“Babək”in heykəlinin
başına açılmayan oyun qalmadı”
Heykəltəraş
Arif Qazıyev: “Babək elə bir şəxsiyyətdir ki,
onun heykəli çoxdan ucaldılmalı idi”
Heykəltəraş, Xalq rəssamı Arif Qazıyevin
APA-ya müsahibəsini təqdim edirik.
- Arif
müəllim, hələ bir neçə il
əvvəl Babəkin heykəlinin 2020-ci ilin mart ayında
hazır olacağını demişdiniz. Marta isə
sayılı günlər qalıb. Heykəl
necə, hazırdırmı?
- Mən
bu barədə bir qədər ətraflı danışmaq
istəyirəm ki, xalqımıza da nə baş verdiyi məlum
olsun. Bu iş hələ Sovetlər zamanında, Heydər
Əliyev hakimiyyətdə olduğu vaxt Mədəniyyət
Nazirliyi və Bakı Şəhər Soveti tərəfindən
mənə həvalə edilmişdi. Sonra Heydər Əliyev
Moskvaya getdi, heykəl məsələsinə diqqət edən
olmadı və düz 9 il əvvələ
qədər uzandı. 9 il əvvəl də
Prezident İlham Əliyev Babəkin heykəlinin
ucaldılması il bağlı sərəncam imzaladı. Lakin üstündən bu qədər vaxt keçməsinə
baxmayaraq, heykəl ucaldılıb başa çatmayıb.
Mən hələ altmışıncı illərdə
Surikov adına Rəssamlıq
Akademiyasını bitirib gələndən sonra
xalqımızın qəhrəmanlarının heykəllərini
hazırlamağa meyl eləmişdim. Ona görə
də hələ o vaxtdan Babəkin obrazını bir neçə
formada hazırlamışdım. Onlardan
biri əlində məşəl tutmuş Babək heykəli
idi. Babəki məşəllə ona
görə vermişdim ki, məşəl həm üsyana
başçılıq etməyin, həm də atəşpərəstliyin
simvoludur. Sonra fikirləşdim ki, məşəlin
yanması ekologiyaya pis təsir edəcək. Bakının havası onsuz da çirklidir. Bundan sonra “məşəl” variantından imtina edib,
yeni variantlar axtardım. Sonra Babəkin
atın üstündə, qılınc-qalxanla fiqurunu
hazırladım. Onu çox yerdə bəyənmişdilər.
Mənə dedilər ki, atın
başını bir qədər dəyişdir ki, yerinə
uyğun gəlsin. Yeri də Babək
prospektinin başlanğıcıdır. Mən
də məcbur olub yeni, iki metrlik modeli düzəltdim. Sonra mənə dedilər ki, Ukraynadan iki nəfər
böyüdücü şəxs gətiriblər. Bilirsiniz də, heykəlin kiçik modeldən
böyüdülüb gipsdən hazırlanması ilə məşğul
olan xüsusi adamlar olur. Onlar heykəltəraşın
hazırladığı modelin hər elementini dəfə-dəfə
böyüdüb gipsə köçürür, daha sonra
gipsin əsasında bürüncdən heykəl
tökülür.
- Bu hadisə
nə vaxt olub?
- Hardasa
4-5 il əvvəl. Mən həmin
adamların işlərini görməmişdim. Üstəlik modeli özümüzünkülərə
həvalə etmək istəyirdim, çünki Tokay Məmmədovun
“Koroğlu” işini Kiyevdə böyütmüşdülər,
fərqli alınmamışdı. Gördüm
ki, bu ukraynalı böyüdücülər işi
düzgün hazırlamırlar, maketi hissələrə
bölüb ayrı-ayrı böyüdürdülər.
Onlar Babəkin heykəlini tamamilə gipsə
tökəndən sonra baxıb gördüm ki, fiqur əyri
tökülüb. Amma artıq gec idi,
çıxıb getmişdilər.
- Bundan
sonra nə oldu?
- İşi bizim böyüdücüyə verdim. Amma onunla qonorar məsələsində
razılaşa bilmədik, həm də gördüyü
iş keyfiyyətsiz alınmışdı. Heykəlin
aşağısı ilə yuxarısı arasında 35 sm əyrilik
vardı, mən də onu sökdürdüm.
