Al ilə  ala gözlərin aldadı aldı könlümü…”

 

Nəsimi yaradıcılığında mifoloji obrazların məsəlləşmiş biçimdə ifadəsi

 

1-ci yazı

 

İlkin mifoloji düşüncədən, dinlərdən gələn mifoloji obrazların (Xızır, Pəri, Şeytan, Div, Mələk və s.) Nəsimi yaradıcılığında məsəlləşmiş biçimdə ifadəsi ayrıca diqqət çəkir. Burada folklor düşüncəsindən bəhrələnmənin yüksək ədəbi zövqlə birliyi var. Belə ki, insan ucalığının, ilahiliyinin təsdiq səviyyəsində ifadəsi üçün ictimai şüurda (müxtəlif folklor janrlarında, habelə din mifologiyasında) oturuşmuş simvolik mifoloji obrazlar Nəsimi ruhunun süzgəcindən keçirilir, kamilliyinə yetmiş aşiqin məntiqiylə əsaslandırılır, aforistik səciyyə daşıdığı dərəcədə məsəlləşir.

***

Nəsimi yaradıcılığında türk mifoloji obrazlar sistemindən, ümumən din mifologiyasından gələn obrazlarla geniş şəkildə rastlaşırıq.

Allah obrazı (Hürufi təriqətinin ideologiyasına xas olaraq Allah obrazının “Həqq”, “Ənəlhəqq” kimi ifadəsi) Nəsimi yaradıcılığında aparıcıdır. Bu, təbiidir. Nəsiminin bədii-fəlsəfi düşüncənin inkişafına güclü təkan verə biləcək mifoloji obrazlardan bəhrələnməsi fikirlərinin yayılmasında güclü rol oynadı.

Burada Allah obrazına hürufi təriqətinə xas yanaşma (İnsanın ilahi imkanlarını aşkarlayıb həqiqətə yetməsi, həqiqətin ünvanına çevrilməsi - Allahlaşması) diqqəti çəkir:

 

İnsanü bəşərsən, ey Nəsimi,

Həq der ki, haman, haman mənəm mən!

 

Buradakı Həqq – “Həqiqət”, hürufi dilində “Allah”, “Allahın məkanı” anlamındadır. Nəsiminin düşüncəsindəki, ömründəki Allah obrazı Nəimidən gələn, Hürufiliyi ifadə edən mahiyyət səviyyəsində olub, ona hədsiz dogma, yetdiyi, dərk etdiyidir. Hürufiliyin şəxsində Nəsiminin İlahiliyə ərkli, dogma olmasının sübutu İnsanı ona tay görməsi, Nəiminin ardınca özünü bu misalda sübut olaraq təqdim etməsidir.

 

Qanı dilində iqrar eyləyən kim,

Həqə yoxdur anın dilində inkar?

Burada Həqq – Allah anlamındadır.

 

Allah-Həqq-Fəzl

Burada Nəsiminin ustadı Fəzli Həqq (Allah) saydığı ortadadır. Artıq mifoloji anlam daşıyan bir obraz gerçək İnsanda təsdiqini tapır:

 

Çün Nəsimi qəmindən Fəzli-həq vaqifdürür,

Qəm degil gər kimsə olmaz müttəle əsrarinə.

 

(Nəsiminin qəmindən haqqın Fəzlinin xəbəri var. Başqasının onun sirrini bilməməyi qəm deyil).

(Mötərizə içində verilmiş tərcümələrin izahı Ə.Səfərlinindir - E.Q).

 

Xızır

Nəsimi yaradıcılığında Xızırla bağlı məqamlara daha çox rast gəlinir: Əfsanələrə görə, Xızır qaranlıq dünyadakı dirilik suyunu içib daim yaşayan ölüb-dirilən təbiəti simvolizə edərək əbədiyyətin rəmzinə çevrilən mifik varlıqdır.

 

Xızır kimi içdi həyat abını,

Canü təni cümləsi oldu bəqa.

 

(Xızır kimi dirilik suyunu içdi, canı bədəni əbədiyyətə qovuşdu).

