İrəvan şəhərində
şəxs adları, çəki, ölçü,
pul vahidləri və qiymətlər
8-ci yazı
“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədlinin araşdırmasında vurğulanır ki, kameral siyahılardakı şəxs adlarını tədqiq edərək onları aşağıdakı qruplara bölmək olar.
Birinci qrupa başqa mahallarda da ən çox rast gəlinən Məhəmməd, Əli, Həsən, Hüseyn, İsmayıl, İbrahim kimi adlarla yanaşı, onlardan yaranmış mürəkkəb adları aid etmək olar: Məmmədhəsən, Məmmədhüseyn, Məmmədəli, Əliməmməd, Hüseynəli, Həsənəli, Əliqulu, Abbasəli, Məmmədqulu və s.
İkinci qrupa aid edilən adlara isə aşağıdakılar aid edilə bilər: Abbas, Əhməd, Ələkbər, Ələsgər, Mehdi, Rəsul, Qasım, Kərim, Rəhim, Baba, Bağır, Məmmədbağır, Cəfər, Məhərrəm, Mustafa, Zeynal, Zeynalabdin, Heydər, Novruz, Novruzəli, Tanrıverdi, Allahverdi, Vəli, Musa, Oruc, Haxverdi, Xudaverdi, Sadıq, Kazım, Xəlil, Süleyman, Tağı, Nağı, və s.
Üçüncü qrupa daha az rast gəlinən adları aid edə bilərik: Fətəli, Əsgər, Şahbaz, Aşır, Rüstəm, Salman, Nəbi, Mahmud, Ramazan, Səfər, İsgəndər, Fərəc, Fərrux, Muxtar, Zülfüqar, Məmmədxan, Möhsün, Saleh, Xudadat və s.
Dördüncü qrupa isə nadir rast gəlinən adları misal göstərmək olar: Şaban, Şahqulu, Daşdəmir, Abdı, Məmili, Paşa, Burhan, Balı, Şəfi, Qədim, Qəni, Qərib, Zaman, Dünyamalı, Qara, Qoca, Dadaş və s. Göründüyü kimi, dördüncü qrupa daxil edilən adlar islam dini ilə bağlı olmayıb, daha çox türk mənşəli adlardır.
Adqoyma ənənəsindən danışarkən, ilk növbədə Məhəmməd, Əli, Həsən, Hüseyn, İsmayıl, İbrahim kimi dini mənşəli adlara üstünlük verildiyini qeyd etməliyik. İkinci sırada ailə başçısının atasının adı gəlirdi, atası artıq vəfat etmişdisə, adətən onun adını oğluna qoyurdu. Əgər uşaq hələ ana bətnində ikən atası ölmüşdüsə, bir çox hallarda uşağa öz atasının adını qoyurdular, məsələn, Mehdi Mehdi oğlu və s. kimi. Qərib adı isə əksər hallarda ailənin köçdüyü yeni yaşayış məskənində qəribçilik hiss etdiyinə işarə olaraq qoyulurdu. İrəvan şəhərindəki qadın adlarının tədqiqi xüsusi maraq doğurur. Onları bir neçə qrupa ayırmaq olar.
Birinci qrupa ən geniş yayılmış adları daxil edə bilərik. Maraqlıdır ki, bura dini xarakterli və ərəb-fars mənşəli adlarla yanaşı, türk mənşəli adlar da daxildir: Fatma, Fatmanisə, Zeynəb, Səkinə, Şərəbanu, Xeyrənisə, Xədicə, Sadat, Sona, Nabat, Nazəni, Ummu, Xatun, Sayalı, Şərəf, Şirin, Çiçək, Seyran, Pəri, Şərəf, Mələk, Həlimə, Anaxanım, Telli, Gülsüm, Canı, Tükəzban, Püstə, İzzət, Gövhər, və s.
İkinci qrup adlar daha az rast gəlinən Nazlı, Bəyim, Nisə, Nisəxanım, Nənəxanım, Qızxanım, Həcər, Zöhrə, Yetər, Zübeydə, Gözəl və s. kimi adlardır. Üçüncü qrup adlara daha az rast gəlinsə də, indinin özündə də onlara tez-tez rast gəlmək olar: Bahar, Mina, Qərənfil, Ceyran, Sara, Qədimə, Banu, Əsli, Əzizə, Həvva, Əminə, Müşərrəf, Asya, Nərgiz, Leyla, Yasəmən, Dünya, Buta, Mirvari, Cığalı və s.
