Azərbaycan əfsanələrində quşlarla bağlı mövzular

 

1-ci yazı

 

Quşlar da Azərbaycan əfsanələrində özünə geniş yer tutur. Bu da quşların mifik düşüncədəki rolu ilə bağlıdır. Ümumiyyətlə, nə türk mifologiyasını, nə də dünya mifologiyalarını quş obrazından kənarda təsəvvür etmək mümkün deyil. V.V.İvanovV.N.Toporov dünya xalqlarının mifologiyalarına əsaslanaraq yazırlar ki, quşlar müxtəlif mifopoetik ənənələrdə rəngarəng funksiyalara malik dini-mifoloji sistem və ritualların dəyişməz elementi kimi çıxış edirlər. Quşlar mifologiyalarda tanrılar, demiurqlar, qəhrəmanlar, cildini dəyişmiş insanlar, triksterlər, tanrıların minik heyvanları və s. ola bilərlər.

Göründüyü kimi, mifik quşlar çox zəngin funksiyasemantikaya malikdir. Xüsusi qeyd etmək istəyirik ki, bütün bu mənaların hamısı birbaşa yaradılış mifi ilə bağlıdır. Məsələn, Azərbaycan nağıllarında quşlar (göyərçin) canı simvollaşdırır. İ.Vəliyev bunu şərh edərək yazır ki, “Məlikməmmədin nağılı”nda divin canının göyərçində gizlənməsi sehrli quşun ruh daşıyıcısı olmasına bir işarə idi. Qədim dini təsəvvürlərdə qanadlı canlılar göylərlə əlaqəli olduqlarına və insandan fərqli olaraq, Tanrıya daha çox yaxınlaşa bilmək qüdrətinə sahib olduqlarına görə möcüzə, sirr sahibi idilər.

Quşlar yaradılış mifi ilə birbaşa bağlıdır. Y.M.Meletinski qarğa obrazı ilə bağlı yazır ki, dünyanın yaranması əsatirləri çukçalarda qarğa surəti ilə bağlıdır, bu da güman ki, öncə onqon mənasını daşımışdır. Qarğa yerin və insanların yaranmasında iştirak edir, göy pərdəsini dimdikləyib deşir ki, ətrafa dan işığı yayılsın, şər ruhun əlindən günəş, ayulduzlara çevrilən topları alır və mədəni qəhrəmana xas olan başqa işlər görür.

Azərbaycan əfsanələrinin çoxunda quşlar çevrilmə yolu ilə, yəni insanın quşa çevrilməsi yolu ilə əmələ gəlir. Məsələn, şanapipik quşunun yaranması kimi. “Şanapipik başını yuyanda qayınatası içəri girir, gəlin utanır. Qız başında daraq quşa çevrilir. Amma uzağa uça bilmir”.

Göründüyü kimi, burada qız quşa çevrilir. Yaradılış prosesini izləyək:

1. Şanapipik quş olmamışdan əvvəl insan olub;

2. O, davranış qaydalarını pozub, başını yuyarkən naməhrəm kişinin, indiki halda qaynatanın onu görə biləcəyini nəzərə almayıb.

3. Qız özünə Allahdan cəza istəyir və elə darağı başındaca şanapipik quşuna çevrilir.

Burada kosmoqoniyanın başlanğıcında insan, sonunda quş durur. Quş insandan əmələ gəlir. Bizcə, burada əsas məqam qızla qaynata arasında olan münasibətlərlə bağlıdır. Yəni kosmoqoniyanın gedişatı və elementləri məlumdur, ancaq səbəbi düşündürücüdür. Belə ki, qaynatanın gəlini başıaçıq vəziyyətdə görməsi müəyyən tabunun – yasağın pozulmasıdır. Gəlinin qaynatasının yanında başıörtülü olması normal haldır. Bu, kosmos vəziyyətidir. Normanın pozulması ilə kosmos xaosa keçirxaosdan yeni kosmos (quş) yaranır.

Eyni motivi hophop quşu ilə bağlı əfsanədə görürük:

“Gəlin başını yuyanda qayınatası görür. Gəlin ya daşa, ya quşa dönməsini Allahdan xahiş edir. Quş olub göyə uçur. Onun iki balası varmış – bir oğlan, bir qız. Oğlanın adı Hophop, qızın adı Gültop imiş. O vaxtdan balalarını haraylayır: “Hophop, Gültop”.

