İrəvan şəhərində təhsil,
mədəniyyət, sənətkarlıq
6-cı
yazı
“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədlinin araşdırmasında vurğulanır ki, inzibati idarədə 2 şöbə vardı və hər şöbəyə müşavir rəhbərlik edirdi. Birinci şöbə icra hakimiyyətini, ikinci şöbə isə məhkəmə hakimiyyətini həyata keçirirdi. Müəyyən vaxtlarda maliyyə işlərini həyata keçirən üçüncü şöbə rəisinin icra aparatı yox idi. Maliyyə məsələləri isə Gəlirlər və Xəzinə mülkiyyəti üzrə Xüsusi İdarə tərəfindən həyata keçirilirdi. Bu idarə əvvəllər İnzibati idarənin bir şöbəsi olmuşdu. Mülki məhkəmələr birinci instansiya olan əyalət məhkəməsində həyata keçirilirdi. Bu məhkəmədə hakim və 3 nəfər mülki iclasçı var idi. Onlardan biri rus məmurları içərisindən, ikisi isə yerli xalqların – türklərin və ermənilərin nümayəndələri arasından seçilirdi. 500 rublu keçməyən iddia və mübahisəli məsələlər ikinci instansiya olan Vilayət rəisi tərəfindən həll edilirdi. Apelyasiya verildikdə isə onu üçüncü və sonuncu instansiya olan Qafqazdakı qoşunların ali baş komandanının təsdiqinə verirdilər.
Cinayət işlərinə İrəvan şəhəri hərbi komendantının sədrliyi ilə hərbi məhkəmə baxırdı.
Hər bir şəhərdə polismeysterin idarəsi altında şəhər polis idarəsi təsis edilmişdi, tabeliyindəki pristavlar və məhəllə yüzbaşılarının vasitəsi ilə öz funksiyalarını həyata keçirirdilər. İrəvan şəhərində hökumətin maaş verdiyi Şəriət məhkəməsi vardı (Naxçıvan və Ordubad şəhərlərində də mövcud olan şəriət məhkəmələrinin üzvlərinə maaş verilmirdi), mahallarda isə hər iki tərəfin razılığı ilə kiçik məsələləri həll edən axundlar vardı.
Şeyxülislam Cənubi Qafqazdakı şiə müsəlmanlar arasında ali ruhani şəxs sayılsa da, uzun müddət onun statusu müəyyənləşdirilməmişdi. Bir neçə dəfə layihə hazırlanmış, çar hökumətinin tələblərinə cavab vermədiyindən, qəbul edilməmişdi. Cənubi Qafqaz şiə və sünni idarəsinin əsasnaməsi 1872-ci ilin 5 aprelində qəbul edildi.
İrəvan və Naxçıvan əyalətlərindən təşkil olunan erməni vilayəti 1840-cı ildə ləğv edilərək Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi və onun tərkibində İrəvan və Naxçıvan qəzaları yaradıldı. İrəvan və Naxçıvan qəzaları 1846-cı ildə yeni yaradılan Tiflis quberniyasının tərkibinə verildi. 9 iyun 1849-cu ildə 5 qəzadan ibarət İrəvan quberniyasının yaradılması haqqında fərman verildi. 1850-ci il yanvarın 1-də bu fərman qüvvəyə mindi. İrəvan quberniyasına İrəvan, Aleksandropol, Novobəyazid, Naxçıvan və Ordubad qəzaları daxil idi. İrəvan quberniyası inqilaba qədər mövcudluğunu davam etdirdi.
İrəvan şəhərinin məhəllələri, karvansaraları, məscid, hamam və dükanları haqqında “Şəhər hissəsinin” kameral təsvirində geniş məlumat verildiyindən, fikrimizcə, onları bir daha təkrarlamağa ehtiyac yoxdur. Amma haqqında danışmağı zəruri hesab etdiyimiz məsələlərdən biri, bəlkə də ən vacibi İrəvan şəhərindəki təhsil sistemi ilə bağlıdır.
