İrəvan xanlığının ərazisində
yaşayan ermənilərin xəyanətkarlığı
2-ci yazı
“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli yazır ki, XVIII əsrin birinci qərinəsində Səfəvilər dövlətinin zəifləməsi imperiyanın cənub və şimal-şərq bölgələrinin əfqan və gilzay tayfaları tərəfindən işğal edilməsi, 1722-ci ildə Şah Sultan Hüseynin əfqanlar tərəfindən taxtdan salınması, Osmanlı və Rusiya imperiyalarının 1724-cü il İstanbul müqaviləsi ilə Səfəvi imperiyasının əksər ərazilərini öz aralarında bölüşdürməsi ilə nəticələndi. Bununla da Şah İsmayılın yaratdığı böyük bir imperiya tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Şah Sultan Hüseynin oğlu II Təhmasibin kömək üçün dəvətini qəbul edən böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, Asiyanın son fatehi Nadir xan Əfşar nəinki dövlətin sərhədlərini bərpa etdi, hətta onu Hindistana qədər genişləndirdi.
Xarici müdaxiləçilərə qarşı müharibələrdə qazandığı qələbələr Nadir şahın orduda və bütün ölkədə nüfuzunu daha da artırsa da, onun yeni müharibələrə hazırlaşması, bunun üçün şəhər və kənd əhalisindən alınan vergilərin artırılması xalqda narazılıq yaradırdı. Taxıl qıtlığı və aclıq vəziyyəti daha da ağırlaşdırırdı. Elə bu səbəbdən Nadir şah bütün imperiyanı bürümüş iğtişaşları yatırıb ölkədə sabitliyi bərpa edə bilmədi və 1747-ci il iyunun 19-dan 20-nə keçən gecə saray əyanları tərəfindən qətlə yetirildi.
Nadir şahın qətlə yetirilməsindən sonra İrəvan əhalisi Mir Mehdi xanın başçılığı ilə üsyan qaldırdı. Mir Mehdi xan özünü müstəqil hakim elan etdi. İrəvan xanlığı XVIII əsrin ortalarında müstəqillik qazanmış 20-dən çox xanlıqdan biri idi. Mərkəzi Əfşarlar dövlətində iğtişaşlar yaşandığı bir vaxtda Azərbaycan xanlıqları arasında şiddətli ara müharibələri başlamış, güclü gücsüzü əzməyə və özünə tabe etməyə çalışırdı. Çox keçmədi ki, İrəvan xanlığı Kartli-Kaxet çarının aramsız hücumlarına məruz qalaraq ona xərac ödəməyə məcbur oldu.
Müstəqil İrəvan xanlığının əsasını qoyan Mir Mehdi xanı (1747-1748) ilk mənbələr Əfşarların Qasımlı qoluna aid edirlər və onun hələ Nadir şahın sağlığında İrəvan hakimi olması haqqında məlumat verirlər. Mir Mehdi xan digər Azərbaycan xanları kimi, öz xanlığının ərazisini genişləndirmək siyasəti yeridirdi. O, bu məqsədlə 1748-ci ildə Urmiya xanlığına hücum etdi. Urmiya hakimi Fətəli xan Əfşar məğlub olaraq öz xanlığının müəyyən ərazilərini Mir Mehdi xana güzəştə getməyə məcbur oldu. Lakin onun hakimiyyəti uzun sürmədi, 1748-ci ildə Məhəmməd Hüseyn xan Gəraylı (1848-1751) onu əvəz etdi.
Çox keçmədən İrəvan xanlığının özü qonşu dövlətlər arasında gedən mübarizə meydanına çevrildi. Yaranmış vəziyyətdən yararlanmağa çalışan Kartli-Kaxeti çarları II Teymuraz və oğlu II İrakli, digər tərəfdən isə Qarabağ hakimi Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə qızışdı. Xüsusilə İrəvan, Gəncə, Naxçıvan xanlıqları tez-tez Kartli-Kaxet çarlığının hücumlarına məruz qalırdı.
Xanlığın ərazisində yaşayan ermənilər bu işdə gürcü çarlarının ən yaxın köməkçiləri idilər. P.Butkov yazır ki, İrəvan və Gəncədən olan ermənilər 1749-cu il avqustun əvvəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və beş min rubl məbləğində vergi verəcəklərini vəd etmişdilər.
Xanlığının sərhədlərini genişləndirməyə çalışan xanlardan biri də qonşu Azərbaycan xanlarını özünə tabe etmək istəyən Qarabağ xanı idi. Mirzə Camal Cavanşir yazır ki, «az bir müddətdən sonra Pənah xan Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi».
