Huşəng
Cəfəri yaradıcılığında milli düşüncənin poetik
inikası
1-ci yazı
Güney Azərbaycanda Ana dilinin - Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafını da ləngiməsinə gətirib çıxarıb. Lakin Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın milli haqq və hüquqlarının tamamilə əlindən alınmasının əsas səbəbləri hakim rejimin və onun tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Bu siyasət nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı... Buna görə də dövrün qələm sahiblərinin qarşısında duran ən mühüm məsələ Türk dili və Türk kimliyini sıxışdırıldığı köşədən aydınlığa, geniş meydanlara çıxarmaq, yaşam hüququ qazandırmaq idi.
Türk dili və Türk kimliyinə yaşam hüququ qazandırmaq uğrunda mübarizə aparanlardan biri də çağdaş Güney Azərbaycanın ünlü şairi və rəssamı kimi tanınan Huşəng Cəfəridir. Huşəng 1958-ci ildə Zəncanın Qalacıq kəndində doğulub. Uşaqlıq çağlarından şeir yazmağa, maraqlı rəsmlər çəkməyə başlayıb. Şəxsi mütaliə yolu ilə və Zəncan ədəbi mühitindən mənimsədiyi bilgilər əsasında şeirlərini getdikcə təkmilləşdirib, rəssamlığın sirlərini isə ustad sənətkar Rəhim Nəvəsindən öyrənib. Peşəkar rəssam kimi yetişən Huşəng Cəfəri İranın Tehran, Zəncan və b. şəhərlərində çəkdiyi rəsm əsərlərindən ibarət sərgilər açıb. 1990-cı ildə Zəncanın Tarım qəsəbəsində baş verən təbii fəlakətin - zəlzələnin yaratdığı dəhşətli durumu şeirləşdirən şairin bu şeiri böyük əks-səda doğurur və adını bütün ölkəyə tanıtdırır. Bu şöhrətin zövqünü yaşamayan, sevincini ürəyincə dadmayan şairin qəlbini yeni bir fəlakət dalğası daha dərindən yaralayır. Onun gözəl, ədəbli-ərkanlı ailəsi vardı. Üç qız, bir oğul atası idi. Lakin taleyin amansız gərdişi onu fəlakətlə üz-üzə qoyur və avtomobil qəzasında yeganə oğlunu və ömür-gün yoldaşını itirir. Halbuki qızlarından biri şair, digər ikisi rəssam və miniatürçü, oğlu isə qrim rəssamı kimi bir növ onun sənət yolunu davam etdirirdilər. Bu üzücü hadisədən sonra qəlbinə hüzn, kədər çökmüş şairin yeganə təsəllisi şeir yazmaq, sözün sehrli gücü ilə sınıq könlünü ovutmaq olur. Eyni zamanda rəssamlıq və xəttatlıq işindən də əl çəkmir.
***
Orta və ali təhsilini tamamladıqdan sonra bir müddət Zəncan valiliyinin baş müavinlərindən biri olaraq fəaliyyət göstərən H.Cəfəri ”Hacılar” və “Bəla vursun belə fərmandara” şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılır. Yalnız üç ildən sonra yenidən dövlət qurumunda xidmət göstərmək üçün çağırılır və ona sadəcə makinaçı kimi işləmək səlahiyyəti verilir.
Vətəninin və xalqının problemlərini, dərd və ağrılarını düşünən, əsərlərində bu dərdləri qələmə alan vətəndaş şair Güney Azərbaycan xalqının milli şairi satatusunu qazanmışdır. Milli ruhda yazdığı şeirləri ilə çağdaş Güney poeziyasını zənginləşdirməkdə və elin-ulusun milli özünüdərk prosesini, milli ruhunu gücləndirməkdədir... Əsasən milli ruhlu şeir və poemaları toplanmış “Ağ Atım” və “Günəş” adlı kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin üçüncü kitabı olan “Qanlı Çiçəklər” isə Zəncandakı “Nikan Kitab” Yayın evində bu günlərdə işıq üzü görüb.
Elinin təəssübkeş övladı olan Huşəng Cəfəri doğma yurdla bağlı heç bir problemi gözardı etmir, Zəncan adının yenidən bütün Azərbaycana çevrilməsinə dair tezislər hazırlayaraq bu adın yenidən Zəncana verilməsinin vacibliyini faktlarla əsaslandırır. Şairin fikrincə, Zəncanın adı Qızıl Azərbaycan olmalıdır. Çünki oradan Qızıl Üzən kimi bol sulu, iti axan çay keçir və qızıl, gümüş, mis və s. kimi qiymətli əlvan metalların mədənlərinin olduğu Qızıl keçi dağı, Qızıl qaya, Qızıl qəmiş, Qızıl təpə kimi tarixi məkanlar da məhz bu ostanın ərazisindədir.