- Hazırda Babəkin heykəlinin vəziyyəti nə
yerdədi, hazırdır?
- Nəhayət,
işi həmin adamdan da alıb öz vəsaitimlə
başqa ustalara verdim. Hazırda iş demək olar
tamamlanıb, gipsdən tökülən fiqur
yekunlaşıb, bürünc hissələr
tökülür. Yəni ki, “Babək”in heykəlinin
başına açılmayan oyun qalmadı.
- Sizin qonorarınız
ödənilib?
- Hələ
qonorar almamışam, blmirəm nə qədər verəcəklər.
Ancaq mən bunu pula görə eləməmişəm.
Məqsədim budur ki, təki Babəkin heykəli
hazır olsun. Babək elə bir şəxsiyyətdir
ki, onun heykəli çoxdan ucaldılmalı idi. Mən o vaxtı Babəki düzəldəndə dəfələrlə
Ziya Bünyadovla görüşüb o dövr haqqında
maraqlandım. Bundan başqa, mənimlə
Əbdül Şəma adlı bir ərəb oxuyurdu.
Ondan xahiş elədim ki, IX əsrin ərəb mənbələrində
Babəkə aid materiallara rast gəlsə, mənə
göndərsin. Onun göndərdiklərini
oxuyanda məndə Babək haqqında fərqli təsəvvür
yarandı. Ondan sonra gördüm ki, “Babək”
filmini çəkənlər milləti biabır ediblər.
Mən o filmə baxa bilmirəm. O filmdə
Babəkdən zərrə qədər əlamət yoxdur. Babək
Cavidan üsyanının davamçısıdır, iki il o üsyanda iştirak edib. Filmdə
göstərilib ki, Babək Cavidan öləndən sonra onun
arvadını alıb. Amma həyatda elə
deyil. Rasim Balayev “Nəsimi”də əla
oynasa da, Babəkə yaramırdı, çünki Babəkin
boyu 2 metr yarım olub. Bir faktı da deyim,
Babək Səhl ibn Sumbatın satqınlığı nəticəsində
ələ keçəndə Bağdada qolu qandallı yox,
öz atının belində gəlib. Xəlifə
də onu hörmətlə qarşılayıb. Bunları mən ərəb mənbələrindən
oxumuşam.
- Bizdə Babəkin qəbul olunmuş təsviri var, hər
yerdə həmin obrazda göstərilir. Sizin heykəl də ona
oxşayır, yoxsa fərqlidir?
- Müəyyən
qədər oxşarlıq var. İnsanlar arasında
çaşqınlıq yaratmamaq üçün fərqli
obraz yaratmadım.
- Yekun
tarix deyə bilərsiniz? Babəkin heykəli nə
vaxta ucaldılacaq?
- Allah
qoysa, may-sentyabr aylarında heykəl tam hazır olacaq.
- Heykəlin
hündürlüyü nə qədər olacaq?
- Heykəlin
hündürlüyü on metr yarım, postamentin
hündürlüyü isə ön tərəfdən hardasa
doqquz metrdir. Ümumilikdə 20 metr
hündürlükdə olacaq.
- Heykəlin,
Babək prospektində, avtomobil yolunun ortasında olması Sizi
narahat etmir?
- Heykəl
həmin yer üçün uyğundur.
-
Bilirsiniz niyə soruşuram? Xətainin heykəli
də iki yolun arasında yerləşir.
Yaxınlaşmaq olmur, hər an qəza nəticəsində
avtomobil heykələ çırpıla bilər. Artıq onun köçürülməsi barədə
söz-söhbət gəzir. Nə vaxtsa Babəkin heykəli
ilə bağlı da belə bir təhlükə ola bilməz?
- Xətainin
heykəlinin yeri əvvəldən düzgün seçilməyib.
Ümumiyyətlə, Bakı şəhərindəki
heykəllər düzgün qoyulmayıb.
- Niyə?