İrəvan xanlığı bu təhlükədən xilas olsa da, çox keçmir ki, yeni təhlükə ilə üzləşir. Azərbaycanda və İranda baş vermiş hadisələr zamanı taxt-tac iddiaçılarından olan Urmiyalı Fətəli xan Əfşar hərbi cəhətdən güclənir və yenidən İrəvan xanlığına yürüş edir. İrəvanlılar möhkəm İrəvan qalasına sığınaraq müdafiə olundular.
Həsənəli xan Qacarın (1755-1759) və varisi Hüseynəli xan Qacarın (1759-1783) dövründə Kartli-Kaxet çarının İrəvan xanlığına yürüşləri daha da intensivləşdi. Bu viranedici yürüşlərin nəticəsində İrəvan xanlığı 1759-cu ildə II İraklinin xəzinəsinə illik xərac ödəməyə məcbur oldu. II İraklinin İrəvan xanlığına hərbi yürüşləri 1762-1765, 1778-1779-cu illərdə də davam etdi, lakin o İrəvan xanlığını özündən asılı hala sala bilmədi.
XVIII əsrin son rübündə Azərbaycan xanlıqlarının öz mövqelərini xeyli möhkəmləndirməsi qonşu Kartli-Kaxet çarlığını xeyli narahat etməyə başladı. Azərbaycan xanlarının, xüsusən də Ömər xanın hücumları qarşısında uzun müddət davam gətirə bilməyəcəyini anlayan gürcü çarı II İrakli 1783-cü ildə Rusiya ilə Georgiyevsk sazişini imzalayaraq onun himayəsi altına girdi.
Rusiya imperiyası da öz növbəsində Cənubi Qafqazı işğal etmək, xüsusilə də Azərbaycan xanlıqlarını ələ keçirmək və Osmanlı dövlətinin burada nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə gürcü çarlarından istifadə etmək siyasəti yeridirdi. Elə buna görə də gürcü çarı 1783-cu il iyulun 24-də (avqustun 4-də) Georgiyevsk şəhərində Rusiyanın himayəsinə keçmək haqqında saziş imzaladı.
1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəstələnərək vəfat etdi. İrəvan xanı Hüseynəli xanın ölümü ilə bağlı müxtəlif məlumatlar var. Bəzi tədqiqatçılarının fikrinçə, Hüseynəli xan İrəvanda baş verən üsyan nəticəsində öldürülmüşdü. Matenadaranda saxlanılan əlyazmaya əsaslanan V.R.Qriqoryan isə təsdiq edir ki, Hüseynəli xan ağır xəstəlikdən sonra vəfat edib. Onun ölümündə gürcü çarı II İraklinin barmağının olması ilə bağlı da şübhələr vardır. Qulaməli xanın yerinə taxta onun 12 yaşlı ögey qardaşı, gürcü qızından doğulan Məhəmməd xanın keçməsi bu şübhələri daha da artırır. Yeri gəlmişkən, Hacı Hüseynəli xan mömin bir insan olub. Çünki xanın cənazəsi Bağdada aparılaraq orada dəfn edilmişdi.
Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək, hücumu davam etdirməyib geri döndü. Beləliklə, Rusiyaya arxalanan gürcü çarının İrəvanla bağlı növbəti hiyləsi də baş tutmadı.
Dövrün ilk mənbələri Georgiyevsk müqaviləsinin bağlanmasından sonra Rusiyaya arxalanan II İraklinin Azərbaycan xanlıqlarına, o cümlədən İrəvan xanlığına qarşı işğalçılıq niyyətinin daha da güclənməsini sübut edir. Qeyd olunan dövrdə Azərbaycan xanlarının II İraklinin təcavüzü ilə bağlı Osmanlı sultanına göndərdiyi məktuba əsaslanaraq 1783-cü ilin noyabrında Çıldır valisi Süleyman paşa tərəfindən hazırlanmış bir sənəddə qeyd olunur ki, İrəvan xanı Hüseynəli xanın vəfatından sonra II İrakli Rusiya hərbçilərinin köməyi ilə İrəvan qalasını ələ keçirmək niyyətindədir.
