“Azərbaycan”
qəzetinin səhifələrində
58-ci yazı
Əli Tudə: “And içirik”
And içirik, əziz Vətən cəlalına, növraqına,
Xətainin məzarına, Səttarxanın ocağına!
Nə qədər ki, canımızda nəfəsimiz, qanımız var,
Düşmən ayaq basa bilməz qəhrəmanlar yatağına!
And içirik, əziz Vətən önündə bir nəfər kimi,
Qara duman çökə bilməz ömrümüzün otağına!
Vuruşlarda səndən ötrü bədənimiz şan-şan olsa,
Qoymarıq bir xətər gəlsin azadlığın bayrağına!
Nə ölümdən, nə qorxudan, nə yanğından bakımız (qorxumuz) yox,
Döyüşlərdə çox atıldıq alovların qucağına!
Çox igidlər Vətən deyə şəhid oldu el yolunda
Öz qanıyla yazdı adın tarixin ağ varağına,
Cavanşirin zərbə çaldı işğalçılar dəstəsinə,
Qoç Koroğlu Qıratıyla ləpir saldı hər dağına,
Bizim ellər əzəl gündən amansızdır düşmənlərə!
Öz dostuna mehribandır, hörmət edər qonağına,
Əziz Vətən! Arxayın ol, xalqımızın birliyiylə,
Azad həyat yaratmışıq hər oğluna, uşağına,
Bahar görən gülşənlərin, sarı telli zəmilərin,
Daha bir də qismət olmaz ac qurdların tapdağına,
Sənin sərin sularından yadlar gəlib içə bilməz.
Aslanların gözətçidir hər kölgəli bulağına,
Hər şairin bir bülbüldür, ötür eşqin baxçasında.
O deyir: xar qona bilməz qızıl gülün budağına,
Səhər-səhər günəş kimi üfüqləri yar, ey Vətən!
Məzlum ellər göz dikibdir səadətin çırağına,
Qoy bürüsün şəfəqlərin Qoca Şərqi başdan-başa,
İşıq salsın o qaranlıq zindanların bucağına ,
Ellər bizdən öyrənsinlər azdlığın qurğusunu,
Bütün dünya heyran qalsın Azərbaycan toprağına!
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946
***
Təbrizdə çıxmış ADF orqanı olan "Azərbaycan" qəzetinin 2 aprel 1946-cı il tarixli 163-cü sayında getmiş xəbər:
- Miyana ətrafındakı Bervanan mahalının Vərzqan kəndi əhalisindən Balaxanım adlı bir qadın Miyana yerli komitəsinə göndərmiş olduğu bir ərizədə yazır ki, mənim bir oğlumdan başqa kəfilim yoxdur və bunu da mənə Qızılbaş ordusuna əsgər alma komissiyası kəfil veribdir.
Əsrlərdən bəri biz qadınların qəsb olunan hüquqlarını özümüzə qaytaran və ölkəmizin hüququnun müdafiəçisi olan milli dövlətimizə Əkbər Nəcəfəli oğlu adlı bir tək oğlumu qurban verirəm və bu qurbanımın qəbulunu xahiş edirəm.
***
Bütün Firqə təşkilatları hərbi bir şəkil alacaqdır
Bizim milli hərəkatımızı yaradan və azadlığımızı əldə edən Azərbaycan Demokrat Firqəsi öz tarixi vəzifəsini bir az müddətdə layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Xalqımız firqəmizin rəhbərliyi sayəsində yarım ildən az bir müddətdə böyük və əhəmiyyətli işlər görüb və varlığımızı bütün dünyaya bildirmişdir. Biz unutmamalıyıq ki, Azərbaycan Demokrat Firqəsi təşkil olmamışdan qabaq Azərbaycan xalqının milli qüvvəsi təmərküzləşməmişdi. Firqəmiz bizim milli qüvvəmizi bir yerə toplayıb və indiki cərəyanı yaratdı....
Biz Milli Hökumətimizi qurduqdan sonra siyasi və ictimai sahələrdə böyük inkişaflar əldə etmişik. Amma bununla firqəmizin qarşısında yenə də ayrı-ayrı mühüm vəzifələr durur. İndi ölkəmizi qorumaq üçün bütün millətimiz hazırlıq aparır. Bu, o demək deyil ki, biz özgələri, özgə işğalçıları bizim milli azadlığımızı aradan aparmaq üçün cürət etməyə layiq bilirik. Bizim məqsədimiz diri və şərəfli bir millətə layiq olan qüvvələrimizlə hər cür hadisələrin qaşısında canımızı qoyub müqavimət göstərməyə hazırlaşmaqdır.
