“Azərbaycan” qəzetinin səhifələrində 

 

 18-ci yazı   

 

 

Seyyid Əli Məhbubi: "Azərbaycan milləti öz qəhrəman fədailərinə ümid gözü ilə baxır"

 

“Fədai” sözü bir kəlmədir ki, xüsusi bir məqsəd və məram yolunda öz canından keçən adama aid olar. İnsafən inkar etmək olmaz ki, bizim fədai qardaşlarımız əməl və imtahan ilə sübut etdilər ki, bu şərəfli adla fəxr etməyə layiqdirlər. Azərbaycan xalqının məqsədli qiyamında, quldurluq əleyhinə başladığı mübarizədə və nəhayət, illər boyu ürəkdə qalan arzuları əməl mərhələsinə yetirməkdə fədai qardaşlarımız ən böyük və ağır bir vəzifəni ifa edibdirlər. Qışın soyuğunda, küləklər və tufanlar qabağında çöllərdə və dağlarda gecə-gündüz yuxusuzçox vaxtlar da ac-susuz qalıb təhlükəni və ölümü aydıncasına bilə-bilə və görə-görə şərəflə ölməyi qarşılarına alıbdırlar.

Yenə də fadai qardaşlarımızın müntəzəm nizam-intizam altında etdikləri və dözdükləri zəhmətləri nəticəsindədir ki, Azərbaycan xalqı indiyədək görmədiyi və inanmadığı əmniyyətdə və asayişdə yaşayır və yaşayacaqdır. Qəhrəman fədailərin inanılmış və sübut olmuş cəsarət və dözümləridir ki, milləti əldə etdiyi azadlığı saxlamağa və əbədi səadətə yetişməyə ümidvar edir, gələcəkdə onlardan daha yüksək, daha böyük cəsarət və fədakarlıq gözləyir, onlara ümid gözü ilə baxır, onları ürəkdən sevir.

Budur ki, bütün millət fədai qardaşlarımıza olan maraqlarını göstərmək üçün hədiyyə vermək istəyir. Millət hamısı, təkcə mülkədar və sahibkarlar eyil, eyni zamanda hər sinifdən olan, hətta, çox az gündəlik alan fəhlələr də sevgili fədailərə hədiyyə vasitəsi ilə maraq göstərməyə tələsir. Bununla da yəqin olur ki, az bir müddətdə millət hamısı bu milli vəzifədə iştirak edib fədailərə hədiyyə edəcəkdir. Bu maraqdır bizim düşmənlərimizi lərzəyə salan, bu birlikdir qəddar mürtəceləri dizə çökdürən. Bəli, çünki qəhrəman fədailərə bütün millətin sonsuz marağı vardır. Millət hamısı diqqət göstərmək istəyir.

Bu halda təkcə Təbriz şəhərində hədiyyə qəbulu üçün komissiya təşkil etmək millətin hamısına imkan verə bilməz və uzaq şəhərlərdə, qəsəbələrdə və kəndlərdə olanlar bu iftixarı dərk edə bilməzlər. Lakin, əgər bu əməldə fərmandarlara (qubernatorlarared.), bəxşdarlara (rayon başçılarına – red.) və komitə sədrlərinə səlahiyyət verilsə, bütün azərbaycanlılar cəsur fədailərə diqqət göstərməyə imkan tapa bilər. Bu milli vəzifədə bütünı vətəndaşlar iştirak edə bilər. Bunu da mərkəzdəki komissiyadan gözləmək olar. Qoy Azərbaycan düşmənləri bütün azərbaycanlıların birliyinə və yüksək ruhiyyəsinə inansınlar və qəhrəmanlar yurdunun cəsur millətinin sarsılmaz iradəsinə iman gətirsinlər. Yaşasın qəhrəman fədailər və onları ürəkdən sevənlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 124, 12.02.1946

* * *

Polisdə

Cümə günü, 8 fevral 1946-cı il tarixində Təbrizin polis idarəsi binasında firqə üzvlərinin yığıncağı olmuşdur. Möhtərəm Daxili İşlər naziri cənab Doktor Cavidin təklifi ilə cənab Nurulla xan Yekani sədr və cənab Yunis Pazəhri katib seçilmişlər. Bu iclasda möhtərəm Daxili İşlər nazirimizin göstərişlərindən sonra polis məktəbi barəsində və sair mövzularda üzvlər tərəfindən danışıqlar olmuşdur.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 124, 12.02.1946

