“Son gedişat onu deməyə
əsas verir ki...”
Politoloq: “Artıq münaqişənin
həlli vaxtıdır”
Rəsmi İrəvan mərhələli versiyanın
lehinədir, ya yox? Bu suala həm qarşıdakı
qapalı danışıqlarda, həm də açıq
şəkildə cavab verilməlidir. Rəsmi
Bakı haqlı olaraq rəsmi İrəvanı Qarabağla
bağlı mərhələli danışıqlar prosesini
pozmaqda qınayır və qeyri-konstruktiv tərəf olaraq təqdim
edir.
Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan
və Rusiya xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və
Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı son açıqlamalarına təkrarən
münasibət bildirib.
Məmmədyarovun sözlərinə görə,
Lavrovun bəyan etdiyi münaqişənin nizamlanmasının
mərhələli variantı bir neçə ildir müzakirə
mövzusu olub və həmsədrlərin
açıqlamalarında açıq şəkildə əksini
tapıb. Bununla yanaşı, o, danışıqların gizli
olduğunu, detalların açıqlanmadığını,
lakin danışıqların ümumi çərçivəsinin
həmsədrlər, həm də həmsədr ölkə rəhbərlərinin
açıqlamalarında açıqladığını
qeyd edib.
“Bu açıqlamalarda münaqişənin mərhələli
şəkildə həlli, yəni əvvəlcə
Dağlıq Qarabağ ətrafındakı ərazilərin
azad edilməsi və Azərbaycanla Ermənistan arasında əlaqənin
açılmasını əhatə edən münaqişənin
nəticələrinin mərhələli şəkildə
aradan qaldırılmasının elementlərini əks
etdirilir”, - deyə Məmmədyarov açıqlamasında
bildirib. Daha sonra nazir əlavə edib ki, Ermənistan tərəfi
Dağlıq Qarabağ münaqişəsinin mərhələli
həllinin müzakirə olunmadığını,
danışıqlar masasında sənəd yoxdur, deməklə,
öz həmvətənliləlirini aldadır.
“Ermənistan tərəfinin beynəlxalq ictimaiyyət
qarşısında razılaşdırıldığı
kimi vaxt itirmədən öz xalqını sülhə
hazırlaması yaxşı olardı”, - deyə Məmmədyarov
tərəflərin lazımi siyasi iradə nümayiş etdirəcəyi
təqdirdə Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həll edilə biləcəyini
söyləyib.
Ermənistan Xarici İşlər naziri Zohrab
Mnatsakanyanın bir neçə gün əvvəl söylədiklərini
xatırladaq.
Mnatsakanyan aprelin 21-də Rusiya Xarici İşlər Naziri
Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli
həllinin müzakirə olunduğunu, onun sözlərinə
görə, Qarabağa bitişik bölgələrin təhvil
verilməsini nəzərdə tutduğunu ifadə etdiyi
açıqlaması ilə bağlı belə deyib: “Şərhlərdə
qeyd olunan, ərazilərə gəldikdə, hər şeydən
öncə, bu ərazilər təhlükəsizlik zonası
və müdafiə xətləridir. Heç
bir şəkildə heç bir erməni tərəfi
Qarabağda yaşayan insanların təhlükəsizliyinə
təhdid yaradan bu işə yenidən baxılmasının
mümkün olduğunu güman edə bilməz. Bəli, heç bir erməni tərəfinin
Qarabağ “xalqının” təhlükəsizliyinə təhlükə
yarada biləcək hər hansı bir güzəştə
gedə biləcəyini güman etmək olmaz”.
“Aravot.am” nəşri yazır ki, həll prosesinin bu fəallığının
fonunda, güman etmək olar ki, hər hansı yekun sənədin
razılaşdırılması üçün yaxın gələcəkdə
vasitəçilər İlham Əliyev-Nikol Paşinyan
görüşünü təşkil etməyə
çalışacaqlar.
“Bugünkü ab-hava şəraitində, İrəvan və
Bakı, açıq şəkildə, fərqli-fərqli
prinsiplərdən danışarkən, belə bir prosesin
mümkün olmadığı aydındır.
