Mən əsir ellərin şairiyəm - Həbib Sahir  

 

4-cü yazı

 

“Firidun İbrahimiyə”, ”1945-ci ildə”, ”Basqın”, “Qovala düşmənləri”, ”Vətənin matəmində”, “Qanlı payız”, ”Yurd mahnısı”, ”Tərəhhata inanma”, ”Otur evdə”, ”Qar yağıb üstümə”, ”Mahnı”, ”Basqın” və s. şeirlərində isə üsyan, kəskin etiraz, çağırış var. Şair dəryalarca çayları olan el nədən susuz qalmalıdır, nəsimin-mehin qaynağı olan bir yurdun üzərindən niyə qara yellər əsməlidir, nə üçün bu xalq öz cəvahirini bir saxsıya satmalıdır, niyə bunca qara günlər, əsarət mənim xalqımın alnına yazılmalıdır, dünya gülüb-güllənərkən, niyə bizim bağın gülləri solmalıdır?- kimi suallara cavab axtarır və həmin sualların konkret cavabıın tapır: - Qəflət, cahillik, əsarət buxovları-polad zəncirlər, ehkamçılıq...

 

Əsarətdə yaşadığın,

Keçmişlərin qəflətidir,

Yetər zindan...yetər zəncir,

Zindanı yıx! Zənciri qır!

 

Və şair hər gün xalqının qapısından içəri girən aclıq və ölümün əsas səbəbkarını da müəyyənləşdirir, ona poetik sözün imkanları ilə ”Vətənin matəmində” şeirində özünə layiq formada don biçir, xalqına: - Evini yıxanı, düşmənini tanı, - deyir, ölkəsinin milli satqınlarını - əmirləri qanadları altına almış böyük düşmənin - imperializmin mənfur simasını açır:

 

Görürkən qırmızı gün söndü,

İmperializm gülüb sevindi...

İmperializm bizə nə verdi?

-Fəlakət, aclıq və qara gün.

Qan izlərinə bax, bir düşün,

Tanı düşmənini, ilanı!

Sənin əməyinlə bəslənmiş

“Parazit”in ət və qanı...

 

Həbib Sahir xalqının böyük və keşməkeşli, ağır taleyini bədii sözün gücü ilə yazan çağdaş Güney Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindəndir. O, lirik-romantik duyğular şairi, müasir və klassik şeir ənənələrini yaradıcılıqla davam etdirən, həm xalq ruhunda, həm də yeni üslubda, sərbəst vəzndə uğurlu əsərlər yazıb-yaradan görkəmli qələm ustası kimi tanınıb. Həbib Sahir şeirin texnikasını, qayda-qanunlarını, tələblərini bilən, modern və klassik şeir ənənələrini, təsəvvüf və rəmzlər sistemini dərindən mənimsəmiş ustad sənətkardır. O, az sözlə daha çox məna ifadə etməyi, ana dilinin zənginliyindən, şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnməyi bacaran qüdrətli söz ustasıdır. Mükəmməl poetik obrazları, bitkin bədii təsvirləri, orijinal peyzaj və mənzərə sistemi onun böyük məhəbbət, insana yüksək humanist duyğular, bəşəri hisslər, vətənpərvərlik ruhu aşılayan gözəllik və sevgi dünyasından xəbər verir. Sahirin şeirlərindəki son dərəcə uğurlu bədii ümumiləşdirmələr, orijinal təşbeh, epitet və metaforalar təzad, təkrir və oksimaronlar onların bədii-emosional təsir gücünü artırır, özünün isə yüksək müşahidə qüdrətini, hər birimizin baxdığı, lakin görə bilmədiyi həyat hadisələrinə əsil şair baxışı, şair yanaşması, təhlilidir...

Sahir güclü bədii təsvir və portret ustasıdır. Onun bütün yaratdıqları məhz böyük Azərbaycana odlu sevgisini hayqırır. O, Ana dilini də obrazlaşdırır, Vətəni də, Ana təbiəti də. Lakin şairin sevərək yaratdığı bu müqəddəs obrazlar silsiləsindən Ana obrazı daha təsirli və yaddaqalandır. «Məktəb xatirələri» və «Nərgiz» poemalarında, «Ana səsi», «Anam üçün», «Peyğam» şeirlərində atasız qalmış övladlarını min bir zəhmətlə böyüdüb boya-başa çatdıran anası Fatimənin kövrək, son dərəcə səmimi, mehriban, qayğıkeş, sözlü-söhbətli, ağzı el deyimli, incə səsli, gülümsər çöhrəli parlaq obrazını yaradıb. Ustad Şəhriyarın «Heydərbabaya salam» əsərinin təsirilə yazdığı «Məktəb xatirələri» poemasında laylası “ilə röyalarını dərinləşdirən, səsilə xəyalını göylərə yüksəldən, qucağında ona cənnəti bağışlayan” anasına həsr etdiyi aşağıdakı bəndlər bu ali varlığa övlad sevgisinin orijinal izharıdır:

 

Anam mənim ortaboylu bir xanım,

Siyah saçlı, «Bayat» soylu bir xanım,

Deyib-gülən, haylı-huylu bir xanım,

Zəncirli güllücələr geyərdi,

«Nuşafərin» nağılını deyərdi...

