“Əzizə Cəfərzadənin kəndi”, yaxud bənzəri
olmayan nar
bağlarının məskəni
2-ci
yazı
Bildiyimə gözə, sevimli yazıçımız, professor Əzizə Cəfərzadənin və qardaşı, amansız Stalin represiyasının acısını dadmış folklorşünas alim-pedaqoq Əhməd Cəfərzadənin qəbri də Uduludadır. Qeyd etmək lazımdır ki, vəsiyyəti əsasında doğmaları uyuyan qəbirstanlqda dəfn olunmasını arzulayan Əzizə xanım sağlığında Udulu kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası da tikdirib. Təssüf ki, qayıdanbaş baş çəkəcəyimiz məktəb və klub, xüsusən mərhum yazıçımızın qəbirini ziyarət etmək istəyimiz axşam qaranlığına düşdüyündən baş tutmadı. Niyyət elədik ki, yazqabağı İnşallah, qismət olsa, bu diləyimizi yerinə yetirək.
***
Yaşar bəy bildiklərimə əlavə bilgi qatır: Vaxtı ilə kəndin yaxınlığındakı dağlıq və təpəliklərdə amansız müharibələr gedib, çoxlu qan tökülüb, hesaba gəlməyən insan tələfatı olub. Teymurləngdən bu yana qəsbkarlar dəfələrlə bu kəndə həmlə etmiş, ancaq ox-nizə ilə, qılıncla qarşılaşmışlar. Kəndin ətrafında yadellilərin cəsədlərinin dəfn olunduqları yerlərin izləri indi də durur. Sözümüzdən yayınmayaq. Təkrarçılıq olmasın, Udulluda düşdüyümüz ilk ev Mirzəxan müəllimgilin həyəti oldu. İçəri dəvət etdilər. Çay sürfəsi arxasında qısa, lakin maralı söhbətlərlə ömrümüzün bir məqamını da belə yola saldıq.
Az sonra ev sahibinin oğlu Zaur da gəlib çıxdı. Yaşarın gətirdiyi gübrə kisələrini düşürdü. Bizi süfrəyə dəvət etsələr də, gecə qaranlığa düşəcəyimizi, yeməyə ehtiyacımızın olmadığını söyləyib, getməkdə qərarlı olduğumuzu dedik. Evin xanımı nar bağından təzəcə dərilmiş pay qoydu: “Bu da müəllimin narıdır”, - deyib ehtiramla məni göstərdi. Ruzuləri daha da bol olsun. Necə deyərlər, verən əlləri kəsilməsin...
***
Xudahfizləşib yola çıxırıq. Udulu el arasında deyildiyi kimi 7 para (Qubalı, Tava, Tağlı, Ağanadirli, Paşalı, Cəngan, Şorbaçı ) kənddən ibarətdir. Qubalıdan çıxıb indi də üz tuturuq Şorbaçı tərəfə. Burda Yaşar bəyin lap köhnədən tanıdığı bir ailəyə qonaq olacağıq. Evin sahibi Asif bəy Yaşarın qardaşının əsgər yoldaşı olub. Odur ki, aralarında xoş ünsiyyət var. Qabağımıza çıxıb “xoş gəldin” eləyir, sonra da içəri dəvət edir. Atası Hacı Ərəbxanla tanış oluruq.
Xoşsima, ağırtəbiətli bir insan olan Hacı Ərəbxan Dərəkəndlilərlə irəlidən isti münasbətləri olduğundan danışır. O, hələ Sovet hakimiyyəti dövründə sürücü işləyib. Sürücü gəzər olar, çox gəzib, çox götürər, hal əhli olarlar... Hacı Ərəbxan da belədir. Nədənsə, bu kişi mənə ilk baxışda, “Axırıncı aşırım” filmindəki Kərbəlayı İsmayılı xatırlatdı... Deyəsən, burda da çox dayanmaq mümkün olmayacaq; hava artıq qaralıb, yağış da sızqa bulaq təki öz işindədir. Ata-oğul bizi zorla yeməyə oturdurlar. Qonağa bu cür sayğı hər millətdə, hər xalqda olmur. Razılaşmağa məcburuq. Daha çıxış yolumuz qalmır... Birlikdə yüngülcə şam edib, qalxırıq. Sağollaşıb ayağa dururuq. Allah əllərindən üzməsin burda da bizi boş yola salmırlar. Narlığa gəlib boş qayıdasan, heç qoyarlarmı?! Uduluda bunu xoşlamırlar!
