Azərbaycan Xalq Cümhuriyyətinin tarixində Gəncə mühüm rol oynayıb

 

1-ci yazı

 

2 il öncə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tarixi hadisə kimi qeyd olundu. Bu mövzuda yazılan araşdırmalardan biri də Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” adlı əsəridir. Əsərdə vurğulanır ki, ilk paytaxtı və mübariz qərargahı Gəncə olan Azərbaycan Xalq Cümhuriyyəti milli istiqlalımızın və dövlətçiliyimizin bərpası olmaqla, tariximizin ən şanlı və qürurverici səhifələrindən biridir. AXC tarix qarşısında dövlətçilik ənənələrinin yüksək olduğunu sübut etməklə, Şərqdə ilk parlament quruluşlu demokratik respublika yaradılmasına nail oldu. AXC Gəncədə fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçilik sisteminin qurulması və möhkəmləndirilməsinə xidmət edən 210-dan artıq hüquqi akt qəbul etmişdi. Arxiv sənədləri əsasında təsdiq olunur ki, AXC-nin dövlət kimi formalaşması prosesi Gəncə şəhərində baş vermiş, Qafqaz İslam Ordusu məhz burada yaranıb möhkəmlənmiş və Azərbaycanın əzəli paytaxtı Bakını bolşevik-daşnak dövləti olan Bakı XKS-dən azad etmişdi.

H.Sadıqov qeyd edir ki, qədim və mürəkkəb, keşməkeşli tarixə malik Gəncəmiz əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Dahi Şeyx Nizaminin, Məhsəti Gəncəvinin, sənətkar Bəndərin, Comərd Qəssabın, qəhrəman Cavad xanın tarix boyunca ruhunu yaşadan 4000 yaşlı Gəncə şəhəri tarixən Cənubi Qafqazda azadlıq, milli müstəqillik yolunda işıq saçan məşəl, yol göstərən parlaq mayak olub: “Bu tarixi bir həqiqətdir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan tarixi-mədəni, sosial-siyasi, ictimai hərəkatın fəallığına görə iki əsas mərkəzə - Bakı və Gəncə şəhərlərinə malik idi. Lakin burada bir sıra xüsusi halı qeyd etmək və siyasi təhlil üçün nəzərə almaq çox vacibdir. Neft sənayesinin inkişafı qısa müddətdə Bakının Rusiya imperiyasında sənaye mərkəzinə çevrilməsinə və bununla əlaqədar olaraq, neft ilə daha çox kosmopolit, politexnik mərkəz kimi formalaşan Bakıda siyasi proseslər əsasən ümumrusiya məcrasında, Avropanın təsiri altında, xüsusən onun sosial-demokrat hərəkatı ilə bağlı surətdə inkişaf edirdi. Bakıya regionun hər yerindən çox sayda insanlar axışıb gəldiyindən Bakı çoxmilli şəhər olaraq formalaşırdı. Buna görə də artıq tədqiqatçılar bir məsələdə həmfikirdirlər ki, sinfi maraqların milli maraqları üstələdiyi Bakı şəhərində Azərbaycanın milli qüvvələrinin səsi bəzən eşidilməz, daha dəqiq ifadə etsək, zəif olaraq qalırdı. Lakin Bakıdan fərqli olaraq, milli ənənələrin daha üstün olduğu Gəncə şəhəri isə etnik cəhətdən daha yekcins idi, eyni zamanda burada kifayət qədər milli ziyalı təbəqəsi vardı. Türkiyədə sənədlərlə tanış olduqca, bir həqiqəti dərk etdik ki, uzun illər ortaq taleyi yaşamış Anadolu və Azərbaycan türklərinin milli qardaşlıqları ilə yanaşı, ortaq tarixləri də vardır. Bunları bir-birindən ayırıb öyrənmək mümkün deyil. Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi. AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Mənəvi sahədə həlli vacib olan çox mühüm vəzifələrdən biri milli özünüdərk şüurunun formalaşdırılması, milli-mənəvi dəyərlərin bərpasıdır. Bu işdə xalqımızın çoxəsrlik tarixinin heç bir konyukturdan asılı olmadan, yerli-yataqlı tədqiqi, tarixi həqiqətlərin məhz həqiqət prizmasından qiymətləndirilməsi misilsiz əhəmiyyətə malikdir. 1875-ci il “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28 mayına, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günə qədər davam etdi. Sonda da İstiqlal Bəyannaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu, təbii ki, öz-özünə meydana gəlmədi. Məhəmməd Əmin Rəsulzadənin “Biz yoxdan bir bayraq var etdik” kəlamının altında o dövrün ziyalıları dayanırdı. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq, xaricdə təhsil alıb və Avropanın demokratik, intellektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətirmişlər.