 

“Məktəb xatirələri” poemasında o, ustadı olmuş nakam müəllimini, İran və Cənubi Azərbaycan ədəbiyyatında yeni, sərbəst şeir yaradıcılığı yolunda ilk cığır açan novator şair Təqi xan Rüfəti də: “Əski ədəb xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni şeir,” - deyə məhəbbətlə yad edir, yüksək dəyər verir.

 

O əkdiyi ağac el oymağında,

Çiçək açır bu gün Şiraz bağında,

Yeni şerin lap güllənən şağında:

Kimsə deməz Təqi Rəfət kim imiş?

Şeir yazan dərin hikmət kim imiş?

 

Yuxarıda qeyd etdiyimiz kimi, 1946-cı ildən Sahir də sürgün həyatı yaşamağa məhkum edilmiş, bu ellərdə yazdığı əsərlərdə qürbətdə aydınlıq, həsrət odunda yanan dərddaşları kimi, gecələr gözünə yuxu getmədiyini, yollara baxmaqdan gözlərinin kökünün saraldığını, çoxlarının tale ulduzunun sönməsindən və qız-gəlinin matəm libasına bürünməsindən doğan böyük kədərini, hicran əzabını qələmə alıb:

 

Qovuldum ah, vətənimdən, elimdən,

İllər boyu nələr gördüm, nələr mən.

Daşdan daşa dəydi başım qürbətdə,

Möhnət oldu yar-yoldaşım qürbətdə...

Su başından bir gün keçdim sübhçağı,

Gördüm sönüb xalqın odu, ocağı.

Qaçıb getdim o cəhənnəm odundan.

Gördüm bütün yerdə ölüm, atəş, qan!

 

Sahirin «Nərgiz» poemasında təsvir etdiyi hadisə, yaratdığı ana obrazı daha təsirli və orijinaldır. Poemanın süjet xətti təsadüf üzündən qadın, qız ovçusu, zalım, ağılsız xanın əlinə düşmüş saf, sadə və gözəl kənd qızı Nərgizin amansız ovçunun əlindən qurtulması hadisəsi üzərində qurulub. Poemada təsvir olunan həyat hekayəsində anasından icazə alaraq kəndin qızları ilə birlikdə dağ yamacına pencər-quzuqulağı, kəklikotu, yemlik yığmağa gedən Nərgizin geri qayıdarkən ayağına tikan batır. Qızlar Nərgizin başına gələndən xəbərsiz olduqlarına görə yollarına davam edərək yamacdan xeyli uzaqlaşırlar. Nərgizin tikanı şıxarmağa başı qarışır. Bu zaman ovdan qayıdan Xan onu görür, gözü tutur və qızı qaçırmaq qərarına gəlir. Atlılarla Nərgizi qovur, qaçmaqdan əldən dü-şən qız yerə yıxılaraq bayılır. Gözünü açdıqda isə özünü xanın mənhus çadırında gsrür. Axşam düşür, Nərgiz çarəsizlik içində çabalayır, qurtuluş üçün yollar arayır. Elə bu an kasıb komalarında yalqız qalmış zavallı anasını xatırlayır. Kino lentiymş kimi ananın halı qızın gözlərinin önündə canlanır:

 

Gördü evdə ana yalnız oturmuş,

Toxur lampa işığında bir naxış.

Solğun kölgə kimi, qərib o ana.

Qızın bir az qoca gəldi gözünə

Ölüm tozu qonmuş idi üzünə!

Dedi: - Mənim anam deyildi qarı,

Nədən ağarıbdır qara saçları,

Gördü ki, göz qapaqları bükülür,

Göz yaşları naxış üstə tskülür.

Dedi: - Ana, mənim üçün ağlama,

Məraq etmə, təslim olmam mən xana.

 

Anasının pərişan xəyalı Nərgizi ayıldır, onu qəti qərar verməyə və qurtuluş üçün həlledici addım atmağa sövq edir. Ara sakitləşib kənd əhli əl-ayağını çöl-bayırdan yığanda xan ovuna sahib olmaq üçün gəlinin gərdəyinə girmək istəyir. Lakin elə bu zaman Nərgiz əvvəlcədən qoyduğu bıçağı onun ürəyinə sancır və qaranlıqda qaçıb gözdən itir.

Şair ləyaqətini, ismətini qorumağı bacaran mübariz, ağıllı və tədbirli Nərgiz obrazı ilə həm də Azərbaycan qadınlarının hüquqsuzluğunu, haqq səsinin eşidilmədiyini göstərir, eyni zamanda onların ən çətin məqamda, çarəsizlikdə belə düşünərək hərəkət etməyə qadir olduqlarını, müqəddəs saydığı şeylər söz qonusu olunca, qarşılarını heç bir gücün, nə var-dövlətin, nə şan-şöhrətin, nə də qüdrətin kəsə bilmədiyini diqqətə çatdırır.