İndi erməni diplomatiyasının bir nömrəli vəzifəsi
qarşıdakı danışıqlardan əvvəl erməni
tərəfinin dəqiq fikri sahəsində mövqeyini qeyd
etməkdir. Əvvəla, rəsmi İrəvan mərhələli
versiyanın lehinədir, ya yox? Bu suala həm
qarşıdakı qapalı danışıqlarda, həm də
açıq birmənalı şəkildə cavab verilməlidir.
Moskva və Bakı daim hansı sənəddən bəhs
edir? Əgər çoxsaylı işgüzar sənədləri
varsa və Azərbaycan onlardan sadəcə birini
vurğulayırsa, rəsmi İrəvan üçün sual
yaranır ki, Ermənistan tərəfinin öz sənədi
varmı və varsa, danışıqlar zamanı
işgüzar bir variant olaraq istifadə olunurmu?
Erməni tərəfinin qarşıdakı danışıqlardan
əvvəl görüləsi çox işi var. İstənilən
sürüşkənlik rəsmi İrəvanı daha da
çətin vəziyyətə sala bilər”, - deyə nəşrdə
dərc olunan məqalədə qeyd olunub.
Onu da qeyd edək ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı müzakirələrin
aparıldığı bir dönəmlərdə
işğalçı ordu atəşkəs rejimini intensiv
olaraq pozmaqdadır.
Azərbaycan ordusu 2019-cu ilin iyun ayından sonra ilk dəfə
atəşkəs rejimini pozan düşməni minaatanlardan
istifadə edərək susdurub. Bu, Ermənistandakı
daxili siyasi sahədə olduqca qaynar reallıqların fonunda,
yeni hökumətlə keçmiş idarəetmə sistemi
arasında canlı qarşıdurma dalğasının bir
neçə vektorla yayıldığı bir şəraitdə
baş verir.
Burada Ermənistandakı daxili inkişafın gərginləşməsi
fonunda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məlum
açıqlamanı verməsinə də diqqət yetirilməlidir. Lavrovun
açıqlaması Ermənistan daxilində hökumətə
qarşı siyasi və ya anti-siyasi basqın üçün
açıq bir başlanğıca çevrildi.
“1in.am” nəşri yazır ki, İrəvana təzyiqin
artırılması ilə bağlı məsələ
varsa, Moskvanın bu məsələ ətrafında Bakı ilə
razılığa gəlməyə
çalışacağı istisna edilmir.
“Digər
tərəfdən, bu, Ermənistana qarşı
“sınanmış” şantajdır və ümumiyyətlə,
qanuni bir hökumətə qarşı belə “ənənəvi”
şantajın necə əldə edilməsinin
mümkünsüz olduğu görünür, xüsusən
də şantaj üsulu hətta keçmiş qanunsuz siyasi rəhbərliyə
qarşı da işləmədiyini göz önünə
aldıqda faydasız olduğu aydındır. Yekin
olaraq, Qafqazda istənilən genişmiqyaslı hərbi əməliyyat
təkcə onun birbaşa iştirakçıları
üçün deyil, Moskvanın özü üçün
də fəlakətli olardı. Kreml bu həqiqəti
çətin ki, anlamamış olsun.
Hazırda, məsələni hərbi yolla həll etmək
cəhdi Rusiyanın Qafqazdan çıxması məsələsi
ilə yekunlaşa bilər. Əlbətdə ki,
Ermənistana bu lazım deyil, ən azı hələki
Rusiyanın Qafqazda erməni təhlükəsizliyinin məntiqinə
uyğun davranışda qalması vacibdir. Şübhə yoxdur ki, Türkiyə və Azərbaycan
bu perspektivi səbirsizliklə gözləyirlər. Buna baxmayaraq, Moskvanın Qafqazdakı
varlığını Qərbə baha qiymətə belə
bir perspektiv yaratmaqla satmağa cəhd edə biləcəyi
istisna edilməməlidir.
Vəziyyət həqiqətən mürəkkəb və
çoxşaxəlidir. Siyasi rəhbərlik və Ermənistan cəmiyyəti
müxtəlif daxili çəkişmələrə deyil, bu
miqyasa diqqət yetirməlidir”, - deyə nəşr
yaranmış təşvişi gizlətməyib.
