“Azərbaycan” qəzetinin səhifələrində
29-cu yazı
Bir saat zindanda
Çərşənbə axşamı günü - 19.02.1946-cı il tarixində Baş prokuror cənab İbrahimi ilə birlikdə “Şəhri-nou” (Yeni şəhər – red.) zindanına getdik. Cənab İbrahimi şəxsən zindanın mətbəxinə və xəstəxanasına baş çəkdikdən sonra məhbusları görmək üçün onlar olan otaqlara getdilər.
Biz həbsxana kameralarında məhbusların müxtəlif simaları ilə tanış olduq. Bu məhbusların içində neçə il bundan qabaq 10-15 il həbsə məhküm olmuş məhbuslar var idilər. Zindanın mühiti içərisində oranın şəraitinə uyğun məhbuslarda bir sima, bir əxlaq və adət formalaşmışdı. Onların hərəkətləri, düşüncə tərzləri heç vəch ilə azad bir mühitdə yaşayan insanlara bənzəmirdi.
Onlar daima məhdud bir yerdə yaşayırlar. Onların
bir-biriləri ilə münasibətləri həmişə
bir cürdür. Mən fikir edirdim ki,
bunların hər biri indiyə kimi neçə dəfə
öz sərgüzəştlərini bir-birilərinə
demişdirlər. Uzun gecələr bir-birləri
ilə oturub keçmiş xatirələrini nəql etmişlər.
Cənab İbrahimi onların hər tək-təkindən
günahlarını və neçə ay zindanda
olmalarını sual edən zamanda onlar hamısı bir-birilərindən
qabağa düşür, öz
günahsızlıqlarını bəyan etmək istəyirdilər.
Mən bir tərəfdə durub onlar danışanda
onların qiyafələrini diqqətlə mütaliə
edirdim. Qabaqkı məhbus sözünü qurtarana yaxın
ayrısı da danışmaq istəyən zaman xüsusi hərəkətlər
edərək udquna-udquna sözünü deyirdi. Onların içində mənim gözüm bəzi
cinayatkar məhbuslara düşdü. Onlar
keçmiş hökumətin dövründə minlərlə
qanuna zidd işlər görürdülər. Amma dövlət onları cəzalandırmayaraq daim
onların əməllərini təşviq edirdi. Buna görə də xalqın arasında
böyük bir inamsızlıq yaranmışdı.
Məhbusların arasında cənab Abedininin məsum (!)
qiyafəsi görsənirdi. Mən bu məsum qiyafəni
ilk dəfə olaraq Marağada Rzaqulu xanın cənazəsi
üstündə görmüşdüm. O gecə cənab
kapitan Abidini zəhərli süngülərlə
ölmüş kəndlinin başı üstə durub
özünə haqqlı bir görkəm almışdı.
Oradakı mhbusların çoxu qabaqki hökumətin
dövründə zindana düşmüşdülər. Qanun əsasında
günahkarlara cəza vermək məntiqi bir işdir. Amma demək lazımdır ki, bu günahkarların
çoxu qabaqkı hökumətin qurbanlıqlarıdırlar.
Doğru prinsiplərlə idarə olunan bir məmləkətdə,
ictimai tərbiyə olan bir ölkədə heç vaxt
günahkar bir insan tapıla bilməz. Düzdür ki, səhlənkarlıq
və yanlışlıq insanda təbii bir işdir. Lakin bu yanlışlıqların əmələ gəlməsi
təsadüfi olmayaraq böyük səbəblərə, əməllərə
malikdirlər. Mədəniyyətin
olmadığı bir ölkədə bu cür işlərin
əmələ gəlməsi qəzəb doğurur. Ondan əlavə bizim ölkəmizdə indiyə
kimi olan fərdlər qanun qarşısında bərabər
bir hüquqa malik olmamışdırlar və cəza
qanunlarının məzmun və mahiyyəti günahkarların
ictimai mövqelərinə görə dəyişərdi.
İkincisi, iqtisadi şərait qarşısında da
xalqımız bərabər bir hüquqa malik deyildi. İşsiz
olan bir şəxs öz ailəsini idarə etməkdən
ötrü hər halda oğruluq edəcəkdir. Bu oğruların çoxu zindandadırlar. Oğruların bəziləri də var idi ki, zindana
getməzdilər. Onlar rayon polisləri tərəfindən
oğruluq tapşırığı alaraq özlərini və
rayon məmurlarının dolandırmağa borclu idilər.
Qanunlarımız ayrı sahələrdə
nöqsanlı olduğu kimi törədilən günahlar barəsində
də böyük nöqsanlara malik idi.
