1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım

 

 7-ci yazı

 

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Tarixçi alim Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyan Azərbaycanın XİN-ə cavab notasında bildirir ki, iyulun 12-də Azərbaycan hökumətinin Böyük Vedi rayonunda baş verən hadisələrlə bağlı etiraz məktubunu alıb. O, Azərbaycan tərəfinin yanlış informasiyaya malik olduğunu və hadisənin Ermənistanın mübahisəsiz ərazisində baş verdiyini bildirir. T. Bekzadyan guya iyulun 1-də Böyük Vedi və Dəvəli kəndləri arasında 9 erməni əsgərinin və 12 erməni kəndlisinin yerli müsəlmanlar tərəfindən qətlə yetirildiyini qeyd etməklə, ermənilərin törətdiyi Vedibasar qətliamına haqq qazandırmağa çalışır.

“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində yazırdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında “Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilib və yandırılıb. Qəzanın sakinləri ucdantutma məhv edilib. Quluna, Yaycı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranıb. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan quberniyasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar... Sürməli qəzasında daş-daş üstə qalmayıb...

Digər qəzaların – Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata keçirilib. Burada süngülərlə hücumbombardman edilməkdə əsl müharibə gedib. Ermənilərin hücumlarının qarşısı qəhrəman oğulların sayəsində “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalıb... İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə (Azərbaycan türklərinə - red.) törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar”.

Daha sonra qəzet yazır: “Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə edirlər, parlamentdə və hökumətdə təmsil olunublar, onların övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur, onlar digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər”.

Bu məqalə Azərbaycanda yaşayan ermənilərlə İrəvan quberniyasında yaşayan ermənilərin fərqini əyani şəkildə ifadə edirdi. Məqalədə adıçəkilən Vedibasarla Şərurun sərhədindəki “Qurd qapısı”nda Araz-Türk hökumətinin özünümüdafiə dəstələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərək məğlub olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçirlər. Döyüşlər Qaralar, Cadqıran, Şirazlı, Reyhanlı və Avşar kəndlər ətrafında gedir. Ermənilər yenə böyük itki verərək geri çəkilirlər. Bir müddət sakitlik olur. İyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə hücuma keçirlər. Erməni komandanlığı vedililərlə danışıq aparmaq üçün nümayəndə göndərir. Danışıqlar gedən zaman ermənilər fürsətdən istifadə edib irəliləyirlər. Vedililər ermənilərdən geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vediyə doğru irəlilədikdə vedililər əks hücuma keçirlər. Ermənilər bir zabit və 42 süvari itkisi verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng xeyli miqdarda sursat ələ keçirirlər. Bundan sonra Ermənistan müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu 4-cü dəfə Vediyə hücum edir. Vedi qoşunun komandanı Abbasqulu bəy Şadlinski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündə başlamağı qərara alır. Ermənilər elə güman edirlər ki, kənd boşalıb, sürətlə irəliləyirlər. Bu zaman vedililər ermənilərin özlərindən ələ keçirdikləri pulemyotlarla atəş açırlar. Bir saata yaxın əlbəyaxa döyüş davam edir. Ermənilər 1000 döyüşçüdən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndinə geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır.

İngilis qoşunları Cənubi Qafqazı tərk etdikdən sonra amerikalı polkovnik Haskel Birləşmiş Ştatlar, İngiltərə, Fransaİtaliya hökumətləri adından Ermənistana Ali komissar təyin olunur. O, eyni zamanda Qafqazda ABŞ Dövlət Departamentinin nümayəndəsi sayılırdı.

Azərbaycanın Gürcüstandakı diplomatik missiyası avqustun 12-də Azərbaycan hökumətinin Böyük Vedi hadisələri ilə bağlı notasının surətini İtaliyanın hərbi missiyasına, Amerikanın Cənubi Qafqazdakı missiyasına, Fransanın hərbi missiyasına, Britaniya qoşunlarının Cənubi Qafqazdakı missiyasına göndərmişdi1. Lakin ermənilər İrəvan quberniyasında törətdikləri qırğınlara son qoymamışdılar. Əksinə, qırğınlar Eçmiədzin qəzasında daha sistematik xarakter almışdı.

