Huşəng  Cəfəri yaradıcılığında milli düşüncənin poetik inikası

 

2-ci yazı

 

Ustad Şəhriyarın davamçılarından olduğunu qürur duyğusu ilə etiraf edən üsyankar şair bu əsərdə elini, dilini, türklüyünü dananlara sərt və açıq cavab verir, tarixi həqiqətləri sillə kimi üzlərinə vurur və onun təqdimatında Azərbaycan türkünün milli kimlik kartı bir daha açılır, tarixi şəxsiyyətlərimizə, xalq qəhrəmanlarımıza, korifey sənətkarlarımıza ehtiram duyğusu sərgilənir... Və Huşəngin şeiriyyətindəki lirizm, metaforik ladlar, fikrin sadə və aydın türkcədə izharı, xalqın yaratdığı zəngin ədəbiyyat və mədəniyyətdən dolayı duyduğu iftixar, qürur hissləri də nəzərdən qaçmır. Onun “Savalan” və “Ağ atım” poemalarını yazmasını, əslində, unudulan bir tarixin, yaddaşlarda yaşayan inancların, türkün minillər boyu formalaşan dünyagörüşünün bərpası üçün atılan mühüm addımlardan biri də saymaq olar. “Savalan” mənzuməsində uzun illərdən, əsrlərdən bəri öz sözünü demiş Azərbaycan elmi, fəlsəfəsi və ədəbiyyatı qarşısında təkcə İranın deyil, bütün dünyanın baş əyməli olduğundan fəxarət hissilə söz açan Huşəng Cəfəri deyir:

 

Yazmışam Eyvaza gəlsin,

Güc alax qoy dəlilərdən,

Bac alag əcnəbilərdən

O ki bilmir Nəbi kimdir?

Qoyun Azər elini məsqərə sansın,

Bir ömürdür ki, Fuzulini, Nəsimini danır, indi də dansın,

Şəhriyar tək sən ucalt başıvı, qoy ərşə dayansın.

Qoy baxar kor tər içində cumuban ölsün, utansın,

O ki axsaxdı yubansın...

O ki türkün dilin əsgiltməyə təsvirə salıbdır,

O ki türkün balasın indi də aşğalçı sanıbdır.

O tüfalə bilirəm fikrini tağutdan alıbdı,

O rejimdəndi qalıbdır.

Yoxsa türkün balasından çıxıb əllameyi dövran

Ona dünya baş əyir fəlsəfədə, bircə nə İran?

Qoy deyim Şəhryarımdan:

Nisgil o çərçiyə qalsın ki cəvahir nədi qanmır,

Fikri aldatmadadır xalqı elin halinə yanmır,

Ərimir, ölmür, utanmır...

 

Türk dilini əskiltmək amacında olanları-təsvirə salanları, türkün balalarını bu gün də aşğalçı-zibilyığan, ən aşağı təbəqə sananları Huşəng Cəfəri obyektiv tənqidi baxışla qınayır və “Gerçək şair öz eşqi, öz mutluluğu və acılarıyla uğraşmaz. Gerçək şairin şeirlərində xalqının nəbzi vurmalıdır (Nazim Hikmət)” prinsipi ilə yazıb-yaradır.

***

“At muraddır” atalar sözünü və ustad Şəhriyarın “Dağ Tanrıya yaxındır” kəlamını “Ağ atım” poemasına preambula seçən Huşəng Cəfəri "Səhəndiyyə" üslubunda yazdığı bu əsərdə də ənənəyə sadiqlik tendensiyası nümayiş etdirir. Atın tarixən Azərbaycan xalqının, türkün həyatında nə qədər böyük əhəmiyyət daşıdığını, igidlərin ən yaxın dostu, vəfadarı, döyüş meydanlarında köməyi olduğunu bir daha vurğulamaqla türkün həyatının atsız təsəvvür edilmədiyini, ömrünün bir parçasına çevrildiyini diqqətə çatdırır. Vətənsevər şair xalqının azadlığa yetməsi üçün Ağ atın şiyhə çəkib yatmışları oyatmasını, Koroğlu, Qaçaq Nəbi kimi igidlərin atlanıb meydanlara gəlməsini, soydaşlarının murada yetməsinə əngəl törədən keçəl Həmzələri qanına boyayıb qisas almaq, boyunduruqdan qurtulmaq üçün özlərini yetirməsini diləyir. Vurğulayır ki, əgər qəmli Kərəm istəyirsə ki, Əslisi gəlsin, gərək Ağ atın əfsanəvi qanadlarında zühur eləsin, dağlara vəlvələ, qülqülə salsın, düşmənin sinəsinə çöküb boğazını üzsün, nəslini kəssin... Axı bütün bəşəriyyət haqq etdiyi azadlığına yetmək üçün qanlı döyüş meydanında mübarizə apararaq bu şirin neməti əldə etdiyi halda, bəs onun xalqı niyə qəflət yuxusundan oyanıb buxovlardan qurtula bilməsin? - sualı varlığını qarsan Huşəng Cəfəri Ağ atların Güney xalqının da yolunu aydınlığa sarı istiqamətləndirəcəyinə əminiklə yazır:

 

Ağ atım, at qədəmin dərya, dayazdı.

