Bənzərsiz gülüş
ustası
Əsl aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib.
Unudulmaz sənətkarımız Hacıbaba Bağırovun anadan olmasından 88 il ötür. Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.
Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub. Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.
Aktyor səhnə fəaliyyəti
ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının
inkişafına da öz
sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı
müxtəlif xarakterli rollar
Azərbaycan tamaşaçısının yaddaşına həkk
olunub və kino sənətimizin
diqqətəlayiq uğurları kimi qiymətləndirilib.
Hacıbaba Bağırov ilk dəfə
1964-cü ildə rejissor Ağarza
Quliyevin “Ulduz” mus iqili kinokomediyasında
çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün
surətini ustalıqla yaradıb. Hacıbaba Bağırovun “Ulduz”da Möhsün,
“Mehman”da Arif, “Onun bəlalı
sevgisi”ndə Qaraxalov, “Alma-almaya
bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə
Şirbala rolları kino
həvəskarları tərəfindən maraqla
qarşılanıb. Bu obrazlara
baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə
haqq qazandırmaq olar.
Həyata 74 yaşında əlvida deyən sənətkar
adını Azərbaycan teatr sənətinə
elə əbədi həkk edib ki, bu gün
olduğun kimi, hələ
neçə-neçə qərinələr, əsrlər
xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün
bir məktəb olaraq
qalacaq.
Xalq Cəbhəsi.- 2020.- 13 iyun.-
S.16.