Azərbaycan Novruzu və
milli dəyərlər
Azərbaycan mədəniyyəti
tarixində Novruz bayramı əbədiyaşar, tarixi və
çağdaş bir abidə olaraq diqqəti çəkir
2-ci yazı
Xalqımızın Novruz ənənəsinə görə,
hər bir kəs ilin axır çərşənbə gecəsində
- ilin axırıncı axşamında öz evində
olmalıdır. İnanca görə, bir Novruzu öz evində, öz
yurdunda keçirə bilməyən insana 7 il
öz evində bayram keçirmək qismət olmaz. S.Qasımovanın fikrincə, bu, o deməkdir ki,
Novruzdan kənarda qalmaq cəmiyyətdən, Vətəndən,
yurddan ayrı düşmək kimi anlaşılıb. Novruz da bir bayram mərasimi kimi kütləvi şənliklə,
sevinc və coşğu ilə bağlıdır. İnanca görə, Novruz bayramında kədərlənmək,
qəmlənmək, qüssə çəkmək,
qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks
halda insan bütün il boyu bu vəziyyətlərdə
qalar. Novruz geniş mənada
iştirakçıların hamısının qabaqcadan
bildiyi müəyyən hərəkətlərin və
sözlərin icrasından ibarət mərasimdir. O,
mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun
öz vaxtı var, mart ayında, qışın yaza
keçid vaxtında icra olunur. Novruz bir mərasim
növü kimi, yəni dar mənada, bayramdır, ildəyişmə
bayramıdır. Novruza aid olan nə varsa –
hamısı mərasim ənənələridir.
Xalqımız minillərdən bəri ağlında
yaşatdığı, yaşamına gətirdiyi
bütün gözəl duyğularını həmişə
Novruzla bağlayıb, mənalandırıb. Ona görə
ki, bayramın başlanğıcı – yaranışı ifadə
etməsinə inanılıb. Bu
yaranış inancda təbiət-insan birliyinin ifadəsi kimi
anlaşılıb. A.Xəlilin fikrincə,
hər bir xalqın həyatında əlamətdar günlərin
qeyd olunması ənənəsi var. Türk xalqlarının
da əlamətdar günlərini bildirən
anlayışların geniş əhatəli olması belə
bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir.
Bunların içində “toy”/”tuy”/”tuyun”/ ”düyün”,
“şölən”, “yəğma” və s. anlayışlarla
yanaşı “bayram”/“bəyrəm” sözü də işlənməkdədir.
Xalqın həyatındakı ən əlamətdar
günlərdən biri də bayramlardır. Hər
xalqın özünə görə bayram adət və ənənələri
olduğu kimi bayram anlayışının da öz dilində
mənası var. XI əsrdə Kaşqarlı Mahmud bu
sözü “bedhrem” kimi “Divan”ında izah edib və
oğuzların onu “bayram” şəklində işlətdiklərini
qeyd edib. Kaşqarlının verdiyi izaha görə
“bayram əylənmə, gülmə halıdır.
Baharın gəlişi, havaların istiləşməsi,
qarların əriməsi, təbiətin canlanması bütün
insanlara olduğu kimi, türklərə də dərin təsir
edib, həyəcanlandırıb və bu dəyişikliyi
müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb
olub.
Başqa bir inanca görə, Novruz bayramında kədərlənmək,
qəmlənmək, qüssə çəkmək,
qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan
bütün il boyu bu durumda qalar.
Əcdadlarımızdan gələn düşüncə
tarixən ruhumuzun özünəgüvənliyini, yenilməz
nikbinliyini yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə
ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb,
inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin
özülünə çevirib, öz
davranışlarını bayram kuralları ilə
nizamlayıb. Bu, artıq xalqımızın
ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən
davranışlar sisteminin bayram-mərasim kompleksindən
güc alması demək olub.
Azərbaycan mədəniyyəti tarixində Novruz
bayramı əbədiyaşar, tarixi və çağdaş
bir abidə olaraq diqqəti çəkir. Bu bayram mənəvi
mədəniyyət abidəsi olaraq milli mədəniyyət
tariximizdəki başqa abidələrdən özünəxas
cəhətlərinə görə fərqlənir. Bayram yaşına, yaşama gücünə görə
ilk sırada duran mədəniyyət abidəsidir. Xalqımızın mədəniyyət tarixində
böyük abidələr olub, onlar bütün hallarda tarixin
müəyyən dövrləri, konkret epoxalar, zaman kəsimləri
ilə bağlıdır. Ancaq bu abidələr içərisində
tarixi hamısından qədim olsa da, heç vaxt “qocalmayan”,
daim cavanlaşan bir abidə - Novruz bayramı var.
