Dünya ictimaiyyəti Münhen debatında Ermənistanın ifşasının şahidi oldu

 

 

Hikmət Hacıyev: “Paşinyan Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə özünə bəraət qazandırmağa çalışır”

Tural Gəncəliyev: “Prezident İlham Əliyevin söylədiyi tezislər Paşinyanın bütün arqumentlərini alt-üst etdi

Dağlıq Qarabağ münaqişəsi yendiən gündəmə qayıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında keçirilən debat hələ də müzakirə olunur. Prezident İlham Əliyevin Paşinyanı darmadağın etməsi Ermənistanda da rezonans doğurub. Paşinyanın debatda məğlub olması, çıxılmaz vəziyyətə düşərək məsxərə obyektinə çevrilməsi Ermənistanda hələ də tənqid edilir.

Bundan sonra dövlət başçısının İtaliyaya rəsmi səfəri, İtaliya prezidenti Sercio Mattarellanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstələdikləri ilə bağlı çıxışı Azərbaycan diplomatiyasının üstünlüyünün məntiqi ardıcıllığı idi.

Təbii ki, diplomatik həmlələrlə yanaşı təbliğat işinin, erməni vandallarının Xocalı qətliamını törətməsinin beynəlxaq ictimaiyyətə tanıtdırılması vacib məsələlərdəndir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın Baş naziri arasında debat təşkil olundu və hər bir vətəndaşımız, eyni zamanda, dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası və xüsusən də Paşiyanın özünün utanc vəziyyətə salmasının bir daha şahidi oldu. O qeyd edib ki, burada ümumiyyətlə Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi olduq: “Ermənistanın Baş Naziri özünün biabırçı və utanc formada təqdimatından sonra indi Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə özünə bəraət qazandırmağa çalışır. Amma Ermənistan ictimaiyyəti, ictimai siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildirdilər və Paşinyanın timsalında Münhen Təhlüksizlik Konfransında utanc yaşamalarını özləri ifadə etdilər”.

H.Hacıyev vurğulayıb ki, bu, özlüyündə bir daha da göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı bir şəkildə Münhen Təhlükəsizlik Konfrası kimi mötəbər və vacib bir tədbirin tribunasından istifadə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırılıdı və beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqsədi yalnız işğala əsaslanan status kvonu saxlamaqdan ibarətdir: “Həmçinin də Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. İndi isə onlar özlərinin bu uğursuz cəhdlərinə cəfəng fikirlərinə haqq qazandırmağa çalışırlar”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı kimi tanıdılması istiqamətində səylərimiz davam edir. Şöbə müdirinin sözlərinə görə, əsas məqsəd Xocalı faciəsinin beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır: "Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamentləri və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspor təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.

O əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının beşdə bir hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. Şöbə müdiri əlavə edib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səvyiyədə tanınmış ərazi bütövlüyü təsbit edilir: “Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların aktiv rolunun da mühüm sayıldığını qeyd edib: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mühüm rol onayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev isə deyib ki, Prezident İlham Əliyev Münhen debatında 4-5 mühüm tezis söylədi ki, bu tezislər Paşinyanın bütün arqumentlərini alt-üst etdi: “Birincisi, Prezidentin ən vacib və əhəmiyyətli tezisi o idi ki, Dağlıq Qarabağ bölgəsi ikinci dəfə Ermənistan tərəfdən öz müqəddəratını təyin etmə ölkəsi kimi istifadə olunmayacaq. Onsuz beynəlxalq hüquqda da bu aydın idibunu bütün dünya, dünya erməniləri gördü. Bilavasitə, bu məsələ bizimsözün əsl mənasında ürəyimizdən tikan çıxardı. Ermənistan Azərbaycan torpağından savayı gedib dünyanın harasında istəyir öz müqəddaratını təyin etsin.

Əgər Ermənistan düşünürsə ki, belə bir torpaq tapa bilər gedib orada da öz müqəddaratını təyin edə bilər, daha azərbaycanlıların yaşadığı torpaqların hesabına yox, buyursun. Həmçinin bu öz müqəddaratını təyin etmə də 1960-cı illərdə müstəmləkə sisteminin çökməsi ilə yaranan bir hüquqdur.

Bu da 60-cı illərdə qaldı. Çağdaş dünyamızda belə mənasız arqumentlər gətirib öz müqəddaratını təyin etmə adı altında başqasının ölkəsinin ərazisini işğal etmək siyasəti artıq keçmir. Dünya ictimaiyyəti də bunu gördü və ermənilərin bu niyyəti alınmayacaq.

İkinci bir məsələ, Prezident orda 1923-cü ildə Xankəndi şəhərinin taleyi haqqında danışarkən, şəhərin adının dəyişdirilməlisindən bəhs edəndə Paşinyan heç bir arqument tapmadan eramızın əvvəlindən danışmağa başladı. Prezidentin arqumentləri göstərdi ki, Ermənistanın qondarma dövlətçilik tarixi də artıq özlərində də şübhə doğurur. Mən özüm də beynəlxalq təşkilatlarda çıxış edəndə 30 il əvvəl başıma gələnləri danışıram. Ancaq ermənilər yenə də danışmağa başlayanda eramızın əvvələrinə gedib çıxırlar. Bu da həmin insanların nə qədər qeyri-konstruktivdüzgün yanaşma sahibi olmadıqlarını göstərir.

Üçüncü məsələ isə Azərbaycanın konstruktiv mövqeyidir. Prezident İlham

Əliyev də vurğuladı ki, biz artıq neçə ildir ki, problemin sülh yolu ilə həlli mövqeyini tutmuşuq. Ermənistan tərəfinə bundan artıq konstruktiv mövqenin çatdırılması mümkün deyil”.

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, azərbaycanlılar fevralın 22-də Berlində Xocalı soyqırımı ilə bağlı mitinq keçirərkən, eyni gündə ermənilər Avstriyanın paytaxtı Vyanada anti-Azərbaycan yürüş-mitinqini keçiriblər. Politoloqun sözlərinə görə, tədbirdə Ermənistanın və Dağlıq Qarabağ separatçılarının “bayraqları” dalğalanıb: “Mümkündür ki, ermənilər yalnız Vyana ilə kifayətlənməsinlər. Ermənilərin hiyləsi aydındır. Hər il Xocalı soyqırımı günü yaxınlaşdıqca Azərbaycanda və bir sıra ölkələrdə anım tədbirləri keçirilir. Ermənilər illərdir “erməni soyqırımını” müxtəlif dövlətlərdə tanıtdırmağa çalışırlar, uğurları da var. Ancaq son illər onlarla ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı da sənədlər qəbul edilib. Bu gedişad İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir. Buna görə də İrəvan və erməni lobbisi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təsirini azaltmaq üçün “Bakıda və Sumqayıtda ermənilərin etnik təmizlənməsinin 30 illiyi” adı altında müxtəlif təxribatçı tədbirlər keçirməyə başlayıblar”.

 

Əli

 

 

Xalq Cəbhəsi.- 2020.- 25 fevral.- S.7.