***
Xalqının sevincini sevinci, kədərini kədəri kimi qəbul edib bu duyğularla yaşayan şairi bəzi soydaşlarının milli dərdlərimizə laqeyd yanaşması, qədim oğuz yurdunun təəssübünü çəkməməsi narahat edir. Bu narahatlığının, gecə-gündüz dərd əlindən fəryad etməsinin, gözlərindən qanlı yaşlar axıtmasının fərqinə varmayanları qınaq hədəfinə çevirir, həyəcan təbili çalır. Güney xalqının üzləşdiyi milli problemləri dərk etməməsini, bir sıra soydaşlarının bu qutsal iş uğrunda mübarizəyə qoşulmamasını onların qəflət yuxusuna getməsi kimi mənalandırır:
Gecə ta subh açılıncax mələdim, bilmədiniz heç,
Ürəyin qanını gözdən ələdim, bilmədiniz heç,
Gün çıxan vaxtda yığışdız bir ağac kölgəsinə,
Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,
Oyanan olmadı kimsə o ağac şiyhəsinə,
Nə yuxu, ləş-ləşin üstə kələdim, bilmədiniz heç,
Qollarızdan yapışıb silkələdim, bilmədiniz heç.
Türkiyədə yazıb-yaradan Azərbaycan sevdalısı Ali Kafkasiyalı Huşəng Cəfərini gerçək milli şair zirvəsində görür, onun ali mövqeyini alqışlayır və əsl xoşbəxtlik kimi qiymətləndirir: “Xalq şairi olmaq, hələ milli şair olmaq, xalq adına, millət adına söz söyləmək, çox çətin olduğu qədər hər şairə nəsib olan məziyyət də deyildir. Çox az şair xalqının gözyaşının və gülüşünün tərcümanı ola bilmişdir. İran Türklüyünün gözcülüyünü ve sözcülüyünü yapan Huşəng Cəfəri bu baxımdan taleli şairlərdən biridir. Çünkü o, mənsub olduğu İran Türk xalqının haqqını, hüququnu, arzusunu, başına gələnləri, ümid və gözləntilərini qələmə alan və yüksək səslə səsləndirən milli şairi ola bilib”.
Bu gün Huşəng Cəfəri ana dilinin, Güney Azərbaycan xalqının təbii ünsiyyət vasitəsi olan türkcənin ən cəsarətli qoruyucularından və təbliğatçılarındandır. Vətəndaş şair dərindən dərk edir ki, ana dili milli yaddaşın, milli duyğu və düşüncələrin, xalqın tarixi keçmişinin, bütün maddi və mənəvi dəyərlərin ən etibarlı mühafizi, “müştərək xəzinəsidir. Fərdləri bir-birinə bağlayan birinci bağ dildir. Kültür ünsürləri içərisində ən milli ünsür dildir.”
***
Xalqın varlığının, dünya xalqları arasında yer almasının ən güclü ünsürlərindən biri məhz onun keçmişini gələcəyinə bağlayan, özəlliklərini, yaşayışını, adət-ənənə, dünyaduyumu, yaşam fəlsəfəsi, inancları, elm və sənət görüşlərini içinə alan dilidir. Şair Huşəng Cəfəri dilin insanın ruhunun ifadəsi, xalqın mənəvi dəyərlərinin ən önəmlisi olduğunu milləti “özellikli kılan asli unsurların başında geldiğini, milletin millî hafızası ve geçmişini geleceğe taşıyan millî hazinesi olduğunu iyi bilir.” Onu da bilir ki, hər bir xalq və o xalqın sənətkarları da gərək öz ana dilini qorusun və inkişaf etdirsin. Güney xalqının ana dilinin yasaqlanması, buxovlanması onun ən dözülməz milli dərdlərindən biridir:
Bir seli çəkəcəm
sara boynunda
Bir eli yardımsız,
yara boynunda
Bir dili asılı çara qoynunda
Bir dili dilçəksiz, darda çəkəcəm!
Həm
“Şəkil”, həm
də digər şeirlərindən onun
“Sara selə əzəmət
verdi, bakirə
bir qızın namusunu qorudu və Saranın ismətinin qurtuluşu dağıdıcı seli
belə əzəmətli
etdi. Qışqıran
bir mən idim, bir də
mənim duyğularım!..” - fəryadları
eşidilir...