Araşdırma və gedişatdan görünür ki,
dünya tarixinin bir-birinə zidd ideologiyaları olan
epoxaları biri digərini əvəz etdikcə Novruz
bayramı nəinki aradan qalxmayıb, varlığını
daha böyük coşğu ilə sürdürüb,
müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan
ideologiyalarla döyüşlərdən qalib
çıxıb.
M.Təhmasib yazır ki, Novruz bayramı öz mərasimləri
ilə birlikdə zaman-zaman Azərbaycanda hakim kəsilmiş
dinlərin hamısından çox sadə təsərrüfat
bayramı, yəni qışın yola salınması,
yazın qarşılanması mərasimi olub. Məhz elə buna görədir
ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin,
siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis
etdikləri onlarca bayramları, mərasimləri unudub, bunu isə
insanı əməyə, zəhmətə, maddi nemətləri
yaratmağa çağıran təsərrüfat bayramı
kimi əsrlər boyu yaşadıb, indi də hər il həvəslə
gözləyir, hörmətlə qarşılayır,
xüsusi bir məhəbbətlə icra edir.
Azərbaycanda Sovet hakimiyyəti zamanı Novruzla
bağlı qadağalar olsa da, xalqımız onillərlə
bu bayramı ağlında-ürəyində qoruyub,
yaşadıb.
C.Qasımov yazır ki, 1930-cu illərin sərt
qadağaları, zorakı sistem “Novruz”un
meydan mərasimlərini müvəqqəti zaman kəsiyində
sıradan çıxarsa da, bu milli bayramı
bütövlükdə yaddaşdan silə bilmədi. Əslində, bu, mümkün də deyildi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə
bağlıdır. Bu bayram tarixən
türk etnosunun təşəkkül və formalaşma
prosesinin zəruri ünsürü, əsas tərkib
materiallarından biri olduğu üçün bir xalq olaraq
ümumtürk-oğuz kütləsindən diferensiasiya edən
Azərbaycan xalqının etnopsixoloji yaddaşının
üzvi elementidir. Başqa sözlə,
Novruz qədim Azərbaycan türkünün yaddaşına kənardan
gətirilməyib, etnosun fiziki-psixoloji təcrübəsinin
içindən inkişaf edərək mentalitet sisteminin zəruri,
ayrılmaz struktur səviyyəsinə çevrilib.
Tarixən Azərbaycan milli dövlətçilik ənənəsində
Novruz bayramı xüsusi yer tutub. Alman alimi Adam Oleari (1599-1671) XVII əsrin
birinci yarısında Səfəvilər dövlətinin tərkibində
olan Şamaxıda Novruz bayramında iştirak edib, xalqın,
dövlət adamlarının bu bayramı necə
böyük coşğu ilə keçirdiyinin şahidi olub.
O yazır ki, bayram münasibəti ilə bizim bəzilərimiz
təbrik üçün xanın, kələntərin və
digər cənabların yanına yollandıq və onların
böyük ziyafət məclislərində iştirak etmək
üçün dəvət olunduq: “Astroloq tez-tez stolun
arxasına keçir, öz üstürlabı ilə Günəşi
müşahidə edir, saata baxır, beləliklə, Günəşin
gecə ilə gündüzün bərabərləşəcəyi
məqama çatacağı anı gözləyirdi. Elə ki, arzu olunan dəqiqə çatdı, o bunu
bərkdən elan etdi. Dərhal hərbi
toplardan yaylım atəşi açıldı, şəhərin
qala divarları və bürclərin hər yerində gərənay
səsləndi, təbillər çalındı və beləliklə
böyük şənlik başlandı”.
Məşhur
Azərbaycan aktyoru H.Sarabski “Köhnə Bakı” adlı əsərində
çar dönəmində Bakı şəhərində
Novruz bayramının böyük coşğu ilə
keçirilməsindən yazır, ayrıca vurğulayır
ki, Novruz bayramı Bakıda başqa bayramlardan dəfələrlə
artıq bir təntənə ilə keçirilərdi.