***
Yeri gəlmişkən, içimdə narçılığın udululardan ötrü nə kimi iqtisadi əhəmiyyəti olduğunu öyrənmək niyyəti baş qaldırır. Asif bəy narçılığın dolanışıq üçün sərfəli təsərrüfüt sahəsi olduğunu xüsusi vurğulayır. Buradan qonşu ölkələrə, eləcə də respublikamızda şərab, şirə və digər nar məhsulları istehsal edən yerlərə iritutumlu yük maşınları ilə nar daşınır. İstehsalçılar öz məhsullarını narın vəziyyətindən asılı olaraq 0,4-1,0 manat dəyərində müştərilərə satır, bununla güzəranlarını təmin edirlər. Narçılıq doğurdan da, udulular üçün əməlli-başlı gəlir mənbəyidir. Bal tutan baramaq yalar, deyiblər. Müstəqilliyimizin ilk dövrlərində digər ərazilərdə olduğu kimi burada da dağıdılmış təsərrüfatın qalıqları bir zaman göz dağına çevrilmişdi. Pay torpaqlarının kəndlilərə qaytarılması hər şeyi kökündən dəyişdi.
Kəndin ortasından keçən çay nar bağları üçün əsl həyat deməkdir. Narçılığa bel bağlayan hər evdən, hər təsərrüfatdün çaya sallanmış borularla bağlara su verilir. Aralıdan hörümçək torunu xatırladan bu mənzərə səliqəsizlik yaradırmış kimi görünsə də, məhsuldarlığı birə min artırır. Bundan minlərlə ailə və dövlət qazanır. Başqa sözlə, udulu narçılığı respublikanın iqtisadiyyatının möhkəmləndirilməsinə az-çox öz töhfəsini vermiş olur. Udulu narı tamına, şirnliyinə görə özgə bir keyfiyyətə sahibdir. Qeyd edim ki, bu barədə indiyənəcən eşitdiklərimin gerçək şahidi oldum.
Udulu təkcə bərəkətli, şirəli nar bağları ilə deyil, həmçinin tanış olduğumuz insanların timasalında da gözəglimli cəhətləri ilə yaddaşımızda qaldı.... Yola çıxmazdan əvvəl Asif bəy havanın və yol şəraitinin pisləşə biləcəyinə işarə edərək, sabaha qalmağımızı təkid edir. Bildiririk ki, yolüstü hələ Poladlıya da baş çəkməliyik, ardınca da Bakiya dönmək var. “Neynək, onda Allah işinizi avand eləsin. Əgər yolda çətinliyiniz olsa, zəng edin ha, dərhal yanınızdayam”, deyə bərk-bərk tapşırır Asif qardaşımız.
***
Yolçu yolda
gərək, deyib yola
çıxırıq. Yolboyu Yaşar bəyi suala tuturam. Həm təəssüratımla
bağlı, həm də sanki yaddaşımı
yoxlayırmış kimi
keçib getdiyimiz yerləri dübarə soruşuram. Gördüklərimi söhbətə, müzakirəyə
çəkirəm. Məlumatlar
təzələnir, təkrarlanır,
xəyalən səfər
təəsüratımın cizgilərini cızıram...
İbrətamiz misaldır: Söhbət
yolun nərdivanıdır.
Belə də eşitmişəm ki, söhbət yolun düşmənidir, yəni söhbət uzun yolun əhdini
kəsir, yolu qısaldır. Nə
cür gəldiyini
hiss eləmirsən... Bu da Poladlı kəndi. Burdan üzü Şamaxı-Bakı
yoluna asfaltdır.
İnanmaq olar ki, saat 20.30-dək Nərimankənd
dairəsinə çata
bilərik. Ancaq Poladlıdan
çıxmaq asan olmur. Yaşar bəy yolüstü
görüşməli olduğumuz
köhnə dostu Mehman kişiyə zəng edib doqqaza çıxmasını
xahiş edir. Mehman qəti razılaşmır və
ərkyana, ucadan: “Dost
qapısını döyən
adam o evdə
çörək kəsməlidir.”
