Xocalının dünya
boyda faciəsi
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə bir faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi.
İyirminci yüzilliyin ən qəddar və amansız cinayətlərindən biri olan Xocalı soyqırımı bəşər tarixində analoqu olmayan dəhşətli faciə idi. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına, azərbaycanlılara qarşı ağla gətirilməsi mümkün olmayan ən qanlı cinayət aksiyası idi. XX əsrin ən dəhşətli faciələrindən hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə edildi.
O vaxtdan 28 il keçir. Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış o dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə etməklə törədiblər.
Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. 613 nəfərin, o cümlədən 106 qadının və 63 uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərin şikəst olması, 1275 sakinin girov götürülməsi, onların 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin məlum olmaması ilə nəticələnən bu kütləvi qırğını törədənlər hələ də azadlıqdadırlar.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Ermənilərin etirafları
Erməni ziyalıları da Xocalı qətliamını öz əsərlərində dönə-dönə xatırladaraq dünya ictimaiyyətinə bir daha vəhşiliklərini sübuta yetirmiş olublar.
"... Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığındakı bataqlıqdan bizdən ölülərdən 1 kilometrlik körpü qurmaq tələb olundu. Körpüdən mən keçmək istəmədim. Onda polkovnik Ohanyan mənə işarə verdi ki, qorxmayıb meyitlərin üstündən keçim. Bu, müharibənin qanunlarından biridir. Mən ilk addımımı 9-11 yaşlı qız meyidinin qanlı sinəsi üstünə qoyub addımlamağa başladım. Mənim ayaqqabılarım və şalvarım bu "körpü"nü keçənə kimi tamamilə qana batdı. Beləliklə, mən 1200 meyidi belə addımladım". "... martın 2-də Qaflan erməni qrupu (meyitlərin yandırılması ilə məşğul olurdular - C.) 2000-ə yaxın monqol (türklər) rütbəlilərin meyitlərini yığıb Xocalıdan 1 kilometr uzaqda ayrı-ayrı topalarla yandırmağa başladılar. Axırıncı yük maşınında boyun nahiyəsindən yaralanmış 10 yaşında qız uşağı gördüm. Diqqətlə nəzər yetirəndə gördüm ki, hələ də yavaş-yavaş nəfəs alır. Şaxta, aclıq və aldığı yaraya baxmayaraq, uşaq hələ də yaşayırdı. Mən heç vaxt ölümdən qorxan bu uşağın gözlərini unuda bilmirəm. Sonra bir əsgər, deyəsən, onu Tiqranyan deyə çağırırdılar, onun qulağından tutub sürüyərək mazutlu gölməçədə mazuta bulaşdırdı, sonra isə yandırdı. Bu vaxt ətrafda kömək üçün qışqıran birinin səsini eşitdim. Mən artıq qabağa gedə bilmirdim. Lənətlənmiş türklərdən Şuşanın azad edilməsinə qatılmaq istəmirdim. Buna görə mən geriyə qayıtdım. Onlar isə Xaç naminə öz yollarını davam etdilər..."
Dayd Xeriyan, "Xaç naminə" kitabından (Beyrut, 2000-ci il. Xocalıdakı döyüş haqqında səh. 26, 62, 63.)
Xocalı uşaqları doğranıb itlərə atılıb
"... ancaq ermənilər, qəlbləri dərdlə paslanmış və kədərini oda ata bilən ermənilər bu sətirlərdən qürurlana bilərlər. Mən özüm də vətəndaşlıq və müqəddəs kişilik borcuma görə bu işlə məşğul oldum ki, monqollardan qisasımı alım. Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren (uşaqlıq dostum) mənə dedi: "Biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk cəlladların əlində qətlə yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdı". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyümüz, törətdiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlamasını istədik. Digər tərəfdən biz Xocalını 30 minlik pislikdən azad etməyə müvəffəq olduq. Surenin evində olarkən arvadı bizə "Cermuk" süzdü və Suren dedi: "Ermənilər doğma torpaqlarını azad edib, böyük Ermənistan yaratmağa borcludurlar. Göylər bizdən tələb edir ki, biz əcdadlarımız qarşısında öz vicdanımızı təmizləyək".
(Zori Balayan, "Ruhumuzun dirilməsi" kitabından (1996-cı il,. səh. 260-262)
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" sərəncamında qeyd olunduğu kimi: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır". Bu baxımdan Heydər Əliyev Fondunun şübhəsiz ki, müstəsna rolu var. Heydər Əliyev Fondu dalbadal bir neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası ildən-ilə geniş vüsət alır. Kampaniya çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanıyıblar. Fondun və İƏT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar. Dünyanın 20 ölkəsində aparıcı universitetlərdə gənclərin fleşmobları keçirilir. Bununla bərabər, kampaniyanın yeni mərhələsi - dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanıb.
Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə "erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Peru, İordaniya, Cibuti, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın 21 ştatı bu soyqırımını tanıyıb. Azərbaycan erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmür.
Ən ağır beynəlxalq cinayət
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq, ən ağır beynəlxalq cinayətlərdən biri sayılır.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.
Belə dəhşətli faciələri törədənlərin, günahsız insanları amansızcasına qətlə yetirənlərin cəzalandırılmaması beynəlxalq hüquqa, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.
Göründüyü kimi, beynəlxalq hüquq, qəbul olunmuş konvensiyalar da təsdiqləyir ki, Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməlidir. İnanırıq ki, haqq-ədalət qalib gələcək, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq, soyqırımı törədən, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 25 fevral.-
S.9.