. Təlim metodumuz gərək öz ana yurdumuzun tarixi şəraitinin tələb etdiyi vəziyyətlərə, daha çox iqtisadi, siyasi, ictimai ehtiyaclarımıza uyğun və bağlı olsun. Biz sadəcə təqlid etməməliyik, əksinə özümüz üçün bir təlim-tərbiyə metodu yaratmalıyıq. Bunula belə bir neçə məsələni qeyd edirik.

Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərə təlim prosesində riayət etməliyik. Xüsusilə dil barəsində bir neçə lazımi izahat var: tədris gərək ana dili ilə olsun. Ana dili xalqımız üçün təbiidir. Dərs ana diliylə başqa bir dildən yaxşı başa düşülür. Gələcəkdə məktəblərimizdə ibtidai siniflərdə ana dili ilə kitabların tədrisi yaxşı tədbirdir. Uşağın, ya əsla insanın fikir etmək üçün bir aləti və vasitəsi var, o da dildir. Hər bir insan təbii olaraq öz ana dili ilə fikr edər. Aydındır ki, hər uşaq da öz dili ilə hələ kamil bir şəkildə fikir edə bilməz. Yəni, öz dilini kamil bilməz. Deməli, onun üçün bu halda xarici bir dil tədris etmək onu çətinliyə və zəhmətə salacaqdır. Halbuki, gərək xarici dil yuxarı yaşlarda, məsələn, 12-dən 18-dək tədris olunsun və o surətdə yaxşı öyrəniləcəkdir.

Daha iki məsələyə, praktikaya və yerli ehtiyaclara təlimdə əhəmiyyət verməliyik. Necə ki, bu gün qonşumuz olan Sovet İttifaqında bu iki məsələyə xüsusi əhəmiyyət verilibdir. Rusiyada hazırda dərs praktika ilə birdir. Yerli ehtiyaclar və sənaye o yerin xalqı üçün tədris olunur Pambıq əkilən bir yerdə kəndlilər üçün pambıq əkininə dair məktəb var. Dərsin praktikasız faydası yoxdur, Xüsusən də elmi dərslər, məsələn, fizika, kimya, təbii elmlər və başqaları praktiki halda tədris olunmalıdırlar.

Bir daha əxlaqa əhəmiyyət verməliyik. Əxlaq praktikadan qabaqdır. Nəzakət və ədəb hər yerdə və hər bir zamanda və hər bir xalq arasında əməldən (praktikadan – red.) əvvəl sayılar. Şagirdlərimiz gərək təlim sayəsində, xüsusilə tərbiyə nəticəsində ədəbli və nəzakətli olsunlar və onlar əxlaqi şəxsiyyətə malik olsunlar.

Daha bədən tərbiyəsidir ki, özü xüsusi bir hissədir. Onu sonra geniş bir şəkildə şərh edəcəyik. Biz əminik ki, Milli Hökumətimiz yüksək tərbiyə və təlim sayəsində xalqımızı səadətə doğru aparıb şagirdlərimizi irticaçı proqram altından azad edəcəkdir. Maarif Nazirliyindən bu təlim və tərbiyəni yaratmağı tələb edib və ümid bəsləyirik ki, burada lazımi tədbirlər icra edəckdir.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 160, 29.03.1946

 

***

 

Qoşunumuz azadlığımızın həqiqi müdafiəçisidir

 

1946-cı ilin mart ayının 22-də olmuş rəsmi keçiddə iştirak edən qoşun qüvvələrimiz xalqımızın qüdrətindən kamil bir nümunə idi. Silaha sarılmış bu qüvvələr bizim qarşımızda durarkən həqiqi azadlığımızı əlimizdə saxlamaq üçün bizə böyük ürək dayağı olaraq inam verdi ki, milli qüdrətimiz sarsılmaz bir qüvvədir.

Bizim əsas hədəfimiz Azərbaycan xalqının həqiqi azadlığını qorumaq və bu azadlığın sayəsində xalqımızı siyasi inkişaf və ictimai təkamülə sövq etmək, onların xoşbəxtliklərini, həyatlarını təmin etməkdir. Bu məqsədləri yerinə yetirmək bizim öz millətimizdən asılıdır. İndi bizim qabağımızda aydın və müəyyən bir məsələ vardır. O da azadlığımızın müdafiəsi üçün qüdrətli silahlı bir qüvvə yaratmaqdan ibarətdir. Biz bütün məsələlər barəsində hisslər nöqteyi-nəzərdən yox, onların məntiqi aspektlərini nəzərə alaraq hökmt verməliyik. Biz bilirik ki, zəif həmişə məğlub olar. Bu təbii bir qanundur. Bizim öz əsarət tariximiz bunu bizə aydıncasına göstərmişdir. Bizə ağalıq edənlər də heç vaxt millətimizə rəhm etməyib və zəifliyimizdən istifadə edərək bizi indiyə kimi sıxmışdırlar.