Dəryanı keçsən əgər şəhri-niyazdı.

Orda hər qan ki, töküldü yerə, azadlığı yazdı.

Bəşər azadlığa bazdı!

Ağ atım, at qədəm,

Aydınlığa sarı!

***

Türkcəni tarix boyu heç bir alçaqlıqlara, çirkinliklərə baş əyməyən, öz vüqarını sındırmayan və tərtəmiz, saf qalan uca dağa bənzədən Əli Məhəmməd Biyani Huşəngin “Ağ atım” mənzuməsini ana dilinin - Azərbaycan türkcəsinin şəninə qələmə almasından mənəvi təskinlik taparaq yazır ki, “Bu camuş (xam) dil mədihə yazan üçün minik verməyib, ona görə saraylardan və səltənət dərgahlarından təbid edilibdir. Sürgün düşüb və dəlicəsinə xalq arasında, ellər arasında, təbii yaşayıb, təbii ömür sürübdür. Indisə bir bizik, bir ana dilimiz və bir də dünya boyda nisgilimiz. İllər boyu məddahlıq etməyib dilimiz, indisə özümüz sözə məddah düşmüşük. Nə yaxşı, həsrətini bilmədən hər səhər-axşam onu əzizləyib telini tumarlayırıq. Qoysalar saçını ətirləyəcəyik də, yerdən göydən yağan dərdlərinə qalxan olacayıq da. İndi bu siz, bu da ana dilimizin şanında yazıya alınmış “Ağ atım...”

 

Ağ atım-qorxma xətərdən!

Ağ atım qol, qanadım.

Şiyhə cək, qoy səsivə

Bəlkə yatanlar da oyansın.

Yatmağın vaxtı deyil, dursun utansın.

Yatanın ömrü talansın.

Taza nalın var atım.

Çal bu dağın sinəsinə qoy paralansın.

Çal dağın sinəsi batsın, paralansın.

Daşı daşdan, aralansın.

“Ağ atım” poemasını Güney Azərbaycanda, eləcə də Zəncanda növbəti milli dirçəliş-oyanış hərəkatı dövründə, xalqın yenidən milli özünüdərk havasını yaşamağa başladığı zamanda yazır. Gözləyir ki, atın belində xilaskar, belində zühur edən qəhrəmanın amacı, missiyası da qurtarmaq, xilas etmək olar… Qızlar yuxularında atlı oğlan görərlər. Adətən həmin atla həsrətlə gözlədikləri prins- onların sevgilisi, qara atın belində isə düşmənlər gələr...

***

Huşəng Cəfərinin novator, modern şair kimi uğur qazanmasında modern şeir yaradıcılığı sahəsində möhürünü vurmuş Həmidə Rəiszadə Səhərin təsiri böyük olub... Səhərin Güney ədəbiyyatına gətirdiyi yeni şeiri cahanşümul etdiyini düşünən... Huşəng qəzəllər də yazır. Bir qəzəlində sanki Səhər xanıma müraciət edərək ondan şeiri faydalandırmağı xahiş edir:

 

Gülüm nə vaxt gəlirsən, gülləri utandırasan,

Məni təsəddüx edib başuva dolandırasan,

Çıxım-çıxımdadır can, can genişlik aləmidir,

Gözüm yolunda qalıb, qorxuram yubandırasan.

Çiçəklənər, gül açar sən gələndə şanlı çəmən,

O laləli çəmənə ətrini calandırasan.

Əzəldən bəlalı başı bir alam dizim üstə,

Sora zəmanəni bir qıy baxıb dayandırasan.

Səba gəlişini muştuluq veribdi mənə,

Deyirdi sən gəlirsən, şeiri faydalandırasan,

O qədər gözləmişəm gözlərim də göz-gözədir,

Gözləyirəm gələsən, qəmləri talandırasan...

Huşəng Cəfəri şeirin-qəzəlin mətlə beytində adını yazmır. Son beytdə adının getməsinə ehtiyac duymur, düşünür ki, şeirlərini oxuyan oxucu hər bir beytin onun ürəyindən süzüldüyünü anlayır... Deyir ki, bəlkə gələcəkdə ondan daha güclü şairlər yetişər və həmin qəzəlləri də onlar tamamlayar...

