İrəvan əyalətində idarəetmə sistemi

 

5-ci yazı 

 

 

 

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədlinin araşdırmasında vurğulanır ki, “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə İrəvan əyaləti İrəvan, Karbi, Naxçıvan, Məvaziyi-Xatun, Mülki-Arslan, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Ağcaqala, Gərni, Vedi, Abaran, Şərəbxana, Talin, Ərmus, Abnak, Aralıq, Azadcıran, Şorlut, Dərənürgüt, Zar, Zebil, Əlincə və Sisyan nahiyələrindən ibarət idi.

1728-ci ildə isə bu əyalətin İrəvan, Naxçıvan və Şörəyeldən ibarət olduğu aydın olur. İrəvan livasına İrəvan şəhəri, Qırxbulaq, Körpü, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Dərələyəz (1727-ci ilin müfəssəl dəftərinə görə bu nahiyə Naxçıvan sancağına aid edilib), Məzrə, Sürməli, İğdır, Aralıq və Şərur, Sədərək, Zarzəmin nahiyələri daxil idi.

Rusiya işğalından (1828) əvvəl və kameral təsvirlərin tərtib edildiyi 1831-ci ildə keşmiş İrəvan xanlığı İrəvan şəhəri və 15 mahaldan ibarət idi: Qıxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçenis, Sədli, Talin, Seyidli- Axsaxlı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahalları.

İ.Şopenin rəhbərliyi ilə bu mahalların hər biri üzrə 1, İrəvan şəhəri üzrə 3, tərəkəmə (elat) əhali üçün də ayrıca 1 kameral təsvir tərtib edilmişbütün 19 kameral təsvirlər Ermənistan Milli Arxivində saxlanılır. O zaman İrəvan şəhəri 4 hissədən – Qala, Şəhər (Əski şəhər), Təpəbaşı və Dəmirbulaq hissələrindən ibarət olub.

İşğaldan sonra İrəvan qalası işğalçı dövlətin inzibati idarəsinə çevrildi. İnzibati idarə xanın sarayında yerləşdirilmiş, məscidlərdən birini silah anbarına, digərini taxıl anbarına, xanın hərəmxanasını isə “hospitala” – hərbi xəstəxanaya çevirmişdilər.

Rusiya işğalından sonra İrəvan əyaləti 4 inzibati dairəyə bölünmüşdü:

1. İrəvan dairəsinə İrəvan şəhəri, Göyçə, Dərəçiçək və Qırxbulaq mahalları;

2. Şərur dairəsinə Şərur, Vedibasar, Gərnibasar və Zəngibasar mahalları;

3. Sürməli dairəsinə Sürməli, Dərəkənd-Parçenis mahalları, Gərnibasar və Vedibasar mahallarının Arazın sağ sahilində yerləşən əraziləri;

4. Sərdarabad dairəsinə Səədli, Talin, Seyidli-Axsaxlı, Abaran, Qərbi və Sərdarabad mahalları daxil idi.

İrəvan xanlığının işğaldan əvvəl və sonrakı idarəetmə sistemlərində ciddi fərqlər var idi.

İrəvan xanlığının İran Qacarlar dövlətindən asılılığı nominal xarakter daşıyırdı, çünki nəinki mərkəzi hökumətə xərac verilmirdi, əksinə, müdafiə tədbirlərini gücləndirmək üçün mərkəzi hökumət ona hər il müəyyən miqdarda, işğal ərəfəsindəki illərdə isə ildə 6 min tümən (24 min gümüş rubl) pul göndərirdi. Şah sarayındakı bütün vəzifələr Sərdarın sarayında da vardı. Saray əyanları onun xidmətində olanlara və hərəmxanaya qulluq edənlərə bölünürdü. Daxili idarə, vəzifəli şəxslərin təyini və hətta hərbi kadrlar onların arasından təyin edilirdi.

Divan xan və vəzir də daxil olmaqla, sarayda mühüm vəzifə tutan və hər biri bir sahəni idarə edən mirzələrdən və Şeyxülislamdan ibarət idi. Divana xanın ən yaxın adamlarından olanonun tərəfindən təyin edilən divanbəyi başçılıq edirdi. Xan sarayında maliyyə işlərində vəzirlə yanaşı, sərkari-ali, texniki işlərə məsul kəhya, xəzinədar, anbarağası, saray mühafizlərinin rəisi, qoruqbaşı və başqa vəzifəli şəxslər var idi.

Şəhər rəisi vəzifəsini naib həyata keçirirdi. Naib iqtisadiinzibati işlərlə məşğul olur, vergilərin vaxtında toplanmasına nəzarət edir, xan müvəqqəti olaraq bir neçə günlüyə şəhəri tərk etdikdə şəhərin idarəçiliyi ona keçirdi. Qalanın mühafizəsindən məsul olan şəxs isə qalabəyi idi. İrəvan sərdarının idarəetmə aparatı 4 bölmədə cəmləşmişdi. Ev təsərrüfatını sərdarın özüonun ən yaxın adamlarından biri idarə edirdi.

