“Azərbaycan”
qəzetinin səhifələrində
64-cü
yazı
Azərbaycan xalqının istəyi İran xalqının azadlığıdır
Azərbaycanın əsarət zəncirindən qurtulmuş xalqının Tehrana göndərilən teleqraflarından aydınlaşır ki, Azərbaycan xalqı yalnız Azərbaycanın azadlığı uğrunda mübarizə etmir, eyni zamanda bütün İranda yaşayan məzlumları istibdadın dəhşətli çəngindən xilas edib İranda tam mənası ilə bir demokratik rejimin qurulmasını tələb edir. Azərbaycanın şərəfli və qəhrəman xalqı uzun müddətdir ki, irticaya qarşı mübarizə aparıb, istismar dəllallarının, faşizm fikirli murdar ünsürlərin əlindən özünün qəsb olunmuş haqlarını və azadlığını aldıqdan sonra ictimai, iqtisadi, elmi və mədəni sahələrdə dünyadakı mütərəqqi millətlərlə yanaşı olaraq böyük addımlarla irəli getməkdədir. Azərbaycan xalqı şəhrivər hadisələrindən (1941-ci ilin 25 avqustundan – red.) bu tərəfə, yəni o 4 il yalançı məşrutə (konstitusiya – red.) və demokratiya dövründə Tehrana minlərlə teleqraflar edib öz haqlarını tələb edirdilər. Tehrandan isə istismar siyasətinin quldur qara nökərləri bu səslərə cavab vermək istəməyərək Rza xanın 20 illik o pis və alçaq diktatorluq dövrünü yenidən həyata keçirməkdən ötrü bizim haqqımızı və azadlığımızı vermək istəmirdilər. Xain fikirli adamlar Azərbaycan xalqının demokratik hərəkatını boğub yenidən zülmkar bir hökumət yaratmaq istəyirdilər. Azərbaycanın rəşid oğulları o kimi xain ünsürlərin hakimiyyətindən boyun qaçırıb öz milli qüvvəsi ilə onlardan qəsb olunan haqqını, azadlığını cəsarətlə geri alıb, onların xaincəsinə bizim haqqımızda etdikləri fikirləri pozub çəkdikləri planları öz silahının gücü ilə dağıtdı.
İndi isə Azərbaycan xalqı öz istək və ideallarına görə sair məzlum və məhkum millətlərə qibtəverici bir surətdə demokratik bir milli hökumət yaratdı. Azərbaycanın hər bir nöqtəsində və hər bir sahəsində yeni həyat doğulmuş, azadlığını da almış xalqımız böyük bir sevinc və çox böyük bir ruhla iqtisadi, ictimai, elmi və mədəni sahələrdə inkişaf və tərəqqiyə doğru getməkdədir. İndi bu qan bahasına aldığı azadlığı millətimiz göz bəbəyi kimi qorumaq üçün bütün varlığı ilə qətiyyətini bildirmişdir.
Bizim yenidən qollarımızı əsarət zənciri ilə bağlayıb istismar etmək istəyənləri qəzəblənmiş aslanlar kimi dişlərimizlə, dırnağımızla parçalayacağıq. Müqəddəs ana yurdumuzun qapıları əbədi olaraq onların üzünə bağlanmış və o qapıların keşiyində qəhrəmanlar durmuşlar. İrtica canavarları və istibdad ruhlu cəlladlar bir daha Azərbaycana ağalıq edə bilməz, yenidən bizi fəlakətli hala salmaq arzularını da torpaq altına aparacaqlar. Onlar yaxşı anlamalıdırlar ki, bir daha bizim başımıza börk (papaq – red.) keçməyəcəkdir. Yumruğa yumruq, silaha silahla cavab verəcəyik.
Biz həmişə şərəfli ölümü zillətlə yaşamaqdan üstün tutmuş qanlı-canlı bir millətik. Bizim iradəmiz sarsılmaz və möhkəm bir dağ kimidir. Biz Azərbaycan xalqı hamımız tək bir əsgər kimi azadlığımız və muxtariyyətimiz yolunda fədakarlığa və ölməyə çox əvvəldən hazır olmuşuq. İlk gündən azadlıq ağacı Azərbaycanda göyərib qəhrəman şəhid balalrımızın qanı ilə suvarılmışdır.
