Vətəndaş cəmiyyəti nədir?
Əsrlər boyu filosoflar və siyasi mütəfəkkirlər bir əhəmiyyətli suala cavab axtarmağa çalışıblar. Cəmiyyətin və vətəndaşların firavanlığına görə əsas məsuliyyəti kim daşımalıdır? Vətəndaşların ehtiyac duyduğu məhsul və xidmətlər hökümət təmin etməlidirmi? Cəmiyyətin müxtəlif üzvlərinın qayğısına hökümətdən başqa kim qala biləri? Bəlkə həyatda daha az imkanı olan insanlara yardım etmək məsuliyyəti fərdlərin üzərinə düşməlidir? Hansı növ qurum çatışmayan xidmətləri daha səmərəli təqdim etmək gücünə malik ola bilər? Dövlət insanlara imtiyazlar verməlidirmi, yoxsa hər bir şəxs özü öz qayğısına qalmalıdır? Bu suallar keçmişdə olduğu kimi, indi də aktualdır.
Bəziləri vətəndaşların firavanlığına görə hökümətin cavabdeh olduğunu deyir. Digərləri isə düşünür ki, hökümətin insanlara edə biləcəyin ən yaxşı xidmət həyatlarına müdaxilə etməməkdir. Onların fikrincə, bazar cəmiyyətin tələblərinə uyğun təklif vermək gücündədir. Cavabın necə olmasına baxmayaraq, cəmiyyətdə hər zaman hökümətin və bazarın diqqətindən kənarda qalan boşluq olacaq. Bu boşluğu doldurmaq vətəndaş cəmiyyətinin üzərinə düşür.
Vətəndaş cəmiyyəti hökümətə və özəl sektora daxil olmayan, ortaq dəyərlər və ya maraqlar naminə birlikdə fəaliyyət göstərən müstəqil qruplar və ya təşkilatlar toplumudur. Bu sektor könüllü fəaliyyətlə və müxtəlif dəyərlər naminə çalışmaqla sıx bağlı olan bir məfhumdur.Vətəndaş cəmiyyəti təşkilatlarının gördüyü işlər sosial xidmət, icma fəaliyyəti, dini, elmi, yaradacılıq və s. sahələri əhatə edir. Hökümət və özəl sektordan kənar olduğu üçün vətəndaş cəmiyyətini üçüncü sektor adlandırırlar.
Hökümət sektoru cəmiyyətə ictimai xidmətlərin təqdim edilməsinə görə cavabdeh olan sektordur. Müxtəlif ölkələrdə hökümətin təqdim etdiyi xidmətlər müəyyən qədər fərqlənsə də, əksər hallarda bu xidmətlərə ordu, polis, ictimai yollar, körpülər, su təchizatı, elektrik, telekommunikasiya, ictimai nəqliyyat, təhsil və səhiyyə daxildir. Hökümət bu məhsulları və xidmətləri vətəndaşlardan topladığı vergilərin sayəsində təklif edə bilir.
Özəl sektor da məhsul və xidmətlər təklif edir. Amma onlar bunu gəlir
məqsədilə edirlər.
Bu sektor özəl
fərdlər və ya qruplar tərəfindən
idarə olunur və dövlətin nəzarəti altında deyil.
Sosial sistem kontekstindən nəzər
yetirəndə hökümət
və özəl sektorları vətəndaşların
ehtiyac duyduğu xidmətlərin böyük
əksəriyyətini təqdim
etmək gücündədir. Lakin nə
qədər xidmət
təqdim etmələrindən
asılı olmayaraq, həmişə hökümətin
və özəl sektorun diqqətindən kənarda qalan boşluqlar mövcud olacaq. Bunun səbəbi isə
çox sadədir.
Hökümətin məhdud büdcəsi
ona bütün sahələri əhatə
etmək imkanı vermir. Özəl sektorun isə
gəlir əldə edə bilmədiyi sahədə fəaliyyət
göstərməsi mümkün
deyil. Vətəndaş cəmiyyəti bu
iki sektorun diqqətindən kənar qalan sahələr üzrə fəaliyyət
göstərir. Məsələn,
evsizlərə sığınacaqlar,
pulsuz qida, dəstək qrupları, təhsil təşəbüssləri
və s. kimi layihələr.
Vətəndaş cəmiyyəti çox rəngarəngdir və müxtəlif növ qruplardan ibarətdir. Vətəndaş cəmiyyətinə aid olan
qruplar kifayət qədər çoxdur.
Qeyri-hökümət təşkilatları, xeyriyyə qurumları, sosial müəssisələr,
şəbəkələr, klublar, bir sözlə
hökümət və
bazar kateqoriyalarına
daxil olmayan əksər qruplar.
