“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 60-cı yazı

 

Səməd Səbahi: "Teatr tariximizi rövnəqləndirən unudulmaz gün"

 

1946-cı il mart ayının 28-i günortadan sonra saat 5-də Təbrizin Səttarxan xiyabanının əlvan xalçalarla bəşədilmiş Azərbaycan Dövlət Teatrının eşik qapısında yüzlərlə adamlar gülər üzlə teatr salonuna tərəf axışırlar.

Milli dövlət rəhbərlərinin maşınları bir-birinin ardınca düzülür. Bu gün teatrın qarşısında adi günlərə nisbətən dərin bir canlanma vardır. Təsis olunmuş Azərbaycan Dövlət Teatrının bu gün açılacağı xəbərini eşitmiş Təbrizin aydınları, müəllimləri, dövlət işçiləri, qəzetçilər, doktorlar, mühəndislər, işçilər və sairə öz doğma milli teatrlarının yaranmasını iftixar hissi ilə qarşılayaraq incəsənət ulduzlarımızı görmək üçün can atırdılar. Tamaşaçılar salondadır. Salon və foyelərin gözəl surətdə rəngləməsi, böyük lüstrün nəzərə çarpması tamaşaçılar arasında böyük sevincə səbəb olur.

Səhnənin böyük qırmızı məxmər pərdəsini bir-birinə bağlamış qızıl rəngli ipək lent hamının nəzər-diqqətini üzərinə cəlb edir. Üçüncü zəng vurulur. İşıq sönər-sönməz salonu dərin bir səssizlik bürüyür. Bu anda firqəmizin rəhbəri və milli dövlətimizin baş naziri cənab Pişəvəri, hörmətli Milli Məclis rəisi cənab Şəbüstəri, Təbrizdəki Sovet Mədəniyyət Evinin müdiri cənab Bağırzadə və milli dövlətin başçılarının pərdə qabağında görünmələri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanır.

Baş nazir cənab Pişəvəri kiçik qayçı ilə qızıl rəngli lenti kəsir, pərdə yavaş-yavaş açılır, teatrın aktyor dəstəsi sovet kompozitoru Cahangir Cahangirovun bədii rəhbərliyi ilə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azadlıq himnini oxuyur.

Rəsmi hissədə Baş nazirimiz cənab Pişəvəri milli dövlətimizin təşəbbüsü ilə Azərbaycanda milli dövlət teatrının təsis edilməsini milli mədəniyyətimizin inkişafında atılmış mühüm bir addım olduğunu qeyd edərək xalqımızı və incəsənət ulduzlarını təbrik edir.

Maarif naziri cənab Biriya öz nitqində keçmiş satqın dövlətin Azərbaycan xalqının milli mədəniyyətinə, incəsənətinə laqeyd münasibət bəsləməsilə əlaqədar olaraq artistlərin keçirdiyi ağır vəziyyətlər haqqında müfəssəl danışdıqdan sonra Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin Təbrizdə əsaslı teatr dəstəsinin yaranmasında gördüyü fəaliyyətlərə yekun vurmaqla milli dövlətimizin bundan sonra incəsənətimizin hərtərəfli inkişafı üçün böyük tədbirlər görmək arzusunda olduğunu qeyd etdilər.

Sonra Təbrizdəki sovet mədəniyyət evinin müdiri cənab Bağırzadə keçən bir il müddətində Təbrizdə teatrın yaranması və inkişaf etməsi uğrunda Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin və xüsusən Sovet Mədəniyyət Evi işçilərinin göstərdikləri unudulmaz köməklikləri qeyd edərək milli dövlətimiz tərəfindən təsis edilmiş dövlət teatrı işçilərinə gələcəkdə böyük müvəffəqiyyətlər arzu etdiyini ifadə etdi.

Həm Baş nazirimiz cənab Pişəvərinin, həm də cənab Bağırzadənin dolu məzmunlu kiçik çıxışları tamaşaçılar və aktyorlar tərəfindən istiqbal ilə qarşılanır. Rəsmi hissənin bu qədər səmimi keçməsi milli dövlət başçılarımızın və eləcə də Sovet adamlarının xalqımızın milli teatrının vəziyyətinə bəslədikləri coşqun marağın parlaq ifadəsidir. Milli dövlətimizin incəsənət ulduzlarına göstərdikləri bu dərin münasibət 40 illik teatr tariximizdə qızıl səhifələr yazacaqdır.