1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifrəli teleqramında bildirildi ki, Böyük Vedidə erməni qoşunlarının hücumlarının qarşısı alınıb, erməni ordusu artilleriyası ilə birlikdə dəmiryol xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq olduğu, yaralanan və öldürülən erməni zabitlərinin sayının on nəfərdən çox olması barədə xəbərlərin dolaşdığı teleqramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirlər. İngilislər də ermənilərə inanırlar. Orada türk əsgərlərinin olmasını M.Təkinski qəti surətdə təkzib edir. M.Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazır.

Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdi. Bağır bəy Rzayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını bildirir və əlavə edir ki, şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər. Qarabəy Qarabəyov deyir: “Ermənistanda müsəlmanlar üçün bu cür yaşamaq mümkün deyil... Müsəlman kəndlərindən müsəlmanları çıxarıblar. İrəvan aclarla doludur. Xahiş edirlər ki, (xeyriyyə təşkilatları nəzərdə tutulur - müəl.) kəndlərinə gedib ot ilə, ələfat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb deyirlər ki, kənddə 45 ev varsa hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ bilməz. Xülasə, rəsmi xəbərlərə görə ermənilər müsəlmanlara olmazın zülmlər edirlər. Qabaqda da ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar.” Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar”.

İngilis qoşunlarının Qafqazdan çəkilməsindən bir müddət sonra erməni silahlı qüvvələri quldurbaşı Yaponun komandanlığında Naxçıvan və Şərur-Dərələyəz qəzalarında kütləvi qırğınlar törədirlər. İyulun sonu, avqustun əvvəlində erməni silahlı qüvvələri Dəvəli istiqamətindən yenidən hücuma keçərək əvvəlcə Şirazlını, sonra isə qonşu Şidli, Xalisa, Avşar, Cadqıran, Qaralar, Kiçik Vedi, Şıxlar kəndlərini və Əliməmməd kəndinin bir hissəsini ələ keçirərək artilleriyanın vasitəsilə evləri darmadağın edirlər. Öz qüvvələrini cəmləşdirdikdən sonra erməni ordusu Milli Dərəsi istiqamətindən hücuma keçərək Çimənkəndi ələ keçirmiş, oradan 5-ci dəfə Böyük Vedi üzərinə hərəkətə keçmişdi. Erməni ordusu 4000 döyüşçü itkisi verərək Araz çayı xətti boyunca mövqe tutmuşdu. Avqustun əvvəlindən etibarən İqdır və Eçmiədzin qəzalarındakı müsəlman kəndlərinin qırğınları başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin 1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülüb. Bundan sonra Böyük Vedililər də atəş açmış, atışma axşamadək davam edib. Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər, palatkalar buraxaraq geri çəkiliblər. M.Təkinski həmin teleqramda Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyanın Böyük Vedi müdafiəçilərinin kənardan pulemyotlarla təmin edilməsi barədə bəyanatının yalan olduğunu, vedililərin pulemyotları ermənilərlə döyüşlərdə ələ keçirdiklərini yazırdı.

Həmin teleqramda M.Təkinski özü özünə sual verir: “Nə üçün Böyük Vedinin müsəlmanları (Azərbaycan türkləri – red.) mübarizə aparmağı qərara almışlar?” Sualın cavabında M.Təkinski yazır ki, Böyük Vedililər İrəvan quberniyasında 300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdılmasını və on minlərlə kişi, qadın və uşaqların öldürüldüklərini görüb mübarizə aparırlar. Hər gün müsəlmanların öldürüldüyü, talan edildiyi, eşidilməmiş zorakılıqlara məruz qoyulduqları bir şəraitdə müsəlmanların yaşadıqları bütöv rayonların Ermənistanın tabeçiliyindən imtina etmələrini və istənilən qonşu ölkəyə birləşmək istəklərini M.Təkinski təbii hal hesab edir.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 22 avqust.- S.13.