Burada Nəsimidirilik suyunu içdidedikdə hürufilik təlimi əsasında insanın həqiqətə yetməsinə işarə edir.

Bu beyt mahiyyətcə yuxarıdakı ilə bağlıdır:

 

Xizrlə zulmatını tanımayan heyvan kimi,

bilə kim, qanda vara, abi-heyvan istəyə?

***

Çün Xızr həyati-əbədi istər isən gəl,

Can təndə ikən çeşmeyi-heyvan tələb eylə.

 

(Xızr kimi ölümsüz həyat istəyirsənsə, gəl, can bədəndə ikən dirilik suyu ara).

Yəni əbədi ölümsüzlüyü idrakı yuxuya verməklə, alın yazısına inanmaqla, gözləməklə əldə etmək olmaz, insan aqibətini özü yaratmalıdır. Dirilik suyunu insan adlanan cənnətə - özünə yetməklə çata bilərsən. Hürufilk fəlsəfəsində insan bitməz-tükənməz bir dünyadır. Burada aşiqinNəsiminin həqiqətə yetib insanın dodağında dirilik suyu tapmasına işarə olunur.

 

Div obrazı

Nəsimidə Div obrazıinsandakı Şərin ümumiləşdirilmiş obrazıdır. Onun yaradıcılığındakı bu obraz Azərbaycan, ümumən Türk folklorundan gələn bütün mənfi keyfiyyətləri özündə daşıyır.

 

Divin libasını qoy, Xızr ilə yoldaş ol kim,

Zülmətdə zahir olmaz heyvanə abi-heyvan.

 

Burada Zülmətə dirilik suyu dalınca gedənə divin libasını soyunmaq gərəkliyi bildirilir, yoxsa o, istəyinə yetə bilməyəcək. Div – qaranlığın eyni, oxşarı, təsdiqidirsə, qaranlığı necə işıqlandıra, həqiqət ünvanınıdirilik suyunu necə tapa bilər? Əslində Nəsimi dirilik suyunu insanın içində, ruhsal imkanlarında axtarır, tapır. İnsanlara da bu həqiqəti deyir. Divlər (Şər) insanı özündən ayırmaq, bütünlüklə şərləşdirmək üçün daim çalışırlar. İnsana (Həqqə) yetmək çətin, insandan (Həqdən) ayrılmaq isə çox asandır.

 

Kirpiklərinlə qaşın olmuşdur ismi-əzəm,

Divdən qorxu, çün kim, pənahım odur.

 

Burada ilahi sifətə vurulan, onda həqiqətini tapan insanın artıq Div kimi nəhəng varlıqdan qorxmadığı vurğulanır. İslama görə, ismi-əzəm Allahın bütün zatını, sifətlərini özündə ehtiva edir. Allahın bu adınaismi-əzəm”, yəni ən böyük, ən əzəmətli ad deyilir. Bu adı söyləyən Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olunduğuna, qeyri-mümkün işləri etmək, möcüzələri törətmək mümkünlüyünə inam var. Nəsimi bu qüdrəti insanın özündə tapır. Burada insanın kirpiklərilə qaşı ismi -əzəmə oxşadılır.

Şeytan

Mifoloji düşüncədə şeytan obrazı haqqında C.Məmmədovun fikri maraqlıdır: “Şeytangözə görünməyən demonik varlıqlardandır, dinib-danışır, kimsəyə görünür. Bəzən İblis deyilən (hər iki ad ərəb mənşəlidir) bu ruh adamları həmişə natəmiz yerə sürüklər”.

 

Şeytandır ol ki, surətinə qılmadı sücud,

Şeytanə münkir olmuşam, inkarə düşmüşəm.

(Surətinə səcdə etməyən şeytandır, mən isə şeytanı inkar etmiş inkara düşmüşəm).

 

Burada İnsanın ilahiliyi (Allahlığı) yüksək bir dərəcədə vəsf olunur. Dinə görə Allahın yaratdığı Şeytan İnsana səcdə etmir. Nəsimi İnsanın hər an səcdəyə layiq olduğuna əmindir. Bu səbəbdən Şeytanı inkar edir, varlığını saymır.

