İrəvan xanlığı işğaldan sonra

 

 4-cü yazı

 

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli yazır ki, İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra həmin ərazilərdə yeni idarəçilik sisteminin yaradılmasına başlandı. Bu məqsədlə Qafqazın baş hərbi hakimi Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 6-da “İrəvanın müvəqqəti İdarəsi” adlı qurum yaradıldı. Yerli qoşunların komandanı, general Krasovski onun rəisi, işğalçıların əlaltısı, erməni arxiyepiskopu Nerses “Müvəqqəti İdarə”nin üzvü təyin edildilər. Yerli türk əhali isə dövlət idarəçiliyindən tamamilə uzaqlaşdırıldı.

Yeni rus idarəçiliyi yerli türk əhalini narazı saldığına görə onlar doğma yer-yurdlarını tərk edib İrana və Osmanlı torpaqlarına köçməyə başladılar. Naxçıvan xanlığı, Pəmbək-Şörəyellə birlikdə İrəvan əyalətini tərk edən müsəlmanların sayı 12,3-13,5 min nəfərə çatırdı. Müqayisə üçün deyək ki, bu rəqəm İrəvan şəhərinin 1831-ci ildə qeydə alınmış əhalisindən çox idi. V.Potto bu barədə yazırdı: “Oturaq əhali Arazın o biri tayına keçmişdi. Tərəkəmə tatarların az bir hissəsi Türkiyəyə, çox hissəsi İrana getmişdi”.

Krasovskinin qeyri-məhdud hakimiyyət verdiyi erməni arxiyepiskopunun azğınlığı o dərəcəyə çatdı ki, hətta Paskeviçin özünü narazı saldı və o, Krasovskini vəzifədən azad etdi, Nersesi isə Bessarabiyaya sürgün etdi. Qraf Paskeviçin Rusiyanın xarici işlər naziri, qraf Nesselroda məktubundan məlum olur ki, yerli Qarapapaq türklərindən 800 ailə Arazın o tayına, bundan başqa, Qarapapaqlardan 100 ailə, Ayrımlardan 300 ailə Qarsa, Uluxanlı tayfasından 600 ailə Bəyazid paşalığına köçmüşdü. Paskeviçi narazı salan əsas şey onun türklərin qayğısına qalması deyil, vergilərin kəskin şəkildə azalması idi. Çünki bir tərəfdən müharibə təsərrüfatlara - vergi subyektlərinə dağıdıcı zərbə vurmuşdu və onların bərpasına müəyyən vaxt lazım idi, digər tərəfdən isə İrandan və Türkiyədən köçürülən ermənilər 6 il vergidən azad edilmişdilər. Vergi verən müsəlmanların da oranı tərk etməsi səbəbindən vergilər kəskin şəkildə azalmışdı. Məsələn, 1828-ci ilin yayında İrəvan xanlığının sakinlərindən natural şəkildə 755 xalvar buğda, 223 xalvar arpa, 428 xalvar çəltik, 42 xalvar pambıq vergi yığılmışdısa, görülmüş kəskin tədbirlər öz nəticəsini vermiş və növbəti, 1829-cu ildə vergi olaraq 2.436 xalvar buğda, 772 xalvar arpa, 728 xalvar çəltik, 158 xalvar pambıq alınmışdı. Başqa sözlə, buğda istehsalı 3 dəfədən artıq, arpa və çəltik istehsalı təxminən 2 dəfə, pambıq istehsalı təxminən 4 dəfə və təbii ki, bu məhsullar üzrə vergilər də mütənasib şəkildə o qədər artmışdı. Köçürülən ermənilər də vergi verdikdən sonra, 1835-ci ildə bu məhsullara görə vergi kimi yığılan buğda 7.286 xalvar, arpa 2.577 xalvar, çəltik 1.921 xalvar, pambıq 247 xalvar olmuşdu, başqa sözlə, vergi kimi alınan pambıq 6, digər məhsullardan natural şəkildə alınan vergi isə təxminən 10 dəfə artmışdı. Pul şəklində alınan vergilər də 1828-ci ildəki 33.765 rubldan 1836-ci ildə 258.953 rubla çatmışdı, başqa sözlə təxminən 8 dəfə artmışdı.

