Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri 

 

 7-ci yazı

 

M.Auezovun digər bir hekayəsi - "Berkutlu ovçu"da da psixoloji təhkiyənin maraqlı formaları öz təcəssümünü tapır. Belə psixoloji təhkiyə forması kimi psixoloji paralelizmi göstərmək olar. Burada ovun, ovçuluğun ən maraqlı səhnələri təsvir olunur. Eyni zamanda ovçu quşlarının bir-biri ilə dərin köklərə malik olan yarışının təsviri qeyri-adi poetik səhnələri göz önünə gətirir. Bu səhnələrdə, bir tərəfdən, ovun əmək, zəhmət olduğu qeyd olunursa, digər tərəfdən, bu həm də köhnə və təzə ovçular arasında (insanlar arasında) gedən mübarizə və qarşıdurmaları əks etdirir.

M.Auezovun 20-30-cu illər nəsrində müsbət qəhrəman fəal tarixi mövqedə və vəziyyətdə göstərilir. Eyni zamanda bu dövrkü əsərlərdə M.Auezov həm də epikanın psixologizmləri üstələmək mövqeyini nümayiş etdirir. Bununla belə, 30-cu illər nəsri M.Auezova həm də sənətdə qəhrəmanın psixoloji təsvirinin yeni üfüqlərini ortaya qoymağa imkan verdi.

Bütün bunlar göstərir ki, M.Auezovun yaradıcılıq yolu bu insanın üç ictimai-iqtisadi-siyasi mərhələni böyük çöllük yolu ilə adlayıb yeni təfəkkür tərzini özündə birləşdirməyi bacarmasındadır. Onun 20-30-cu illər nəsrinin timsalında biz qazax xalqının mənəvi dünyasının qeyri-adi tarixi mühitdə necə dəyişdiyini və yeniləndiyini görürük. M.Auezovun 20-30-cu illər yaradıcılığında biz müəllifin keçmişi və həmin dövrü necə böyük müşahidəçilik qabiliyyəti ilə əks etdirdiyinin şahidi oluruq. M.Auezov yaradıcılığının tədqiqatçısı Y.Lizunova haqlı olaraq qeyd edirdi ki, yazıçının yaradıcılığında həyati problematika müəllifin öz qəhrəmanlarına, əhvali-ruhiyyəsinə, sosial konfliktlər axtarışına münasibəti ilə müəyyənləşir”.

Auezov yaradıcılığının digər bir məsuliyyətli tədqiqatçısı Z.Kedrinanın fikrincə isə bu qazax yazıçısı "öz əsərlərində kəskin siyasi-aktual bazaya malik olan insan xarakterlərini tədqiq etmişdir. Bununla belə, yazıçının siyasi aktivlik mövqeyi onun bədii obrazlarının traktovkasına kömək etməklə həm də şəxsiyyətin timsalında yeni estetik formaların təcəssümü kimi diqqəti cəlb etməkdədir.

