Zəncirlənmiş sevda...
Məlumdur ki, çağdaş dövrümüzdə də cəmiyyətlərdə sosial qütbləşmə gedir. Bu, ayrı-ayrı ölkələrdəki mövcud totalitar şəraitin doğurduğu nəticədir. İctimai mühit və insan həyatı ilə eyniləşən didaktik parametrlər hər bir ölkədə olduğu kimi, Güneydə yaşayan və təfəkkürünün bütün gücü ilə yazıb-yaradan şairlərin də yaradıcılığında geniş tədqiq edilir. Əlbəttə, bu, ədəbiyyatda hər hansı bir mövzunun həyatiliyinin, gerçəkliyin inikasının poetik əks olunmasına gətirib çıxarır. Gerçəkliklər isə insanda həyati vacib məqsədlərə çatmaq zərurəti yaradır. Məhz bu baxımdan Güney şairlərinin şeir və poema yaradıcılığında spesifik cəhətlər təfəkkürdə formalaşmış yeni mütərəqqi ideyalar üçün bir istiqamət kimi qarşımızda açılır. Bu istiqamətin yaradıcılarından biri də böyük vətənpərvər, Güney tarixinin fədakar araşdırıcısı, prof. Məhəmmədtağı Zehtabidir. Güney Azərbaycan tarixinin bilicisi, şair və ədəbiyyatşünas olaraq tanınan prof. Məhəmmədtağı Zehtabinin çoxşaxəli yaradıcılığında “Şahin zəncirdə” poeması mühüm yer tutur.
Şair Araz Əhmədoğlu “Zəncirləri qırmış şahinimiz” adlı məqaləsində M.T.Zehtabinin “Şahin Zəncirdə” poemasına ehtiva etdiyi məzmun mündəricəsinə, ideyalılığına görə yüksək dəyər verir, əsərin özəlliklərini göstərir. A.Əhmədoğlu xalqın yüz illər boyu yaşadığı, tanıdığı, mənimsədiyi dəyərlərin yer aldığı “Heydərbabaya salam” poemasının və onun kimi digər əsərlərin geniş yayılmasının nədənlərini müraciət obyektlərinin, materialların özəlliyində, “Şahin Zəncirdə”nin və ona bənzər başqa əsərlərin yetərincə populyar olmamasının səbəbini isə onların “kütləyə yad olan, hətta kütlənin qorxub çəkindiyi materialları” əks etməsində görür. O, M.T.Zehtabinin Güney yazarlarının əksəriyyətindən fərqli olaraq Kommunizm ideologiyasının əsl üzünü gördüyünü və poemada “Al pərdə” ifadəsi ilə rejimin sözü ilə əməlinin üst-üstə düşmədiyini, aldadıcı mahiyyətini açdığını da vurğulayır: “O üzdən belə qoşuqlar sevilsə də gizlicə sevilir, yəni qoşuğu sevən kimsə sevdiyini öz ürəyində saxlayıb ört-basır etməyə çalışır. Şair onun cavabını dərin məntiqlə verir və bu tartışma poemanın təməl anlamıdır. ...“Al pərdə” deyiminin leksik anlamı qırmızı pərdədir. Qırmızı pərdə özü keçmiş SSRİ-nin bayrağı olmaqla kommunist dünyasının göstərgəsi, Qızıl Ordu isə bu dünyanın qəddar gücü idi. “Al” sözünün dilimizdə başqa anlamı da “aldatmaq”dır. Şair bu ifadə ilə kommunizm fəlsəfəsi ilə qurulmuş kommunizm dünyasının nə qədər aldadıcı və saxta olduğunu böyük ustalıqla açıqlayır:
Al pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi
olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
Hakim kəsilibmiş
buraya sanki əzəldən
Zülmətlə
sükunət”
Ş.T.Zehtabi poemada əzilib tapdalanan, bütün
haqları əlindən alınan elinin pozulan
hüquqlarının bərpası üçün inqilabi
mübarizə xəttini cızır və aydın gələcəyin
yolunu göstərir. Hətta “Molla deyib al həqqivi, çün həqq
verilməz!..” hökmünü də
verir:
Ey tərk
eləyib Ərki uçanlar!