Burada yuxarıdakı əfsanədən iki fərq var. Birincisi, gəlin quşa dönə bildiyi kimi, daşa da dönə bilərdi. O, quşa çevrilir. İkincisi, gəlinin iki uşağı var idi. Bu halda onun özünə məxsus oxuması da yaradılış mifində yer alıb. Lakin bu əfsanədə də əsas olan məqam qaynatanın gəlini başıaçıq vəziyyətdə görməsidir. Burada əxlaq norması, etik davranış qaydası pozulur. Bu, çox mühüm məqamdır. Həmin məqama başqa bir əfsanədə diqqət edək:

Üç gözəl-göyçək qız yoldan uzaq dağ gölündə çimirdi. Üç oğlan gəlib gölün sahilinə çıxdı. Onlar qızların çimdiyini görüb paltarlarını götürdülər. Qızlar nə qədər xahiş etsələr də, oğlanlar fikirlərindən dönmədilər. Qızlara dedilər ki, çıxın, bir az vaxt keçirək. Sonra geyinin gedin. Qızlar Allaha yalvardılar ki, bizi quş elə, bu daşa dönmüşlərin əlindən qurtar. O saat qızlar quş olub uçdular. Oğlanlar daş olub suyun qırağında qaldılar. O vaxtdan həmin quşlara “Qızlar quşudeyilir.

Əvvəlcə qeyd etməliyik ki, burada qızların uzaq dağ gölündə çimməsi “Kitabi-Dədə Qorqudda pəri qızlarının öz donlarını soyunaraq suda çimmələri ilə eyni sırada duran motivdir. Eposda çoban pəri qızlardan birinə cinsi təcavüz edir. Burada da oğlanlar qızları çılpaq vəziyyətdə görüronlara cinsi yaxınlıq təklif edirlər. Bununla əxlaqi-etik münasibətlərin harmoniyası şəklində təzahür edən kosmik nizam (kosmos) pozulur: xaos yaranır. Xaosdan isə yeni kosmos yaranır: üç qız – üç quşa, üç oğlanüç daşa çevrilir.

Bizcə, burada məsələnin əsas tərəfi əxlaqi-etik normanın pozulması ilə bağlıdır. Qaynatanın gəlini qurşaqdan yuxarı çılpaq vəziyyətdə görməsi, eləcə də oğlanların qızları çılpaq görmələri cinslərarası harmoniyanın, əxlaqi-etik normaların pozulmasıdır. Bu, mifik təsəvvürlərdə özünə yer alan insest motividir.

Q.A.Levinton insest anlayışı haqqında yazır ki, bu, yaxın qan qohumları arasında olan nikah, yaxud cinsi əlaqə, daha geniş mənada, qəbul olunmuş münasibətlər təsnifatında çox yaxın adamlar arasında gündəlik həyatda ekzoqamiyanın normalarını pozan istənilən intim ittifaq olub, mifologiyada qohumluq münasibətlərinin əlaqələrinin xarakterinə və vəziyyətinə görə fərqlənən müxtəlif süjetlərlə təqdim olunur.

Y.M.Meletinski bu haqda yazır ki, bir çox mətnlərdə insestə ambivalent (ikili) münasibət hiss olunur. Bəzən bacı-qardaş əcdadların (tanrı və ilk insanların) insestinə sabit kosmoqonik nizamın təşkil olunmasına qədər mövcud olan ilkin yaradılış epoxasına aid normal və qaçılmaz münasibət kimi baxılır ki, burada antropogenezis sosiogenezisdən daha əvvəl gəlir... Qəhrəmanlıq miflərində digər tabulardan biri olan insest ikili formada şərh olunur, bu fakt ilk olaraq qəhrəmanın və dünyanın tarixində başlanğıc xaosla əlaqələndirilir, ikinci bir tərəfdən isə insest qəhrəmanın cinsi yetişkənliyə çatdığının və onun qeyri-adiliyinin işarəsidir. Nağıl və balladalarda isə insestin mənfi hal kimi dəyərləndirilməsi və istəmədən meydana çıxdığı bəlli olur”.

Bu fikirdən bir çox məqamlar aydın olur:

1. İnsest kosmosun yaranmasının zəruru şərtlərindən biri (“normal və qaçılmaz münasibət”) kimi çıxış edir.

2. İnsest motivində antropogenezis sosiogenezisdən daha əvvəl gəlir. “Antropogenezis” – insanın yaradılışı, “sosiogenezis” – cəmiyyətin yaradılışıdır. Nəzərdən keçirdiyimiz əfsanələrdə də başlanğıc məhz insan amili ilə əlaqədardır.

