Azərbaycan Xalq Cümhuriyyəti tarixində Gəncə mühüm rol oynayıb

2-ci yazı

 

Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə”adlı əsərində tarixçi bu qənaətə gəlir ki, Azərbaycan Respublikası son dəfə müstəqillik qazandıqdan sonraTürkiyə ilə münasibətlərimizə yenidən nəzər salınıb. Tariximizin bu dövrünə aid yazılmış əsərlər qiymətli

olmaqla yanaşı, eyni zamanda ölkəmizdə tədqiqatçılar və oxucular üçün faydalı məlumatlarla zəngindir.Lakin Azərbaycanda tədqiqatçıların istifadə etdiyi yeni mənbələrdən alınan faktlar dağınıq olduğundan,

onlardan istifadə edilməsində xeyli çətinliklər yaranır. Bu səbəbdən də Azərbaycan Demokratik Respublikasının Osmanlı imperatorluğu ilə münasibətləri tarixini, o cümlədən Gəncə tarixinin 1918-1920-ci illər dövrünü əsaslı şəkildə, fərqli ideologiyalara bağlı olmadan, tam tədqiq etmək mümkün olmayıb:“Son 100 ildə ölkəmizdə Azərbaycan tarixinə, o cümlədən Azərbaycan Demokratik Respublikasının paytaxtı olmuş Gəncənin tarixinə aid əsərlər yazılıb. Həmin əsərlərdən sovet ideologiyası qəliblərinə uyğun

yazılanlarda belə, maraqlı faktlar var. Hər hansı əsəri “sovet indeksi ilə yazılıb” deyib tarixin unutqanlıq

dünyasına göndərmək olmaz. Sovet mənbələrindən istifadə edildiyi zaman müqayisə üçün digər mənbə

olmadığından, əldə olan sənədlərə tənqidi yanaşma imkanımız olmayıb. İndi dünyanın arxivləri

açıldığından onlardan birbaşa, ya da kompüter vasitəsi ilə istifadə etmək imkanı yaranıb. Yaxud da bizə

tərəfdar olan az sayda müəlliflər tərəfindən nəşr edilmiş əsərlərdən istifadə etmək imkanımız var.

Xaricilərin yazdığı kitablar nə qədər qiymətli olsa da, bu yazılarda müəlliflərin ürək yanğısı çətin görünür.

Bununla belə, əcnəbi müəlliflərin əsərləri bizim üçün dünya miqyasında çox böyük dəstək”.

H.Sadıqov qeyd edir ki, Rusiya, Türkiyə, İran mənbələrindən imkan daxilində müqayisəli şəkildə

istifadə etmədən Azərbaycanın, o cümlədən Gəncə tarixinin yazılması mümkün deyil. Azərbaycan tarixi

haqqında bir səhifə, bir məqalə, bir kitabla gerçəkləri yazmış xarici müəlliflər az iş görməyiblər:

“Azərbaycanda olan müəlliflərin də kitabları bizim üçün çox qiymətlidir. Ona görə də Azərbaycan tarixi

haqqında yazmış möhtərəm insanlara (hansı ölkədə yaşamasından asılı olmayaraq) minnətdarlıq borcumu

ifadə etmək istərdim. Onlar həmin əsərlərilə Azərbaycan həqiqətlərini dünyaya yaymış, çox mühüm bir

cığır açmışlar. Bu cığırın genişləndirilməsi, yola çevrilməsi Azərbaycan tarixçilərinin vəzifəsidir.

Azərbaycan tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti tarixi ən çox tədqiq edilən sahələrdəndir.

Tədqiqat prosesində bir çox əsərlərlə tanış olmuş və o nəticəyə gəlmişik ki, tədqiq edilməli hələ çox

məsələlər var. Odur ki, onların geniş arxiv materiallarını cəlb etmədən 23 aylıq cümhuriyyət tarixinin

zaman və insanlar qarşısında qoyduğu “Nə üçün?” sualına tam cavab vermək mümkün deyil”.

H.Sadıqovun irihəcmli əsərində aşağıdakı mühüm məsələlər öz əksini tapıb. AXC tarixində

opponentlərinin əsaslandırılmamış və tez-tez təkrarlanan nəticələrindən biri ondan ibarətdir ki, guya

cümhuriyyət dövlətçiliyin təşkili nöqteyi-nəzərindən təcrübəsiz olub və vaxtında dövlətçiliyin mühüm

aktlarını hazırlaya bilməyibmiş. Təhlil prosesində bunun cümhuriyyətin dövlətçilik fəaliyyətini təsdiq edən

arxivlərin sənədləri ilə tanış olmamaqdan irəli gəldiyi ortaya çıxıb.

Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə 93 təlatümlü gün keçirib. Azərbaycan Respublikası Tarix

Arxivinin fondlarında mühafizə olunan sənədlərlə tanışlıqdan bəlli olur ki, 93 gündə Azərbaycan Xalq

Cümhuriyyəti 210 hüquqi-dövlətçilik aktını hazırlayıb və qəbul edib. Qeyd olunan sənədlərdə

Cümhuriyyətin qanunverici bazasını tam və yüksək səviyyədə yarada bilməsi göstərilib. Bakıda ictimai

hərəkat xadimləri arasında sosial-demokratiya qüvvətli olduğu halda, Gəncədə olanların milli-demokratik

hərəkatın tərəfdarı olduğu da tədqiqat prosesində sənədlər tərəfindən təsdiq edilib.

Yaddan çıxarılmamalıdır ki, AXC Gəncədə olduqda onun qanunverici orqanı - Parlamenti yox idi.

Bir neçə qanunun Milli Şura tərəfindən, qalanları isə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Nazirlər

Şurası və müvafiq nazirliklər tərəfindən qəbul edilib. AXC-nin Gəncədə və Bakıda qəbul etdiyi hüquqi

aktlar mükəmməl qanunvericilik nümunəsi olub, cəmiyyətin bütün sahələrini əhatə edirdi, burada Avropada

tətbiq edilməyən bir xalq cümhuriyyəti qurulmasının həqiqiliyi, mənbələrdə də açıq şəkildə göstərilib.

Gəncə Azərbaycanın Qərb bölgəsinin yalnız inzibati mərkəzi deyil, həm də Azərbaycançılığın,

sosial hərəkatın mərkəzi idi. Cümhuriyyət dövrü Gəncəsinə baxış bucağı yanlışdır. Ona görə ki, Gəncəyə

müasir bucaq altında baxılır və hər vəchlə onu Rusiya imperiyasının əyalət şəhərlərindən biri hesab edirlər.

Halbuki, Rusiya imperiyasında bir sıra şəhərlər istisna edilərsə, Gəncə paytaxt olmağa layiq şəhər idi.

Tarixin bütün dövrlərində olduğu kimi, Gəncədə iqtisadi, mənəvi və təhsil sahəsində çox uğurlar əldə

edilmişdi ki, bu da gəncəlilərin Rusiya imperiyasının siyasi həyatında fəal iştirak etməsinə imkan yaradırdı.

Gəncəlilər təhsillərini Şərqin, Avropanın və Rusiyanın ali məktəblərində alaraq regionun siyasi həyatında

aparıcı mövqedə iştirak edirdilər.

AXC tarixinin arxivşünaslıq bazasının müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin AXC ilə əlaqədar fondlarının da siyahısı kitaba əlavədə

verilib ki, bundan sonrakı tədqiqatçıların istifadəsini asanlaşdırsın. Tarixi tədqiqatlar cansız deyil. Ona görə

Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlı hərbi birliklərinin əvəzsiz köməyini öyrənərkən vacib və

tarixi ədalətin tələb etdiyi məsələ - Anadolu-Qafqaz türklərinin qarşılıqlı qardaşlıq konsepsiyası

Azərbaycan tarixşünaslığında ilk dəfə tədqiq edilib.

Çox halda Osmanlı dövlətinin Qafqaz İslam Ordusu vasitəsi ilə Azərbaycan Xalq Cümhuriyyətinə

göstərilən köməyi tədqiq olunarkən Qafqaz türklərini sanki fəaliyyətsiz təsvir etmək kimi yanlış bir meyl

var. Balkan və Çanakkala savaşlarında şəhid olan on minlərlə Azərbaycan türklərinə haqsızlıq olduğunun

fərqində olmalıyıq. Tədqiqata bu pəncərədən də baxılıb. Birinci dünya müharibəsi illərində tarixdən məlum

olduğu kimi, Anadolunun müəyyən bölgələri ruslar tərəfindən işğal edilmişdi. Rus işğalında olan

bölgələrdə erməni quldur dəstələri özbaşınalıqlar edirdi. Türklərə qarşı həqiqi soyqırımı həyata keçirdikləri

bir dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin geniş profilli fəaliyyəti geniş və yeni faktlar əsasında

tədqiq edilib.