Erməni politoloq Qaqik Hambaryan deyib ki, Ermənistanda
baş verən hadisələrə görə əhatəsindəki
insanları günahlandırmaq, heç kimi əsirgəməmək
və bununla müəyyən müddətlik cəmiyyətin
diqqətini ölkənin daxili və xarici siyasət problemlərindən
yayındırmaq Ermənistan Baş naziri Nikol
Paşinyanın əlyazmasına çox uyğundur.
Hambaryan, həmçinin Rusiya Xarici İşlər
naziri Sergey Lavrovun mərhələli variantla bağlı bəyanatına
toxunub.
“Mən nə
Ermənistan Xarici İşlər naziri, nə də XİN-in
mətbuat katibi səviyyəsində Rusiya Xarici İşlər
naziri Sergey Lavrovun bəyanatı ilə bağlı konkret
mövqe – “bəli, Lavrov doğru deyir və ya yox, Lavrov yalan
deyir” görmədim”, - deyə o bildirib.
Erməni politoloq qeyd edib ki, Paşinyan hakimiyyət dəyişikliyinin
arxasında dayanmış qüvvələrin
proqramını həyata keçirməyə
çalışsa, hakimiyyətini itirə bilər.
Erməni
diplomat Arman Melikyan isə Rusiya Xarici İşlər naziri
Sergey Lavrovun mərhələli variantla bağlı bəyanatına
toxunarkən deyib ki, Lavrovun dediklərinin Minsk qrupunun digər
həmsədrləri ilə
razılaşdırıldığını
düşünmürəm.
Melikyan bildirib ki, Lavrov məharətlə yaş və
qurunu - həmsədrlərin birgə təşəbbüslərini
yalnız Moskva tərəfindən rəsmi Bakıya və
İrəvana edilmiş hansısa təkliflərlə
bir-birinə qarışdırıb.
“Eyni zamanda onu da nəzərə almalıyıq ki, Minsk
qrupunun həmsədrləri birlikdə və ya
ayrı-ayrılıqda çıxış edərək
vasitəçi statusuna malikdirlər və münaqişə
tərəflərinin əvəzinə qərarlar qəbul edə
bilməzlər. Doğrudur, xüsusi hallarda münaqişə tərəflərinin
əhalisinin ictimai rəyinə və əhval-ruhiyyələrinə
vacib təsir gösətərə bilərlər”, - deyə
Melikyan bildirib.
Melikyan qeyd edib ki, Rusiya təşəbbüsü öz
əlinə götürməyə çalışır, Azərbaycan
isə ona dəstək verməyə hazırdır.
Ermənistan
parlamentinin “Çiçəklənən Ermənistan”
fraksiyasının deputatı Arman Abovyan da gərginliyin
artacağını düşünür: “Ermənistanda, belə
desək, daxili siyasi “klounada” tam qüvvə ilə davam edir,
koronavirus infeksiyasının şiddətlənməsinə
baxmayaraq, son zamanlar Qarabağ münaqişəsi cəbhəsində
vəziyyət kifayət qədər gərginləşib”.
O bildirib
ki, bir çox obyektiv və subyektiv amillərlə əlaqədar
gərginliyin artmasını proqnozlaşdırır.
Politoloq Mirsamir Məmmədovun fikrincə isə, münaqişəni hərb yolu ilə həll etmək həm Ermənistanı, həm də Rusiyanı narahat etməkdədir: “Minsk qrupunun üzvləri rəsmi Bakını bu yoldan çəkindirməyə çalışırlar. Onlar bilirlər ki, müharibə başlayarsa Bakı işğal edilən torpaqlarımızı qısa zaman kəsiyində geri qaytaracaq. Rusiya Ermənistana dəstək durmayacaq. Rəsmi Moskva müharibə başlayarsa, heç vaxt işğalçını dəstəkləməyəcək. Rusiya Azərbaycanı itirməkdən qorxur. Elə ABŞ və Fransa da müharibənin Ermənistan üçün fəlakət olacağını göz önünə aldığından münaqişənin həllinə müxtəlif aspektlərdən yanaşırlar, bununla da vaxt uzadırlar. Amma son gedişat onu deməyə əsas verir ki, artıq münaqişənin həlli vaxtıdır. Minsk qrupu buna məcburdur və işğalçı Ermənistanı daha dəstəkləyə bilmir. Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub”.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 5 may.- S.9.