İşğaldan sonra İrəvan şəhərində kilsə-məhəllə məktəbi açılmışdı, bu məktəblərdə 60 şagird təhsil alırdı, amma onların əksəriyyəti ermənilər idi, azərbaycanlı şagirdlər 10 nəfərə yaxın idi. Bu, iki şeylə bağlı idi. Bir tərəfdən yeni idarəçilər erməni kadrlar yetişdirib vilayəti onların vasitəsilə idarə etmək fikrində idilər və buna görə də türklərin rus dilini öyrənməsi və idarəçiliyə cəlb edilməsi onları o qədər də maraqlandırmırdı. Digər tərəfdən isə türklər işğaldan əvvəl olduğu kimi öz dinlərinə, adət-ənənələrinə bağlılıq nümayiş etdirərək, əvvəlki kimi mədrəsə təhsili almağa üstünlük verirdilər. Məscidlərin nəzdində fəaliyyət göstərən mədrəsələrdə isə o dövr üçün heç də kiçik rəqəm sayılmayan 200 şagird təhsil alırdı (bundan başqa, adlı-sanlı din alimləri xüsusi məktəblər açıb hər şagirdə görə ayda gümüş pulla 20 qəpik zəhmət haqqının əvəzində təhsil verirdilər). Halbuki kilsələrin nəzdindəki dini məktəblərdə işğaldan əvvəl cəmi 80 erməni şagirdi vardı. İrəvan şəhərindəki mədrəsə Hüseynəli xan məscidində fəaliyyət göstərirdi. Digər məscidlərin hər birində isə 20 şagird təhsil alırdı.
Kilsə-məhəllə məktəblərində biri müdir (nəzarətçi) olmaqla 2 müəllim, islam dinini tədris edən molla və xristian dinini tədris edən erməni terter fəaliyyət göstərirdi. Bu məktəblər 1 aşağı və 2 yuxarı sinifdən ibarət idi. Burada din dərsləri ilə yanaşı rus dili, hesab, ümumi coğrafiya, Rusiya coğrafiyası, dəftərxana işi və düzgün yazı qaydaları öyrədilirdi. Təhsil rus dilində idi. 1855-ci ilin məlumatına görə, İrəvan şəhərindəki rus kilsə-məhəllə məktəbində artıq 101 şagird təhsil alırdı. Mənbə bu şagirdlərdən neçəsinin erməni, neçəsinin isə türk (tatar) olması haqqında məlumat vermir. Mədrəsələrdə təhsil iki istiqamətdə aparılırdı. Şagirdləri ya din işlərinə, ya da dünyəvi elmə hazırlayırdılar.
Aşağı siniflərdə dərs deyən müəllim “müdərris”, yuxarı sinifdə dərs deyənlər isə “vaiz” adlanırdı. Bu və ya digər mədrəsədə müəllimlərin keyfiyyəti, eləcə də şagirdlərin sayı həmin məscidin maddi imkanlarından asılı olurdu. Əgər məscidin zəngin vəqfi vardısa, daha savadlı müdərris və vaizlər cəlb etməyə imkan verirdi və ya əksinə. Bəzi mədrəsələrdə təhsilə hansısa nüfuzlu və tanınmış müctəhid rəhbərlik edirdisə, həmin mədrəsəyə hər yandan çoxlu şagirdlər gəlirdi. Həmin müctəhid adətən, ən savadlı yetirmələrindən birini özünə varis təyin edərək əbasını ona bağışlayırdı. Beləliklə, onun əbası nəsildən nəslə keçir və sonuncu sahibinə və həmin mədrəsəyə böyük şöhrət gətirirdi.
Mədrəsə təhsili üç ixtisas üzrə aparılırdı:
1. Ərəb dili və ədəbiyyatı. Buraya 12 fənn daxil idi: dilçilik, etimologiya, sintaksis, nitq mədəniyyəti, tarix, ərəb ədəbiyyatı, Quran qiraəti və s.
2. İlahiyyat və ümumi hüquq. Buraya 6 fənn daxil idi: Quranın təfsiri (ilmul-təfsir), İlmul-hədis, praktik ilahiyyat (hüququn da daxil olduğu ilmul-fiqh), sxolastik ilahiyyat (ilmul-kəlam), vərəsəlik hüququ (ilmul-fəraiz) və müxtəlif cərəyanların hüquqi əsasları (üsuli fiqh).
3. Fəlsəfə. Burada 5 fənn tədris edilirdi: məntiq, riyaziyyat, coğrafiya və astronomiya, təbabət və təbiət elmləri, nəzəri fəlsəfə.
Xüsusi məktəblərdə isə (müəllimliklə məşğul olanların açdığı məktəblərdə) yalnız oxumağı və yazmağı öyrədirdilər. Onlara əvvəlcə əlifbanı öyrədərək Quran oxumağa məcbur edirdilər. Bir neçə ildən sonra şagirdə fars dilində kitab verir və yazı öyrədirdilər. Bu şagirdlər sürətlə oxumağı və yazmağı, bəzi əsərlərdən şeir parçalarını əzbər öyrəndikdən sonra onların təhsili başa çatmış sayılırdı. Bu şagirdlərdən bir çoxu Rudəkinin, Firdovsinin, Ənvərinin, Nizaminin, Caminin, Hafizin, Sədinin və Şərqdə məlum olan digər böyük şairlərin şeirlərini əzbər bilirdilər. Onların içərisində sözsüz ki, şeir yazanlar da var idi və ən tanınmışı özünə Mirzə Əndəlib (Bülbül) təxəllüsü götürərək şeirlər yazırdı.