Adların qrammatik formasına gəlincə, ən çox işlənən sözdüzəldici tərkiblərə – nisə, – bəyim, – banu, – xanım və s. ilə düzəldilən adları misal göstərmək olar:
Nisə, Fatmanisə, Xeyrənisə, Ummunisə, Fağırnisə, Bədirnisə, Gülnisə, Hürünisə, Pərinisə, Səlbinisə, Tacnisə, Rövzənisə, Mələknisə, Şərəfnisə, Bağırnisə, Banu, Şərəbanu, Zöhrəbanu, Ağcabanu, Mahbanu, Seyidəbanu, Səfiyəbanu, Hədiyəbanu, Cahanbanu, Zeynəbbanu, Aydabanu, Mehribanu, Xanım, Anaxanım, Nisəxanım, Nənəxanım, Bibixanım, Qızxanım, Kiçikxanım, Xırdaxanım, Balaxanım, Bacıxanım, Şirinxanım, Bəyim, Asyabəyim, Sədabəyim, Sonabəyim, Tellibəyim, Mahbəyim, Sarabəyim və s.
Şəxs adlarından bəhs edərkən, tərcümə zamanı qarşıya çıxan bəzi çətinlikləri qeyd etməliyik. Bu çətinliklərdən biri hazırda rast gəlmədiyimiz şəxs adlarının necə oxunması, ikinci çətinlik isə Məhəmməd və Əli adlarını bildirən, rusca «Ìàãoìåä» və «Àëè» yazılan adların Azərbaycan dilində Məmməd, Məhəmməd, Əli və Alı variantlarından hansının seçilməsi ilə bağlı olub. Ona görə də tərcümə zamanı həmin adların ərəb dilindəki düzgün variantı olan “Məhəmməd” və “Əli” adlarına, mürəkkəb adların tərkibində isə adətən Məmmədə üstünlük verilib, məsələn, Məmmədəli, Məmmədhüseyn, Məmmədbağır, Məmmədqulu və s. Amma Əli və Məhəmməd adlarından yaranan mürəkkəb adı necə verməli? Məsələn, Əliməmməd kimi Alməmməd, Məmmədəli kimi Məmmədalı da işlədilirdi. Qeyd edək ki, Əli adına üstünlük verilməsində İrəvan əhlisinin şiə məzhəbinə aid olması nəzərə alınıb, çünki Alı adını adətən sünni məzhəbinə mənsub olanlar qoyurdular və indinin özündə də belədir.
İrəvan sakinlərinin yaş məsələsinə toxunarkən, qeyd etmək lazım gəlir ki, onlar o qədər də uzun ömür sürmürdülər, yəni nadir hallarda 70 və daha artıq yaşında olanlara rast gəldiyimizə görə, düşünə bilərik ki, həmin əhalinin yuxarı yaş həddi 60 olub. Bu rəqəm qadınlarda daha aşağı, təxminəm 50-55 idi. Diqqəti çəkən məsələlərdən biri sakinlər arasında dul qadınların çoxluğudur və yəqin ki, bunu onların ərlərinin müharibədə həlak olması ilə izah etməliyik. Erkən evlilik də bir tərəfdən bununla, digər tərəfdən də ənənə ilə izah edilə bilər. Burada qızların da, oğlanların da 15 yaşında ailə qurması adi hal almışdı, hətta 12 yaşında ərli qadınlara da rast gəlinir.
Nəhayət, İrəvan şəhərinin müxtəlif hissələrinin adları haqqında zəruri izahat verməyi gərəkli hesab edirik. Məsələ burasındadır ki, bu mövzuda yazan müxtəlif müəlliflər İrəvan şəhərinin 4 məhəllədən – Qala, Şəhər (Əski şəhər), Təpəbaşı və Dəmirbulaq məhəllələrindən ibarət olduğunu yazmaqla yanaşı, bu məhəllələrdə də müxtəlif məhəllələrin olduğunu qeyd edirlər və anlaşılmazlıq yaranır. Halbuki, kameral təsvirlərin tərtib edildiyi rus dilində Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq “÷àñòü” kimi yazılıb və onları “hissə” kimi təqdim etmək daha düzgündür: İrəvan şəhərininn Şəhər hissəsi, Təpəbaşı hissəsi, Dəmirbulaq hissəsi. Bundan sonra isə həmin hissələrdə olan məhəllələrdən danışmaq olar, məsələn, Abihəyat məhəlləsi, Xosrov məhəlləsi, Dərəkənd məhəlləsi, Dəlmə məhəlləsi, Zəvzikar məhəlləsi, Abbasdərə məhəlləsi, Köşəkli məhəlləsi və s.
İrəvan şəhərinə aid 3 kameral təsvir şəhərin hissələri üzrə tərtib edilib.
Kameral siyahıların tərtib edildiyi dövrdə İrəvan əyalətində işlədilən çəki, ölçü, uzunluq və pul vahidləri də İ.Şopen tərəfindən ətraflı təsvir edilib. İrəvan əyalətində ən ağır çəki vahidi olaraq xalvar işlədilirdi. İrəvan və Naxçıvan xalvarı bir-birindən fərqlənirdi. Brokhauz və Yefronun Ensiklopediyasına görə İrəvan xalvarı 30 puda bərabər idi. İ.Şopen isə onu 27 pud, 32 funt, 12 zolotnikə bərabər sayır. 1 pudun 16,38 kq, 1 rus funtunun 1/40 pud və 96 zolotnikə bərabər olduğunu nəzərə alsaq, 1 xalvar təxminən 455 kq-a bərabər olur.