Firqə təşkilatları bu hazırlaşmada qabaqcıl bir hissələr olmalıdırlar. Biz xilaskar firqəmizə əbədi olaraq minnətdarıq. Xalqımız əldə etdiyi nailiyyətləri firqəmizə borclu olduğu üçün ona böyük maraq bəsləyir. Bununla firqə təşkilatlarımızın hərbi bir şəkil alması və bütün firqə üzvlərinin hərbi hissələrdə iştirak etmələri xalqımızın və bugünkü şəraitimizin tələbatındandır.
Buna görə Mərkəzi Komitə və şəhər komitəsi qərara almışdır ki, Azərbaycan daxilində olan bütün firqə təşkilatları hərbi bir şəkil alsınlar. Bütün şəhərlərdə və yerlərdə firqə üzvlərindən hərbi hissələr təşkil olunacaqdır. Bu hissələrin siyasi, hərbi-texniki şuraları və dəstə başçıları hərbi taktika və strateji nöqteyi-nəzərdən tamamilə mükəmməl təlimlər alacaqlar. Bu hissələrdə şəhərlərimizin müdafiəsi üçün mühəndis dəstələri və hərbi vəziyyət üçün lazım olacaq bütün şöbələr yaranacaqdır. Sənaye mərkəzlərimizin, şəhərlərimizin müdafiəsi firqə təşkilatlarının öhdəsinədir.
Bu iş tezliklə yerinə yetirilməlidir. Bütün firqə təşkilatları öz vəzifələrini yerinə yetirib bu sahədə layiqincə fəaliyyət etməlidirlər. Biz öz varlığımızı və azadlığımızı qorumaq üçün bu vəziyyətə hazırlaşmalıyıq. Azərbaycan bir daha quldur işğalçıların ölkəmizə hakim olmağına heç bir vəchlə imkan verməyəcəkdir.
Biz öz varlığımızı sübut etmək üçün hər cür fədakarlığa hazırıq.
Biz xalqımızın tələbləri və xoşbəxtliyinin təmini uğrunda ölkəmizin müdafiəçisi olan hərbi qüvvələrimizi genişləndirməli, bizim qüdrətimizi danıb düşünməyən cənabları lazım olan surətdə ağıllandırıb və vəzifələrinin nə olduğu barədə onları düşündürməliyik.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say163,
2 aprel 1946-cı il
***
Azərbaycanın müasir şairlərindən
Məhəmməd Həkim
Hidəci
Azərbaycanın müasir şairlərindən
birisi də Həkim Hidəcini hesab etmək olar. Həkim Hidəci Zəncan
şəhərinin 60 kilometrliyində
səfalı və xoş mənzərəsi
olan Hidəc kəndində dünyaya gəlmişdir. Amma təəssüf
olsun ki, şairin təvəllüd
tarixi heç bir əsərində görünməməkdədir.
Hidəci dərsə başladığı
uşaqlıq zamanından
Azərbaycan dilində
şeirlər deyib yazmağa başlamış
və Hidəci sözünü özünə
təxəllüs qəbul
etmişdi. Təqribən 20 yaşında Hidəcdən
xaric olub və neçə illər müxtəlif yerlərdə əyani və qiyabi təhsil etməklə bərabər yenə də şairliyinə davam edib, nəhayət
Tehranda “Seyid Nəsrəddin” türbəsinin
mədrəsəsində özünü
təcrid etmişdir.
Orada bir neçə mənzumələr və
qiymətli əsərlər
yaratmağa başlamışdır.
Həkim
Səbzəvarinin mənzuməsinə
yazdığı haşiyə
onun istedad və ləyaqətinin nə dərəcə olduğuna möhkəm bir dəlil ola bilər.
Həkim
Hidəci Azərbaycanın
müasir şairlərindən
idi və o, dünya malına və sərvətinə heç əhəmiyyət
verməyib ömrünü
şərəflə başa
vurmuş, 1314 hicridə
(1896-cı ildə - red.) Tehranda vəfat edərək orada dəfn edilmişdir. Həkim Məhəmməd
Hidəci yazdığı
əsərləri ilə
həmişə həyatda
ölməz sayılacaqdır.
Həkim Məhəmməd Hidəcinin
Zəncan yerli dilində olan əsərlərindən bir
nümunə.
Saqi, gətir! – nədən?
O meyi-xoşgüvardən (1).
Mey? Hansı mey? O mey
ki, yoxu fərqi nardan.
Gəldi – nəmə? – Bahar – Gedibdir nəmə qərar
Candır – necə? – Nə zar – nədən? – Hicri-yardan.
Eylərdim arzu – haranı? – Tərəfi-gülşəni.