Əfşarlar sülaləsini əvəz edən Qacarların tarix səhnəsinə çıxması ilə onların ən qüdrətli nümayəndəsi Ağa Məhəmməd xan təxminən 50 ilə yaxın hökm sürən xanlıqlar, dərəbəyliklər, iğtişaşlar dövrünə son qoyub Səfəvi imperiyasının keçmiş sərhədlərini bərpa etməyə nail oldu. O, nəinki İranın mərkəzi vilayətlərini, eləcə də Azərbaycanın əksər xanlıqlarını mərkəzi hakimiyyətə tabe edə bildi, hətta Tiflisə yürüş edərək Kartli-Kaxet çarını ağır şəkildə cəzalandırdı.
1791-ci ilin əvvəllərində Ağa Məhəmməd xan fərmanlar göndərib Arazdan şimalda olan Azərbaycan xanlarını mərkəzi hakimiyyətə tabe olmağa çağırdı. Gəncə, Şəki, Quba, Bakı xan- ları şahın fərmanını müsbət qarşıladılar. Lakin Qacar hakimiyyətinə düşmən münasibətdə olan xanlar da var idi və Qarabağ xanı İbrahimxəlil xan həmin cəbhəyə başçılıq edirdi. Onu İrəvan, Lənkəran, Xoy, Urmiya xanları və Kartli-Kaxet çarı II İrakli müdafiə edirdi.
Ağa Məhəmməd xan separatçıların əksəriyyətini, o cümlədən Kartli-Kaxet çarını ram etsə də, xeyli çəkişmələrdən, müharibələrdən sonra 1797-ci ildə Şuşada sui-qəsd nəticəsində öldürüldü. Hakimiyyətə keçən qardaşı oğlu Fətəli şah hakimiyyətini möhkəmlədirmək üçün bir neçə il iğtişaşları, çəkişmələri yatırmağa vaxt sərf etdi. Ancaq Fətəli şah heç bir zaman Ağa Məhəmməd şah kimi qüdrətli hökmdar ola bilmədi.
Yaranmış vəziyyətdən istifadə edən Rusiya işğalçılıq planlarını həyata keçirmək üçün daha qətiyyətlə hərəkətə keçdi. Qeyd etmək lazımdır ki, Rusiyanın Georgiyevsk müqaviləsindən sonra göstərdiyi diplomatik səylər də artıq nəticə verməyə başlamışdı. Yerlərdəki nüfuzlu erməni casusları bu işdə ona ciddi kömək edir, əmin-amanlıqlarının və xoş güzəranlarının ancaq Rusiya imperiyasının tərkibində mümkün olacağına dair xanları təşviq edir və bir çox hallarda buna nail də olurdular. İrəvan xanı Məhəmməd xan və Naxçıvan xanı Kəlbəli xan da onların arasında idi. Ağa Məhəmməd xan 1795-ci ildə onların hər ikisini hüzuruna dəvət edərək ruslarla apardıqları gizli yazışmaları, xəyanətlərini sübut etmiş və hər ikisinin edam edilməsinə əmr vermişdi. Lakin saray əyanları Qacar nəslindən olan Məhəmməd xanın dövlət qarşısında xidmətləri olduğunu bildirərək, onun əfv edilməsinə nail oldular. Şah bundan sonra Kəlbəli xanı da edam etdirmək fikrindən daşınıb gözlərini çıxartdırdı və hər ikisini həbsə göndərdi.
Fətəli şah Qacar əmisi tərəfindən cəzalandırılmış adamların könlünü ələ almaq üçün həbsdə olan xanları, o cümlədən İrəvan xanı Məhəmməd xanı azadlığa buraxdı. Həbsdən azad olan Məhəmməd xan yenidən İrəvanda hakimiyyətə gəldi. 1801-ci ildə Kartli-Kaxet çarlığı rəsmi surətdə Rusiyaya birləşdirildikdən sonra Rusiya imperatoru I Aleksandr sentyabrın 12-də digər Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək yolları haqqında Gürcüstandakı rus qoşunlarının komandanı K.F.Knorrinqə xüsusi təlimat göndərdi. On bir bənddən ibarət olan bu təlimatın 10-cu bəndində yazılırdı: «Ətraf hakimlər və xanlarla əlaqə saxlayaraq Rusiyaya meyl edənlərin sayını artırmaq lazımdır, xüsusilə hələ üzərində Baba xanın (Fətəli şahın) hakimiyyəti təsdiq olunmamış, hazırkı şəraitdə özlərinin təhlükəsizliyi üçün Rusiyaya daha çox meyl göstərən İrəvan, Şəki, Şirvan, Bakı və başqa xanlıqları cəlb etmək lazımdır».
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2020.- 6 fevral.- S.13.