- Heykəl
günəş istiqamətində qoyulmalıdır. Günəş Şərqdə çıxıb,
Qərbdə batır, düzdür? Gərək
bütün günü onun şüası heykəlin üzərinə
düşsün. Gəlin, Nizaminin heykəlini
götürək, gündüz 12-ə qədər normal
görünüşü var. Maşın dayanacağı
olan binanı böyründə tikdilər, indi saat 12-dən
sonra heykəl qara siluetə dönür. Və
ya Natəvanın heykəlini götürək, yaxşı
heykəldir, amma binaların arasında daim qara siluet kimi
görünür.
- Belə
çıxır bizdə heykəllərin yeri düzgün
seçilmir?
- Bəli,
düzgün seçilmir. Bircə Əzizbəyovun
heykəli günəş istiqamətində düzgün
qoyulmuşdu, onu da götürdülər. Heykəlin üzü elə istiqamətdə
olmalıdır ki, günəş onun Şərqindən
çıxıb Qərbində batsın. Bu qayda pozulsa, heykəlin görünüşü
olmayacaq. Hazırda Bakıdakı heykəllərin
heç birində bu qayda ödənilməyib.
- Nərimanovun
heykəli də bu qaydaya uymur?
- Onda da
bu qayda ödənilməyib. Xətainin heykəlini
götürün. İndiki yerində
düzgün qoyulub? Yox. Xətainin heykəli yaxşı heykəl deyil,
halbuki ona gözəl bir abidə qoyulmalı idi. “Xətai”ni o vaxt mən atın üstündə düzəltmişdim,
bir əli ilə atın cilovu, o biri ilə fərman tuturdu. Heç postamentdə Xətai yazmağa da ehtiyac yox
idi, əlindəki kağızın
aşağısını oyub “Xətai” yazmışdım,
baxanda bu üzdən o üzü görünürdü.
- Bəs
niyə o vaxt Sizin heykəl qəbul edilmədi?
-
Bilirsiniz, demək də yaxşı deyil. Mütəllimovun
vaxtı, özbaşınalıq dövrü idi. Mənim düzəltdiyimi seçmədilər, mən
də hirsimdən gipsdən hazırladığım modeli
vurub sındırdım. İndi heyfim gəlir,
kaş sındırmazdım.
-
Qorxmursunuz ki, nə vaxtsa prospekt genişlənər, Babəkin
heykəli də Xətainin aqibətini yaşayar?
- Yox, elə
bir təhlükə olmayacaq. Heykəlin yerini elə
quraşdırmışıq ki, orada geniş terras olacaq.
Bir məsələni qeyd edim ki, Babəkin heykəli
uzaqdan baxılası abidədi, yaxından baxanda o qədər
effekti verməz.
- Babəkin
heykəli Sizin dediyiniz qaydaları ödəyir?
- Babəkin
heykəli elədir ki, günəş əgər səhər
altıda çıxırsa, saat doqquza qədər artıq o
biri tərəfinə keçir və bütün
günü abidəni işıqlandırılır, siluet
olmur.
- Bizdə
heykəllərin çoxu şəhərin mərkəzində,
özü də bir-birinə yaxın ərazilərdə
qoyulub. Sizcə, bu düzgün
yanaşmadırmı? Sabirlə Nizaminin
heykəli yaxındır, bir qədər aralıda isə Natəvanın
heykəli ucalır. Yazıçı Anar
isə təklif edib ki, Mirzə Cəlilin heykəli də
Sabirin heykəlinin yanında qoyulsun.
- Bu,
düzgün deyil. Hər bir heykəlin öz
sferası olmalıdır. Hamısını
bir yerdə ucaltmaq olmaz. Məsələn,
götürək Tağıyevin heykəlini. Mən o heykəlin “İçərişəhər”
metrosunun qarşısında qoyulmasına heç razı
deyiləm. Onun yeri Kukla Teatrının
qarşısında, fəvvarə olan yerdədir. Onu şəhərin ağası kimi kreslosunda
oturmuş vəziyyətdə təsəvvür edirəm.
Özü də gərək Tağıyevin
heykəli böyük olardı. Təqsir
heykəltəraşda deyil. Elə yer
seçilməli idi ki, heykəli böyük düzəltmək
üçün də imkan olsun. Ümumiyyətlə,
Azərbaycanda monumental heykəltəraşlığı hiss
edən iki heykəltəraş var: Calal Qaryağdı və
Mirəli Mirqasımov. Mirəlinin Cəfər
Cabbarlı heykəli görürsünüz necə möhtəşəmdir?