Keçmiş hökumət dövründə maddi
ehtiyac nəticəsində bir aftava oğrusunu tutub zindana
salırdılar. Amma xalqın milyonlarla sərvətlərini
mənimsəyən adamlar azad idilər. Böyük
ictimai postlar da onların əllərində idilər. Bu cür oğruların toxunulmazlığı
olduğu üçün qanun onların barəsində
qüvvədə deyildir. Mən fikir
edirdim ki, məhbuslar müqəssirdilərsə,
keçmiş hökumətin qurbanlığı olmuşlar.
Zindanın kameralarını bir-bir dolandıq.
Cənab İbrahimi məhbusların yeməkləri
barədə sual etdi. Hamısı istəyirdi
ki, özünün zindana düşmə tarixini və səbəbini
deyərək təqsirsizliyini isbat eləsin.
Axırıncı kamerada ürək yandırıcı
bir mənzərəyə rast gəldik. Buradakı
otaqlar fövqəladə soyuq idilər. Koridorlar
darısqal və üfunətli olduğu üçün
insana ürək bulandırması verirdi. Məhbusların
kəsif havalı otaqları insanı gicəlləndirirdi.
Oranın çirkli pəncərələrində
qarlı dağların mənzərəsi gözə
çarparaq zindanın mühitindən ayrı azad bir
mühit olmağını da xatırladırdı.
Bütün məhbuslar ilə müsahibə etdikdən
sonra saat 13-də eşiyə gəldik. Milli Hökumət
qurulmamışdan qabaq burada 228 nəfər məhbus var idi və
indi 120 nəfər vardır. Yolda
İbrahimi “Necə idi, gördün?”- deyə
məndən sual etdi. Mən isə bir az
fikirləşdikdən sonra “Mən heç vaxt məhbus
olmağımı arzu etmirəm”- deyə gördüyüm
faciəli mənzərələri xatırladım.
Fəthi
Xoşginabi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133,
24.02.1946
***
Firidun İbrahimi : "Qələbədən qələbəyə"
Polşanın
qərbindəki şəhərlərdən biri qəhrəman
Qızıl ordu tərəfindən azad olan zaman Qızıl
ordunun dəstələri küçələrdən
keçərkən və əsarətdən qurtarmış əhali
tərəfindən böyük həyəcan içərisində
alqışlanarkən qocaman bir müəllim divarın üzərində
yazmışdı: “Yaşasın bizi qəddar düşmən
çəngindən xilas edən Qızıl ordu!”
Neçə gün keçdi. Qızıl ordu irəliləməsinə
davam edərək bir çox millətləri alman
faşizminin əsarət çəngindən qurtardı.
Şərqi və Mərkəzi Avropada millətlər
azadlığa çatdılar. Qocaman
müəllimin sözləri daima təkrar olunurdu. Belə bir xilaskarlıq sifəti birinci dəfə
olaraq tarixdə bir orduya verilir. Qızıl
ordu hər cəhətdən bu şərəfli sifətə
layiqdir. Çünki bu ordunun həyat
tarixçəsinin hər səhifəsi unudulmaz iftixarlar ilə
doludur. Qızıl Ordu 28 il bundan əvvəl
təzə qurulmuş Sovet sosialist dövlətinin mənafeyini
və mövcudluğunu müdafiə etməkdən ötrü
təşkil olundu. Bu qəhrəman ordu alman
işğalçıları ilə amansız
döyüşlərdə misli görünməmiş
imtahanlardan çıxıb və öz ləyaqətini
sübuta yetirdi.
1918-ci ildən bəri Sovet rəhbərləri ehtimal
olunan təhlükələri nəzərə alaraq
Qızıl ordunun əsasını möhkəmləndirməyə
və bu ordunu son sistem təlimat və silahlarla təchiz etməyə
böyük diqqət göstərmişlər. Müharibə
əsnasında Sovet İttifaqı elə bir təcrübəli
və mükəmməl orduya sahib oldu ki, o, sovet
xalqlarının sosialist nailiyyətlərini müdafiə etməyə
və Sovet İttifaqının dövlət mənafeyini təmin
etməyə hər cəhətdən qadirdir. Almanlar təcavüzkar bir millət kimi müharibəyə
sülhpərvər Sovet İttifaqından daha artıq
hazırlıqlı idi.
Alman faşist ordusu 1941-ci ildə qəflətən Sovet
İttifaqına soxuldu və hücumu davam etdirərək üç
istiqamətdən Sovet İttifaqının mühüm mərkəzləri
olan Leninqrad, Moskva və Qafqaz qapılarına doğru irəliləməyə
müvəffəq oldu. Bu böhranlı günlərdə
bütün azadlıqsevən və demokratik ölkələrdə
sovet xalqlarının öz ana yurdlarını qəhrəmancasına
müdafiə etmələrinə böyük ehtiramla
baxırdılar. Sovet xalqlarının
imanı, fədakarlıqları və sovet
istrategiyasının alman istrategiyasından
üstünlüyü gələcək qələbənin zəminini
hazırladı.