Könlüm edərdi yad – haçaqdan? – Bahardan.
Mən çox
xoşum gəlir – nəmiyə? – Bülbülü
gülə
Mən çox
bədim (2) gəlir –
nəmədən? – Qış
və qardan.
Mütrib
– bəli, buyur! – Mən ölüm, bir ayağa dur.
Neylim? – Apar qəmi – Neylən? – Çəngü tardan.
Quşlar yenə oxur – harada? – Mürğzarda (3).
Kəklik səsi gəlir – haradan? – Kuhsardan (4)
Şahid!
– Bəli – Dönüm
başuva – Xub, sözün buyur.
Fikr et – Nə var?
– Düşübdür qəmün
xabü xardan.
Neylim? – Aya, nəmədür – nola? – görsün
əmün, buyur.
Onda götür
niqab – nədən? – Ol üzardan (5).
Saqi, gətir
– nəyi? – Belə ol qanə dönmüşü
Ver bir dadım – nədən? – Belə
ol zəhrimardən
Mütrüb, buyurgilən – neylim? – Saz qıl neyi
Oğlan, çıxart çəğanəni
(6) – haradan? – Buxardan
Sən də olan müğənni,
oxu bir neçə
qəzəl
Gizlində? – Yox, utanma, çağır aşikardan
Sən də balam, törənmə, gəl
de! – Nə qism ilə?
Alçaqda? – Xeyr, qorxmagilən, de yuxarıdan.
Mən salmışam
əlimdən - nəməni? – Malü
şövkəti
Mən əl götürmüşəm - nəmədən? – Nəngü
ardan (7).
Mən etina yoxum – nəmiyə? – Qövli-zahidə
(8)
Qorxu yoxumdu –
kimdən? – Rəqibi-xumardan.
Hiç oldu əhli-zöhd (9) – necə? – Biriya (10) əgər
Qılsa
namaz – kim?
– Birisi çarvadardan
Saqi, dolan, dolanmıya - kim? – Çərxi-kəcmədar
(11)
Döndərmə, sal! – kimi?-
Fələyi bu mədardan (12)
Mütrüb! – Sözün buyur
– Sən ol Allahın, danış
Hansı məqulədən? (13) – Digilən vəsvi-yardan.
De, yar – hansı
yar? – Məni xar eyliyən.
Sındırdı əhdi, qoydu məni şuğlü kardan (14).
Hiç iltifat eyləmədi – mən ki, görmədim.
Vəchi nədür? - Əlim
üzülüb cahü
cardan.
Get iltimas eylə - Eylirəm, rəhmi gəlmiri
Gəl əl götür, mənimki keçib ixtiyardan.
Əczin
(15) səmər yoxu –
Eyləməz əczə
etina
Ahın bilib – Həzər eyləməz ahü-zardan.
Xar etdilər
– Kimi? – Məni – Kimlər? - Gül üzlülər.
Cövr etdilər – Nə qədər? – Keçibdir şumardan (16)
Var xatirində? – Hansı?
– O gün getdik Əbhərə
Əbhərdə qalmadıq – Niyə? – Bəsi-iztirardan
(17)
Vardır yadında? – Hansı? – Gedəndə Məlayirə
Mən söhbət
elərdim – Nədən? – Bağü
nardan
Bir söz deyim – Buyur – Məni xar eylədi qürur
Saldı məni bu kibr – Nədən? – İqtidardan.
Yoxluq nə pis olur
– Bəli, müflis xəsis olur
Pulsuz baxar nigarına - Haradan? – Kənardan.
Mən şikvə
(18) eylərəm yenə
- Kimdən? – Rəqibdən
Mən eylərəm
giley, yenə kimdən? - Nigardən
Kim vardı – Neylərən? – Dura qəlyanı
doldura
Könlüm yenə alışdı -
Nəmiçün? – Şərardan
(19)
Saqi! – Bəli, qadan mən alım – Allah etməsin
Qurtar məni
– Nədən? – Bu qəmi-intizardan
Vallahi, keçmişəm
– Nəmədən? – Səbrü
tabdan
Bax gör,
qocalmışam – Nə
səbəb? – Cövri-çərxdən
Halət yoxum – Neçün? – Sitəmi-ruzgardan
Düşdün – Hara? – Bura! – Haradır
bu bəlalı çöl?
Dur tut əlim,
çıxart – Haradan? – Bu diyardən.
Sən bu diyara gəldin özün? – Yox gətirdilər.
De, kim səni
gətirdi? – Soruş huşyardan.
H. S.
***
Əski
əlifbadan transliterasiya
və farsca məqalələri tərcümə
edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 5 dekabr.-
S.14.