İrəvan xanlığının işğalı…

 

 

3-cü yazı

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli yazır ki, tapşırılmış missiyanı həyata keçirə bilməyən K.Knorrinq 1803-cü ildə əslən gürcü knyazlarının nəslindən olan daha ambisiyalı və şöhrətpərəst P.Sisianovla əvəz edildi. Məhəmməd xan və İrəvanda olan Kəlbəli xan onunla gizli yazışmalarını davam etdirərək, Rusiya himayəsinə keçmək istədiklərini bildirdilər. Bu xanların yazışmalarından xəbər tutan mərkəzi hökumət əvvəlcə şahzadə Abbas Mirzənin başçılığı ilə İrəvan xanlığına qoşun yeritdi. Məhəmməd xan onu İrəvana buraxmayıb P.Sisianova yazdığı məktublarla ondan kömək istədi. Köməyə gələn P.Sisianov Abbas Mirzəni məğlub etsə də, Məhəmməd xan onu da şəhərə buraxmadı, sonra Fətəli şahın özü qoşunla İrəvana gəldi, ruslar Tiflisə çəkildilər. Məhəmməd xan Fətəli şaha tabe oldu. Məhəmməd xan bu dəfə də cəzadan qurtarsa da, onun ruslarla gizli əlaqələrindən, ikibaşlı oyunlarından xəbərdar olduqlarına görə, 1805-ci ildə Abbas Mirzə yenidən İrəvana gəlib bu dəfə onu İrəvandan sürgün etdi. Əhməd xanın qısa hakimiyyətindən sonra onun yerinə İrəvanın ən qüdrətli hakimi hesab olunan Hüseynqulu xan təyin edildi. Məhəmməd xanın qızı Hacı Bəyimlə evli olan Hüseynqulu xana bütün Arazboyu hərbi birləşmələrin komandiri vəzifəsi də həvalə olunduğundan, o həm də İrəvan Sərdarı titulunu daşıyırdı.

Çox keçmədən İrəvan xanlığında irsi hakimiyyət bərpa olundu və hakimiyyətə müstəqil İrəvan xanlığının sonuncu xanı Hüseynqulu xan Qacar (Qoyunlu) (1806 dekabr-1827 oktyabr) gəldi. İrəvan Sərdarı təyin edilən Hüseynqulu xana vilayətin bütün hərbi və mülkü hakimiyyəti verilməklə yanaşı, o çoxsaylı süvaripiyada qoşunla da təmin edildi. Hüseynqulu xanın hakimiyyəti dövrünü İrəvan xanlığının çiçəklənməsi dövrü adlandıran rus mənbələri onun haqqında çox yüksək fikirlər söyləmişlər. “Sərdar Hüseynqulu xan qeyri-adi dərəcədə istedadlı olmaqla, ona göstərilən etimadı tamamilə doğrultdu. Xanlığın idarəsini əlinə aldıqdan sonra iqtisadiyyatı bütün sahələrdə inkişaf etdirməyə başladı. Kənd təsərrüfatının elə bir sahəsi yox idi ki, onun diqqət və qayğısından kənarda qalsın. O, boş torpaqları qonşu ölkələrdən gətirdiyi əhali ilə məskunlaşdırdı, onları əkinçilik alətləri, qoşqu heyvanları, toxumla təmin etdi, suvarma üçün arxlar çəkdirdi... İrəvan əhalisində hələ indinin özündə də onun haqqında xoş xatirə yaşamaqdadır. Onun təsərrüfat fəaliyyəti görünməmiş uğur qazandı və İranın digər vilayətlərini qabaqladı. Bu dinc fəaliyyət 1808-ci ildə qraf Qudoviçin başçılığı ilə buraya edilən hücumla pozulduo İrəvanı 3 ay mühasirədə saxladı, amma istəyinə nail ola bilmədi”.

Qacarların Qoyunlu (Ağcaqoyunlu) boyundan olan Hüseynqulu xan Qacarın atası vaxtilə İrəvan xanı olub. Fətəli xanın sarayında əyanların başçısı vəzifəsində çalışmış, Ağa Məhəmməd şah qətlə yetiriləndən sonra Fətəli şahın hakimiyyətdə möhkəmlənməsinə yaxından kömək etmişdi. 1800-1802-ci illərdə Qəzvində paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə görə «Qəzvini» təxəllüsü almışdı. 1802-ci ildə əfşarlar arasında yaranan ixtişaşları yatırmaq üçün Xorasana göndərilmiş və beş il Xorasanı idarə etmişdi.