Türkmənçay müqaviləsindən az sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək, onların yerində yeni inzibati-ərazi vahidi – Erməni vilayəti yaradıldı və həmin müqaviləyə Rusiyanın təkidli tələbi ilə salınmış 15-ci maddəyə uyğun olaraq, İranın Salmas, Xoy, Urmiya, Marağa mahallarından erməniləri bu ərazilərə köçürməyə başladılar. Bunun üçünsə bu ərazilərə köçməyə meyl etməyən erməniləri dilə tutmaq, inandırmaq üçün erməni zabiti Lazarevi xüsusi olaraq dəvət etmişdilər. Təşviqat vasitəsi olaraq onlara 25.000 rubl gümüş pul ayrılmış və yeni yaşayış yerlərində 6 il vergidən azad edilmişdilər.

Köçürülən ermənilər yerli türk-müsəlman əhaliyə elə ilk gündən fəlakət gətirdilər. İ.Şopen bu barədə belə yazır: “Azərbaycanda (Cənubi Azərbaycan-N.Ə.) yaşayan ermənilərə bizim ərazilərimizə köçməyə şərait yaradılanda onlar dəstələrlə Araz çayını keçib yollarının üstündə rast gəldikləri müharibə nəticəsində əhalisi qaçıb getmiş yerli müsəlman əhalinin boş qalmış kəndlərdəki evlərini, torpaqlarını, bağlarını, dəyirmanlarını və başqa mülklərini zəbt etdilər. Sülh və əmin-amanlıq yaranandan sonra, 1829-cu ildə əvvəlki sakinlər geri qayıdanda başqalarının onların evlərinə yiyələndiyini gördükdə, bu kəndlərin arasındakı ən əlverişsiz torpaqlarda yerləşməyə razı salmaq üçün ermənilərə yalvarıb-yaxarıb özlərinə ev tikməyə başladılar. Əvvəlki sakinlərin bir çoxu isə dağlara çəkilərək yeni kəndlər salıb ömürlük oralarda məskunlaşdılar. Beləliklə, vilayətin Sərdara ən çox gəlir verən torpaqları ermənilərin əlinə keçdi”. İşğaldan əvvəl İrəvan xanlığında 3.498, Naxçıvan xanlığında isə 930 olmaqla bütün erməni vilayətində 4428 erməni ailəsi, cəmi 25151 nəfər erməni, müharibədə ölən, İrana və Türkiyəyə gedənləri nəzərə almadan belə 16.078 müsəlman ailəsi və 81.749 nəfər müsəlman yaşayır və müsəlmanlar 76,5 % təşkil edirdilərsə, işğaldan sonra qısa müddətdə, 1828-1830-cu illərdə İrandan 6.949 ailə (35.560 nəfər), Osmanlı imperiyasından isə 3.682 ailə (21.666 nəfər), cəmi 10.631 erməni ailəsi (57.226) nəfər köçürüldü və ermənilər artıq sayca (82.377 nəfər) müsəlmanları üstələməyə başladı.

Ermənilərin Türkiyədən keçmiş İrəvan xanlığının ərazisinə köçürülməsi 1830-cu ildən sonra da davam etmişdir. Türkiyədən 14 mindən artıq erməni ailəsi – 90 min nəfər Göyçə, Dərəçiçək, Abaran, Sürməli və Talin mahallarına yerləşdirildi. Rusiya işğalı ərəfəsində İrəvan xanlığının bütün xristian əhalisinin ümumi sayı 20%-dən çox olmamışdır. Bu faktı İ.Şopenin tədqiqatlarına əsaslanan erməni mənşəli Qərb tarixçisi G.Bornoutyan da öz tədqiqatlarında etiraf edir. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: «Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar – red.) köçürüb gətirmişik».