* * *

Səməd Səbahi:

"Xalqımız mətanətlə Xalq Qoşunları Nazirliyinin çağırışına səs verir və verəcəkdir"

Uzun illər milli azadlığına həsrət qalmış qəhrəman xalqımız istər daxili mürtəcelərin, istərsə xarici imperialist müdaxiləçilərin vətənimizdə yürütdükləri mənfur siyasət nəticəsində dözülməz məhrumiyyətlərə sövq edilmişdir. Lakin xalqımız heç bir zaman öz istiqlalının qazanılması uğrunda mübarizədən çəkilməmiş, əksinə 3000 illik tarixi boyu hər zaman yadelli işğalçılar əleyhinə ölüm-dirim mübarizəsi apararaq tarixdə özünə solmaz şöhrətlər qazanmışdır.

Son 40 ildə Azərbaycanda şölələnən demokratik hərəkatların mahiyyətini dərindən öyrənmiş olsaq, görərik ki, İranda Məşrutənin yaranması və milli Konstitusiyanın meydana gətirilməsi ancaq qəhrəman xalqımızın tarixi mübarizələri sayəsində əldə edilmişdir. Lakin son 24 il ərzində xarici imperialist dövlətlərin qanadı altına sığınmış Rza xanonun havadarları Azərbaycan xalqının qanı bahasına qazanılmış demokratiyanı və Konstitusiyanı bir qrup insan tör-töküntülərinin mənafeyini mühafizə etmək məqsədi ilə İranda mürtəce bir idarəetmə üsulu ilə əvəz etdilər.

Məhz buna görə də son 24 ildə bütün Azərbaycan xalqı çıxılmaz fəlakətlərə sövq edildi. Xalqımızın taleyini demokratik yollarla həll etmək üçün fəaliyyət göstərən vətən oğullarımız Rza xanın quldur, polis dəstələri tərəfindən zindanlarda və sürgünlərdə məhv edilirdilər.

Şəhrivər hadisəsindən (25 avqust 1941-ci ildə sovet qoşunu İrana daxil olduqdanred.) sonra bütün dünyada demokratik hərəkat sürətlə inkişaf etməyə başlayarkən hakimiyyət başında hökmranlıq edən Rza xan nökərləri xalqımıza olmazın işgəncələr verməklə demokratik hərəkatları boğmaqdan çəkinmədilər. İstərsə şəhərlərdə, istərsə kəndlərdə jandarmların xalqımızın başına gətirdiyi ürək parçalayan müsibətləri, dünən keçirdiyimiz həyəcan və iztirabları xalqımız nifrətlə yad etmişedir.

Xalqımız hər zaman sülhsaziş yolu ilə öz milli muxatriyyətini qaznamaq uğrunda tarixi mübarizələr etmişözünün sülhpərvər və azadlıqsevən bir xalq olduğunu bütün dünyanın qabaqcıl sülhpərvər, demokrat xalqları qarşısında sübut etmişdir.

Azərbaycan Demokrat Firqəsinin yaranması xalqımızın demokratiyaya olan coşqun meylini, qabaqcıl ictimai fikrini təqdir etdi. Xalqımız Demokrat Firqəsinin rəhbərliyi altında öz milli muxtariyyətini qazanmaqla demokratik bir milli dövləti də yaratdı. Beləliklə də səadət qapıları üzümüzə açılmış oldu. İndi bütün xalqımız inamla dərk edir ki, firqəmiz və milli dövlətimiz bizim milli tələb və ehtiyaclarımızı təmin etməyə qadirdir. Az müddətdə milli dövlətimizin atdığı tarixi addımlar bizə yəqin edir ki, biz demokratik yollarla günəşli günlərə çıxırıq və çıxacağıq.

Tehran hökuməti Azərbaycanın azadlığını boğmaq üçün iyrənc vasitələrə əl atır. İranın cənubunda imperialist dövlətlərin təhriki ilə quldur dəstələrinin silahlanması milli muxtariyyətimizə hər hansı bir təcavüzün baş verə biləcəyi şübhəsini doğurur. Laqeydlik, bütün imperialist dövlətlərin Azərbaycan haqqında düşündükləri aqibətsiz xülyalar səmərəsizdir. Onlar ölçəni biz artıq biçmişik.

