İrəvan quberniyasında azərbaycanlıların
soyqırımı (1918-1920)
3-cü yazı
XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur bəy Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumata əsasən, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur bəy Makinski həmçinin zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazır.
İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919- cu ildə keçirdiyi 7-ci iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdi. Həmin iclasda Azərbaycan parlamentinin fəaliyyətə başlaması münasibətilə Ermənistan Milli Şurasına göndərilən teleqrama Ermənistan Milli Şurasının sədri Saakyanın imzası ilə alınan cavab səsləndirilmişdir. Cavabda iki xalq arasında əsrlərdən bəri mövcud olan dostluğun davam etdirilməsi və iki dost dövlətin mənafelərini birləşdirmək üçün daha təsirli vasitələrin aranmasının vacibliyi vurğulanırdı. Əslində, bu, erməni riyakarlığından başqa bir şey deyildi. Çünki elə həmin iclasda İrəvan quberniyası müsəlmanlarının təmsilçilərinin imzası ilə yanvarın 4-də Azərbaycan parlamentinin sədrinə ünvanlanmış müraciətin mətni oxunmuşdu. Müraciətdə İrəvan quberniyasında erməni qoşunlarının törətdikləri vəhşiliklərin miqyası faktlarla sadalanırdı. Müraciətdə qeyd edilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına qədər İrəvan quberniyasında erməni qoşunları tərəfindən 200-dən artıq müsəlman kəndləri atəşə tutulub tar-mar edilmiş, bunların əһalisi isə qismən qətl edilmiş, qismən də dağlara qaçıb soyuq və aclıqdan tələf olmuş, 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər... Daha sonra qeyd edilirdi ki, erməni qoşunları Sürməli qəzasını tamamən, İrəvan, Şərur və Eçmiədzin qəzalarının müsəlmanlar ilə məskun maһallarını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Ermənilər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana һicrət etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş maһallara Türkiyədən gəlmiş erməniləri köçürürlər.
Müraciətin sonunda qeyd edilirdi ki, İrəvan quberniyasının bəzi maһallarının təmamilə müsəlmanlar ilə məskun olduğunu, bu maһalların tarixən Azərbaycanın ayrılmaz һissəsi olmasını nəzərə alaraq, İrəvan müsəlmanları mövcudiyyətinin müһafizəsi üçün lazım gələn tədbirlərin görülməsini xahiş edirlər. Bu məsələ müzakirə edildikdən sonra Milli Məclis hökumətə tapşırıq vermişdi ki, İrəvan quberniyasında müsibətlərin dayandırılması üçün lazımi tədbirlər görsün.
1919-cu ilin yanvar ayında İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.
İrəvan quberniyası Həmyerliləri Təşkilatının yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinə müraciət qəbul olunmuşdur. Təşkilatın sədri Teymur xan Makinskinin imzası göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının tamamilə müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş, üstəlik, Şərur və Naxçıvan qəzalarını ələ keçirmək üçün hücuma keçib. Məhv olmağa və ölümə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil edilməsi təklif edilirdi.
10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notasında bildirirdi ki, Ermənistan silahlı dəstələri başda erməni zabiti olmaqla, Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran edib. Adları çəkilən kənlərin kişilərinin bir hissəsini öldürmüş, bir hissəsi də qaçaraq canlarını qurtarmışdır.
Azərbaycan hökumətinin erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlərlə əlaqədar göndərdiyi notalara və teleqramlara Ermənistan rəsmilərinin verdikləri cavablarda çox zaman fafktların təhrif edildiyi qeyd edilir, bəzi hallarda isə araşdırılma aparılacağı və faktlar təsdiqlənərsə, günahkarların cəzalandırılacağı vəd edilirdi. Lakin arxiv sənədlərindən və o dövrün mətbuat səhifələrindən də aydın görünür ki, Ermənistan rəsmiləri verdikləri cavablarda riyakarlıq etmiş, silah gücünə etnik təmizləmə siyasətinin bir an da olsun dayandırmamışdılar. Azərbaycan hökuməti problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə, diplomatik danışıqlar yolu ilə həllinə üstünlük verdiyi halda, Ermənistan hökuməti onun arxasında duran dövlətlərə arxalanaraq danışıqlarda qeyri-səmimi mövqe nümayiş etdirmiş, silahlı toqquşmaların dayandırılması haqqında müxtəlif vaxtlarda əldə edilmiş razılıqları birtərəfli şəkildə pozmuşdu.