Ey baş
götürüb hər biri bir səmtə qaçanlar!
Dönsəz vətənə, məhv olacaqdır bu
dumanlar.
Sel tək
axışın, birgə gəlin doğma diyarə,
Tənha ananın bəlkə edək dərdinə
çarə?
İllər
boyu zəncirdə qalsam da, varam mən,
Qəlbimdə
mənim sarsılmamış zərrəcə iman,
Bir
gün qara zəncirimi axır qıraram mən,
Ərkin
başına qanla qızarmış qanadımdan
Bayraq
vuraram mən!
Çağdaş
dövr Güney Azərbaycanda əsərlərilə inqilabi
ruhun yaranmasına təkan verən şairlər - M.Şəhriyar,
B.Q.Səhənd, K.M.Sönməz, H.Sahir, H.M.Savalan, A.Bariz,
B.Dövlətabadi, M.S.Şami və b. kimi M.T.Zehtabinin də
qurduğu süjet xəttində müəyyən eynilik var,
lakin hadisələrə baxış, ictimai məzmun vermək
qabiliyyəti tamamilə fərqlidir. Bir sıra simvolik
obrazların təqdimində olduğu kimi... Ümumiyyətlə,
simvolizm Cənubi Azərbaycan ədəbiyyatı
üçün bu gün də aktualdır. Bu
aktuallıq, aktiv tendensiya M.Ə.Harayın “Yandırılan
sazlar”, M.T.Zehtabinin “Şahin zəncirdə”, Mahmud Sadıqpur
Şaminin “Qartal”, Haşım Tərlanın “Şahin və
Simurq” və s. poemalarında uğurla qorunur.
Hətta bəzən “dialoqun subyekti alleqorik obraz şəklində
şəxsləndirilir, müəllif insanların əməllərinə
və münasibətlərinə obrazlı münasibət
bildirir. Obraz rolunda isə əşyalar və heyvanlar
çıxış edir. Bu halda müəllif
sözü heyvanların və əşyaların şəxsləndirilmiş
sözünə çevrilir”.
Azərbaycan klassik ədəbiyyatında, eləcə də
“Şərq ədəbiyyatının xarakterik cəhətlərindən,
əsas məziyyətlərindən olan obrazları rəmzlərlə,
alleqorik dillə danışdırmaq” üsulundan məharətlə
istifadə edən M.T.Zehtabinin “Şahin zəncirdə”
poemasında da dialoqun subyekti məhz alleqorik obrazlardır. Bu əsərlərin
hər birində poema janrının dialoq tipinin məziyyətləri
vardır. Ən maraqlı cəhət budur ki,
M.T.Zehtabinin (1923-1998) “Şahin zəncirdə” poemasında
şahin quşu ilə qarğanın dialoqlarında
“İnsanlıq nədir, həyat nə, dil, ruh
azadlığı, milli istiqlal, milli kimlik nə deməkdir?”
suallarının fəlsəfəsi açılır və
son dərəcə orijinal cavabları verilir:
Şahin
gülərək söylədi: aqil!?
Aqil nədir? İnsanlığa biganə bir
ünsür?
Yaniki hədəfsiz
sürünə bir qədər artıq,
Hər rəngi qəbul etməgə hazir?!
Aqil deyil, insan deyil o bir canavardır.
İnsanlığın öz qaydasi, öz
ölçüsü vardır.
M.T.Zehtabi poema boyu son dərəcə maraqlı dialoqlar
qurur.