Biz milli muxtariyyətimizi qazandığımız kimi, onu xarici təcavüzlərdən müdafiə və mühafizə etməyə qadirik. Xalq Qoşunları Nazirliyinin 6 fevral 1946-cı il tarixli 1nömrəli fərmanı müntəzəm bir orduya malik olmağımız üçün ən doğru bir addımdır. Milli muxtariyyətimizin mühafizə edilməsi eyni zamanda xalqımızın gələcək səadətinin təmin edilməsi deməkdir. Buna görə də xalqımız coşqun ruh yüksəkliyi ilə Xalq Qoşunları Nazirliyinin nəşr etdiyi bu fərmana səs verərək könüllü surətdə milli qoşunumuzda hazır olmağı özünə şərəfli, milli bir vəzifə bilərək xalq qoşunları sırasında xidmət etməyi sevinclərlə ifadə edir.

Firqəmizin rəhbəri və Milli Hökumətimizin Baş naziri cənab Pişəvərinin 7 fevral 1946-cı il tarixli 120 saylı “Azərbaycan” qəzetində yazdığı “Hamıya, hamıya, hamıya” sərlövhəli baş məqaləsi xalqımızın ürəyindən qopan sözlər idi və xalqımızın qarşısında yeganə bir yoldur.

Düşmənlərə qarşı amansız olmaq firqəmizin və milli dövlətimizin tapşırıqlarını şərəflə yerinə yetirmək. Biz öz milli muxtariyyətimizi mühafizə etməklə gələcək səadətlərimizi təmin edəciyik. Bu bizim müqəddəs idealımız və amalımızdır. Biz ölümə ölüm, qana qanla cavab verməyə hazırıq. Biz ölsək də, qoy vətənimiz və xalqımızın səadəti var olsun!

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 124, 12 fevral 1946-cı il

* * *

Azad Yuqoslaviya xalqının bizə olan rəğbəti

Bizim millidemokratik hərəkatımız dünyanın hər yerində dərin maraq oyandırmışdır. Bütün demokrat xalqlar böyük diqqətlə bizim başladığımız mübarizəni və tutduğumuz yolu izləyirlər. Bu millətlərin hamısından çox bizə maraq göstərən və səmimiyyət bəsləyən Yuqoslaviyanın azad və qəhrəman xalqı olmuşdur. Bizim Milli Hökumət qurulandan bəri 1-ci dəfə olaraq bir Yuqoslaviya mətbuat attaşesi bizim ölkəmizdə olub-bitənləri yaxından görmək üçün Azərbaycana gəlmişdir.

Bu şəxs Yuqoslaviya millətlərindən olanyeni Yugoslaviyada muxtariyyət və azadlıq haqqına yetişən 400000 nəfərlik Qaradağ xalqına mənsub 31 yaşlı Pavel Myoviç adında bir şəxsdir.

O, Yuqoslaviyada Vətən müharibəsinin başlanması nəticəsində Belqrad Tibb fakultəsində təhsilini buraxıb silaha sarılmışdır. Bu şəxs Yuqoslaviyanın böyük və qəhrəman lideri Marşal Titonun rəhbərliyi altında 1941-ci ilin əvvəlindən baş verən milli mübarizədə, Qaradağda, Bosniyada, Xorvatiya və Hersoqovindəki müharibələrdə iştirak etmişdir...

... Yuqoslaviya xalqı indi öz daxilində öz milli arzularını icra etmklə kifayətlənməyib Triyestdə yaşayan Yuqoslaviya xalqının da taleyi ilə əlaqədar olaraq oranı azad etmək istəyir. İndi Triyest şəhərində 43 faiz slavyan milləti yaşayır və onlarla bərabər şəhərin geri qalan İtalyan xalqı da azad Yugoslaviya ölkəsinə ilhaq olmaq istəyirlər. Çünki Triyest mahalı iqtisadiictimai cəhətdən tamamilə Yuqoslaviyaya bağlıdır. Triyest mahalının əhalisinin əksəriyyəti isə slavyandır. İndi Tiryest haqsız olaraq italyanların əlində qalmışdır.

Biz Yuqoslaviya millətlərini indiyə qədər nail olduqları müvəffəqiyyətlər münasibətilə təbrik edərkən, bu son milli arzunun da əməl mərhələsinə girməyini ürəkdən arzulayırıq.

Əhməd-Əhməd

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 124, 12.02.1946

* * *

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 1-3 fevral.- S.14.