XX əsrin əvvəllərində Azərbaycanın demokratik fikirli ziyalılarının nəşr olunan əsərlərində Azərbaycan xalqının ictimai-siyasisosial problemlərindən geniş söhbət açılırdı. Publisist Əbdülxaliq Axundov yazılarının birində Rusiya Dövlət Dumasının şovinist deputatı PrutskeviçinRusiyada ruslardan başqa heç kəs ola bilməz” sözlərini misal çəkərək onun müstəmləkə xalqlarına düşmən münasibətini pisləyirdi”.

1918-ci ildə Zaqafqaziya Seymi dağıldı. Seymin xarabası üzərində üç müstəqil, demokratik respublika yarandı: “Torpağı olmayan erməni Zaqafqaziya Seyminin dağılması ilə özünə dövlət yaratmaq istəyirdi. Hələlik Tiflisdə yeni yaranan erməni dövləti Gürcüstan Respublikasının paytaxtını tərk edib, öz “torpağına” - paytaxtına getməli idi. Lakin nə dövlət quracaq torpağı, nə də hökuməti yerləşəcək paytaxtı yox idi. Bircə ermənilərin “mükəmməl” “tarixləri” var idi. Görkəmli tarixçi Piatrovski nə qədər də dəqiq deyib ki, “ermənilər tarixlərinin “qədimliyinə görə” tarixlərinə yox, tarixçilərinə minnətdar olmalıdır”. Sözü atəşlə müqayisə edənlər çox olub. Nizami babamız sözü atılan oxla müqayisə edib. Deməmisən - o, demisən - sən ona görə cavab verir, bir sözlə, onun köləsinə çevrilirsən. Piatrovskinin də əcnəbi erməniyə atdığı bu söz gülləsi, onların tarixinin mahiyyətini açan qanadlı ifadədir. Babamız Mirzə Cəlil “Ölülər” komediyasında qəbiristanlıq səhnəsində “dirilmək imkanı” olanlara İskəndərin dili ilə, “dirilib qəbiristanlıqda qalmayacaqsınız”, xitabını edir. Ermənilər də respublika elan edib Tiflisdə qalası deyildilər. Onlar getməli idilər. Ancaq hara? 1918-ci ildə ermənilərin Qafqazda, xüsusilə Azərbaycanda yerli əhaliyə qarşı törətdiklərinin ətraflı təhlilindən aydın olur ki, onlar çoxdanhara?” sualına cavab axtarırmışlar. Ermənilər “hara üçünsə çalışır”, Qafqazın ayrı-ayrı yerlərində müsəlmanların yaşadıqları torpaqlarda etnik təmizləmə həyata keçirirdilər. Görünür, bizlər başa düşməmişik, bütün günahlarını erməniliklərinə bağışlamışıq. Sonralar biz, 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı etməsini unutdurmağa çalışır, qapımızın nəinki sür-sümüyünü, hətta özümüzə qıymadığımızı da onlardan əsirgəmirdik. Axı onlar torpaqsız, yurdsuz-yuvasız idi. Bəzən onları özümüzə kirvə də edirdik. Hətta müsəlmanlığı qəbul etmələrini də alqışlayırdıq. Bir çox hallarda ermənilərin tarixi cinayətləri yadımıza düşəndə də beynəlmiləlçiliyimiz baş qaldırır və uşaqlarımıza “İlan yerisin, balası da dalınca” nəsihətini verirdik, “İlanın ağına da, qarasına da lənət” deyənləri gözümçıxdıya salırdıq. 1914-1918-ci illərdə anasının arxasınca sürünən builan balaları” - ermənilər böyümüş, əməllərinə görə analarından da beş addım qabağa getmişdilər”.

