Mən əsir ellərin şairiyəm - Həbib
Sahir
2-ci yazı
O, 1978-79-cu illərdə baş verən İran İslam İnqilabının xalqı azad edəcəyinə, bununla da onun acınacaqlı vəziyyətdən, əsarətdən qurtulacağına ümid bəsləyirdi. "Səhər işıqlanır" adlı kitabında hələ inqilaba hazırlıq getdiyi bir vaxtda inqilab yelinin əsməyə başladığını hiss edərək yazırdı: “O qanlı və yaslı payızdan (Milli Hökumətin süqutundan sonrakı dövr nəzərdə tutulur) artıq 32 payız keçib, amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq küllər altında közlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.”
Lakin səhər işıqlanmadı. 83 yaşlı şair 1978-79-cu illər İran İslam İnqilabından sonrakı dövrdə də xalqına vəd edilən hüquq və mükəlləfiyyətlərin gerçəkləşmədiyini, vədlərin kağız üzərində qaldığını, bu azmış kimi, yenə də basqılara, milli haqsızlıqlara məruz qaldığını görür. Gördüklərinə dözməyə artıq gücü çatmır, soydaşlarının üzləşdiyi ədalətsizliyə və təhqirlərə etiraz aktı kimi, həmçinin Ayətullahlar rejiminin ona qarşı edəcəyi təzyiq və işgəncələri göz önünə gətirərək Tehran yaxınlığında yerləşən Aria şəhərindəki mənzilinin pəncərəsindən özü-nü asaraq intihar edir. Ancaq mənalı ömrünün müdriklik çağını yaşayan Həbib Sahir 1979-cu il inqilabının da Güney Azərbaycana və onun zülmkar xalqının həyatına köklü dəyişikliklər gətirməyəcəyini elə ilk aylardanca fəhmlə duymuş, anlamışdı.
***
Yaradıcılığı. Sürgün həyatı Həbib Sahirin əsərlərindəki lirik-romantik əhvali-ruhiyyəyə aydın duyulan kədər, qəm notları çökdürür. Onun dibsiz böyük Vətən, Təbriz sevgisi daha da alovlanır. Uçan quşlardan, əsən yellərdən doğma yurduna peyğam, salam göndərir, çəkdiyi qürbət acıları, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən misralara süzülür.
Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən Vətənə sarı,
Arxadaşlar! Bir baş vurun
da bizə.
Duman çöküb üfüqləri
qaraltdı,
Mənə qürbət bir
cəhənnəm yaratdı...
Xəzan
yeli baxçamızı
saratdı,
Daha nələr
deyim, dostlar mən sizə?
Digər
bir dübeytisində bağçada bitən nərgizə bənzətdiyi
Təbrizə salam göndərir, lakin bu dörd misralıq
şeirdə də bütün ömrü boyu tərəfində durduğu, haqlarını
müdafiə etdiyi məzlum insanları, əziyyət şəkən,
yay-qış isti-soyuq
bilmədən işləyən
əməkçilərin, fasiləsiz qul əməyinin müqabilində
bir komaya belə sahib ola bilməyən evsiz-eşiksizləri,
yurdsuz-yuvasızları da
unutmur:
Salam olsun Təbrizə,
Bağda
açan nərgizə,
Əkinşiyə, işsizə,
Yurdsuzlara, evsizə.
Diqqət çəkən odur ki, şairin əsərlərindən bütün
əzəmətilə görünən
böyük Vətən
məhəbbəti onun
digər sevgilərini
üstələyir. Qəlbində bu böyüklükdə
sevda daşıdığına
görə də qarşısına qadağalar
qoyulur. Ancaq sürgün olunaraq
Vətəndən uzaqlaşdırılması,
sürgün və təqiblər onu zərrəcə qorxutmur,
ana dilində yazıb-yaratmaqdan, bənzərsiz
şeir inciləriqələmə
almaqdan çəkindirmir.
