Özbəkistan mətbuatında ermənilərin mədəni irsimizə qarşı təcavüzü haqqında məqalə

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir AbbasovunÂå÷åðíûé Òîøêåíò” qəzeti, orol.uz və digər portallarda özbək və rus dillərində “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı məqaləsi yerləşdirilib. Materialda Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikəri haqqında məlumat verilir. Bildirilir ki, erməni qoşunları türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri dağıdır, habelə bu abidələri saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər.

Qeyd olunur ki, erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, tanınmış şairə Xan qızı Natəvanın heykəllərini güllələyib, sonra onları qənimət kimi İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra Bakıya gətirilib. Müəllif erməni vandallarının bu hərəkətini İŞİD terrorçu qruplaşmasının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Vurğulayır ki, bu vandallıq bu gün dünyaya özünü humanistdemokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl simasını və barbar xislətini bir daha göstərir.

Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidəni, 22 muzeyi, digər mədəniyyət ocaqlarını məhv etdiyini və tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, UNESCO-nunÜmumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu bəyan edir.

 

O, Prezident İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən Sammitində səsləndirdiyi bəyanatını xatırladır: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarında məcburi köçkünə çevrilməsi, Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək yerinə yetirilmədiyi vurğulanıb.

 

Xalq Cəbhəsi.- 2020.- 18 iyun.- S.16.