 

Çıxıb minbərdə ey vaiz, yeyin kərm olma, əbsəm dur,

Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvayə.

Çün əscədü buyurdu adəm qatında həq gəl,

Həqqin xitabinə uy, qıl cəcdə, olma şeytan!

(Haq adəm haqqında buyurdu ki, səcdə edin, sayğı göstərin.

Sən şeytan olma, haqqın buyurduğuna uy, səcdə elə).

 

Hər iki beytdə Həqqin ünvanıİnsandır. Nəsiminin inamına görə, İnsana səcdə etməyən kafirdir. Aşağıdakı beytdə Zərdüştlüyün Şər Allahı obrazı olan Əhrimənlə rastlaşırıq. Ancaq mahiyyət birdir. Sadəcə, burada Əhrimən İslamdakı Şeytan obrazını əvəzləyib:

 

Həmdəm rəsmilən ola Cəbrayılü Əhrimən,

Munis tövr ilən ola tuti ilə qürab?

(Cəbrayılla şeytan necə həmdəm olur? Tuti ilə qarğa necə isinişər?

Al obrazı

C.Məmmədov yazır: “Al - Türk xalqlarının demonoloji təsəvvürlərində geniş yer tutan su, dağ, yer stixiyaları ilə bağlanan mifoloji varlıqdır”.

 

Al ilə ala gözlərin aldadı aldı könlümü,

Alını gör al edər, kimsə irişməz alinə.

Buradakı Al zahirən duyulmasa da, mənşəyini mifoloji düşüncədən alır: ala gözlər hiylə ilə aldadaraq aşiqin könlünü alıb; hiyləsinə bax, necə hiylələr işlədir, heç kəs onun hiyləsinə çata bilməz. Bu, adam xislətinə xas hiyləgərliyi aşiq məşuqunda gördükdə sarsılır, ancaq yaxşı aldatmaqdır, yaxşı hiyləgərlikdir. Ona görə ki, hardasa bu cür aldanmağı, aldadılıb eşq oduna yanmağı aşiqin özü istəyir. Göründüyü kimi, burada mifoloji obraz bədii priyom üçün gözəl bir imkan rolunu oynayır.

 

AbdalDərviş obrazı

AbdalTəsəvvüf ədəbiyyatında maddiyyatla bağlılıqdan qurtulan özünü Allah yolunda qurban edən sufi ya ərənlər haqqında işlədilib.

 

Abdal oluban bəylik edən arifi gör kim,

Bu səltənətin qədrini sultan bilir ancaq.

Burada abdallıq-dərvişlik ənənəsinə sadiqliyin gərəkliyindən danışılır.

 

Buraq obrazı

 

Burada Nəsimi ruhunun Buraqla meraca çıxdığından danışır. Ağılda, düşüncədə həqiqətə yetən Nəsimi üçün Buraq obrazı tamamilə uyğundur. Həqiqət ünvanıiçidir, ona yetib.

 

Meracə çıxdı ruhi-Nəsimi Buraq ilən,

Şol laşədən faidə kim, la-zəlul ola?

(Nəsiminin ruhu Buraq ilə göylərə çıxdı, O ət yığınından fayda ki, ram olmaya?)

 

ƏnqaSimurq

Ənqa - Şərq xalqlarının, ümumən mifoloji düşüncəsində ismi olub cismi olmayan böyük bir quşdur” (C.Məmmədov). Burada da Nəsiminin yüksək bədiyyatla aşiqlik halını ifadə etməsi mənasızlıq təəssüratı yaratmır. Ona görə ki, əfsanəvi obraz gerçək bənzərsiz aşiq Nəsiminin şəxsində - onunla eyniləşdiyinə görə sanki yenidən dirilir, əsil qiymətini alır:

 

Eşq ilə hər dəm , Nəsimi, seyr edərsən Kuhi-Qaf,

Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.

 

Elçin Qaliboğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 13 iyun.- S.14.