İndi isə bu ağacın kökü daha da möhkəmlənmişdir və bu ağacın kölgəsində 5 milyon Azərbaycan xalqı yeni və asudə bir həyatla yaşamaqdadır. Bu təzə və təravətli azadlıq ağacına xəyanət gözü və xain fikirlərlə baxanlara aman verməyəcəyik. Azərbaycan xalqının idealı əsrlər boyu babalarının və şəhid qardaşlarının tökülən müqəddəs qanları ilə suvarılmış bu ağacın altında yalnız 5 milyon Azərbaycan övladının deyil, eyni zamanda İranın hər tərəfində yaşayan məzlum qardaşlarımızın da asudə bir həyat sürməklə yaşaması olmuşdur.
Dünya durduqca yaşasın, var olsun azadlığı sevən və qoruyan vicdanlı insanlar!
Ə.Fatemi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946
***
R.Muxtariyan: "İndiki cavan gələcəyin kişisidir"
Milli Hökumətimiz təşkil olunduqdan sonra Azərbaycan Demokrat Cavanlar Təşkilatı daha artıq güclənib və daha çox öz fəaliyyətini genişləndirmişdir. Az bir müddətdə firqəmiz tərəfindən bu təşkilatın ehtiyaclarının aradan qaldırılması tədricən təşkilat üzvlərinin fəaliyyət meydanını daha da genişləndirdi.
Rza xan siyasətinin nəticəsində süstləşmiş minlərlə cavanlar bu xoş ittifaqdan ilham alıb yüksək ruhla silahlanaraq bu təşkilatın üzlüyünə girdilər.
Bir neçə günün ərzində təşkilata üzv olan minlərlə cavanlar hövzələrə bölündülər. Hər bir hövzə məlumatlı və savadlı bir təbliğatçının başçılığı ilə iclaslar aparmağa başladı.
Təbliğatçılar Azərbaycan millətinin ən qədim zamanlardan indiyə kimi qazanmış olduğu şöhrətini, onun qəhəmanlıqlarını və ya Azərbaycan ölkəsində olan mədənlər və təbii sərvətlər barədə məlumatları bəyan edən zaman qara siyasətlər sayəsində öz varlığından xəbərsiz olan məzlum cavanların hər birisi heyrət içərisində öz zehnində əziz vətənin nə olduğunu düşünür və öz doğma yurdunun parlaq gələcəyini nəzərində təcəssüm etdirir və onun yolunda imanla çalışacağına qərar verirdi.
Cavanlar təşkilatının az bir müddətdə əldə etdiyi müvəffəqiyyətlərin müjdəsi Azərbaycanın müxtəlif yerlərinə yetişən kimi Azərbaycanın aslan cavanları tez bir zamanda öz nümayəndələrini mərkəzə göndərdilər ki, lazım olan göstəriş və təlimatları alıb öz yerlərində təşkilat qursunlar. Yəni elə bir təşkilat ki, bugünkü cavanı düzgün bir yolla gələcəkdə şərəfli və namuslu kişi olmaq üçün hidayət oluna bilsin.
İndi Azərbaycanın hər nöqtəsində, şəhərlərində ya kəndlərində Demokrat Cavanlar Təşkilatının varlığı bütün əhali üçün iftixar və şadlıq yaradır. Çünki onlar bilirlər ki, Azərbaycanın qəhrəman millətinin iradəsilə doğmuş azadlıq günəşi faşizmin muzdurları olan xain mürtəcelər vasitəsilə törədilmiş zülmət və qaranlıq fəzanı əbədi olaraq məhv (yox) etmişdir. Artıq cavanlar bu işıqlı zamanda öz təbii istedadlarından istifadə edərək gələcəkdə daha artıq mütərəqqi, ziyalı bir cəmiyyət yarada biləcəklər.
Azərbaycan Demokrat Cavanlar Təşkilatı az bir müddətdə yüzlərlə cavanlar yetişdirib və onların Milli Hökumətimizin ən həssas müəssisələrində xidmət etməsi üçün qərar vermişdir. Məsələn, poçt və teleqraf məktəbində oxuyan şagirdlərin çoxu cavanlar təşkilatının üzvləridirlər.