Hərbi işlərə xanın qardaşı Ali Baş komandan Həsən xan rəhbərlik edirdi. Hərbi qüvvələr 2 sərbaz batalyonundan və qeyri-müəyyən sayda süvari döyüşçülərdən ibarət idi. Lazım gələndə xanlığın silah tutan bütün əhalisi orduya cəlb edilə bilərdi. Zəmburəklər-dəvə üstündə quraşdırılan falkonetlər-kiçik toplar nəzərə alınmasa, bir neçə 6 funtluq səhra topu və İrəvan qalasının ayrıca artilleriyası vardı. Divandakı mirzələrdən bir nəfər qoşunun siyahısını tuturdu. Sülh dövründə ordunun çoxu məzuniyyətdə hesab olunsa da, maaşlarını da alırdılar. Maliyyə işi əsas sayılırdı. Bu sahə Sərdarın daim diqqət mərkəzində olmaqla onun əsas məşğuliyyətini təşkil edirdi.

İcrapolis orqanlarının fəaliyyəti də maliyyə məsələləri ilə sıx bağlı idi, çünki hakimiyyət demək olar ki, vergi toplamaq üçün idi. Lakin onlar həm də əmlak məsələləri və cinayət işləri üzrə məhkəmə qərarlarını yerinə yetirməli idi. Tabeliyindəki yüzbaşıların və onbaşıların vasitəsi ilə fəaliyyət göstərən şəhər polisinin rəisi darğa adlanırdı.

Başqa islam ölkələrində olduğu kimi, İrəvan xanlığında da cinayət və ya mülki məsələləri şəriət məhkəmələri vasitəsi ilə həll edilirdi. Hərbi, maliyyə və polis idarəsinə gəldikdə isə hər şey hökmdarın iradəsindən, onun divanının müdrikliyindən asılı idi. Üzərində heç bir məhdudiyyətin və nəzarətin olmadığı Divan hər bir halda icra aparatına sərəncam verirdi. Lakin bütün Şərq ölkələrində olduğu kimi, onların hakimiyyətini tarazlaşdıran və onların iradəsindən asılı olmayan dini bir hakimiyyət də vardı və o, dini məsələlərlə yanaşı, cinayət və mülkü hüququ, həm də təhsili həyata keçirirdi. Beləliklə, burada iki idarə hakimiyyəti vardı: dünyəvi rəislərə məxsus olub icra işlərini həyata keçirən cəbr hökuməti və ədalət mühakiməsini həyata keçirən və din xadimlərinin rəhbərlik etdiyi ədliyyə hökuməti.

Mülki işlərə baxan dini məhkəmə Şəriət məhkəməsi adlanırdı. Bu məhkəmədə Şeyxülislam, qazılar və məşvərətçi səslə iştirak edəm axundlarmollalar iştirak edirdi. Məhkəmə istintaqı tərəflərin dinlənməsi ilə başlayırdı. Əvvəlcə iddiaçını, sonra cavabdehi dinləyir, sonra hər ikisini üzləşdirirdilər. Sonra şahidləri dindirirdilər. Əvvəlcə cavabdehin, sonra iddiaçının şahidləri danışırdı. Şahidlər kifayət etmədikdə tərəfləri Qurana and içdirirdilər və bu zaman cavabdehin üstün hüququ vardı.

Məsələ kifayət qədər araşdırıldıqdan sonra çəkişən tərəfləri otaqdan çıxardır və məhkəmə üzvləri öz aralarında müşavirə keçirirdilər. Əgər müzakirə edilən məsələ Quranda varsa, qərar qəbul etmək çətin deyildi, əgər yox idisə, peyğəmbərin hədislərinə müraciət edirdilər, əgər burada da məqbul bir nümunə tapılmırdısa, onda yerli adət-ənənələrə uyğun olaraqya məhkəmə üzvlərinin vicdanına görə hökm çıxarırdılar. Mülkiyyət məsələləri mülkiyyət kağızının və digər sənədlərin əsasında həll edilirdi. Məhkəmənin qərarı yarlığa yazılır və məhkəmə heyətinin bütün üzvləri möhürünü basaraq yarlığı haqlı tərəfə verirdilər.