Sahir sürgün illərində də, Tehranda yaşamalı olduğu zamanlarda da qələmi əlindən yerə qoymamış, zəif lampa işığında, lampanın nefti bitdikdə, hətta qaranlıqda belə yazıb-yaradıb, ədəbiyyatın, Güney Azərbaycan şeirinin inkişafına misilsiz xidmət göstərib. Onlarla şeir və dərslik kitabları nəşr olunsa da, 4 cildlik şeir toplusu, xatirələri, fransız dilindən tərcümələri, «Qız səsi, Qızıl səsi», «Qazan səsi» romanı, incəsənət, ədəbiyyat və coğrafiya ilə bağlı məqalələri hələ də çap olunmamış qalmaqdadır. Görünür, əsərlərinin küll halında sağlığında çap olunmamasından, bəlkə də həyatda ikən layiq olduğu qiyməti ala bilməməsindən incə şair qəlbi inciyib, unudulmaqdan əndişə duyub, nigarançılıq keçirib. Bu nigarançılıq çox yumşaq tərzdə istəklərini, arzularını vəsf etdiyi əsərlərində də özünü biruzə verir. Qəmli və tufanlı gecələrdə uzun səfərlərə çıxan karvanlara, yolçulara bir Qütb ulduzu tək yol göstərmək, səhralarda susuzluqdan yanıb pörşələnən insanlara bulaq olmaq istəyən əməlpərvər, xeyirxah şair, bunlar mümkün olmadıqda, heç olmazsa bir sızı, xəfif bir göynərti, həsrət tək ürəklərdə qalmaq, bu dünyada onun ən parlaq izi olan və olacaq şeirlərinin, əsərlərinin oxunması arzusunu məxsusi olaraq «Arzu» şeirində dilə gətirir. Əslində bu arzu təsəvvüfü, ürfan elminin sirlər və rəmzlər dünyasının bütün gizlünlərinə vaqif olan bir ölümsüz şairin poeziya sənətinin əngin fəzasında bir Dan ulduzu tək parlamaq, Ay tək nur saçmaq, gecələr çıxıb gündüzlər batan, yəni “hər gün ölüb dirilən” Dan Ulduzu, Ay kimi əbədi var olmaq arzusunu da yansıdır. Sahir şairlərin Tanrı dərgahına ən yaxın, Ulu Tanrının seçkin bəndələrindən olduğunu da bilməmiş deyildi:

 

İstərəm qəmli və tufanlı gecə yolçulara,

Bir fanus tək, ya da qütb ulduzu tək rəhbər olam.

İstərəm yay günü çöllərdə axar bir su olub,

Dumduru göz yaşı tək yolda çuxur içrə dolam.

İstərəm nəqş və nigarım qala, şerim oxuna.

İstərəm bir gizli həsrət tək ürəklərdə qalam.

Unudarsa məni el, çəkməsə tarix adımı,

İstərəm ay təki yurd üstə gecə şövq salam.

 

Şairin əsərləri haqqında M.R.Rasipur, Hüseyn Sədiq, Vəfa Əliyev, Sabir Nəbioğlu, Pərvanə Məmmədli, Teymur Əhmədov və b. bəhs etmiş, maraqlı mülahizələr irəli sürmüşlər. Həbib Sahir təkcə çap olunmuş əsərləri ilə bütöv Azərbaycan ədəbiyyatının inkişafına xidmət göstərmiş milli ruhlu ustad şair kimi mədəniyyət tariximizdə və elin, xalqın yaddaşında əbədi yaşayacaq.

 

***

Nəşr olunmuş kitabları.

Fars dilində: “Sayəha» (Kölgə¬lər), 1324-1945. «Əfsaneyi-şəb» (Gecənin əfsanəsi), 1325-1946. «Şəqayiq» (Addımlar), 1322-1943. «Xuşəha» (Sevinclər), 1333-1954. «Əsatir» (Mif) (1345-1966). «Lirik şeirlər, 1961. “Ketab-e şer-i Sahir”, “Əşare mənzume-ye soxəndan-e türki (Türk şairlərinin əsərləri toplusu) 2 cilddə,1326-1947. «Kal meyvələr», «Kövşən”, 1358-1979. “Qış meyvəsi”, 1354-1975. “Türkün mənzum ədəbiyyatı”, 1356-1977. “Xəmsə əyalətinin coğrafiyası”, 1337-1958.

Türkcə əsərləri: ”Lirik şeirlər”, 1344-1945. “Kövşən” ,1358-1979. “Səhər işıqlanır”, 1358-1979. “Sönməyən günəşlər”, 1361-1982. “Dağınıq xatirələr”, 1361-1982.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 9 iyul.- S.14.