Həmin şəxs “Şəhər hissəsinin” kameral təsvirində qeydə alınıb: “452. Mirzə Əndəlib Əliqulu oğlu 48 yaş (mirzə); arvadı Nurcahan 50 yaş; qızı Xurşud 14 yaş;
nökərləri: Əliqulu Kərbəlayı Cəfər oğlu 15 yaş; Salman Kərbəlayı Əhməd oğlu 12 yaş”. Göründüyü kimi, 1783-cü ildə anadan olan tanınmış şair evində iki nökər saxlayacaq qədər imkanlı adam olmuşdu.
İrəvanın Şəhər, Təpəbaşı və Dəmirbulaq hissələrində aşıq qeydə alınmayıb, lakin Dəmirbulaq hissəsində maraq doğuracaq bir evə və bir nəfərin adına rast gəlirik: “231. Ölmüş Rəhim Aşıq Əli oğlunun evi. 346. Qasım Allahverdi oğlu 70 yaş (musiqi alətləri üçün sim düzəldir); iki oğlu var: Mirzəməhəmməd 25 yaş; Allahverdi 12 yaş”.
Göründüyü kimi, Aşıq Əli adlı şəxs İrəvan şəhərinin adlı-sanlı aşıqlarından olub. Qasım Allahverdi oğlu isə simli musiqi alətləri üçün sim düzəldən nadir və çətin peşə sahibidir.
Aşıqlardan fərqli olaraq, 1831-ci ildə İrəvan şəhərində yaşayan iki rəssamın adlarını öyrənə bilirik: “747.1212. Cəfər ağa Mustafa bəy oğlu 25 yaş (bəy və rəssam); arvadı Telli 20 yaş”. “748.1213. Sadıq Əkbər oğlu 45 yaş (rəssam); arvadı Səkinə 20 yaş; oğlu Cabbar 1 yaş; qızı Ummuşərəf 3 yaş”. Burada yaşca böyük Sadıq Əkbər oğlunu daha gənc və imkanlı qonşusunun və həmkarının ustadı saymalıyıq. Bütün İrəvan şəhərində, onun şəhər hissəsində türklər arasında qeydə alınmış cəmi 1 nəfər silah ustasının olmasını, əlbəttə, təəssüf hissi ilə qeyd etməliyik. O, nadir şəxsin adını burada hörmətlə qeyd etmək, zənnimizcə yerinə düşərdi: “138.260. Şahbaz Səfi oğlu 35 yaş (silah ustası); arvadı Anaxanım 20 yaş; qızı Seyran 1 yaş; qardaşı Həmzə 20 yaş”. Halbuki, türklərin əksəriyyət təşkil etdiyi İrəvan şəhərində yerli ermənilər arasında 4 nəfər, gəlmə ermənilər içərisində isə 12 nəfər silah ustası qeydə alınmışdır. Hətta cəmi 50 ailə olan qaraçılar arasında da 1 nəfər silah ustası var idi. Türklər arasında silah ustalarının az olması onların Rusiya imperiyasına xidmət etmək istəməyərək İrana, yaxud Osmanlı dövlətinə getməsi ilə də bağlı ola bilərdi.
Bütün İrəvan şəhərində qeydə alınmış 2 saat ustası, 1 nəfər şüşə ustası və 4 tokarın hamısı isə türklər idi. Açığı, hələ elektrikin olmadığı bir vaxtda tornaçı dəzgahını və tokar (tornaçı) peşəsini təsəvvür etmək nə qədər çətin olsa da, saat ustası kimi, bu sənətin də İrəvanda yalnız türklərə məxsus olması qürurverici haldır.
İrəvan şəhərində ən geniş yayılmış peşələr isə tacir, baqqal, papaqçı, xırdavatçı, bağban, başmaqçı, nökər və günəmuzd fəhləlik idi. Müsəlmanlar adı çəkilən peşələrdə mütləq çoxluq təşkil edirdilər. Digər sənət növləri üzrə olmasa da, tacirlər arasında müqayisə aparmaq əhəmiyyətli olduğu üçün qeyd etmək lazımdır ki, 1831-ci ildə 151 nəfər türk, 68 nəfər erməni taciri vardı ki, bu da ticarət kapitalının müsəlmanların əlində olduğunu göstərir. Silah ustalığında olduğu kimi, parça toxuyanlar arasında da ermənilər, xüsusən gəlmə ermənilər üstünlük təşkil edirdilər. 1831-ci ildə İrəvan şəhərində cəmi 2.318 sənətkar qeydə alınmışdı, onların 1.436 nəfəri müsəlman, 468-i yerli, 386 nəfəri gəlmə erməni idi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 15 fevral.-
S.13.