Almanların “İldırım müharibə”
haqqındakı planları yoxa çıxdı. Burada bir
neçə dəfə olaraq almanların məğlubedilməzlikləri
haqqındakı əfsanələr sarsıldı. Bu əziz torpaqlara quldurcasına soxulan alman faşist
işğalçıları fənaya məhkum oldular. Qəhrəman qızıl ordu müdafiədən həmləyə
keçdi, bütün dünya üzərə azadlıq
şövqü ilə yaşayan millətlərə
böyük sevinc və ümid bəxş etdi. Cəbhələrdə vəziyyəti tamamilə dəyişildi.
Almaniya üzərində böyük qələbələr
çalmaq mövsümü çatdı. Faşist
qüvvələri Qızıl ordu qabağında dizə
çökdü və alman işğalçıları
öz məğlubiyyətlərini etiraf etdilər. Bəşəriyyətin qəddar düşməni
öz yuvasına pənah apardı, amma sonda öz yuvasında
da məğlub olub, əzilib və qeyd-şərtsiz təslim
olmağa məcbur oldu.
Ali baş komandan generalissimus Stalinin rəhbərliyi
altında Qızıl ordu sərkərdələri parlaq təşkilatçılıq
istedadı göstərdilər. Zabitlər və
generallar qoşunu məharətlə idarə edib və sərkərdəlik
sənətini ləyaqətlə nümayiş etdirməklə
böyük və misilsiz nümunə göstərdilər.
Bu gün bütün dünyada qəhrəman
Qızıl ordunun şanlı 28-ci ildönümü bayram
edilir, bu bayramda milyonlarla insanlar iştirak edir və
Qızıl ordu şərəfinə şadlıqlar göstərirlər. İllər boyu
azadlıqdan məhrum edilmiş və irticaçı quldur
hakimiyyətlər pəncəsi altında inləyən
xalqlar bu günü səmimi qəlbdən
alqışlayır və Qızıl orduya salam
göndərirlər. Bütün dünyaya
sübut olub ki, Qızıl ordu dünyada təhlükəsizliyin
həqiqi mühafizi və layiqli dayağıdır. Qızıl ordunun dayağı da azad sovet
xalqlarının ürəkləridir. Ona
görə bu şanlı və şərəfli ordu həmişəlik
yaşayıb və qələbədən qələbəyə
qədəm qoyacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133,
24.02.1946
***
"Azərbaycan"
qəzetində elan
Milli Məclisin
18 fevral 1946-cı il tarixində xalisələrin
(dövlət torpaqlarının – red.) bölünməsi
haqqında təsdiq etdiyi qanuna əsasən fevral
ayının 20-dən etibarən aşağıda adları
qeyd olunan yerlərdə dövlət xalisə
torpaqlarının bölünməsinə
başlamışdır. Bu yerlərin
bölgüsü mart ayının 20-ə qədər
qurtaracaqdır.
1.
Miyandoab xalisələri. 2. Xoy xalisələri. 3. Əhər
xalisələri. 4. Təbrizin ətrafı.
Azərbaycanı tərk edib və xaricdə Milli Hökumətin əleyhinə mübarizə aparan mülkədarların əmlakının bölünməsi haqqında sonradan elan veriləcəkdir. Bu adamlar bir ay içərisində Təbrizdə hazır olub öz etirazlarını müsadirə komissiyasına verə bilərlər.
Azərbaycan Kənd Təsərrüfatı naziri doktor Məhtaş.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946
***
"Azərbaycan" qəzetində elan
No 8086 – 4969 22.02.1946
Bu elana əsasən Azərbaycanın Kənd Təsərrüfatı və Sənaye Bankında, eləcə də onun şöbələrində cari hesabı olan şəxslərə xəbər verilir ki, bu tarixdən etibarən öz hesablarından istifadə edə bilərlər və eyni zamanda bank qabaqki qərar üzrə hamı və xüsusilə tacirlər üçün cari hesab açmağa hazırdır. Buna əsasən cari hesab açmaq istəyən şəxslərdən xahiş olunur ki, Təbrizdə Azərbaycanın mərkəzi Kənd Təsərrüfatı Bankına və ayrı şəhərlərdə bank şöbələrinə müraciət etsinlər.
Kənd Təsərrüfatı və Sənaye Bankı. Azərbaycan Milli Hökuməti. Kənd Təsərrüfatı Nazirliyi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 133, 24.02.1946
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 5 may.- S.14.