3. İnsest başlanğıc xaosla əlaqəlidir. Burada başlanğıc xaos ilk yaradılışı şərtləndirən xaos mənasındadır. Nəzərdən keçirdiyimiz əfsanələrdə də ilk yaradılış bütün hallarda xaosla bağlanır. Demək, bu xaos quşların ilk yaradılışını şərtləndirən başlanğıc xaosdur.

İnsest motivinin əsas əlaməti onun bütün hallarda kosmoqoniya – yaradılışla əlaqələnməsində ifadə olunur. Mixail Yevzilin yazır ki, istənilən kosmoqoniya insestya tanrıların özlərini mayalandırması yolu ilə yaradıla bilər”.

Belə hesab etmək olar ki, nəzərdən keçirilən əfsanələrdə əxlaqi davranış qaydalarının pozulması insest motivi ilə əlaqədardır. Həmin motiv yaradılış mifinin qədim formalarındandır. Sözü gedən əfsanələr insest motivinin türk yaradılış mifologiyasındakı süjet xətlərindən birini təşkil edir.

Turac quşunun yaranması ilə bağlı əfsanəyə nəzər salaq. “Turac darağı hara qoyduğunu yadından çıxarır. Xanım darağı istəyəndə çox axtarır, tapa bilmir. Xanımın qorxusundan daşa dönməyi arzu edir. Quşa dönəndən sonra yadına düşür ki, taxçada boxçanın içindədir. Turac həmişə bu sözləri deyir: “Taxçada, boxçada”.

Burada da insan quşa çevrilir. Quşa çevrilən yenə qızdır. Çevrilmənin səbəbi darağın harada olmasının yaddan çıxmasıdır. Lakin yuxarıdakı əfsanədən fərqli olaraq burada turacın özünəməxsus şəkildə oxumasının da yaranması kosmoqonik prosesə daxil edilib.

Yapalaq quşunun yaranması əfsanəsinə nəzər salaq. Ögey ana bacı qardaşı incidirmiş. Onlara tapşırır ki, öküzü meşədə otarsınlar, itirsələr, onların başını dibək daşının altına qoyub əzəcək. Onlar öküzü itirdilər. Ögey ana onları meşəyə qaytardı ki, öküzü axtarsınlar. Uşaqlar qorxularından quşa dönməyi arzu etdilər. İkisi yapalaq quşuna döndülər. Biri “tapdın” deyəndə o biriyoxdeyirdi.

Burada da eyni motiviqorxu motivini müşahidə edirik. Lakin quşa çevrilən bacı-qardaşdır. Demək, əfsanənin kökündə həm də əkizlər mifi durur. Kosmoqoniyanın meşədə baş verməsi təsadüfi deyil. Meşə mifoloji məkan modelində xaos dünyasıdır. Bu da yaradılış mifinin məntiqinə uyğundur: kosmos bütün hallarda xaosdan yaranmalıdır.

Göyərçinlə bağlı əfsanədə yaradılış mifinin maraqlı tərəfləri ilə üzləşirik. Əfsanədə göyərçinin qayınanası öləndə yükə çıxıb oturması nəql olunur. Bunun səbəbini əri soruşur. Qız deyir mən mələyəm. İnsan natəmizliyə dözür, mələklər dözmür. Əzrayıl sənin nənənin canını alanda qan sıçradı. Mən yükün üstünə çıxdım. Mən bu qanın içində gəzmək istmədim. Cənazəni aparanda nənənin qanı tökülmüş torpağı yığıb çölə atdım. Sən ki bu sirri bildin, mənim vədəm yetişdi. Uçub getdi.

Bu, çox mürəkkəb mənaya malik, sirlə-sehrlə dolu əfsanədir. Onu təhlil etməyə çalışaq:

1. Xaos: əfsanə qaynananın ölümü ilə başlayır.

2. Xaotik davranış: gəlin çıxıb yükün üstündə oturur.

3. Mistik nikah: Gəlin insan yox, mələk imiş.

4. Mələyin insandan fərqi: “İnsan natəmizliyə dözür, mələklər dözmür”.

5. Kosmosun xaosa keçməsi: Gəlinin sirri açılır. Bu, əvvəlki kosmik düzəni pozur.

6. Yeni kosmosun təşəkkülü: Mələk gəlin uçub gedir.

Burada ən maraqlı cəhət mələyin göyərçinlə əlaqələndirilməsidir. İnanca görə, mələklər qeyri-maddi, yəni ruhani varlıqlardır. Azərbaycan nağıllarında divlərin canı adətən göyərçin şəklində olur. Demək, bu əfsanədə animistik görüşlər yer alıb.

 

Elçin Qaliboğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 23 iyul.- S.14.