Dialoqların qəhrəmanları qartal – şahinlə
gürzə - ilan, dağla daş, yerlə göy və s.
dir. Müdrik şair insanın yaşaması
üçün vacib olan bütün nemətlərin qiymətini
verir, torpağın, göyün, havanın anlamını bədii
sözlə şərh edir, bütün bunları dərin məntiqlə,
sağlam təfəkkürlə açıqlayır... Dünyaya azad gələn insanın sonra
buxovlanmasına, ayaqlarının qandallanmasına zəncirlənmiş
şahin quşunun timsalında etirazını bildirir. Əslində şahin quşu azadlıq aşiqi
insanın – şairin özünün rəmzləşdirilmiş
obrazıdır. M.T.Zehtabi alleqorik obrazların, rəmzlərin
dili ilə öz duyğu və düşüncələrini
sərgiləyir:
Torpaq bəşər
övladına ən güclü dayaqdır;
Torpaq, nə qədər ömr edir insan, qalacaqdır.
İnsanlara
torpaq anadır, etmirəm inkar,
Hər
nemət onun var qucağında:
Torpaqda məhəbbət
gülü, torpaqda hünər var,
Od var
qucağında.
Şair
insan oğlu ilə torpağın ana və uşaq kimi əzəldən
bir-birinə məftun, həm də ömür boyu bir-birinə
dayaq olduqlarını çox təsirli dillə təsvir
edir... Yerlə göyün mahiyyətini,
hansı anlamı daşıdığını
açır, yazır ki, torpaq-ana övladının daim
başı uca, alnı açıq olmasını istəyər,
əgər hansısa övladını xəstə-iflic
görərsə, sinəsi dağlanar, göy geyib qara
bağlayar. “Torpaqda çiçək, incə
gözəllər və şərablar, gəzmək,
yeyib-içmək, həyatın dadın anmaq, şöhrət
qanadilə havalanmaq” varkən, bəs ucsuz-bucaqsız,
bomboş göylərin hansı özəlliyi, səfası
vardır?
Dünyaya
dəyər göylərin almas tək
havası!!
Göylərdə nə var?!
Hər
bir günəşin ilk şüasından isinmək;
Hər səhər
ertə ilk şüalarda yuyunmaq;
Hər
gün pərisilə səhər ilk anda görüşmək,
gülüşmək və öpüşmək...
Ey,
zülmətin aludəsi, biçarə zavalli,
Göylərdə nə var?! Sonsuz üfüqlər və
uçuşlar!
Göy aşiqidir həmişə şahin kimi quşlar.
M.T.Zehtabi
qələmdaşı Mahmud Sadıqpur Şaminin (1949) “Qartal”
poemasında qabartdığı kimi, qarğa və qartal
quşlarının xüsusiyyətləri fonunda heyvani hisslərlə
günlərini başa vurub sürünən canlı
varlıqlarla daim ucalarda olmaq, azad, buxovsuz yaşamaq arsusu ilə
yanan azadlıq aşiqlərinin, əqidə, amal
ideallarının obrazını yaradır, əqidəli və
əqidəsiz insanların müqayisəsini verir. Qocalıb əldən
düşən və labüd olan ölümdən qurtulmaq
istəyən qartalın üç yüz il
yaşayan qarğanın uzunömürlülüyünün
sirrini öyrən-mək istəməsi və qarğanın
ona cavabı haqqında yaranmış məlum əfsanənin
motivlərinə söykənir. Əfsanəyə görə,
qarğa qartala məsləhət verir ki, uzun ömür
yaşamaq üçün göyün ənginliklərində
süzmək deyil, bir az
aşağılara enmək, zibilliklərdə yaşamaq və
ölmüş heyvanların cəsədləri,
sür-sümüklə qidalanmaq lazımdır. Bu sözləri
eşidən qartalın ona etiraz edərək: “Əsla yox!”
cavabını verməsi poemanın əsas leytmotividir:
Şahin doğulanlar qara torpaqda sürünməz.