Daha böyük əzmkarlıqla
lirik şeir və hekayələr yazmağa davam edir. Müxtəlif vaxtlarda «Sayəha» (Kölgələr), «Əfsaneyi-şəb»
(Gecənin əfsanəsi),
«Şəqayiq» (Addımlar),
«Xuşəha» (Sevinclər)
və «Əsatir» (Mif), «Lirik şeirlər»,
«Seçilmiş şeirlər»
(2 cilddə), «Kal meyvələr», «Kövşən»,
«Səhər işıqlanır»
adlı şeir kitabları işıq üzü görür. Bu
kitablarda toplanmış
bədii əsərlərdə
tənqid motivləri,
real həyatdan, şahlıq
üsuli-idarəsinin cinayətlərindən,
mövcud rejimin ədalətsizliklərindən, xalqın ağır günlərindən, ağrı-acılı
yaşayışından şikayətlənmələr
olsa da, əsasən Vətən mülkünün al-əlvan
mənzərələri, ana
təbiətin əsrarəngiz
gözəllikləri, Azərbaycan
xalqının qayğılarla
dolu kənd həyatı, əməkçi
insan bədii-poetik boyalarla, obrazlı şəkildə vəsf olunur. «Səhənd dağı», «Arzu», «Şeirin dili», «Bəy və şair», «Mahnı», «Arazın suyu», «Kənd mahnıları»,
«Salam», «Səhəndə sarı»,
“Şeir pərisi”, “Həyatdır axar çeşmə”, “Sevgilim”
adlı şeirlərində
şairin bütövlükdə
yaradıcılığına xas olan dərin
lirizm, romantik üslub, doğulduğu, boya-başa çatdığı
yurda, el-obaya odlu məhəbbət qabarıq şəkildə
əks olunub. Sahir «Səhənd dağı» şeirində başı
qarlı, dumanlı, şanlı-şövkətli Vətən
dağının el-obanın
dayağı, istinadgahı,
sığınacağı olmasından qürur duyur və bu
düşüncələrini fərəhlə nəzmə
çəkir. Şeirdə Azərbaycan kəndinin və kəndlisinin həyatı aydın boyalarla canlandırılır.
Kənd camaatı, elat yay aylarında
yaylağa çıxır,
bu qüdrətli, əzəmətli dağın
ətəklərində çadırlar
qurur, çobanlar qoyun-quzu sürülərini
laləli düzlərə,
yamaclara yayır, qadınlar qış tədarükü görür,
hər tərəfdən
qoyun-quzu mələşməsi,
uşaqların şən
qəhqəhələri, çal-çağır
səsləri eşidilir,
bir sözlə, həyat qaynayır:
Gəlin
qurun çadırları,
buraxın,
Otlasınlar otlaqlarda at, qoyun.
Uşaqları buraxınız gəzsinlər,
Od yandırıb qaranlıqda toy tutsun!
Sizin üçün yamacları
bəzəyib,
Gözəl quşlar bəsləmişəm
Sizlərə
Çıraq kimi qızıl
lalə yandırıb,
Yaşıl xalı döşəmişəm
hər yerə...
Sahirin lirik-romantik
şeirlərində oxucu
ana torpağa, təbiətin ecazkar gözəlliklərinə vurğun,
romantik, xəyalpərvər
bir şairlə – gözəllik aşiqi ilə qarşılaşır. Bu bədii lövhələr,
lirik ricət və təsvirlərlə
süslənmiş, sanki
həzin bir musiqi və incə rəssam təbi duyulan şeirləri şair əsasən gənclik dövründə, 1946-cı ilədək
qələmə alıb.
Ancaq istər təbiət gözəlliklərindən,
istərsə də insanın daxili, ruhani dünyasının özəllik və zənginliklərindən, varlığın,
həyatın sirlərindən,
qəribəlik və
anlaşılmazlığından yazsın, fərqi yoxdur, Həbib Sahir bütün yaradıcılığı boyu
yeni şeir ənənələrinə sadiq
qalır, əsərlərini
daha çox sərbəst vəzndə
qələmə alır.
Onun əruz vəzninin qoyduğu məhdudiyyətlərdən
sıçrayaraq çıxdığı
qəlibsiz şeirlərindəki
azadlığını, bədii
fikrinin, şahə qalxan duyğularının
ifadəsindəki sərbəstliyi
və oxucu ruhunu oxşayan dərin şeiriyyəti dövrünün ədəbiyyat
biliciləri də yüksək qiymətləndirmiş
və təqdir etmişlər. Məhəmməd
Rza Rasipur Sahirin poeziyasını “Məşrutə dövrünün
poeziyası ilə Nima Yuşicin müasir şeirləri arasında bir körpü” kimi dəyərləndirmiş, Hüseyn
Sədiq isə şairin hansı dildə, vəzndə və üslubda yazmasından asılı olmayaraq onun böyük ruha sadiq qaldığını,
kökündən və
tarixindən qopmadığını
vurğulamış və
konkret olaraq demişdir: “Farsdilli poeziyasında da Sahirin sırf Azərbaycan şairi olduğu görünür”
və:
Mənim
içərimdə inləyən
bu saz
Yalnız türkçülükdən söyləyir
avaz.
Elə vurulmuşam bu avaza mən,
Bu səslə bağlandım
sənə, ey Vətən,
misraları söz ustadının könül
rübabının yalnız
türkçülük ruhunda
kökləndiyinin, yad
nəğmələr çalmayan
sazının əsil
“türk sazı” olduğunun və bir-birindən gözəl
türkülər söylədiyinin
təsdiqi, orijinal poetik etirafıdır.