1917-ci il Oktyabr inqilabı dünyanın tarixi inkişafının yönünü zorakılıqla dəyişdi. O vaxtdan

başlayaraq bolşevik inqilabı Peterburqdan ucqarlara - Qafqaza süründü və uğur da qazandı. Azərbaycan

xalqının qanlı düşməni Stepan Şaumyanın başçılığı ilə Bakıda Xalq Komissarları Sovetinin bolşevik

hakimiyyəti quruldu. V.İ.Leninin planına görə “Bakı Xalq Komissarları Soveti Qafqazda bolşevik

inqilabının qələbəsini hansı yolla olursa olsun, təmin etməlidir” tələbi təhlil edilib. Azərbaycanlılara qarşı

soyqırımının həyata keçirilməsində Leninin planının Şaumyanın iştirakı ilə həyata keçirilən faciələrin

məqsədi Qafqazı Azərbaycansızlaşdırmaqdan ibarət olub.

Dünyada “Ordusuz xalq müdafiəsiz xalqdır” tendemi mövcuddur ki, zamanın qara siyahısına düşən

hökmdarlar işğal prosesində müqavimət göstərən və ona görə də mənfi münasibət bəslədikləri xalqları onun

vasitəsi ilə cəzalandırırlar. Rusiya işğal prosesində Azərbaycanın, xüsusi ilə Gəncənin ciddi müqavimətinə

rast gəldiyindən və xristian təəssübkeşliyindən hərəkət edərək xalqın silahsızlaşdırılmasını həyata

keçirmənin mükəmməl metodikasını hazırlamışdı. Azərbaycanlılar hərbi səfərbərlikdən kənarda saxlanılır,

hərbi məktəblərdə istisnalar nəzərə alınmazsa, oxumağa icazə verilmirdi.

Transqafqaz Seyminin daxili-xarici siyasəti geniş təhlil edilib və məqsədli olaraq Şaumyanın

rəhbərliyi ilə Bakı Xalq Komissarları Sovetinin göstərişi ilə ermənilərin azərbaycanlılara qarşı soyqırımının

qarşısının alınması ilə bağlı heç bir tədbir görə bilmədiyi təsbit edilib.

1917-ci ilin oktyabrından başlayaraq bolşevik inqilabı Qafqazda tamamilə qələbəni təmin etməyə

çalışırdı. Azərbaycanda o dövrdə Leninin bolşevizminin sosial bazası yox idi. Bununla bağlı Bakı Xalq

Komissarları Sovetinin Bakıda zorla, cəbhədən qayıdan ermənilərin köməyi ilə üstünlüyə nail olublar.

Qafqazda bolşevizmin qələbəsinə imkan verməyən Gəncə sindromu uzun illər açılmayıb, çox hallarda da

ya bilməyərək, ya da məqsədli olaraq üstündən keçilib. 1917-ci ilin oktyabrından bolşevizmin Qafqazda

yayılmasına Gəncə başda olmaqla Azərbaycanın qərb bölgəsi mane olub.

V.İ.Lenin və İ.Stalinin Azərbaycana, konkret olaraq Gəncəyə münasibəti başımıza gələn

fəlakətlərin səbəbi olsa da, uzun illərdən bəri tədqiq edilməyib və tarixi tədqiqatına qərar verilməyib. Gəncə

1917-1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinə Leninin Qafqazı bolşevikləşdirmək tapşırığını

yerinə yetirməyə imkan verməyib. AXC-nin ilk paytaxt olaraq Gəncəyə gəlməsi Leninin nümayəndəsi

Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin vəzifəsini müəyyən etdi. Onlar Xalq

Cümhuriyyətini beşikdəcə - Gəncədəcə boğmaq planını reallaşdırmaq üçün hücuma keçdilər və Kürdəmirə

qədər gələ bildilər. Hadisələr Leninin planından fərqli şəkildə cərəyan edirdi. Gəncə sindromu V.İ.Leninin

planlaşdırdığı 1917-1918-ci illərdə Qafqazda bolşevik inqilabının “təntənəsini” aradan qaldırmışdı.

Gəncədə beşikdə boğmaq istədikləri istiqlal ordusu bolşeviklərin erməni qüvvələrini Bakıya doğru qovdu.

Gətirilən faktlardan aydın görünür, Gəncə sindromu Lenin və Stalinin Qafqazda bolşevik inqilabı

haqqında planlarının reallaşması imkanlarını aradan qaldırıb, Lenin və Stalinin Gəncəyə sonrakı dövrlərdə

münasibətlərinin səbəbləri (sovet hakimiyyəti dövründə Gəncənin adını dəyişib Kirovabad etdilər) daha

qabarıq şəkildə görünür. Gəncə 1917-ci ilin oktyabrından 1920-ci ilin 28 aprelinə qədər Lenin və Stalinin planları ilə müəyyən edilən Qafqazda bolşevik inqilabının - hakimiyyətinin qərarlaşmasına mane olub.

 

Elçin Qaliboğlu

 

 

Xalq Cəbhəsi.- 2020.- 17 dekabr.- S.9.