- Bizim qəhrəmanlardan
daha kimlərin heykəlini hazırlamaq istəyərdiniz?
-
Tağıyevin heykəlinin müəllifi heykəltəraş
Xanlar Əhmədovla Cavad Xanın heykəlini
hazırlamışıq. O heykəl Bakıda, Cavad Xan
küçəsində ucaldılmalıdır, hələ
ki, qalıb.
-
Bakıda daha hansı işləriniz var?
-
Bakıda mənim hazırladığım xatirə lövhələri
var: Sabit Rəhmanın, Ağasadıq Gəraybəylinin,
Əziz Əliyevin və başqalarının xatirə
lövhələrini mən düzəltmişəm.
- Bəs
heykəl?
- Heydər
Əliyevin Azərbaycan Kooperasiya Universitetinin həyətindəki
heykəlini mən düzəltmişəm. Bakıxanov
küçəsindəki parkda İkinci Dünya Müharibəsinə
həsr olunmuş qaranquş simvollu abidə də mənim
idi. Sonradan onu başqa tərəfə
köçürüb yerində Atatürkün heykəlini
ucaltdılar.
- Belə
çıxır monumental işləriniz yoxdur?
- Yox. İlk işim Babək olacaq. Mənim
işlərim, əsasən, fərdi kolleksiyalarda - Amerikada,
İsraildə, Kanadada, Almaniyada, Avstriyada və başqa
ölkələrdədir.
- Bu vaxta
kimi Bakıda Sizin işlərdən ibarət heykəllərin
qoyulmağına niyə imkan verilməyib?
- Bilirsən, mən həmişə
üsyankar, sözü üzə deyən olmuşam, ona
görə də çox vaxt qabağımı kəsiblər.
Bax, o vaxt Brejnevin yubileyi şərəfinə Moskvada sərgi
olmalı idi. Bizim heykəltəraşların çoxu
Brejnevin heykəlini, büstünü düzəltmişdi. O,
vaxt Mərkəzi Komitəsinin İdeoloji məsələlər
üzrə katibi olan Həsən Həsənov bir qrup rəssam
və heykəltəraşı dəvət elədi. Orda dedim
ki, mən Brejnevin heykəlini düzəltməyəcəm və
otaqdan çıxdım. Tahir Salahov da dalımca
çıxıb dedi ki, Arif, bura Mərkəzi Komitədir,
niyə belə edirsən? Ona cavab verdim ki, mən Brejnevin heykəlini
düzəltməyəcəm, məni niyə məcbur
edirsiniz? Bundan sonra emalatxanama gəldim. Orda bu boyda
(qarşısındakı stolu göstərir) mərmər
vardı. Mərməri dəzgaha quraşdırıb xeyli
baxdım ki, ondan nə eləmək olar? Və həmin mərmərdən
birbaşa, eskizsiz-filansız “Tarla gözəli” adlı bir
fiqur yondum. Fiqurun saçlarını elə
vermişdim ki, yaxından baxanda pambıq qozalarına, uzaqdan
isə saça oxşayırdı. Həmin iş cəmi
bircə gün Bakıda qaldı. Moskvadan sərgi
üçün gələn xüsusi qrup Brejnevə həsr
olunmuş bir dənə əsər götürmədi,
yalnız mənim “Tarla gözəli”mi apardı. Sərgidən
sonra ruslar o işi Azərbaycana qaytarmadılar, Şərq Sənətləri
Muzeyinə verdilər. Bundan başqa, mənim
üç çobandan ibarət “Qafqaz qartalı” və “Cəngi”
işlərimi Heydər Əliyev sərgidə görüb
çox bəyənmişdi, hətta göstəriş
vermişdi ki, həmin işlər böyük
ölçüdə Azərbaycanda
quraşdırılsın. Sadəcə, ondan sonra Heydər
Əliyev Moskvaya getdi, burdakılar da imkan vermədilər ki,
bu işlər Azərbaycanda qoyulsun.
Xalq
Cəbhəsi.- 2020.- 6 fevral.- S.8.