Nəşrə hazırlanan Kameral təsvirlərin müəllifi olan fransız mənşəli rus tədqiqatçısı İ.Şopen (1798-1870) də Hüseynqulu xana yüksək qiymət vermişdi: “Hüseynqulu xan ağıllı, inzibatçı, hiyləgər və əla təsərrüfatçı adam olub. O, boş əraziləri məskunlaşdırmış, bağlar salmış, arxlar çəkdirmiş və ona həvalə olunan xanlığa müxtəlif ərazilərdən xeyli insan cəlb etmişdi. Əkinçiləri toxum, kotan, qoşqu heyvanları, tacirləri sərmayə və mallarla təmin etmişöz sələfləri ilə müqayisədə vilayəti tamamilə çiçəklənmiş vəziyyətə gətirmişdi”.

Bundan başqa, müəllif Hüseynqulu xanın Fətəli şah sarayında xüsusi statusunun, hörmətinin olduğunu isə belə təsvir edir: “İrəvan xanlığını İranı Rusiyadan ayıran vilayət və müharibə olacağı halda birinci zərbəni dəf etməli olan bufer zona hesab etdiyinə görə, şah ona tam etimad göstərməklə onun heç bir işinə qarışmırdı. O, topladığı vergiyə görə heç kəsə hesabat vermir, pul kəsdirirdi... bir sözlə, hakimi mütləq idi”.

Onu da qeyd etmək lazımdır ki, sonuncu İrəvan xanı Hüseynqulu xan gəlirinin böyük hissəsini müdafiə məqsədlərinə sərf etmiş, ticarəti inkişaf etdirmişsabit idarəçilik sistemi qurmuşdu. Binaçı vergisini ən yaxın iki köməkçisinin vasitəsilə yığmasına baxmayaraq, özü birbaşa hər bir kəndin vəziyyəti, torpağın məhsuldarlığı, suya olan ehtiyacı ilə maraqlanmış və kəndlərdə binaçı vergisini verməyə gücü çatan evləri təyin etmişdi.Kameral təsvir”in məlumatlarında İrəvan xanına və onun ailəsinə məxsus mülklərdən vergi alınması haqqında məlumat vardır. Beləki, xanın özünə məxsus “Sərdar bağı”ndan və İrəvan xanlığının ərazisində yerləşən möhtəşəm Sərdarabad qalası 1815-1817-ci illərdə Hüseynqulu xan Qacarın əmri ilə tikilmişdi. Qalanın ikiqat hörgülü, hündür divarları uzunsov dördbucaq formasında idi. Top yerləşdirmək üçün uzun (yan) divarlarda 6, qısa divarlarda isə 4 bürcü var idi. Dərin xəndəklə əhatə olunan qalanın dövrəsi 4 verstə yaxın idi. Burada sərdarın sarayından başqa 700-dək ev, 1 məscid, 33 dükan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus geniş bağ vardı. Əhalisi əkinçilik, maldarlıq, xırda ticarət, bəz toxumaq, dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdular.

Hüseynqulu xan iqtisadiyyatı çox gözəl bildiyi üçün xanlığı bir idarəçi kimi deyil, daha çox bir mülk sahibi kimi idarə edirdi. O, əhalinin işini və gəlirlərini diqqətlə araşdırdığı için onların vəziyyətini də bilirdi. Hər bir kəndin coğrafi şəraitə görə gəlirini, otlaqların dağlara yaxın və ya uzaqlığına görə məhsuldarlığını təyin edə bilirdi. Bundan başqa Hüseynqulu xan hər bir kəndin şəhərə və ya mühüm ticarət yollarına yaxınlığını, istehsal edilən məhsulun keyfiyyətini, onun azya daha çox mənfəətlə satılacağını, hər kənddə maldarlığın vəziyyətini də diqqətə alırdı. Hüseynqulu xanın əhali siyasətini digər xanlıqlardan fərqləndirən tərəflərdən biri də əhalinin öz problemlərini birbaşa xanın özünə deyə bilməsinə imkan yaradılması idi.