1831-ci ildə İrəvan şəhərində yaşayan Şeyxülislamın, qazının, axundların və mollaların adları kameral siyahılarda qeyd edilib. İrəvan əyalətinin Şeyxülislamı şəhərin Təpəbaşı hissəsində yaşayırdı: “134.224. Şeyxülislam Axund Molla Məhəmməd Axund Molla Məmmədhüseyn oğlu 60 yaş”. Maraqlıdır ki, yaşadığı 134 nömrəli evdən başqa, Şeyxülislamın daha 1 evi qeydə alınıb. Bu, Təpəbaşı hissəsindəki 132 nömrəli evdir. 133-cü bina isə ona məxsus hamamdır. Qazı Molla Kərim Şəhər hissəsində qeydə alınmışdır: “176.307. Qazı Molla Kərim Qazı Molla Cəfər oğlu 40 yaş”. Göründüyü kimi, Qazı Molla Kərimin atası da qazı olub.

İrəvan şəhərində 6 axund qeydə alınıb. Bunlar Şəhər hissəsində yaşayan Ağa Fətulla Ağa İbrahim oğlu, Axund Molla Kazım Məmmədrza bəy oğlu, Axund Molla Mustafa Kərbəlayı Heydər oğlu, Təpəbaşı hissəsində yaşayanlar: Axund Molla Bağır Sadıq bəy oğlu, Axund Molla Mehdi Axund Molla Məmmədəli Peşnamaz oğluAxund Molla Kazım Axund Molla Əhməd oğlu idi. Yuxarıda adları çəkilən həmin 8 nəfəri İrəvan xanlığında fəaliyyət göstərən Şəriət məhkəməsinin üzvləri saymaq olar. İcra hakimiyyətinə mənsub olan cəzavermə daha sadə üsulla həyata keçirilirdi. Qatili öldürdüyü şəxsin yaxın adamlarına verirdilər. Onlar ya qan bahası əvəzində onu bağışlayır, ya da öldürürdülər.

Dəftərxana işi və kargüzarlıq demək olar ki, yox dərəcəsində idi. Onlarqeydiyyat aparır, nə də jurnal tuturdular. Şərdar şikayətləri dinləyir, işi hərtərəfli araşdırıb qərar çıxarır və onun qərarı həmin dəqiqə icra olunurdu. Əgər cəza hökmü çıxarılırdısa, Sərdarın işarəsi ilə fərraşlar yerindən sıçrayıb onun sərəncamını icra edir, günahkarın ayaqlarını falaqqaya salıb şallaqlayırdılar. Çox nadir hallarda Sərdar kimisə pəncərədən Zəngi çayına atdırır, bəzən kiminsə əlini, ayağını, birya iki qulağını kəsdirir, birya iki gözünü tökdürürdü.

Mahalları xanların və ya bəylərin içərisindən təyin olunan mirbölük, kəndləri isə kəndxudalar idarə edirdi.

Tərəkəmə (elat) əhalini onların tayfa başçıları idarə edirdi. Bütün bunlara onu da əlavə etmək lazımdır ki, Sərdar özü müəyyən etdiyi qayda-qanunu özü bildiyi kimi də dəyişə bilirdi və beləliklə, idarəetmə yüyənini əlində möhkəm saxlayırdı. Sui-istifadə hallarına Sərdar bir çox hallarda barmaqarası yanaşırdı. Qeyri-qanuni yollarla sərvət toplayan məmurlar kifayət qədər şişəndə bütün sərvətini, mülklərini əlindən alıb xəzinəyə keçirirdi, başqa sözlə, özünə götürürdü. Həmin şəxs müxtəlif qapılar döyüb Sərdarın yanında sözü keçən adamların köməyi ilə yenidən mənsəbə çatardısa, ona şərait yaradırdılar ki, varlansın və yenidən hər şeyini əlindən alsınlar. İ.Şopen yazır ki, avropalılara nə qədər qəribə gəlsə də, asiyalılar bu üsulu əla hesab edirdilər.

Mülki idarə sahəsində bütün vəzifələr əsasən xanların və bəylərin içərisindən təyin edilmiş şəxslər tərəfindən həyata keçirilirdi. Məktublar yazmaq, inventarların siyahısını tutmaq isə mirzələrin işi idi. Vəzifə yüksəlişi də aşağı vəzifəli məmurların daha yüksək məmur vəzifəsinə keçirilməsi ilə baş verirdi, Sərdarın Divanına da yol buradan keçirdi. Qeyd etmək lazımdır ki, hərbi, mülkidini xidmət sahələri arasında elə bir sərhəd yox idi, diribaş mirzə asanlıqla yüzbaşı, bəy, xan olduğu kimi, mollaya axund da ola bilərdi. Onu da qeyd etmək lazımdır ki, bütün mirzələr, bəylər, xanlar, vəzifəli əyanlar öz karyeralarını hələ gənc yaşlarından sarayda qəlyan paylamaqla başlayırdılar. İrəvan xanlığı işğal edildikdən sonra idarəetmə üsulu köklü surətdə dəyişdirildi, idarəetməni vilayət rəisi həyata keçirirdi. Onun tabeliyindəki dəftərxana isə “Erməni vilayəti üzrə İnzibati idarə” adlanırdı.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 13 fevral.- S.13.