Bu ondan ötrü idi ki, biz müqavimət qüvvəsindən məhrum idik. Qan içən istismarçı hakim təbəqə heç vaxt yalvarmağa baxmayıb və öz polis təşkilatına, zəhərli süngülərinə arxlanaraq amansızcasına bizim xalqımızın azadlığını, dilini qəsb etmişdir…

Biz öz azərbaycanlılıq şanımızı və şərəfimizi qorumaqdan ötrü keçmiş acı təcrübələrimizi nəzərdə tutub o bədnam hadisələrin daha da yenidən təkrar olmasına yol verməməliyik. Bizim azadlığımızı yalnız qoşunumuz, silahlı və qüdrətli qoşunumuz saxlaya bilər. Bu bir həqiqətdir və biz onu hər halda etiraf edirik. Qoşunsuz bir millət həmişə özgələrin hücumuna məru qalar. Çünki millətlərin azadlığını heç bir qanun və zahiri aldadıcı vədələr və şüarlar təzmin edə bilməz.

Biz öz azadlığımızı özümüz qorumalıyıq. Buna görə də qoşunumuzu hər vasitə ilə olursa olsun, qüvvətləndirməliyik. Bütün xalqımız gərək hər şeydən əvvəl qoşunumuzun gücləndirilməsini nəzərə alsın. Bu barədə biz hamımız fədakarlıq etməyə məcburuq. Hələlikdə ayrı-ayrı mənafeyimizdən imtina etməklə qoşunumuzu qüdrətləndirmək uğrunda hər cür maddi və mənəvi məhrumiyyətlərə dözmək və doğrudan da bu yolda fədakarlıq etmək bizim mühüm milli vəzifələrimizdən sayılır.

Bu gün hər hansı azərbaycanlı milli qoşun sıralarında milli əsgərlik xidmətini yerinə yetirməkdən boyun qaçırsa, biz cürətlə onu azərbaycanlılıq şərəfini düşünməyib və öz milli şənini möhtərəm saymamaqda müttəhim etməyə haqlı ola bilərik. İndi gərək bütün hörmətli mülkədarlarımız, tacirlərimiz, qəhrəman fəhlə və kəndli kütlələri millətimizin bu həqiqi idealını həyata keçirmək üçün bütün varlıqları və qüdrətləri ilə milli qoşunumuzu qüvvətləndirmək üçün lazımi yardımlar əmələ gətirsinlər.

“Azərbaycan - azərbaycanlılarındır” şüarını nəzərdə tutmaqla onun tarixi ənənələrini qorumaq üçün biz indidən öz hökumətimizin əsaslarını möhkəmləndirmək, qoşunumuzu müasir şəklə salıb öz cavanlarımızı bu qoşunun əvvəlinci sıralarında iştirak etdirməklə fəxr etməliyik. İndi minlərlə cavanlarımız xalq qoşunları sıralarına daxil olurlar. Hər gün qoşun sıralarına daxil olmaq üçün idarəmizə onlarla məktub və teleqram gəlir. Qoşunumuzun sayı gündən-günə artmaqdadır. Yalnız bu qoşunu idarə etmək üçün xalqımız da milli hökumətimizə kömək edib onun işlərini asanlaşdırmaqda iştirak etməlidirlər.

Xalqımız onlar üçün geyim, silah, ayrı lazımi şeylər tədarük etməklə qoşun qüvvələrimizin dairəsini genişləndirməlidirlər. Biz ölkəmizin müdafiəçisi olan qoşunumuza ehtiramla baxırıq və bütün xalqımızın bu qoşunu gücləndirmək uğrunda fədakarlıq etmələrinə əminik.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 160, 29.03.1946

***

Leyla Möhsünpur: "Müəllifin əsas amalı"

Teatrımızın açılışında tamaşaya qoyduğumuz hörmətli dramaturqumuz Cəlil Məhəmmədquluzadənin “Anamın kitabı” əsərində mənim ifa etdiyim Gülbahar rolu pyes içərisində olduqca əhəmiyyətli bir rol sayılır. Mən bu rolu bütün varlığımla dərk etməyə və yaxşı ifa etməyə çalışmışam.

Gülbahar kimdir? O müxtəlif mədəniyyətlərin təsiri altında olan üç qardaşın bacısıdır. Bu üç qardaş öz aralarında yola getmir, daima çəkişir və hər birisi öz həyatını analarının, atalarının, öz xalqının istədiyi təbii şəkildə deyil, özgələrə təqlid edərək qurmaq istəyir. Öz bacılarını ərə vermək məsələsində belə onlar öz aralarında dil tapa bilmirlər. Gülbahar qardaşlarının təklif etdiyi ərlərin heç birini bəyənmir. Onların dilini belə başa düşmür. Onun xoşladığı və dillərini qandığı çobanlardır.

Müəllif bu çobanların simasından öz xalqını, öz doğma dilini, Azərbaycan xalqının saflığını, təmizliyini ifadə etmişdir. Mən bu rolu ifa edərkən müəllifin bu məhəbbətini tamaşaçılara çatdırmağa çalışmışam. Gülbahar müəllifin amalıdır. Pyesdə o qalib gəlir. Qardaşları bir-birindən ayıran kitabları yandırıb məhv edir. Mən cavan bir aktrisayam. Bütün yoldaşlarımla bərabər Milli Hökumətimizin təzə təşkil etdiyi teatrda artıq həvəslə işləyirəm. Biz şəhərimizdə müasir mədəni bir teatr yaratmaq məqsədini öz qarşımıza qoymuşuq. Buna müvəffəq olacağımıza sevimli hökumətimizi əmin edirik.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946

***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

 

 

 

Xalq Cəbhəsi.- 2020.-18 avqust.- S.14.