Erkən nəsr yaradıcılığının poetik sistemi 20-30-cu illər Muxtar Auezov nəsrinin müxtəlif məsələlərini nəzərdən keçirərkən ədibin qeyd etdiyimiz dövrdə yaratdığı hekayə və povestlərinin poetikasını da diqqət mərkəzinə çəkmək lazımdır. Çünki M.Auezov istedadlı bədii söz ustalarından biri kimi doğma xalqının olduqca dönüşlü tarixi nöqtəsində yaşayıb- yaratmış, əsərləri janrından asılı olmayaraq tədqiqatçılar tərəfindən geniş təhlil obyektinə çevrilib. XX əsrin sonları - XXI əsrin əvvəllərində isə MAuezov yaradıcılığına tədqiqatçıların müraciəti son dərəcə intensivləşib. Çünki son onilliklərdə, sovet dövründən fərqli olaraq, ədibin əsərləri nəinki onun planetar təfəkkürünün ifadəçisi olan 20-50-ci illərdə millilik toxumu səpən əsərlərinin məzmununda faktik olaraq ümumbəşəri və milli zəmini özündə əks etdirən digər əsərlərinə münasibət kardinal şəkildə dəyişib. Elə buna görə də sosialist realizminin tələblərinə cavab verməyən M.Auezovun əsərləri yeni idrak işığında təhlillərə cəlb edilməlidir. Bu rakursda ədibin 20-30-cu illərdə yazdığı əsərlərin poetikasını araşdırmaq da əhəmiyyətli görünür. M.Auezov yaradıcılığından danışan müəlliflərin əksəriyyəti onun "Abay yolu" epopeyasını daha çox diqqət mərkəzinə çəksələr də, nəzərə almaq lazımdır ki, məhz 20-30-cu illərdə yaradılmış hekayə və povestlər Muxtar Auezovu sonralar unikal tarixi roman janrına müraciətə sövq etmişbu da onu nəticə etibarilə fundamental bədii şedevr yaratmağa gətirib çıxarıb. Eyni zamanda bunu da yaddan çıxarmaq olmaz ki, M.Auezovun ilkin hekayə və povestlərinin onun monumental romanı ilə daxili dialektik əlaqələri mövcuddur. M.Auezov cismən bizdən uzaqlaşdıqca bizim onun yaradıcılığına ehtiyacımız daha çox artmaqdadır. Axı nəhəng aysberqlərin ilk baxışda gözə görünməyən çoxlu tərəfləri su altında qalır. Auezov yaradıcılığı bax belə aysberqlərdəndir. Digər çoxsaylı yazıçılardan fərqli olaraq, M.Auezov yaradıcılığının ilk dövrlərindən başlayaraq dünya bədii mədəniyyətinin başlıca xətlərini dərindən qəbul edə, mənimsəyə bilmişdi. M.Auezov üçün bu heç də "özgə" ədəbi forma və ənənələrin mexaniki şəkildə qəbulu və tətbiqi yox, doğma ədəbiyyatın inkişafını təmin etmək və onun daxili yaradıcı imkanlarını açmaqla bağlı idi. Bu onunla əlaqədardır ki, M.Auezovun əsərləri öz mahiyyəti etibarilə daim milli zəminə bağlı olsa da, onlar ümumbəşəri estetik fikrin təsiri altında formalaşır və bununla da əsl bədiilik keyfiyyətləri qazanırdı. Sənətkar yaradıcılığında, hər şeydən öncə, sanki gerçəkliyin dərin psixolojisosial tədqiqini aparır, qazaxların şüurunda dəyişikliklərə nəzər salır, cəmiyyətin gedişinə nüfuz edir, onun daxilindəki kontrastların səbəbini İncələyib ortaya qoymağa səy göstərirdi. O, əsərlərində cəmiyyət və şəxsiyyət daxilində gedən uzun və mürəkkəb prosesləri bədii baxımdan dəyərləndirirdi. M.Auezovun 20-ci illər nəsrinin mühüm keyfiyyəti dərin psixoloji təhlillərin aparılması ilə yadda qala bilər.

M.Auezov dünyarus realizminin ənənələrini elə dərindən və yaradıcı şəkildə mənimsəyə, öz doğma ədəbiyyatının ən¬ənələrinə elə transformasiya etmişonlar üzvi surətdə elə sintez olunub ki, bu ənənələr yazıçının bədii aləminə yetərincə daxil ola bilmiş, "özgə"ninki kimi düşünənlər "özününkü"nə çevrilib. Belə yaradıcı təsir, əlbəttə, yalnız zəngin istedadlı bədii söz ustalarını səciyyələndirir". Auezov dərin psixoloji təhlillərə söykənərək öz müasirlərinin portretini yaradır, subyektiv müəllif mövqeyindən çıxış edərək obyektiv, portret cizgiləri ortaya qoyub, epik təhkiyədə təbiətlə insanın bir-biri ilə üzvü şəkildə və ciddi əlaqədə olduğunu göstərir. Bu tipli psixoloji detallar son nəticədə onun erkən nəsr yaradıcılığının təkrarolunmaz keyfiyyətinə çevrilir. Yazıçının belə bədii ustalığa yiyələnməsi onun böyük istedadından xəbər verməkdədir. Elə buna görə də M.Auezov yaradıcılığının və onun ümumi yaradıcı potensialının araşdırılması ədibin mürəkkəb inkişaf yolunu dərindən dərk etmək üçün münbit zəmin yaradır. Bu kontekstdə M.Auezovun hekayə və povestlərinin poetikasını ardıcıl olaraq izləmək olduqca səmərəli işdir. Adətən, M.Auezovun "Abay yolu" epopeyasından söhbət düşərkən tədqiqatçılar onun erkən yaradıcılığının əsər üçün prelüd olduğunda israrlıdırlar. Belə yanaşmanı həm təsdiq, həm də inkar etmək olar. Çünki ədibin erkən fenomenallığı İlə seçilən bədii yaradıcılığının, doğrudan da, "Abay" və "Abay yolu" epopeyası üçün tramplin rolunu oynadığını danmaq doğru olmazdı. Digər bir tərəfdən isə M.Auezovun 20-30-cu illər nəsri öz müstəqil mövzu, motiv, problematika, ideya və obrazları ilə seçilməkdədir. Eyni zamanda bu da qeyd edilməlidir ki, M.Auezovun 20-ci illərdə qələmə aldığı hekayə və povestlər vahid süjet-kompozisiya quruluşuna görə bir-birindən fərqlənməsə də, onlar yazıçının həm XIX əsr, həm də XX əsrin əvvəllərindəki qazax xalqının həyatı ilə bağlı iri epik lövhə kimi diqqəti cəlb etməkdədir. Bu əsərlərin əksəriyyəti bir-biri ilə ideya-mövzu baxımından da yaxındır. Bu, hər şeydən öncə, yazıçının yaradıcı axtarışlarının məqsədyönlülüyü və bütövlüyü ilə bağlı təsəvvür yaradır, onun doğma xalqı ilə birgə nəfəs aldığını, qazax cəmiyyətinin tarixi inkişaf meyillərini dərindən dərk etməyə can atdığını göstərir. Eyni zamanda bütün bunlar sənətkarın həmin illərdə qələmə aldığı əsərlərinin təhlilinin zəruriliyini, erkən yaradıcılıq məhsullarının dəyərləndirilməsini, bu əsərlərin ideya-məzmun və bədii ifadə vasitələrinin sistemini, daha doğrusu, sənətkarın poetikasının ortaya çıxarılmasını gündəmə gətirir. Qeyd edilən müstəvidə M.Auezovun təhlil etdiyimiz hekayə və povestlərinin janr tipologiyasını araşdırmaq da maraqlı ola bilər. Çünki sovet illərində belə təhlillər aparılsa da, onlarda bir sıra yanlışlıqlar da yer alıb. Auezovun hekayələrinin ilk olaraq janr təsnifatını İ.Düsenbayev apararkən onları üç qrupa bölüb. Birinci qrupa o, qazax qadınlarının taleyini əks etdirən novellaları ("Evlənmə", "Həvəs", "Kimdir təqsirkar" (1923), "Yasa bürünmüş gözəl", "Şıltaq qadına", "Keçmişin kölgəsində" (1925); ikinciyə kasıb qazaxların ağır həyatını əks etdirən əsərləri ("Yetim", "Barımta" (1925), "Divan tutma" (1926); üçüncüyə isə "Təpənin zirvəsində" və "Çöllük mənzərələri" əsərlərini (1923) aid edib.

