“Yaxşı kadr həmişə
çatışmır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən etibarən hər il fevralın 11-i “Vergi xidməti işçilərinin peşə bayramı günü” kimi qeyd edilir. Bu il vergi xidməti işçiləri öz peşə bayramlarının keçirilməsinin 15 illiyini qeyd etdilər və bununla bağlı Vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil etdiyi qurumun fəaliyyəti və gələcəkdə görülən işlərlə bağlı "Report"a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Sahib müəllim, ilk olaraq Vergilər Nazirliyinin bu vaxta qədər gördüyü işlər və bu işlərin hansı əhəmiyyətinin olması ilə bağlı danışmağınızı xahiş edirəm.
- Əvvəlki adı Vergilər Nazirliyi olan Dövlət Vergi Xidməti hökumətin iqtisadi blokuna daxil olan və dövlət büdcəsinin gəlirlərinin təmin olunmasında müstəsna rolu olan mərkəzi icra hakimiyyəti orqanıdır və bütün dövrlərdə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Son illər bu istiqamətdə çox ciddi müsbət və yaradıcı layihələrə imza atıb. Bunların da nəticələri göz qabağındadır. Cənab Prezidentimiz də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar keçirilən konfransda bu məsələlərə xüsusi yer ayırdı. Qeyd elədi ki, vergi və gömrük orqanları dövlət büdcəsinin gəlirlərinin artırılmasında böyük nəticələrə nail olub. Bilirsiniz ki, ötən il ərzində dövlət büdcəsinə 1 mlrd manatdan çox əlavə vəsait daxil olub. Həmin vəsait də əməkhaqllarının, pensiyaların, tələbə təqaüdlərinin və s. artırılmasına yönəldildi. Yəni bunu Azərbaycan əhalisinin böyük bir hissəsi, təxminən 4,2 mln nəfər Azərbaycan vətəndaşı hiss etdi.
Son illər qazanılmış nailiyyətlərdən birini də vurğulamaq istəyirəm. Belə ki, həm səyyar yoxlamaların, həm də operativ nəzarət tədbirlərinin sayı kəskin surətdə azalıb. Son iki ildə bu azalma 7 dəfəyə qədər olub. Bəziləri düşünərdi ki, vergi daxilolmaları da azalacaq. Əvvəllər vergi daxilolmalarının 10-12%-i məhz bu yoxlamaların nəticəsində olurdu. Amma dediyim kimi daxilolmalar artıb. Yəni bu ona dəlalət edir ki, vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında bir-birini başa düşmək məsələləri artıq həllini tapmaqdadır. Vergi orqanı işçiləri daha çox maarifləndirmə ilə məşğuldurlar və vergi ödəyiciləri də öz vəzifələrini düzgün anlayaraq könüllü surətdə öz vergilərini ödəyirlər. Bu da bizim ən böyük nailiyyətlərdən biridir.
- Artıq bir müddətdir ki, Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) yaradılıb. Əgər mümkündürsə bu yeniliyin izahını verərdiniz. Qeyd edilən struktur dəyişikliyi sizə və vergi ödəyicilərinə nə verəcək?
- Əvvəla onu deyim ki, burada heç bir məhdudiyyət olmayacaq. Yalnız adı dəyişir və dünyanın bir çox ölkələrində oxşar təcrübələr var. Məsələn, qonşu Rusiya Federasiyasında da Maliyyə Nazirliyinə tabe olan Vergi Xidməti var. Bizdə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində islahatlar gedir. Cənab Prezident belə hesab elədi ki, iqtisadi artım templəri daha yüksək olmalıdır. Bunun üçün bir sıra vacib qurumları İqtisadiyyat Nazirliyinin çətiri altında birləşdirdi. Yəni İqtisadiyyat Nazirliyi inkişafın hədəflərinin müəyyən edir. Bunun üçün nə lazımdır? Əlbəttə maliyyə vəsaitləri lazımdır, digər məsələlər həll olmalıdır. Ona görə bu tabeçilik ora olub. Düşünürəm ki, müəyyən vaxt verilib və o vaxtdan sonra struktur və s. məsələlər öz həllini tapacaq, heç bir məhdudiyyət olmayacaq. Çünki DVX və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində avtonom rejimdə-müstəqil olaraq fəaliyyət göstərəcək. Hesab edirəm ki, burada heç bir sual, problem yoxdur.
- Əvvəllər Vergilər Nazirliyinin narahatlıqlarından biri də fermerlərin hesabatlılığında boşluqların olması ilə bağlı idi. Hətta Kənd Təsərrüfatı Nazirliyi və Vergilər Nazirliyinə təqdim olunan hesabatlar [azadolmalar ilə bağlı] arasında 7 dəfəyə qədər fərq olması da qeyd edilirdi. Sizinlə son müsahibədə demişdiniz ki, Nazirlik bu stereotiplərə yalnız maarifləndirmə yolu ilə qalib gəlmək niyyətindədir. Hazırda bu sahədə vəziyyət necədir?