Azərbaycan hökumətinin həmin dövrdə Cənubi Qafqazda olan müttəfiq dövlətlərin təmsilçilərinə, beynəlxalq təşkilatların nümayəndələrinə erməni silahlı qüvvələrinin törətdikləri kütləvi qırğınlar haqqında məlumatları da bəzən cavabsız qalır, bəzən də nəticəsi olmayan diplomatik yazışmalarla yekunlaşırdı. Fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov ermənilərin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı törətdikləri qırğınlar barəsində müttəfiq dövlətlərin birləşmiş qüvvələrinin komandanı general V.Tomsona məlumat vermiş, ondan erməni silahlı qüvvələri tərəfindən zəbt edilmiş Novo-Bəyazid qəzasının Göyçə gölünün ətrafındakı kəndlərin və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qazax qəzasının bir hissəsinin azad edilməsini, qaçqın düşmüş müsəlman əhalinin yenidən öz yer-yurdlarında məskunlaşdırılmalarını Ermənistan hökumətindən qəti şəkildə tələb etməyi xahiş etmişdi.
1919-cu il fevralın 26-da Miskinli kəndinin başçısının Gəncə qəzasının 5-ci sahəsinin pristavına ünvanladığı məlumatda bildirilirdi ki, hər gün onun yanına (indiki Gədəbəy rayonunun ərazisinə - müəllif) Novo-Bəyazid qəzasının Şişqaya, Məzrə və Basarkeçər kəndlərindən kütləvi surətdə gələn qaçqınlar bildirirlər ki, erməni alayları və nizami qoşunları 5-ci sahəyə hücum etmək məqsədilə cəmləşirlər.
Erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması üçün Göyçə mahalında da özünümüdafiə dəstələri təşkil edilmişdi. 1919-cu il martın 2-də Göyçə mahalının 26 kəndinin - Zod, Zərzibil, Ağkilsə, Hüseynquluağalı, Böyük Qaraqoyunlu, Bala Qaraqoyunlu, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Daşkənd, Yuxarı Şorca, Yeni Keyti, İnəkdağı, Sultanəli Qışlağı, Oğruca, Kəsəmən, Böyük Məzrə, Bala Məzrə, Şişqaya, Sətənağac, Quşçu Dərəsi, Babacan Dərəsi, Cil, Ardanış, Ağbulaq və Toxluca kəndlərinin 60 min nəfər əhalisinin təmsilçilərinin imzaladıqları icma hökmü Gəncə qubernatoruna göndərilmişdi ki, o da öz növbəsində aidiyyəti orqanlara çatdırsın. İcma hökmündə Oğruca kəndinin sakini Məşədi İsa Kərbəlayi Musa oğlunun mahalın hərbi naziri, Zod kəndinin sakini Ağalar bəy Kəsəmənskinin isə bütün müsəlman dəstələrinin baş komandanı seçildikləri, mahalın ərazisində səfərbərlik həyata keçirilməsinin onlara həvalə edildiyi qeyd edilmişdir. İcma hökmündə həmçinin Göyçə mahalının əhalisinin özlərini Azərbaycan Respublikasının təbəələri hesab etdikləri bildirilir və Azərbaycan hökumətinin tezliklə onları öz himayəsinə alacağına ümid etdikləri qeyd olunurdu.
Gəncənin general-qubernatoru polkovnik Vəkilov həmin icma hökmünü 6 mart 1919-cu il tarixində tədbir görülməsi üçün Bakıya Daxili İşlər, Xarici İşlər, Hərbi nazirliklərə, həm də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərmişdi.
Göyçə gölü ətrafında yaşayan müsəlman kəndlərinin əhalisinin darmadağın edilməsi haqqında Gəncənin general-qubernatoru Vəkilovun Azərbaycan daxili işlər nazirinə göndərdiyi 24 aprel 1919-cu il tarixli teleqramında deyilirdi ki, Göyçə gölü hövzəsinin müsəlmanlarının ona verdikləri məlumata görə, Babacan Dərəsi kəndindən şərqdə yerləşən kəndlərin hamısı darmadağın edilmişdi. Yalnız Babacan Dərəsi, Cil, Ardanış, Ağbulaq və Toxluca kəndləri dağıdılmamışdır. General-qubernator dağıdılmış kəndlərin bütün əhalisinin Şahdağ dağ silsiləsinin şimal yamacına keçdiklərini, qaçqınların bir qisminin müsəlmanların evlərində, bir qisminin isə meşələrdə yerləşdiklərini, onların ev əşyalarının və ev heyvanlarının dağıdılmış kəndlərdə ermənilərin yağmaladıqlarını, qaçqınların yalnız sürülərinin bir qismini özləri ilə gətirdiklərini bildirirdi.
Azərbaycan aşıq sənətinin korifeyi, Göyçənin Ağkilsə kəndinin sakini 98 yaşlı Aşıq Ələsgər də həmin vaxt erməni zülmündən canını birtəhər qurtararaq iki ilə qədər Kəlbəcərin Yanşaq kəndində yaşamış, sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 30 iyun.- S.13.