Beləliklə, Sərdar Hüseynqulu xan hakimi-mütləq olaraq 21 il hakimiyyət sürdü. Rusiya ilə sülh şəraitində öz torpaqlarının təhlükəsizliyini qorumaq onun üçün heç bir çətinlik törətmirdi. Amma artıq Rusiya sülhpərvərlik maskasını çıxarıb atmış və öz xoşu ilə onun boyunduruğuna girmək istəməyən İrəvan xanını və xanlığını ram etmək qərarına gəlmişdi. Bu məqsədlə 1808-ci ildə feldmarşal qraf Qudoviçin başçılığı altında İrəvan xanlığını işğal etmək üçün bölgəyə qoşun yeridildi. İrəvan qalasını bir müddət mühasirədə saxlayan Qudoviç noyabrın 17-də son dəfə qalaya irimiqyaslı hücuma keçsə də, istəyinə nail ola bilmədi və noyabrın 30-da İrəvanın mühasirəsindən əl çəkərək geri qayıtdı, general Nebolsinə Naxçıvandan Gəncəyə geri çəkilmək əmri verdi. Naxçıvanda möhkəmlənən rus qoşunu da dekabrın 1-də oranı tərk etdi.

Rusiya imperiyası nəyin bahasına olur-olsun, mühüm strateji əhəmiyyətə malik olan İrəvan xanlığını ələ keçirmək fikrində idiona görə də 1826-cı ildə yenidən müharibəyə başladı. İmperator I Nikolay Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova 1826-cı il oktyabrın 21-də yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaq yolu ilə ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin”.

1827-ci il martın 29-da general-adyutant Paskeviç Qafqazda yerləşən rus qoşunlarının baş komandanı təyin olundu. 1827-ci ilin aprelin əvvəllərində Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında və erməni arxiyepiskopu Nersesin müşayiəti ilə Borçalıdan İrəvana doğru hərəkətə başladı. İrəvan qalasını almaq üçün rusların üçüncü cəhdi də boşa çıxdıqdan sonra Paskeviç 6 aylıq ərzaq ehtiyatı toplanmış Sərdarabad qalasını və Naxçıvanı tutdu. Fransız istehkamçılarının layihəsi ilə Naxçıvanda tikilmiş möhkəm Abbasabad qalası Naxçıvan hakimi Ehsan xanın xəyanəti nəticəsində ruslara təslim edildi.

1827-ci il sentyabrın 24-də İrəvanın rus qoşunları tərəfindən növbəti mühasirəsi başlandı. 6 günlük şiddətli top atəşindən sonra qala divarları uçduruslar İrəvan qalasına girdilər. Həsən xan Qacarla bərabər qalabəyi Sübhanqulu xan, xüsusi qoşun hissəsinin başçısı Qasım xan, mərəndli Cəfərqulu xan, təbrizli Əlimərdan xan, əhərli Arslan xan, Fətəli xan və 3 minlik qarnizon əsir düşdü, çoxlu hərbi qənimət, ərzaq ehtiyatı ələ keçirildi. İrəvan şəhəri mühasirədə olarkən, Sərdar Hüseynqulu xan tabeliyindəki qoşunla müxtəlif istiqamətlərdən ruslara zərbə endirərək onları qalanın mühasirəsindən əl çəkməyə məcbur etmək taktikasını seçmişdi. Lakin onun cəhdləri elə bir təsirli nəticə vermədi.

İrəvan qalasının ələ keçirilməsi Rusiya imperatorunun sarayında böyük sevinclə qarşılandı və təntənəli mərasimlə qeyd edildi. V.Potto yazır ki, İrəvan qalasının işğalı xəbərini alan I Nikolay Riqadan tələsik Peterburqa qayıtdı, noyabrın 8-də Qış sarayı kilsəsində dua oxuma mərasimi keçirdi. İrəvan xanlığının işğalı ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiyanın tərkibinə qatıldı. Məğlub edilmiş Qacarlar İranı ilə 1828-ci il fevralın 10-da Türkmənçayda müqavilə imzalandı. Müqavilənin üçüncü maddəsinə əsasən Şimali Azərbaycanın Gülüstan müqaviləsinə daxil edilməmiş İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına ilhaq edildi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 8 fevral.- S.13.