“Açın aqqışqaları” şeiri “Vay, yasaq dilli elim, vay!” misrası ilə bitir. Rəssam-şair burada da əksər Güney şairlərinin toxunduğu taleyüklü məsələni bir daha mövzu seçir və ölkəsində ana dilinin-Türkçənin yasaq olduğunu, bu mənzərəni rəsmdə yaratmaq və durumu anlatmak istədiyini, ancaq bunun da mümkün olmadığını

“Neyləyim dilsiz bir baş çəkəmmirəm!

Sinəmdə ürək var, daş çəkəmmirəm!”

- misralarında bəyan edir. Yasaqdilli şairin fəryadı sanki eşidilir kimi… Əsərlərində bəzən sözlə deyə bilmədiklərini rənglərin vasitəsilə oxucusuna çatdıran Cəfəri yanıb-yaxılır ki, əhalisinin çoxu türklərdən ibarət olan bir ölkədə bu qövmün bütün haqları pozulur, o dərəcədə ki, azlıqda olan xalqlara verilən haqq və hüquqlardan belə faydalana bilmir…

Tikili bir ağız çəkəcəm buma

Bir dərin baxış ki, fikirə cuma,

Yolluyam şəkilin “Tehran”a, “Qum”a,

Bir elin yoxluğun varda çəkəcəm…

 

Güney Azərbaycanda milli haqqlar, milli kimlik, dövlətçilik uğrunda mücadilə bu gün də bütün gücülə davam etməkdədir. Güney xalqının çağdaş dövrün milli şairi kimi tanıyıb qəbul etdiyi Huşəng Cəfəri milli ruhda yazdığı şerləri ilə daim elin-ulusun milli özünüdərk prosesini, milli düşüncə və ruhunu gücləndirməkdədir. Bu güc, qüvvət onun milli ruhlu şeirlərinin hər bir misrasından soydaşlarının qanına, canına hopmaqdadır. “Yaratdım” şeirində olduğu kimi... Bədii sözün təsir gücünə əmin olan şair qətiyyətlə etiraf edir ki, mən məhz həmin gücün əlilə Babəkin kəskin qılıncını itilədim, qarşıda olan əngəlləri aşdım, Anam Tomrislərə meydan verdim və bütün dünya türkləri üçün bir Turan eli yaratdım:

Gah oldum Qoç Koroğlu, gah Bayandır

Anam Tomrislərə meydan yaratdım

Uca dağlar başında qəl’ə saldım

Yeni Babəklərə imkan yaratdım.

Dağıldım parçalanmış Türk elində

Haray çəkdim sizə üsyan yaratdım

İtiltdim Babəkin kəskin qılıncın

Və başdan Türklərə Turan yaratdım.

 

Azərbaycan poeziyasında Q.Zakir, M.P.Vaqif, M.V.Vidadidən üzübəri durnalara müraciət etmək, göyün üzündə qatar-qatar qanad çalan durnaların azadlığına həsəd hissinin diqtəsilə duyğularını ifadə etmək sanki bir ənənəyə çevrilmişdir. Əlbəttə, azadlığından, milli haqq və hüquqlarından məhrum Güney şairləri, “məhkum insanlar” durnaların azad, sərbəst uçuşlarından istifadə edərək cəsarətlə yaşadıqları mühitin, cəmiyyətin real mənzərəsini cızırlar. H.Cəfəri də ədəbi manevr edir, poetik məntiqi durnaların üzərinə yönəldir, onu düşündürən mətləbləri misraların alt qatında gizləyir. “Bu tayda suları bulandırdılar, Haqqı al qanına boyandırdılar” beytində olduğu kimi:

 

Burdakı durnalar susub danışmır,

Durna var durnaya yanıb alışmır.

Durna var satqındır bizə qarışmır,

Qayıdın, durnalar, qayıdın burdan.

Açın aqışqaları!

 

Huşəng Cəfərinin əsərləri bu gün hər bir Azərbaycan türkünün haqq bağıran səsidir. Onun şeirləri oxucunu soy-kökünə, milli kimliyinə qaytarır, özünü, zəngin tarixini, mədəniyyətini tanımağa çağırır, haqq uğrunda mübarizə aparmağa yönləndirir. Oxucularının zövqünü zərgər dəqiqliyi ilə müəyyənləşdirən şairin onlara münasibəti saf və ləkəsiz ədəbi müstəvi üzərində öz parlaq əksini tapır.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 23 iyun.- S.14.