1914-1918-ci illərdə ermənilər Qafqazda vətənsiz, gəlmə olduqları halda azərbaycanlıları günahkar bilirdilər: “Ermənilər “ən yaxşı türk ölü türkdür” təbliğatı aparırdılar. Onların avtoqrafları qarət, talan, dağıtmaq, azərbaycanlılara qarşı soyqırımı idi: “Çox vaxt göz yaşlarımızı ürəyimizə axıtmışıq. Qoy düşmənlərimiz görməsinlər - demişik. Kədərimizi, dərdimizi kimsəyə elan etməmişik. Haralara getmədi Vətən övladları? Pənah apardı qonşulara - İrana, Türkiyəyə, Rusiyaya, Orta Asiyaya, Avropaya. Qürbət taleli insanlar qürbətdə Vətəni düşündülər. İlk vaxtlar onların çoxu Azərbaycanla sərhəd yerlərdə yaşadılar. “Vətəndən gələnlərdən xəbər tutmaq asan olsun, - dedilər”. Tez-tez xəbər tuturdular da. 1918-ci ilin mart qırğınları arxada qalmışdı. Azərbaycanlı mühacirlər hər yerdə Vətəndən gələn xoş xəbərlərin həsrəti ilə yaşayırdılar. Gəncədən onlara ümidverici xəbərlər gəlirdi, Bakı Kommunası mərkəz Gəncə olmaqla Azərbaycanın qərbini tuta bilməmişdi. Azərbaycan Demokratik Respublikası Gəncəni müvəqqəti paytaxt elan etmişdi. Daxildə də, xaricdə də ümid Gəncəyə qalmışdı. Ona görə də xaricdə və daxildə hamını Azərbaycanda olanlar yox, daha çox Gəncədən gözlənilənlər maraqlandırırdı. Azərbaycandan gələnləri qarşılayıb, “Gəncədə nə var, nə yox?” soruşanlar bir deyil, on deyil, minlərlə idi. Xaricdə, Azərbaycanın sərhədlərinə yaxın olub, vəziyyətin düzəlməsini gözləyənlər bir-birinə rast gələndə dedikləri “Gəncədə nə var, nə yox?” sorğusu dünyanın hər yerinə yayılmışdı. 1918-ci ilin mayı çox ümid verirdi. Mayın 28-i Azərbaycan istiqlalını doğurdu”.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycanın tarixi paytaxtı Bakıda olan Bakı Xalq Komissarları Soveti Tiflisdə elan olunan milli hökuməti tanımadı, hətta ona qarşı müharibə elan etdi: “Azərbaycan Xalq Cümhuriyyətinin sovet rejiminə görə bir çox “günahları” var idi. AXC qurucuları faktiki olaraq istiqlal mübarizəsinə qalxmaqla bolşevik Rusiyasına qarşı çevrilmişdilər. Bakı Xalq Komissarları Sovetinin Azərbaycanın hər yerində hakimiyyətini qura bilməməsinin günahkarı bolşevik-daşnaklar tərəfindən AXC hesab edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti tarixində Gəncə mühüm rol oynayıb. Gəncə onun paytaxtı və döyüşən qərargahı idi. Bakı Xalq Komissarları Sovetinin hakimiyyətinin yerlərə yayılmasına mane olan Gəncə idi. Gəncənin müqaviməti və mübarizəsi olmasaydı, Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni qüvvələri Azərbaycanı tamamilə işğal edə bilərdilər. Buna görə də Sovet hakimiyyəti illərində yazılan kitablarda Gəncəmiz sovet rejiminin barışmaz düşməni, Azərbaycan istiqlalının paytaxtı və Azərbaycan istiqlalı uğrunda mübarizədə hərbi qərargah hesab edilərək tənqidlərə məruz qalırdı. Sovet hakimiyyəti illərində Gəncə adının yasaq elan edilməsi də bununla əlaqədar idi. Bu münasibət Sovet hakimiyyəti mövcud olduğu bütün zamanlarda davam etmişdi. Biz tariximizi dünyaya hələ az tanıda bilmişik. Bunların ən zəruri olanlarından biri Gəncənin tarixidir.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 15 dekabr.- S.14.