“Azərbaycan” qəzetinin səhifələrində

 

30-cu yazı  

 

 

Təbriz əhalisinə böyük bir müjdə

 

Çərşənbə günü fevral ayının 20-də həzrəti Rəsulun təvəllüd günü münasibəti ilə hamı ilə bərabər mən də Baş nazirin görüşünə getmişdim. Baş nazir görüşə gələnlərlə etdiyi söhbət zamanı dedi ki, Təbrizin su borusu xətlərinin çəkilməsi dövlətin təsdiqindən keçibdir və 25 kilometr uzunluğunda böyük diametrdə boru alınmışdır. Cənab Pişəvəri həm də dedi ki, Təbriz vaxtı ilə Azərbaycan və İran miqyasında birinci şəhər olduğundan boru xətti də əvvəlinci dəfə Təbrizdə çəkilir.

Mən Baş nazirin söhbətindən aydın gördüm ki, onun şəxsən Təbrizin boru xətlərinin çəkilişinə böyük marağı var və istəyir ki, tezliklə əhali yay zamanı suyun azlığından və təmiz olmamasında çəkdiyi əziyyətdən xilas olsun. Doğrudan da cənab Pişəvərinin bu sözləri Təbriz əhalisindən ötrü tarixə yazılmalı böyük bir müjdə idi.

Hamıya aydındır ki, həyatın əsasını havasu təşkil edir. Ona görə də Təbrizin havasının yaxşı olmasını başqa şəhərləri görənlər daha aydın bilərlər. Daha doğrusu, Təbrizin tarixi adından iqliminin (ab-havasının) yaxşı olmasıını aşkar bilmək olar. Demək olar ki, Təbrizin yay gecələrində olan sərinliyi dünyanın çox az şəhərlərində ola bilər. Lakin tarixin müəyyən mərhələsində olmasa da indi Təbrizin iqlimi birtərəflidir, yəni xoş havası olmağına baxmayaraq, su cəhətindən çox geridədir. Daha doğrusu, Təbrizin suyu azlığı ilə bərabər təmiz də deyil.

İçdiyimiz su şəhərin içərisindən üstü açıq arxlar vasitəsi ilə gəldiyi üçün hər cür kəsafəti gətirib anbarlara doldurur. Eyni zamanda su anbarlarda aylarla qalır ki, bunun da nəticəsində cürbəcür mikroblar və gözəçarpan qurdlar əmələ gəlir. Buna görə də əhali arasında müxtəlif xəstəliklər üz verir. Lap açıqcasına demək olar ki, Təbrizdə əmələ gələn xəstəliklərin yüzdə doxsanı suyun təmiz olmamasından baş verir. Lakin Təbrizin suyu da düzəlsə, həqiqətən şəhərimiz dünyanın ən gözəl şəhərlərindən biri olar.

Doğrudan da bu qocaman Təbriz sinəsində göyərən bağlardakı ağacların susuzluqdan qurumasına görə bizə yalvarıb deyir: “Tarixdə olduğum kimi yenə də məni abad etməklə özgə şəhərlərin yanında başı uca edin”. Əlbəttə, Təbriz bizim üçün azadlığın beşiyidironun abad olması yolunda hər bir fədakarlığa hazır olacağıq.

Bir neçə kəlmə də Baş nazirin görüşündən söyləyəcəyəm. Həqiqətən, mən o gün vətənimin demokratik bir ölkə və xalqımın da demokratik bir xalq olmasını aydın gördüm. Belə ki, Baş nazirin görüşünə şəhərin əhalisinin müxtəlif təbəqələrindən gəlirdilər. Halbuki, istibdadirtica dövründə belə bir görüş yalnız idarə rəislərinə və əyanlara məxsus idi. Ona görə də Baş nazirin o günkü görüşüxalqa olan səmimiyyəti açıqdan-açığa ölkəmizin demokratik olmağının parlaq nümunələrindən idi. Baş nazirin görüşünə əhalinin sel kimi axıb gəlməsi xalqımız arasında milli vəhdətin olmasını sübut edirdi.

Baş nazir görüşə gələnlər arasında xüsusilə fədailərə böyük ehtiram və məhəbbət edirdi. Ümumiyyətlə, demək olar ki, Təbrizin tarixində əvvəlinci dəfə idi ki, xalq ilə dövlət başçısı arasında səmimi görüş olurdu. Yaşasın Azərbaycan xalqının poladdan möhkəm milli vəhdəti.

Həmid Nikpur

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 132, 22.02.1946

***

Kəndlilərə təbrik

Azərbaycanın fəal, qeyrətli və fədakar kəndliləri illər boyu Rza şah hökumətinin qəddar məmurlarının zülmləri altında əzilib və var-yoxdan çıxmışlar. Alın tərləri ilə heç bir vəsait olmadan çöllərdə və dağlarda günün qabağında yaşıl zəmilər, barlı bağlarbol taxıllar vücuda gətirən Azərbaycan kəndlisi özünün zəhmətləri nəticəsində əmələ gətirdiyi hasili xalisə adına hökumətə verib özü isə ac və çılpaq qalırdı. Azərbaycan kəndlisi ömrü uzunu zəhmət çəkəndən sonra bir qarış yerə malik ola bilmirdi. Biçarə kəndli bir gün yer sahibi olubo yerdən öz zəhmətləri sayəsində əmələ gətirdiyi hasili öz ailəsi ilə yemək arzusunu qəbrə aparırdı.