Əvvəlki dövrlərdə qazax ədəbiyyatında nəsr janrları ilə bağlı belə ədəbi ənənə olmasa da, sonrakı XX əsrin ilk onilliklərindən Auezovun simasında qazax nəsri qısa bir tarixi zaman kəsiyində "eposdan epopeyaya" qədər böyük sıçrayış edə bilib. Lakin bununla belə, güclü və sürətli inkişafa baxmayaraq, qazax nəsrinin inkişafını və formalaşmasını şərh edən yetərincə tədqiqat əsərləri ortaya çıxıb. Qazax hekayəsinin formalaşmasının nəzərəçarpacaq dərəcədə təhlil olunması bu janrın genezis və təsnifatı sahəsində də xeyli problemlər yaradır. Əlbəttə, burada ayrı-ayrı ədəbi cərəyanların, istiqamətlərin, meyillərin, xüsusən onun milli tiplərinin öyrənilməsi vacibdir. Hazırkı dövrə qədər mövcud olan faktlar XX əsrin əvvəllərində qazax hekayəsinin mühüm komponentlərinin, daha doğrusu, professional nəsrin əsas təməlləri qazax yazıçılarını bu istiqamətdə axtarışlar aparmağa sövq etdi. Çünki qazax cəmiyyətinin sosial-iqtisadi inkişafının intensivləşməsi yaradıcı ziyalıların bədii nəsrə, xüsusən hekayə janrına marağını artırdı.

XX əsrin əvvəllərində qazax ədəbiyyatı özünün yeni inkişaf fazasına daxil olaraq nəsr janrında yazılmış bir sıra rəngarəng əsərlərlə zənginləşdi ki, onların güclü ifadə imkanlarını danmaq insafsızlıq olardı. Bunların arasında yol qeydləri, oçerklər, hekayə, povest, romandram əsərləri var. Qazax müəllifləri ardıcıl olaraq bədii nəsrin mühüm komponentlərindən istifadə etməyə başladılar (portret, peyzaj, personajların davranışı və daxili aləmi, dialoqla təhkiyə arasında mürəkkəb münasibət, bədii nəsrin dil imkanları və s.). Bu dövrdə qazax ədəbiyyatı kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə tərəf səmt alırdı. XX əsrin 20-ci illərində qazax bədii hekayə janrı xeyli nailiyyətlər əldə etdi ki, bu nailiyyətlər, ilk növbədə, M.Auezovla bərabər, həm də S.Seyfullin, İ.Cansuqurov, B.Maylin və digər müəlliflərin adı ilə bağlı olub. Burada bir qədər təfsilata varmağımız onunla əlaqədardır ki, qazax nəsrinin hansı çətinliklərdən keçib irəliləməsini və burada M.Auezovun hekayə və povest yaradıcılığının necə ortaya çıxdığını daha əyani şəkildə nəzərə çarpdıraq.

 

Nizami Tağısoy

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 29 avqust.- S.14.