Teatrımızın bütün aktyor və aktrisaları bu unudulmaz tarixi günü həmişə fəxrlə yad edərək teatr vəziyyətimizin daha da inkişaf etdirilməsi uğrunda fədakarlıqla çalışaraq xalqımızın və milli dövlətimizin qarşısında öz etimadlarını şərəflə doğruldacaqdır.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 161, 31.03.1946

****

Azərbaycan cavanlarının dili

 

İlk dəfə olaraq ömrümdə illər boyu arzu etdiyim dilimə çatdım. Bu xoşbəxtlik Azərbaycanın dözülməz ağır vəziyyətindən qurtarmağa çalışan güclü demokrat firqəsinin müraciətnaməsini ələ gətirdiyimdən əmələ gəldi. Bu cahanşümul şüa kimi bütün İranı işıqlandırdı. Bu kəskin şüa xainlərin mərkəzi olan Tehranı daha da titrətdi və xainlər xəbərsiz olduqlarından özlərini itirib nə edəcəklərini belə bilməzlər. Amma həmin yerlərdə, yəni Tehranda azərbaycanlılar böyük şadlıqla bu sevimli, bütün cavanların dili olan demokrat firqəsinin müraciətnaməsini təkrar oxuyurlar. Əlbəttə, qəlbdən yazılan bu parlaq şüarlar bütün Azərbaycan xalqını sevindirir.

Düşmənlər həmişəki yalançı qaydaları olan iftira və kəsif sözlər ilə irəliyə doğru gedən dönməz məqsədi geri saxlamaq istəyirlər. Amma onu görə bilməyəcəklər. Özlərinin yazdıqları kimi, “Səttarxan diyarı olan Azərbaycan” bir daha hiyləgər adamların aldadıcı sözlərinə qiymət verməyəcəklər.

Bütün dünya millətləri böyük Atlantik qərarı üzrə öz müqəddəratını həll edərkən illər boyu zəncir altında qalan Azərbaycan xalqı dəxi bundan istifadə edərək Əsas Qanuna uyğyn olaraq öz qanuni haqqını tələb edir. Biz azərbaycanlılar Tehran ilanlarını yaxşı tanıyırıq və onların zəhərləyici sözlərinə əməldən başqa heç bir cavab verməyəcəyik. Artıq bir daha Azərbaycan xalqı qul olmaq istəmir. Bunu qoy bütün dünyaİran xainləri bilsin. Azərbaycan xalqını fəlakət halında saxlamağa çalışan düşmənlər birdəfəlik qansınlar, Azərbaycan oğulları böyük iradəyə sahib olduqlarından tutduğu həqiqi müqəddəs yoldan dönməzlər. Tarix bunu öz parlaq vərəqlərində qeyd etmişdir. Biz tarixçilər bunu, azadlıq yolunda tökülən cavanlarımızın qanlarını unutmamışıq. Onların qanları cuşa gəlib bizi doğru yola aparır. Biz yeni həyatı sevirik.

Biz balalarımızı öz müqəddəs ana dilində oxutmağaöz müqəddəratını aydınlaşdırmağa çalışırıq. Amma bu parlaq dönüşdən kim bizi saxlaya bilər.

Heç bir qüvvə 4 milyon yarımlıq Azərbaycan xalqının tərəqqisini saxlaya bilməz. Biz qanun əsasında yeni həyat, yeni qurtuluş uğrunda hər bir müqavimətə qarşı mübarizə edərək irəliyə doğru gedirik.

Andımız azərbaycanlı olmağımızdır.

Yaşasın dilavər Azərbaycan xalqı!

Yaşasın İranın istiqlalı!

Kor olsun, azadlığın qabağını alanlar!

Tehran (R.D.)

"Azərbaycan" qəzeti. ADF MK-nın rəsmi orqanı, say 25, 11.10.1945

***

Azərbaycanın qeyrətli, namuslu, şərəfli, qəhrəman, mərd oğulları bu gün təcavüzkar düşmən qarşısında Vətənini, onun ərazi bütövlüyünü, xalqını, millətini qorumaq üçün qürurla döyüşə girib fədakarlıqlar göstərdiyi, lazım gəldiyi anda gözünü qırpmadan şəhidlik zirvəsinə ucaldığı bir anda 1945-1946-cı illərdə Güney Azərbaycanın milli-demokratik mübarizəsi nəticəsində Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin 28 yaşlı baş prokuroru olmuş düşmən qarşısından qaçmayaraq son gülləsinə qədər vuruşaraq misilsiz şücaət, qeyrət tarixdə qızıl hərflərlə yazılmış igidlik göstərmiş şəhid Firidun İbrahiminin ən ağır çətin bir şəraitdə düşmənə qarşı hazırlığa çağırış nitqini dəyərli həmvətənlərim dostlarımın diqqətinə təqdim etməyi lazım bilirik.