Bir sıra tədqiqatçılar sərbəst vəzndə yazıb-yaradan Sahiri, haqlı olaraq, Cənubi Azərbaycan ədəbiyyatında «Sərbəst şeirin atası» adlandırır, “bütün Azərbaycanın "Viktor Hüqo"su kimi dəyərləndirir”, şairin böyük sənətinə, dərin romantizminə, əfsunlu lirizminə heyranlığını ifadə edirlər: «Bədii təbiət təsvirləri ilə bəzənmiş şeirlərini gənclik dövründə qələmə almasına baxmayaraq, burada Sahir mahir bir qəvvas kimi dənizin dərinliklərinə cumaraq söz incilərini toplamış, məharətlə xəyal pərilərinin tellərinə düzmüş, ana təbiətin füsunkar gözəlliklərini vəsf etmişdir. Şeirlərini oxuduqca insan özünü bir rəssamın yaratdığı bənzərsiz tabloların qarşısında hiss edir. Şairin yaradıcılıq qüdrəti adamı heyran edir. Ancaq tamaşadan doyub məna axtarırkən istər-istəməz daxilində bir sual baş qaldırır: - Məgər sənət sənət üçündür? Yaradılmış əsərlər tamaşa üçünmü yaradılır?» G.Səbahinin bu fikirləri və Sahirin poeziyasındakı dərin şeiriyyətə heyranlıqdan doğan sualları maraqlı, həm də düşündürücüdür. Axan suların laylaya bənzər şırıltısını, əsən yellərin yaşıl zəmiləri hərəkətə gətirməsini, ay işığının buludların arxasından boylanaraq dumduru, gümüş sularda əks olunmasını, çəmənlərdə ətir saçan güllərin eşqi ilə cəh-cəh vuran bülbüllərin avazını, hətta süsərilərin cingiltili səslə ötməsini, dağları, dərələri, yaşıl ormanları və s. yüksək poetik ustalıqla təsvir edən şair oxucuda öz torpağına, ana təbiətə, boya-başa çatdığı el-obaya, xalqına məhəbbət, böyük sevgi aşılayır, qəlbində lirik, kövrək duyğular oyadır. Hər bir incəsənət əsərində kamil bədii gözəlliklə yanaşı dolğun məna, sərrast fikir də ifadə olunmalıdır. İncə, zərif hiss və duyğularını, ideya və məqsədlərini öz əsərlərində əks etdirən şair bədii təsvir vasitələrindən həmin ideya və məqsədlərin, fikirlərin daha təsirli, daha sirayətedici ifadə olunması üçün yerli-yerində istifadə edir. Həbib Sahir məhz bu yaradıcılıq yolu ilə inamlı addımlar ataraq yüksək bədii dəyərə malik orijinal əsərlər yaratmışdır. Lirik-romantik səpkili şeirlərində təkrarsız bədii lövhələr, lirik ricətlər və ecazkar təbiət mənzərələrinin bədii təsviri ilə yanaşı, xəyali surətlər, obrazlar da özünəməxsusluğu ilə diqqəti cəlb edir. Şairin şeirlərinin əsas mövzusunun isə Vətəninin, Azərbaycan təbiətinin təkrarsız gözəlliyi, möcüzəli təbii mənzərələri və bu gözəlliklərin qoynunda, əsrarəngiz mühitdə soydaşlarının çarəsiz bir durumda, taleyə boyun əyərək yazıq-yazıq yaşaması olduğu görünür... «Çöl yollarında» və «Şeir pərisi» kimi şeirlərindən gətirdiyimiz nümunələrdə həm də şairin masmavi, cazibədar xəyal dünyası yansıyr:
Xəyal rəngli bir pərdədir, mərmuz, gözəl bir cahanın,
Əsrarəngiz gözəlligi o pərdədə çiçək açar...
Bir üfüqdür füruzə rəng, bəzəmişdir şəfəqləri...
Mavi, dərin
asimandır, ondan doğan məhitablar.
«Şeir pərisi»ndə Həbib Sahir oxucusunu yaz günəşinin
batması ilə ətrafa çökən
toranlığın yaratdığı
hüznlü bir səssizlikdə, qərib
axşamlarda şair qəlbində baş qaldıran romantik duyğularla baş-başa
qoyur:
Gün batarkən qızıllı
xəyallarda,
Gül açardı
yazın gözəl axşamı.
Uzadardı mənə şerin
pərisi
Şərab ilə dolu altın bir camı...
Ay doğarkən kölgələnmiş
sularda
Ayın
gümüş işıqları
titrərdi...
Dağ çiçəyi verən
nazlı qız mənə...
Şərab ilə dolu bir
cam verərdi.
Esmira Fuad
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2020.- 4 iyul.-
S.14