“Münaqişənin yeganə həll yolu...”
İlyas Hüseynov:
“Azərbaycanın ərazi bütövlüyünün
bərpasıdır”
“Ermənistanın işğalçılıq siyasəti yürürtməsi və qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda nəticə əldə etmək mümkün olmayıb. Bu səbəbdən də danışıqlar prosesi nəticəsiz qalır”. Bu fikirləri “Xalq cəbhəsi”nə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. O, “bildiyiniz kimi, 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev olduqca vacib məqamlara toxunub. Cənab Prezident öz çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə həsr etdi” – deyə əlavə edib. Politoloqun sözlərinə görə, cəbhə bölgəsinə yaxın ərazidə yerləşən Tərtər rayonunda Prezident İlham Əliyev tərəfindən səslənən fikirlər Ermənistanın işğal siyasətini ifşa edir. Prezident öz çıxışında Sərsəng su anbarı ilə bağlı vəziyyətə də toxunub. Xüsusilə qeyd etmək lazımdır ki, Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan (keçmiş Ağdərə rayonu) ərazisində qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. kub metr olan digər su anbarları da qalıb.
Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurub. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün qəzalı vəziyyətdədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır”.
Politoloq əlavə edib ki, digər tərəfdən hazırda Dağlıq Qarabağda xunta rejimi hökm sürür: “Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, daxili auditoriya üçün hesablanıb və təlxəklər tamaşasına bənzəyir. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Dünyada aparıcı mövqeyə malik olan Avropa İttifaqı bəyan edib ki, bu seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıblar. Burada yalnız bir təşkilat fərqli mövqe nümayiş etdirib - Avropa Şurası. Avropa Şurası bu məsələdə susmağa üstünlük verdi. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Buna görə də, Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini də çıxarmadı. Avropa Şurasının bu qərəzli mövqeyini anlamaq çətindir. Prezident İlham Əliyev Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin bir kağız parçasından artıq olmadığını bildirəndə, bu qərəzli münasibəti nəzərdə tuturdu”.
İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan ictimaiyyətinə məlumdur ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və ölkəmizə qarşı ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya dayanır. Bu mövqenin sərgilənməsi də anlaşılan deyil. Bu gün dünyanın müxtəlif bölgələrində insan hüquq və azadlıqları pozulur, polis insanlara qarşı şiddət tətbiq edir. Lakin Avropa Şurasında bu hallarla bağlı hər hansısa addımların atılmasını müşahidə etmirik. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi və s. neqativ hallar Qərb ölkələrində baş verir. Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Güclü dövlətlərdən çəkinən və qorxan Avropa Şurası reallıqları ört-basdır etməklə məşğuldur. Ona görə bu qurumun riyakar mahiyyəti artıq heç kim üçün sirr deyil. Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Görünür, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.
Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. Bu, Azərbaycan diplomatiyasının uzun illər ərzində həyata keçirdiyi fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.
Bu gün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti və ədaləti əks etdirir. Dövlətimizin səyləri nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.
Nüfuzlu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, Azərbaycanın mövqeyini bir qədər də gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir. Ermənistanın mövqeyi haqqında isə eyni fikirləri söyləmək mümkün deyil. Azərbaycan iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüdür və bunu döyüş meydanında nümayiş etdirib. Ermənistanın təxribatlarına qarşı cavab verən Azərbaycan hərbçiləri onları yerinə oturtmaqda davam edirlər. Uğurlu hərbi əməliyyatlar nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının bir hissəsi işğaldan azad edilib”.
O əlavə edib ki, Ermənistanda dövlət səviyyəsində faşizm siyasəti həyata keçirilir, dinc əhaliyə qarşı müharibə aparılır: “Bu isə yolverilməzdir. Ermənistanın dinc əhaliyə qarşı güc tətbiq etməsi faktları yüzlərlədir. Ermənistan tərəfi bu hərəkətləri ilə cəbhə xəttinə yaxın ərazilərdə məskunlaşan dinc əhalidə qorxu yaratmağa çalışır. Lakin aprel döyüşlərində Ermənistan tərəfi bir daha gördü ki, Azərbaycan xalqı böyük xalqdır. Bütün təhlükələrə baxmayaraq, yerli əhali öz torpağında möhkəm dayandı, öz ordusunun gücünə güvəndi. Aprel döyüşləri mənfur qonşumuza gözəl dərs oldu. Bndan sonra 2018-ci ildə Naxçıvan əməliyyatında minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi və işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdik. Azərbaycan Ordusu burada da öz gücünü göstərmiş oldu.
Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var.
Xüsusilə vurğulamaq lazımdır ki, indiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Bunu müəyyən etmək üçün XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Digər tərəfdən, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Keçmiş SSRİ dönəmində, daha dəqiq desək 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. Bu abidə onu göstərir ki, ermənilər buraya 1828-ci ildə gəliblər. Lakin müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları hələ də qalıb. Ermənilər Azərbaycan torpaqlarına Şərqi Anadoludan və İrandan köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmış və sonralar daha geniş vüsət alıb.
Bu münaqişənin yeganə həll yolu ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Münaqişənin başqa həll variantı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin.
Cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən önəmli tezislər münaqişənin həll olunmasının ideoloji konsepsiyasını müəyyən edir “Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq” və “Qarabağ Azərbaycandır!” şüarı böyük qələbəni şərtləndirən əsas amilə çevrilməkdədir”.
Əli Zülfüqaroğlu
Respublika.- 2020.- 18 iyun.- S.9.