Nuh tufani
gər qopsa da, həqqin şamı
sönməz.
Gər halə
çəkə lalə tək ətrafına qan da,
Haqq
aşiqi baş əyməyəcək zülmə bir an da!!
Get yerdə
sürün, get yaşa zülmətdə,
dumanda,
Olmaz yarasa nurilə həmdəm.
Matəmdir
ışıqlıq sənə, matəm!
Qeyd edək ki, ənənəvi ruhun diqqət mərkəzində
xalq yaradıcılığı və xalq ənənəsi
durur. Bu ənənəyə söykənən əsərlər
tarix boyu xalqın yaddaşında çözələnir,
yetişən nəsillər tərəfindən oxunur, tədqiq
edilir. M.T.Zehtabinin “Şahin zəncirdə” poemasında
da eyni məntiq izlənir, ayaqları qandallanmış
Şahin quşu-Azərbaycan xalqı qandalların əsiri
olsa da, ruhən azaddır və bu ruhu heç bir qüvvə,
zorakılıq sarsıda bilməz... O, poemada folklordan
qaynaqlanmaqla ədəbiyyata, şeir sənətinə yeni
keyfiyyət dəyişiklikləri, milli ruh gətirmişlər.
Çünki folklor xalq ruhunun, milli koloritin, xalq
psixologiyasının, xalqın dini, mifoloji görüşlərinin
və dilinin əks-sədası, əslində səsidir.
Poemada qarğanın 300 il yaşaması
haqqında bu gün də mövcud olan əfsanəyə
istinadən M.T.Zehtabi bir sıra mətləblərə eyham
vurur və bütün bu təlmihlər fikirlərini üstüörtülü
şəkildə ifadə etmək, senzuradan yayınmaq
üçün əslində vasitə rolunu oynayır.
Əsərdən bir nümunəyə diqqət yetirək:
...Bəli!
Mənəm indi uca dağlardakı Prometey;
Əfsanəysə, Qaf dağına mıxlanan o Prometey.
Tək
bilmə məni, on demə, yüzlər nədi, minlər;
Mən, sən,
o kiminlər, hər ölkədə itgin keçinənlər,
Odlar vətənindən doğulanlar minlərcədi,
minlər.
Ey qurbətdəki ərlər.
Göründüyü kimi, M.T.Zehtabi Prometey haqqında qədim əfsanəyə eyham vurur. Qafqaz dağında çarmıxa çəkilən Prometeyin timsalında Vətəndən didərgin salınmış soydaşlarını, hər bir inqilabdan sonra dar ağaclarından asılan fədailəri görür... “Prometey qədim yunan əfsanələrində allahlarla döyüşən və insanları mudafiə edən bir qəhrəman imiş”. Maraqlıdır ki, M.T.Zehtabi bu əfsanəyə istinad etməklə öz bədii məqsədini də bəlirləmiş olur: “Hər gün didilən sinəsi xəncərlə mənəm, mən!” - deyərək özünün simasında təqib və zindanlardan qurtularaq yurdundan perik düşüb yad ölkələrdə siyasi sığınacaq tapmış minlərlə soydaşının möhnətdə keçən ömrünü, hər gün yurd həsrətinin yanğısından ölüb-dirilən mücahidləri və qara qüvvələrin məhv etmək istədikləri Vətəni-Azərbaycanı nəzərdə tutur.
Beləliklə, Güney Azərbaycanda yaranan poemalara Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor nümunələrinin və klassik ədəbiyyatın təsiri ancaq fəlsəfi düşüncə və sözdən ustalıqla istifadə etmək meyarı ilə şərtlənməmiş, ictimai həyata baxışda milli özünüdərk, azadlıq ideyası ilə xəlqiliyin sintezində yeni, orijinal ədəbi-bədii keyfiyyət qazanıb.
Esmira Fuad
filologiya
üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2020.- 30 iyun.- S.14.