Zabitlik və eləcə də dəmir yol məktəblərində olan şagirdlərin bir çoxu təşkilat tərəfindən fəal üzvlər olaraq müvafiq idarə və müəssisələrdə çalışmaq üçün təqdim olunublar. Habelə Azərbaycan milli radio stansiyasında cavanlar təşkilatının fəal üzvərindən bir neçəsi mühüm postlara malikdirlər.
Cavanlar təşkilatının mərkəzi komitəsinin ən görkəmli müvəffəqiyyətlərindən biri savadsızlıqla mübarizə etmək qərarı və onu icraya qoymasıdır. Minlərlə uşaqlar irticanın alçaq planları nəticəsində yaranmış iqtisadi vəziyyətin pisliyindən öz kiçik yaşlarında məktəbdə təhsildən məhrum olublar, fabrik-zavodların kəsif havasında bir parça çörək qazanmaqdan ötrü səhərdən axşamadək məşəqqət çəkirdilər və ya küçələrdə siqaret və ya su satmaqla məşğul idilər. Bununla da hər bir azərbaycanlının ürəyində böyük bir qüssə təknəsi yaradırdılar.
Xüsusən də cavanlar təşkilatı ölkənin gələcək ictimaiyyətini formalaşdırmağı öhdəsinə aldığı üçün bu mövzudan hədsiz dərəcədə mütəəssir olurdu. Buna görə də cavanlar təşkilatının mərkəzi komitəsi öz günahsız qardaşlarını savadsızlıq bataqlığından xilas etmək üçün savadlı yoldaşlardan istifadə edib siniflər (kurslar – red.) təşkil etdi ki, savadsız üzvlər o siniflərdə iştirak edib ana dilində yazmağı və oxumağı öyrənsinlər.
Azərbaycan Demokrat Cavanlar Təşkilatı demokrat firqəsinin rəhbərliyi altında Azərbaycan cavanlarına tərbiyə vermək və ölkədə parlaq bir gələcək yaratmaq üçün böyük planlar nəzərdə tutubdur və öz məqsədinə yetişməkdən ötrü lazım olan tədbirlərdən heç bir şeyi əsirgəmir. Azərbaycan Demokrat Cavanlar Təşkilatının bu ali məqsədini başa yetirməkdə hər bir vətənpərəst və namuslu azərbaycanlının müstəqim iştirak etməsi müqəddəs bir vəzifədir. Çünki ölkəmizin gələcək ictimaiyyəti bu günkü cavanlardan təşkil olunacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 198, 14.05.1946
***
“Milli qoşun və onun vəzifələri”
Oğlanlar gimnaziyasında
Bazar ertəsi günü, aprel ayının 15-də axşam saat 4.40 dəqiqədən saat 6.40 dəqiqəyə qədər Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin sədr müavini Azərbaycan Milli Məclisinin katibi cənab Vilai zabitlər məktəbinin cavan tələbələrinə “Milli qoşun və onun vəzifələri” mövzuunda konfrans verdilər. Dərsin məzmunu qəzetimizin gələcək nömrələrində dərc olunacaq və yayılacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946
***
Qızıl ordunun Cənubi Azərbaycanı təxliyə etməsi barədə xəbər.
Salmasdan
Xüsusi müxbirimizdən: şənbə günü (13 aprel 1946) Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan cəmiyyətin Salmas şöbəsi tərəfindən bələdiyyə salonunda təntənəli bir konfrans təşkil edilib. Bəzi natiqlərin hərarətli nitqlərindən sonra şəhərin hərbi komendatı cənab mayor Xocayev öz çıxışında Qızıl ordunun İrana gəlməsi mövzusunda müfəssəl danışdılar və dedilər: “Biz indi Azərbaycandan gedirik, amma dostluğumuz əbədi olaraq qalacaq, mədəni və elmi əlaqələrimiz həmişəlik möhkəm olacaq və qırılmayacaqdır”. Əlavə olaraq bildirdilər ki, Urmiya və Xoy gədiklərindəki postlar artıq Qızıl ordu tərəfindən boşaldılıb və Salmas fədailərinin ixtiyarına verilmişdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 19 dekabr.- S.14.