- Bəli, təxminən 1 il əvvəl o söhbətlər başlamışdı. Amma son altı ayda biz bu istiqamətdə yerlərdə birbaşa ciddi tədbirlərə başladıq və nəticələri də çox uğurludur. Bu günə qədər həmin fermerlərdən 93 minə yaxınında uçota alınma məsələsi öz müsbət həllini tapıb. Bir sıra kateqoriyalardan olan adamlar var ki, onların da müəyyən problemləri mövcuddur. Onların da problemləri digər dövlət qurumları ilə həll olunur. Onlar həll olunandan sona bu rəqəm daha da artacaq. Kənd təsərrüfatı sahəsində çalışanlara münasibətdə vergi sistemində uçot təmin olunacaq. Bunu çox böyük əhəmiyyəti var. Çünki, dediyimiz kimi, hesabatlılıq yoxdur deyə, bəyannamə təqdim etmirlər. Dəqiq bilmək olmur ki, kim harada və nə qədər məhsul istehsal edir. Düzdür, Dövlət Statistika Komitəsi və KTN öz metodları ilə bunu hesablayırlar. Amma həmin vətəndaşın yaxud fermerin özünün hesabat verərək hansı həcmdə məhsul istehsal etməsi də vacibdir. Görünür bəziləri onun əhəmiyyətini lazımi səviyyədə dərk etmirlər, amma dövlətə lazımdır ki, harada hansı məhsullardan nə qədər istehsal olunduğunu, hansı sahələrə əlavə kömək göstərmək, investisiya yatırılmasına ehtiyac olduğunu və s. dəqiq bilsin.
Bunlar hamısı son nəticədə dövlətdən daha çox fermerlərin özünə lazımdır. Biz indi kənd təsərrüfatından kənar sahələrdə də bu məsələlərə başlamışıq. Hazırda Bakıdan kənar şəhər və rayonlarda işlər həyata keçirilir, yaxın vaxtlarda da Bakıda işlərə bağlayacağıq. Yəni bu maarifləndirmə tədbirləri ilə bütün təsərrüfat subyektləri, obyektləri, bütün vergi ödəyicilərini əhatə edəcəyik və mövcud olan real potensialı üzə çıxarmaq üçün bu məsələləri həll edəcəyik.
- Dediyiniz kimi, ötən il vergi və gömrük orqanları proqnoz tapşırıqdan əlavə 1 mlrd manatdan artıq vəsaiti dövlət büdcəsinə köçürüb. Artıq 2020-ci ilin proqnoz tapşırığı da məlumdur. DVX bu öhdəliyi yerinə yetirməyə hazırdırmı?
- Hesab edirəm ki, bütövlükdə proqnozun icrası ilə bağlı heç bir problem olmayacaq. Cənab Prezident də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar keçirilən konfransda bu məsələlərə toxundu. Ərazi vergi orqanlarında yəni Bakıdan kənarda digər şəhər və rayonların hamısında proqnozun artımı 28,6%-dir. Yəni bu çox böyük artımdır. Adətən bu rəqəm 3-5% civarında olur. Ola bilsin bu müəyyən şəhər və rayonlarda müvəqqəti çətinlik yaratsın. Amma düşünürəm ki, keçən il və bu ilin əvvəlində gördüyümüz və görəcəyimiz tədbirlərin hesabına kompensasiya olunacaq və proqnozun icrası ilə bağlı problem gözləmirik.
- Vergilər Nazirliyinin mövcudluğu vaxt biz tez-tez ixtisaslı kadrların azlığı ilə bağlı fikirlər eşidirdik. Hazırda isə vergi ödəyicilərinin sayı 1 milyonu ötüb. DVX kadr çatışmazlığını necə həll edəcək?
- Yaxşı kadr həmişə çatışmır. Bu bütün orqanlarda belədir. Kadr da öz-özünə göydən düşmür ki! Gərək kadrı hazırlayasan, seçəsən, düzgün yerləşdirəsən, təlim-tərbiyəsi ilə məşğul olasan. Bu istiqamətdə bizdə işlər gedir. Biz ildə iki dəfə müsabiqə elan edirik və növbəti müsabiqənin mart ayının axırına elan olunması gözlənilir. Təəssüflər olsun ki, kadrlarımız çatışmır. Vakansiyalarımız da var. Vergi sistemində işləmək istəyən nə qədər savadlı, bacarıqlı işçi olsa biz onları işə götürməyə şad olarıq.
- Sonda vergi xidməti işçiləri və vergi ödəyicilərinə tövsiyyə yaxud müraciətinizi eşitmək maraqlı olar.
- Prezident İlham Əliyev son konfransda vergi orqanlarına, onların fəaliyyətinə çox yüksək qiymət verdi və ümidlə danışdı ki, gələcək üçün biz bu məsələləri daha yaxşı həll etməyə çalışmalıyıq. Bu bizim üzərimizə böyük məsuliyyət qoyur. Bunu da kim etməlidir? Təbii ki, vergi işçiləri etməlidir. Düşünürəm ki, onlar da hamısı öz məsuliyyətlərini dərk edirlər.
Sahibkarlara münasibətdə
isə onu demək istəyirəm ki, vergi orqanı heç kəsin üzərinə getmək, onun qazandığı vəsaitin əlindən
alınması və s. bu
işlərlə məşğul olan orqan deyil. Bizim
nazirimiz bir neçə
dəfə deyib ki, vergi orqanı sahibkarlarımıza öz dost əlini
uzadıb. Onların da böyük
əksəriyyəti sağ olsunlar bu əli tutublar və biz birgə
işləyirik. Biz nə qədər birgə
işləsək, bir-birimizi anlamağa çalışsaq, düz, şəffaf işləsək sahibkarlar bundan hamıdan çox udacaq. Ona görə də mən hamını düz və şəffaf işləməyə,
vergilərini tam həcmdə ödəməyə
çağırıram.
Xalq Cəbhəsi.- 2020.- 18 fevral.-
S.5.