Son dönəmlərdə Güney xalqının görən gözü, eşidən qulağı
və danışan dili, milli dərd
və problemlərinin
tərcümanı olmağı
bacaran Huşəng Cəfərinin və əksər Güney yazarlarının əsərlərində
Urmu gölü hadisələrinin güclü
əks-sədası duyulmaqdadır. Urmu gölünün
sürətlə quruması,
bu quruma nəticəsində Azərbaycan
türklərinin daha sıx yaşadığı
Urmu şəhərini
və ətraf bölgələri gözləyən
duzlaşma-duz fırtınası
İİR dövlət rəsmilərinin
o qədər də ciddiyə almadığı
gerçək bir milli problemdir.
Hüşəng Cəfərinin Urmuya
həsr etdiyi şeirdə Güney fəallarının gölün
qurudulmasına qarşı
keçirdikləri aksiyada
səsləndirdikləri “Gəlin
gedək ağlayaq, Urmu gölün dolduraq!” şüarının
bədii-poetik əksi
ilə bərabər,
dünyanın bu qlobal problemə laqeydliyi, Güney Azərbaycan türklərinin
də Ermənistanın
amansız hücumlarının,
soyğunçuluq və
işğalçılıq planının məngənəsində
can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalmasından dolayı şairin qəlb ağrıları
da təsirli bədii ifadəsini tapır. Hansı tərəfdən baxırsa, Vətənini dustaqlıqda, dərd içində görən
Huşəng Cəfərinin
həssas ürəyi
sıxılır, quruyan
Urmu gölünü hətta göz yaşları ilə doldurmaq istəyində bulunur. Eyni zamanda qeyrətli oğlu bu iş
üçün də
məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni, bu birlik
olmazsa, yeniləcəyini
anlayır və anladır:
Urmu gölü kimi yalqızam, yalqız...
Gedirəm zülmətin kökün
yolduram.
O qədər ağlıyam
Urmu gölündə
Göz yaşımla Urmu gölün dolduram...
***
Milli vətənpərvərlik
ruhunda yazdığı
şerləri ilə daim elin-ulusun milli özünüdərk
prosesini, milli ruhunu gücləndirən,
milli şair kimi sevilən və “Türk olmaq, Türklüyə sahiblənməkdir, Azərbaycan
Oğuzlar yurdu, Türk cumhuriyyətidir. Millətimiz Oğuz
türkü, elimiz Oğuz, dilimiz Oğuz türkcəsi, oğuzluğumuz özümlüyümüzdür,
milli ruh, milli gücdür” - prinsipilə qələmə
sarılan Huşəng
Cəfəri hətta
Bütöv Azərbaycanla
bağlı arzularını
da dilə gətirməkdən çəkinmir.
Şeirlərindən birini
xalqın danışıq
dilindən aldığı
ifadə ilə - “Arzu gülüm güllənəcək!” adlandıran
şairin başlıq
yerində işlətdiyi
frazioloji birləşmə
sonrakı yardımçı,
həm də məlum fikirlərin sərgilənməsinə xidmət
edən uğurlu bir poetik tapıntı,
açardır:
Arzu gülüm güllənəcək,
Bir sel olub sellənəcək,
Uca səslə dillənəcək,
Azərbaycan iki deyil,
Bir ürəkdir bir bədəndə,
Qalsa da qan sahilində,
Olmayacaq farsa bəndə.
Gəl birləşək sən də, mən də,
Canımızı edək qurban,
Dərdimizə edək dərman.
Cismimizdən çıxanda can,
Dodağımız belə desin:
Azərbaycan, Azərbaycan!
Huşəng Cəfərinin əksər
şeirlərində azad,
xoşbəxt gələcəyə
inam duyğurarı şahə qalxır və milli ruha,
soykökə bağlılıqla
eyni zamanda ənənəviliklə modernist düşüncənin qovuşuğunu
yaratmaq çabaları
da daim izlənir. Şairin
ustad Şəhriyarın
“Səhəndiyyə//Səhəndim”
poeması üslubunda
yazdığı “Savalan”
poemasını milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə
sevgi mövzusunun öxünəməxsus tərzdə
təqdimatı saymaq olar. Onun “Günəş” kıtabında yer almış “Savalan” poemasının yazılmasına
səbəb yenə də əhalisinin əksəriyyətinin Azərbaycan
türklərindən ibarət
olmasına rəğmən,
İranın dövlət
TV kanallarından birində
yayımlanan filmdə
Azərbaycan türkünün
məsxərəyə qoyulub
təhqir edilməsi olub. Digər yazar soydaşlarının
səsinə səs verən Huşəng Cəfəri həmin olaya etirazını bu poemanı yazmaqla bildirdi...
Esmira Fuad
Filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2020.- 20 iyun.-
S.14.