Özgə sözümüz qalmır. “Süfrə
açıb, sizi gözləyirik” deyib, bizi birbaş süfrə arxasına dəvət edir. Çay, şirniyyat, meyvə dolu qablar stolun
üsünə düzülüb
sanki bizi gözləyir. Bununla da
kifayətlənməyən Mehman qardaşımız öz qapılarının
halal məhsulu olan kənd toyuğundan hazırlatdırdığı
bozartmaya bizi qonaq edir. Yeməyə
yerimiz, ləngiməyə
vaxtımız yoxdur, desək də Mehman bəy və övladları bizi maraqlı söhbətləri, xoş
ünsiyyətləri ilə
ovsunlayıb süfrədən
dadmamış durmağa
qoymurlar. Həmin gecə
əziz insanlarından
birinin xeyir işi olmasına baxmayaraq, qonaqlarının
qulluğunda durmağı
lazım bilən evin sahibi bir
saatdan artıq bizimlə bir yerdə oldu.
***
Nəhayət, getməyin zamanıdır... Poladlı narının sorağını dəfələrlə, özü də lap çoxdan almışdım. Az-çox dost-tanış hesabına dadına baxsam da, tarçığımı götürməmişdim. Mehman kişi də udulular sayaq halalca başa gətirdiyi nar bağından payımızı əsirgəmədi. Allah bərəkət versin, barınız birə-min artsin... Beləliklə, xudahfizləşib yola düzəlirik. Asfaltörtüklü hamar yol “QAZ-53”-ü yayından çıxmış ox kimi Nərimankənd dairəsinə çatdırır. Yaşar bəy: Müəllim, gedək qal bizdə, sübh tezdən yola çıxararam gedərsən,- desə də şəhərə qayitmaq istəyim məni buraxmır. Küləkli, çiskinli, üstəlik buz təki kəskin hava. Soyuq hava az qala iliyimə işləyir. Tərslikdən bugünkü hava şəraiti hazırkı geyimimlə daban-dabana ziddir. Yaşar maşının banına qalxır. Heç 15 dəqiqə çəkməmiş, sayəsində mənim bölgümə düşən payları özündən əlavələri ilə birgə bir kisəyə doldurub səliqəli şəkildə çanta halına gətirir ki, rahat daşıya bilim. Əlimi heç nəyə vurmağa qoymur və telefon fənərinin işığında hər işi özü görür. Az qala buzlu hava adamın nəfəsini kəsir. Bakıya gedəcək bir maşın da görünmür ki, barı təsəlli tapasan. Düşünürəm, deyəsən yaman yerdə axşamladım... Təkəm-seyrək gələn də maşınlar da düz gedir, heç kimin saxlamaq fikri yoxdur deyəsən. Dəlidirlər, saxlasınlar? Gecə o qədər hadisələr olur ki. Allah göstərməsin hardan bilsinlər ki, mən Allahın bir məzlum müəllimiyəm... Nə isə, çox keçmir, daha iki nəfər müştəri peyda olur. Az sonra Bakıya getməli olan bir maşın dövrə vurub yanımızda dayanır. Susqundur. Bu da yəqin onların piryomudur. Biz dillənsək, qiymət aşağı düşə bilər, deyə səsin içinə salıb bizim soruşmağımızı gözləyir. Axır, özümüz yaxınlaşmalı oluruq. 20 manata aparacağını söyləyir. Birtəhər adambaşına 5 manata razılaşdırırıq. Deməli, 15 manata. Bu lap yaxşı oldu. Gəlib-getdiyimiz qiymətə. Necə deyərlər, öz qiymətinə. Gecikdiyimz bir məqamda, üstəlik qılınc təki doğrayan gecə soyuğunda bu maşın göydəndüşmə oldu, - düşünürkən içimə sanki bir ilıq hərarət yayılır. Yola düşməyin vaxtı yetişir. Digər yol yoldaşım olacaq iki nəfər də daxil maşına əyləşirik. Yaşar bizi Allaha əmanətləyib tapşırır ki, müəllim, şəhərə çatcaq zəng elə, arxayın olum... Maşının salonunda zil qaranlıq gecənin bağrını yaracaq bir səs eşidilmir. Təxminən 50-55 dəqiqəlik sükutdan sonra “20 Yanvar”a çatırıq. Vədimə sadiq qalıram, üstəlik telefonla bir daha çəkdiyi zəhmətə görə Yaşar bəyə minnətdarlığımı bildirirəm. Və beləliklə, Dərəkənd-Udulu-Poladlı səfərim başa çatır. Təki ömür vaxtsız sonuclanmasın...
Yusif DİRİLİ
Xalq Cəbhəsi.- 2020.- 15 fevral.-
S.14.