Vətəndaş cəmiyyətinə daxil olan qruplar və
təşkilatlara misal
olaraq həmkarlar ittifaqlarını, qeyri -hökümət təşkilatlarını,
dini qurumları və xidmət təşkilatlarını göstərə
bilərik. Bu təşkilatlar
əvəzində heç
nə almadan və ya çox
cüzi bir məbləğə cəmiyyətə
fayda verən qurumlardır.
Vətəndaş cəmiyyəti təşkilatları
əsasən lokal xarakterli olsalar da, qlobal miqyasda
fəaliyyət göstərən
qeyri-hökümət təşkilatları
böyük böhranları
aradan qaldırmaq istiqamətində əvəzolunmaz
işlər görürlər.
Vətəndaş cəmiyyəti təşkilatların
ümumiləşdirici xüsusiyyətləri
var. İlk növbədə
onların sistemli strukturları mövcuddur. Bu, sabitliyi və davamlılığı təmin
edir. Hökümətdən kənar, tam müstəqil
fəaliyyət göstərirlər.
Gəlir
əldə etmək məqsədləri yoxdur.
Üzvlük könüllüdür. Ən əsası isə vətəndaş cəmiyyəti
təşkilatları ictimai
maraqlara xidmət edirlər.
Bəs vətəndaş
cəmiyyəti təşkilatları
necə maliyyələşirlər?
Bəzi vətəndaş cəmiyyəti
təşkilatları fəaliyyətlərini
məhsul və xidmətləri ödənişlə
təklif etməklə
maliyyələşdirirlər. Lakin bu ödənişlər yalnız
təşkilatın fəaliyyəti
üçün toplanıla
bilər və heç bir halda gəlir məqsədi güdməməlidir.
Digər
geniş yayılmış
digər maliyyələşmə
növü hökumət
qrantlarıdır. Beynəlxalq fondlar
və özəl korporasiyalar da bu təşkilatlarının
maliyyələşməsində iştirak edirlər.
Onlar, diqqət yetirdiyi sahələrdə fəaliyyət
göstərən təşkilatlara
maliyyə dəstəyi
təklif edirlər.
Ən çox yayılmış
maliyyələşmə növü
isə fərdi ianələrdir. Bura üzvlərdən
və ya təəssübkeşlərdən toplanılan kiçik ianələr daxildir.
Fəlsəfə üzrə fəlsəfə
doktoru Vahid Ömərov yazır ki, Makiavellinin əsərlərində vətəndaş
cəmiyyətinin cücərtilərinə
rast gəlmək olur. Məsələn, o yazırdı
ki, hökmdar qorxu və s. vasitələrin köməyilə
idarə etmək imkanına malik olsa da, bu
imkandan sui-istifadə edə bilməz. O, təbəələrdə özünə
qarşı nifrət
oyatmamaq üçün
onların əmlak və şəxsi hüquqlarını pozmamalıdır.
"Tit Livinin birinci ongünlüyü"
əsərində Makiavelli
dövləti və cəmiyyəti, siyasi və mülki sferaları aydın şəkildə bölür.
Bütün bunlara baxmayaraq,
antik dövrlərdə
və orta əsrlərdə həmin
mövzuda gedən ayrı-ayrı mübahisələr
və sezmələr nəzərdən keçirilən
problemi elmi surətdə həll etmədi. Yalnız
XVII əsrdə filosoflardan
Q.Qrotsinin, T.Hobbsun, C.Lokkun və b. əsərlərində ilk dəfə
olaraq "vətəndaş
cəmiyyəti" anlayışı
"dövlət"dən fərqli mənada işlədildi və bu iki termin
bir-birinə qarşı
qoyuldu. Sonralar XVIII əsrdə J.J.Russonun, V.Fon Humboltun, C.Vikonun və b. əsərlərində
bu ideya daha da inkişaf
etdirildi.
Adları çəkilən mütəfəkkirlər
vətəndaş cəmiyyətilə
dövlət, "siyasi
cəmiyyət" arasındakı
prinsnpial fərqi yəqin ki, görmürdülər. Bununla belə,
onlar artıq "mülki cəmiyyəti"
mövcud dövlət
və ya dövlət idarəçiliyi
formaları ilə eyniləşdirmirdilər. Bu zaman onlar dövlətin
yaranmasının "ictimai
müqavilə" variantını
əsas tutur və belə hesab edirdilər ki, yalnız o hökumət qanunidir ki, bütün vətəndaşlar onu təsis etməyə və ona tabe
olmağa könüllü
surətdə razı
olmuşlar. Hakimiyyətin hər hansı
bir formada mütləqləşdirilməsi, onların fikrincə, vətəndaş cəmiyyətinin
inkar edilməsinə gətirib çıxarır.