Novruz bayramı ilə bağlı mərasim ənənələri
dedikdə İlaxır çərşənbələrlə
bağlı, sosial birlik və paylaşma, tamaşa, oyun, mətbəx
ənənələri nəzərdə tutulur. İnanca
görə Novruz ərəfəsində hər bir evdə
aparılan təmizlik işləri yenilənmə ilə
bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi
yox, bütünlükdə köhnə ili yaşamış
hər kəsin, hər şeyin təzələnməsi
inancı var. O deməkdir ki, insanlar yaşadıqları evi, həyəti
təmizləyib təzələdikləri kimi,
ruhlarını da hər cür çirkinliklərdən təmizləyib,
yeni ilə yenilənmiş, ruhən, mənən yenidən
doğulmuş halda keçirlər. Təzə
pal-paltar ilin hansı dövründə alınmasından
asılı olmayaraq, ilaxır çərşənbədə
– Novruz ərəfəsində üzə
çıxarılardı. Sınıq,
yararsız bir şey evdə qalardısa, bu, yeni ildə
sınıqlığa, yararsızlığa,
uğursuzluğa səbəb olardı.
S.Qasımova
vurğulayır ki, ilaxır çərşənbələrlə
bağlı ev təmizlənməsi adi
günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına
malik mərasimi ənənədir. Novruzda təkcə zaman, həyət-baca,
ev-eşik, bağ-bağat təzələnmir, il ərzində
insanlar, tayfalar, qonşular , nəsillər
və s. sosial qruplar arasında baş vermiş konfliktlər həll
edilir. Bunun əsasında inanc durur. Novruz
inancına görə, əgər küsülülər,
düşmənlər Novruzda barışmasa, bu halda həmin
konflikt onların iradəsindən, istəyib-istəməməklərindən
asılı olmayaraq, 7 il davam edəcək.
Bu isə 7 il sosial gərginlik, düşmənlik
içərisində yaşamaq deməkdir. Adətən
barışıq təklifi günahkar tərəfdən gəlir.
Ağsaqqallar işə qarışır və
konflikt tərəflərini barışdırmaqla sosial
tarazlığı bərpa edirlər.
Novruzda “Bayramlaşma” adəti fərdlərin
(ayrı-ayrı insanların), sosial qrupların (ailələrin,
qonşuların, nəsil ağsaqqallarının), yaş
qruplarının (kiçiklərin böyükləri) və
s. bir-birini təbrik etməsi şəklində olur. “Bayramlaşma”
insanlar arasında olan ilişgilərin daha da möhkəmlənməsi,
doğmalığın artmasına səbəb olur.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə
köklənsə də, həm də bayramdan gələn
müəyyən qənaətlərin ilk növbədə
uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə
xidmət edir.
Kosanın qışı simvolizə etməsi bir sıra
formatlarda özünü göstərir: üzünün
tüksüzlüyü – qışın çılpaqlığını
formaca ifadə edirsə, “Yediyim yarma aşı,
Yarısı sudur” deyib qarnına işarə etməklə də
qarnının – bətninin yarısının sudan ibarət
olduğunu bildirməsi də qışın
qarını-suyunu bildirir. Həmçinin
Kosanın pulu və yeməyi olmadığı da qış
azuqəsinin qurtarmasını, “uzun səfər” isə doqquz
aylıq səfəri – doqquz aydan sonra bir də dekabrda
qış qiyafəsində “yeddi qat paltarla” gələcəyini
göstərir.
Ş.Albalıyevin fikirləri maraq doğurur. Yazın, baharın rəmzi
olan keçinin səhnəyə gəlməsi, Kosa
(qış) üçün pay yığması və Kosaya
(və köməkçi Kosaya) verməsi də insanların
demək olar, sonuncu qış ehtiyatlarını xərcləyib
qışın uzun və üzücü yolunda sərf etmələrinə
işarədir. Bundan başqa, tamaşanın
finalında Kosanın öldürülməsinə və
Kosanın köməkçisinin onun meyiti üstünə
yıxılıb ağlamasına camaatın şən
gülüşlə reaksiya göstərmələri də
buradakı ölümün və ağlamağın simvolik səciyyə
daşıdığını – qışın
ölümü və onun üzərində qələbə
çalmış keçinin və balalarının
timsalında yazın gəlişinə sevinmələrini əks
etdirir.
Azərbaycan mədəniyyəti çox zəngin ənənələrə
malikdir. Zənginliyimiz tariximizin qədimliyindən,
böyüklüyündən irəli gəlir. Novruz bayramının Azərbaycan dövlətçilik
ənənələrinin inkişafında ən böyük
rolu Birləşmiş Millətlər Təşkilatı
Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin
bütün dünyada “Beynəlxalq Novruz günü” elan edilməsidir.
Burada ən əlamətdar cəhət ondan ibarətdir
ki, dünyanın bir çox ölkələrində
üç yüz milyondan çox insanın Novruz
bayramını qeyd etməsinə baxmayaraq, BMT-də qəbul
olunmuş bu qərar məhz Azərbaycan dövlətinin təşəbbüsü
ilə baş tutub.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2020.- 12 mart.-
S.14.