Qeyd etmək lazımdır ki, Rusiya tərəfi təqdim olunan vergi və maliyyə sənədlərinə o qədər də etibar etmirdi, düşünürdülər ki, onlara verilən sənədlərdə rəqəmlər kiçildiləcək. İrəvan xanlığı üzrə tərtib edilən bu tipli əsas sənəd İrəvan xanının vəziri (onu maliyyə naziri də adlandırırdılar) Mirzə İsmayılın tərtib etdiyi maliyyə sənədləri idi. İnzibati İdarənin işçiləri Mirzə İsmayılın sənədlərində ciddi uyğunsuzluqlar aşkar edə bilməmişdilər. Naxçıvan əyalətində isə vəziyyət tamamilə dolaşıq idi. Burada bu sənədləri tərtib etmək Paskeviçin göstərişi ilə general Merliniyə tapşırılsa da, onun 1828-ci ildə tərtib etdiyi kameral təsvirə görə yığılacaq verginin miqdarı işğaldan qabaqkı kəmiyyətdən az olduğuna görə, Paskeviçi razı salmamışdı. İkinci dəfə bu işi İnzibati idarənin müşaviri Petrikov, üçüncü dəfə polkovnik Voljinski görsə də, nə onların, nə də Naxçıvan naibi Ehsan xanın verdiyi bilgilər, eləcə də əyalət sakinlərindən alınan məlumatlar da Paskeviçi qane etməmiş və bu işi İnzibati İdarənin müşaviri, kollej assasoru rütbəli fransız mənşəli İvan Şopenə təklif etmiş və o da bu təklifi qəbul edərək yüksək səviyyədə yerinə yetirmişdi.

Mühafizə dəstəsi və katiblərlə təmin edilmiş İ.Şopen 1829-cu ilin aprelində başladığı bu işi 3 ilə - 1832-ci ilin mayında başa çatdırmış, İrəvan xanlığının 15, Naxçıvan xanlığının 10 mahalı, İrəvan, Naxçıvan və Ordubad şəhərləri və tərəkəmə (elat) əhali üzrə kameral təsvirlər tərtib edib, sonradan bu kameral təsvirlərdə toplanmış materialları təhlil edərək, “Erməni vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə” adlı fundamental kitabını yazıb.

“Kameral təsvir” adlanan sənədlərdə əhalinin adbaad siyahısı ilə yanaşı, hər bir mahal üzrə izahat yazısı və boş kəndlərin siyahısı da verilmişdi. Bu izahat yazılarında mahalın coğrafi ərazisi, sərhədləri, meşə, su ehtiyatları, çayları, gölləri, dağları, iqlimi, vergi sistemi, mahalda iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün təkliflər yer almış, bir növ mahal inventarlaşdırılmışdi. Bir sözlə, bu sənədlərdə indiki tədqiqatçılar üçün zəngin material vardır.

Haqqında söhbət gedən kitaba yazdığı ön sözdə İ.Şopen öz missiyasını belə qiymətləndirirdi: “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrün vəziyyətini təsvir edən bu kitab bir sıra inventarları özündə cəmləşdirib. Bu kitabın köməyi ilə vilayətin sakinləri gələcəkdə müqayisə edib deyəcəklər: nəyimiz var imiş, indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı əllərində tutduqları vaxt daim öz keçmişlərini yaşadıqları dövrlə müqayisə etsinlər”.

Osmanlı idarəçiliyi dövründə İrəvan əyalətinin idarəsi üçün hüquqi bazanın yaradılmasını təmin edən “təhrir dəftəri” adlanan sənədlər tərtib edilmişdi. Təhrir dəftərləri “müfəssəl dəftər”, “icmal dəftəri” və “sicil dəftəri” olmaqla üç növə ayrılırdı. İcmal dəftərində ərazidəki kəndlər və təsərrüfat subyektləri (tiyul, zeamət, timar) siyahıya alınaraq onların nə qədər vergi ödədiyi yazılır, müfəssəl dəftərlərdə isə burada yaşayan vergi mükəlləfiyyətli əhali də siyahıya alınırdı. Beləliklə, əyalətin idarə edilməsi üçün lazım olan qanunnamə və vergilərin nizamlı şəkildə toplanmasını müəyyən edən müfəssəl dəftər tərtib edilirdi. Növbəti sonuncu mərhələdə isə, əkilən torpaq sahələri və formaları ilə bərabər torpaq sahibləri müəyyən edilərək, toplanan məlumatlara əsasən müfəssəl dəftər də istifadə olunmaqla icmal dəftər hazırlanırdı.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 11 fevral.- S. 13.