Buradan çıxış edən
T.Hobbs dövlət hakimiyyətinin heç nə ilə məhdudlaşdırılmayan azadlığa
tabe etdirilməsini tələb edirdi. Ona tərəfdar çıxan
C.Lokk yazırdı ki, "...kimin əlində olmasından asılı olmayaraq, mütləq hakimiyyət mülki cəmiyyətin bir növü olmaqdan tamamilə uzaqdır; onlar da, köləlik və mülkiyyət kimi, bir araya
sığmazdırlar." "Dövlət idarəçiliyi
haqqında iki traktat" əsərində
Lokk göstərirdi ki, vətəndaş cəmiyyətində yaşayan
heç bir şəxs üçün
qanunlarda istisna ola bilməz.
İdarəetmədə hamının iştirak etməsi və xalq suverenliyi
ideyasını əsas
tutan J.J.Russo elə bir assosiasiya
forması tapmağa çalışırdı ki,
o, şəxsiyyət və
assosiasiya üzvlərinin
mülkiyyətini qoruya
bilsin, onun sayəsində hər kəs hamı ilə əlaqədə olmaqla, eyni zamanda
yalnız özünə
tabe olsun və əvvəllər olduğu kimi, azad olaraq qalsın.
Buradan göründüyü kimi,
yeni dövr mütəfəkkirləri şəxsiyyəti
dövlətin "əsarətindən"
qurtarmağın yeganə
yolunu mülki cəmiyyət formalaşdırmaqda
görürdülər. C.Lokk belə hesab edirdi ki, vətəndaş
cəmiyyəti siyasi cəmiyyətdir, yəni elə bir cəmiyyətdir
ki, orada dövlətin özünün
qanuni mənafeləri
vardır. O yazırdı:
"Kim ki, vahid bir tamda birləşmişdir
və hamı üçün ümumi olan qanunu və
məhkəmə idarələri
vardır, hara ki, müraciət etmək olur və onlar arasındakı
mübahisələri həll
etmək və cinayətkarları cəzalandırmaq
hakimiyyəti verilmişdir,
onlar mülki cəmiyyətdə yaşayırlar,
amma bu cür
ümumi divanxanası
olmayanlar isə... hələ də hər kəsin hakim və cəllad olduğu təbii halda yaşayırlar..."
Ş.Monteskye "Qanunların ruhu haqqında" adlı əsərində mülki cəmiyyəti tarixi inkişafın məhsulu hesab edirdi. Onun fikrincə, vətəndaş cəmiyyəti təbii hal, ailə və qəhrəmanlıq dövründən sonra bəşəriyyətin inkişafında dördüncü mərhələdir. O yazırdı ki, mülki cəmiyyət insanların bir-birinə düşmən olduğu bir cəmiyyətdir. Bu düşmənçiliyə son qoymaq məqsədilə insanlar dövləti yaradırlar. Dövlət daxilən mülki cəmiyyətə xasdır, amma onun eyni deyildir. Mülki qanunları dövlət (siyasi) qanunlarından fərqləndirən Monteskye göstərirdi ki, birincilər vətəndaş cəmiyyətinə xas olan münasibətləri, ikincilər isə vətəndaşların hüquq və azadlıqlarını tənzim edirlər. O, mülki cəmiyyəti özbaşınalıq və diktaturadan çox yaxşı təminat hesab edirdi.
"Dövlətin fəaliyyət hədlərini müəyyənləşdirmək təcrübəsi" adlı əsərində V.Fon Humbolt insan, şəxsiyyət və dövlətin nisbəti məsələsini təhlil edərək, vətəndaş cəmiyyəti və dövlət arasında üç əsas fərq görürdü. 1. "Aşağıdan", fərdlərin özləri tərəfindən formalaşdırılan milli ictimai təsisatlar sistemi və dövlət təsisatları sistemi; 2. "Təbii və ümumi hüquq" və dövlətin verdiyi pozitiv hüquq; 3. "İnsan" və "vətəndaş". Buradan o, belə bir nəticəyə gəlir: dövlət quruluşu məqsəd deyil, o, ancaq insanın inkişaf vasitəsidir. Deməli, o, dövlət hakimiyyətinin insanın mənafe və tələbatına tabe etdirilməsinin zəruriliyi fikrini irəli sürürdü.
Vətəndaş cəmiyyəti anlayışı bir çox ölkədə kifayət qədər yenidir. Lakin yadda saxlamaq lazımdır ki, demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Bu qruplar əksər hallarda diqqətdən kənar qalsalar da onların mövcudluğu cəmiyyət üçün olduqca əhəmiyyətlidir.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 14 iyul.- S.9.