***

 

Firidun İbrahimi: "Vətənimizi müdafiə etmək üçün hamı hazır olmalıdır"

Azərbaycan məsələsinin beynəlxalq siyasi məsələlər arasında ən əhəmiyyətli bir yer tutmağı, demokratik hərəkatın beynəlxalq irtica qüvvələri tərəfindən biabırçı təzyiq həmlələrə məruz qalması, öz azadlığı istiqlaliyyəti uğrunda çətin əzici bir şəraitdə qəhrəmancasına mübarizə aparan azadlıqsevər xalqların imperialist qüvvələri tərəfindən əzilməsi biz Azərbaycan xalqını vadar edir ki, bir dəfə daha öz müqəddəratımızı taleyimizi əbədi olaraq ləyaqətli surətdə həll etmək yolunda düşünək, fikir edək bu müqəddəs tarixi hədəfə çatmaq məqsədi ilə lazımı tədbirlər qəbul edək bu tədbirləri həyata keçirmək üçün var qüvvəmiz ilə çalışaq.

Azərbaycan xalqı öz müqəddəratını təyin etmək üçün lazımı tədbirlər qəbul edib bu tədbirləri əməli etməkdən ötrü Milli Hökuməti vücuda gətirib Azərbaycan xalqını həqiqi azadlıq səadətinə çatdırmaq vəzifəsini ona həvalə etmişdir.

Azərbaycan Milli Hökuməti təşkil olunduğu gündən bu yana Azərbaycan xalqının milli mənafeyi, milli mövcudiyyəti milli təmayüllərini hifz etmək üçün milli qoşun yaradıb vətənimizin bütün oğullarını xalq qoşunları sırasına daxil olmağa dəvət etmişdir. Xalqımız Milli Hökumətinin bu şərəfli çağırışına Azərbaycan millətinin parlaq keçmişinə layiq olan bir surətdə səs vermişdir. Xalqımız əsarət zəncirləri altında dözdüyü təhqirləri nəzərə alaraq əcnəbi istilaçılar əleyhinə əldə etdiyi parlaq müvəffəqiyyətlərin hədərə getməsinə icazə verməyə hazır deyil. Bu milli nailiyyətləri müdafiə etmək üçün xalqımız özünü tamamilə hazır edib bundan da artıq hazır etməlidir.

Azərbaycan xalqı qürurla yaşamağı sevir. Azadlığı əziz tutur və hər bir qüvvə bizim varlığımızı aradan qaldırmaq üçün adımlarını geniş atarsa, qəhrəman xalqımızın poladdan möhkəm iradəsi qarşısında müqavimət etməyə imkan tapa bilməyəcəkdir. Xalqımız əcnəbi istilaçıların hər növ planına bələddir. Düşmən hər yol ilə daxil olmaq fikrinə düşərsə sonsuz nifrət və hiddətli kinimizlə qarşılaşacaqdır. Azərbaycan xalqının azadlığı əleyhinə aparılan hər növ təxribat amansızcasına aradan qaldırılacaqdır.

Biz heç bir kəsə həmlə etmək xəyalında olmadığımızı aydın bir surətdə izhar etmişik. Bizim bir sülhsevər millət olmağımızı bütün dünya təsdiq etmişdir. Hər bir millət üçün tam azadlıq və demokratik şəraitdə yaşamağı lazım bilirik və hər bir xalqın azadlığına hörmət gözü ilə baxırıq. Amma hər kəs bizim azadlığımızı və varlığımızı aradan aparmaq istəsə, ona qarşı rəhm olunmayacaqdır. Azərbaycanın qəhrəman oğulları hər işdə və hər yerdə olsalar, vətən səadəti uğrundamilli nailiyyətləri hifz etmək yolunda hər zaman mübarizəyə hazır olmalıdır.

Şüarımızı təkrar edirəm: “Ölmək var, dönmək yoxdur!”

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 162, 1 aprel 1946-cı il.

***

Tarixi elanlarımızdan: Hərbi məktəbin açılması

Cümə günü, 1946-cı ilin mart ayının 15-də (Təbrizdə) Azərbaycan Hərbi Məktəbi rəsmi olaraq açılmışdır. Beləliklə, (Azərbaycan) xalq qoşunlarına lazım olan kadr bu məktəbədə tərbiyə olunacaqdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 151, 17.03.1946

 

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 10 dekabr.- S.14.