Azərbaycan Demokrat Firqəsi təşkil olan gündən kəndlilərin fəna hallarını nəzərə alıb onları topraq ilə təmin etmək üçün əvvəl dəfədə xalisə yerlərinin (dövlət torpaqlarının – red.) bunların arasında bölünməsi siyasətini irəli sürdü. Xüsusən Azərbaycan Demokrat Firqəsi bu barədə öz məramnaməsində əsaslı bir maddə qeyd etmişdir. Firqəmizin məramnaməsinin 18-ci mddəsində deyilir: “Tez bir zamanda kəndli ilə mülkədar münasibətlərini müəyyən etməkdən ötrü xüsusi qanun yaradılmalıdır. Dövlət yerlərini (xalisələri) təcili olaraq kəndlilərə pulsuz olmaq şərti ilə paylamalıdır. Həmçinin istibdad dövrünün tərəfdarları olan və Azərbaycanı qoyub qaçmış ayrı mülkədarların da əmlakı müsadirə olunub kəndlilərin ixtiyarına verilməlidir”.

Azərbaycan kəndliləri firqəmizin məramnaməsinin bu maddəsini onlara nicatverici kimi qarşılayıb və bununla da tam xoşbəxtliyə çatmalarına inanırdılar. Ona görə də firqəmizin ətrafına sıxı surətdə toplaşıb Milli Hökumət yaratmağa nail oldular. Indi artıq əməl vaxtı gəlib çatmışdır. Firqəmiz öhdəsinə götürdüyü vəzifələri və xalqa verdiyi vədləri şərəflə yerinə yetirir.

Azərbaycan Milli Məclisinin 16 fevral 1946-cı il tarixli iclasında kəndlilər arasında xalisə yerlərinin bölünməsi haqqında tərtib etdiyi qanun Azərbaycan Demokrat Firqəsinin məramnaməsinin 17-ci maddəsini və Milli Hökumətin proqramının 12-ci maddəsini həyata keçirmək üçün böyük və əsaslı bir addımdır. Biz bu müvəffəqiyyət münasibətilə Milli Məclisimizi, Milli Hökumətimizi və xalqımızın əksəriyyətini təşkil edən Azərbaycan kəndlilərini təbrik edirik. Qoy illər boyu əsarət və bədbəxtliklərdən sonra Azərbaycan kəndliləri toprağa sahib olmaqla xoşbəxt və şən həyat keçirsinlər.

İsmayıl Mehdi

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 134, 25.02.1946

***

Ə. Katibi: "Keçmiş qara səhifələr cavanları fədakarlığa çağırır"

Azərbaycan cavanları bu günə qədər kiçik gül butaları tək batıcı tikan kollarının qaranlığı altında sıxıntıya məhkum idilər. Lakin işıqlı bir günəş Azərbaycan üfüqündən parladı. Azərbaycanın qəhrəman milləti əl-qoluna sarılmış ağır zəncirləri qırıb və o tikan kollarını kökündən qazdı. Azərbaycan qonçələri də azadlıq günəşinin parlaq işığında çiçəklənib açdılar.

Bu gün Azərbaycan cavanlarının coşğun ürəkləri sevinclə daşır. Onlar ilk mübarizələrində ataları və böyük qardaşları ilə çiyin-çiyinə odlu silah ilə öz ana yurdlarını köhnə düşmənlərdən təmizlədilər. İndi isə sinələri ilə sevimli vətənlərini qorumaq üçün poladdan tökülmüş sarsılmaz müdafiə xətləri yaratmışlardır. Nə qədər ki, cavanların polad sinələri içərisində odlu ürəkləri vətən eşqi ilə şölələnir, bir xain düşmən də olarsa, bu möhkəm və yanar qalaya yaxınlaşa bilməz.