1 xalvarın 10 taçkirə (ona səmər də deyirdilər), 1 taçkirin isə 10 batmana bərabər olduğunu nəzərə alsaq, taçkirin təxminən 45,5 kq, İrəvan batmanının isə 4,55 kq olduğu anlaşılır. Naxçıvan və Təbriz batmanı ayrı çəkidə idi. Batmanla yanaşı, məişətdə ən çox işlənən çəki vahidi girvənkə 1 rus funtuna (409 qr) yaxın olmaqla, təxminən 400 qr idi. Məsafə ölçüsü kimi Rusiya imperiyasında verstdən istifadə edilirdi. 1 verst 1,0668 km-ə bərabər idi. Şərq ölkələrində məsafəni təyin etmək üçün ağacdan istifadə edilirdi. Qədim zamanlardan hər 1 saatlıq yolun tamamında ağac dirək basdırarmışlar və “ağac” termini də oradan yaranıb. 1 ağac təxminən 7 verstə bərabərdir. Həmin hesabla ağac 7,5 km-ə yaxındır.
Digər uzunluq vahidlərindən arşını qeyd etməliyik. Arşın 0,71 metrə, sajen isə 2,13 metrə bərabər idi, başqa sözlə, 1 sajen 3 arşın idi.
Ərazi vahidi kimi də, xalvar, səmər və batmandan istifadə edilirdi. “1 xalvar ərazi” dedikdə 1 xalvar taxıl toxumunun səpildiyi ərazi nəzərdə tutulurdu. Amma məhsuldarlığına görə müxtəlif torpaqlara aydındır ki, müxtəlif miqdarda toxum səpildiyinə görə, ərazi vahidi kimi istifadə olunan xalvar, batman və taçkir (səmər) yayğın termin idi.
1 xalvar ərazinin 4 əkin gününə, 1 əkin gününün isə 8 min kv. arşına bərabər olması məlumatından istifadə etsək, 1 əkin günü ərazinin 0,4 ha-ya, 1 xalvar ərazinin isə 1,6 ha-ya bərabər olduğunu hesablaya bilərik.
İrəvan xanlığının işğalı ərəfəsində burada hər 3 qonşu dövlətin – Qacarlar İranı, Osmanlı imperiyası və Rusiyanın pulu işləyirdi və onların arasında mübadilə vardı. Mübadilə ilə məşğul olan və sərraf adlanan şəxslər müxtəlif mübadilə sxemlərindən istifadə edərək varlanırdılar. Əyalətdəki ən bahalı valyuta Qacarlar dövlətinin pul vahidi olan qızıl tümən idi və 1 tümən 4 gümüş rus rubluna bərabər idi. 10 sahibqıran 1 tümənə, 1 sahibqıran 40 gümüş qəpiyə bərabər idi. 2 pənahabad 1 sahibqırana, 1 pənahabad 10 şahıya, 1 şahı 2 gümüş rus qəpiyinə və ya 50 dinara ekvivalent idi. Ən ucuz pul isə misdən kəsilən və “qarapul” adlanan sikkə idi. Osmanlı pul vahidlərindən ən bahalısı qızıl mahmudi idi və 1 mahmudi 1 qızıl tümənə və ya 4 gümüş rubla bərabər idi.
Nəhayət, qeyd etmək lazımdır ki, istər daşınan, istərsə də daşınmaz əmlakın miqdarı üçün “ağça” terminindən istifadə edilirdi. İstənilən mülk bütövlükdə 6 ağçadan ibarət idi, hər ağça isə 20 stilə bərabər idi, başqa sözlə, mülk 120 stil və ya 6 ağça götürülür və hər bir mülkiyyətçinin bu 120 stildən neçəsinə sahib olduğu nəzərdə tutulurdu. İrəvan əyalətində əkilib-becərilən və təbii ki, əhalinin əsas ərzaq məhsulu olan taxıl bitkiləri haqqında da məlumat vermək lazım gəlir.
İrəvan əyalətində dənli bitkilərdən ən çox səpilən buğda idi. 15.000 xalvar buğda əkini ümumi əkinlərin 56 faizə yaxınını tutmaqla, ildə 75.000 xalvar məhsul verirdi. Buradan göründüyü kimi, 1 xalvar əkin sahəsindən 5 xalvar taxıl əldə edilmişdi, başqa sözlə, toxum kimi səpilən hər xalvar 5 xalvar məhsul vermişdi. Ona görə də deyə bilərik ki, İrəvan əyaləti sakinlərini ərzaqla təmin etməyə yararlı idi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 20 fevral.-
S.13.