Azərbaycan gəncləri bu gün öz milli-azadlıq hərəkatlarını yaxşı düşünürlər. Onlar illər boyu atalarının, analarının, qardaşlarının və bacılarının ağır zəhmətlə işləməklərini və öz zəhmətlərinin nəticələrini özgələrin aparmağını görüblər. Onlar illərlə xalqların istehsal etdiyi sərvətlərin başqa yerlərə axıb getməsini aydıncasına görüblər. Azərbaycan xalqının nə qədər əziyyətlə sərvət və azuqə yaratdığına baxmayaraq öz ehtiyaclarını təmin etmək üçün həmişə özgələrə əl açırdı. O nifrətli, həqarətli baxışlar artıq cavanların lətif ürəklərinə dərin və acı yaralar vurmuşlar. Yaramaz təhqirlər, gəmidə oturub gəmiçi gözü çıxartmalar cavanlar üçün unudulmaz xatirələr yaratmışdır. Diktator Rza xanın etdiyi zülmlər və vurduğu zərbələrin nişanələri hələ bizim yurdumuzda aydın görünür. Muzdurxain Tehran hökumətlərinin sui-qəsdlərinin izləri də hələ bizim ana topraqdan getməmişdir. Mustofilərin qara çörəklərinin dəhşətli pərdələri hələ xalqımızın gözləri qabağından çəkilməmişdir. Onların xalqımıza etdikləri zülmlər və təcavüzlər hamıya aydındır.

Bunlardır ki, bu gün Azərbaycanın fədakar gənc oğlullarını başdancandan keçməyə hazırlayıbdır. Bu səbəblərdir ki, Azərbaycan cavanlarını qəhrəmanlıq və fədakarlıq göstərməyə və millətimizin, xalqımızın, azadlığımızın, Milli Hökumətimizin düşmənlərinə qarşı şiddətli və amansız mübarizə aparmağa qaldırmışdır.

Azərbaycan azadlığının düşmənləri nə kimi məşum fikirlər edirlər etsinlər və nə kimi xain niyyətlər qara qəlblərində bəsləyirlər bəsləsinlər və nə demək istəyirlər qoy desinlər, ancaq bizim coşqunsaf ürəklərimiz, bükülməz polad qollarımız onlara yaxşı cavab verəcəkdir.

Biz Azərbaycan demokrat cavanları Azərbaycanın azadlığı uğrunda qəhrəman şəhidlərimizin qanlı cəsədləri, öz azadlığını istəyən cəsur və qeyrətli millətimizin qabağında pak vicdanımız və möhkəm imanımız ilə and içirik ki, nə qədər canımızda can, bədənimizdə bir qətrə qan var, qoymayacağıq bir nəfər də olarsa, ana toprağımıza, şanlı vətənimizə əyri baxsın.

Biz cavanlar bu gün fədakar əsgərlərik. Qoy öz qızıl qanımıza boyanaq, amma ölkəmiz abad olub və xalqımız səadət və azadlıqda yaşasın. Qoy böyük tariximizdə biz cavanların da qəhrəmanlıqları, fədakarlıqları qızıl səhifələrdə yazılsın.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 134, 25.02.1946

***

"Azad millət" qəzeti (1945-1946-cı illər) haqqında qanun

Azərbaycan Milli Məclisi rəyasət heyətinin rəsmi qəzet qanunlarının icrası və nəşri haqqında qanunu.

1-ci maddə: Azərbaycan milli dövləti. Milli dövlətin təşkilindən etibarən Azərbaycanın Milli Məclisi tərəfindən tərtib olunan qanunlar Əsas Qanun (konstitusiya – red.) təsdiq olunana qədər Milli Məclisi rəisi katibinin imzası ilə rəsmiləşir.

Qeyd: Məclis rəisi olmadıqda müavinllərdən biri səs çoxluğu ilə, habelə katiblər də bu qayda ilə qanunları imza edəcəklər.

2-ci maddə: Qanunlar təsdiq olandan sonra gərək təcili olaraq Məclis tərəfindən dövlət rəisinə təqdim olunmaqla onun imzasına yetişsin. Dövlət rəisi təqdimatdan 5 gün keçəndən sonra qanunun icrası üçün məsuliyyət daşıyır.

3-cü maddə: İcra əmri dövlət rəisi tərəfindən veriləndən sonra qanun gərək rəsmi qəzetdə nəşr olunsun.

4-cü maddə: Qanunlar rəsmi qəzetdə nəşr olduqdan 7 gün sonra Təbriz şəhərində qüvvəyə minir və Azərbaycanın sair yerlərində 7 gündən əlavə hər 30 km məsafə uzaqlığına görə bir gün əlavə hesablanacaqdır. Qanunun bu nahiyədə başqa bir qayda müəyyən etməsi də istisna olunmur.

5-ci maddə: Məclis tərəfindən nəşr olunanAzad millət” qəzeti rəsmi rəsmi qəzet kimi tanınmaqla bütün qanunlar və rəsmi elanlar, bildirişlər bu qəzetdə dərc olunmalıdır.

6-cı maddə: Dövlət bu qanun icrasına cavabdehdir.

Yuxarıda qeyd olunan Vahid Maddə Azərbaycan Milli Məclisi rəyasət heyətinin 17 fevral 1946-cı il tarixli iclasında təsdiq olundu.

Azərbaycan Milli Məclisinin rəisi Ə. Şəbüstəri. Azərbaycan Milli Məclisinin katibi M.Vilai. Təbriz. 21 fevral 1946-cı il. İcra edilsin: Pişəvəri

***

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

 

Xalq Cəbhəsi.- 2020.- 7 may.- S.14.