İrəvan quberniyasında azərbaycanlıların
soyqırımı arxiv sənədlərində
2-ci yazı
XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımlarından başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, ermənilərin Cənubi Qafqazda yenidən kütləvi surətdə məskunlaşdırılması prosesi XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra daha geniş vüsət almışdı. XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olub.
Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Həmin illərdə erməni silahlı dəstələrinin İrəvan quberniyasında törətdikləri kütləvi qırğınlardan sonra azərbaycanlı yaşayış məntəqələrinin bir qismi boşaldılmış və həmin məntəqələrdə erməni qaçqın ailələri məskunlaşdırılmışdı.
XX əsrin əvvəlində İrəvan quberniyasına 7 qəza - İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmiədzin qəzaları daxil idi. Bu qəzalardan dördündə - Naxçıvan, Sürməli, Şərur-Dərələyəz və İrəvan qəzalarında azərbaycanlılar, üçündə - Aleksandropol, Novo-Bəyazid və Eçmiədzin qəzalarında ermənilər çoxluq təşkil edirdilər. Ermənilərin bu üç qəzada çoxluq təşkil etmələrinin başlıca səbəbi, bir tərəfdən XIX əsrin 1-ci rübündə İran və Türkiyədən ermənilərin kütləvi halda köçürülüb gətirilməsi idisə, digər tərəfdən, həmin əsrin 90-cı illərində Türkiyədən təkcə İrəvan quberniyasına rəsmi qeydə alınan 60.887 nəfər erməninin gəlməsi olmuşdu. Türkiyədən gələn erməni qaçqınlarının əksəriyyəti bu üç qəzada, o cümlədən də İrəvan və Aleksandropol (Gümrü) şəhərlərində yerləşmişdilər.
1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, qalan 342 kənddə ermənilər məskunlaşmışdılar. Ermənilərin 1905-1906-cı illər qırğınlarını törətməkdə əsas məqsədləri İrəvan quberniyası ilə Yelizavetpol (Gəncə) quberniyası arasındakı azərbaycanlı yaşayış məskənlərini ələ keçirməklə, bölgədəki demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişdirməkdən, bununla da “Qafqaz Ermənistanı” dövlətinin əsasını qoymaqdan və gələcəkdə ələ keçirmək istədikləri Türkiyə əraziləri ilə birləşdirməkdən ibarət idi.
Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törədiblər. Cənubi Qafqazda 1905-1906-cı illər qırğınları zamanı 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalıb. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdü. İnsan tələfatı 10 min nəfərdən artıq olub. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilib.
İndiki Ermənistan ərazisində 1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar XIX-XX əsrlərdə azərbaycanlıların məruz qoyulduqları soyqırım və deportasiyalar silsiləsinin bir mərhələsidir. Bu qırğınlar ermənilərin Cənubi Qafqazda özlərinə dövlət qurmaq üçün yeni torpaqlar əldə etmək məqsədilə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi və ilk mərhələsi hesab edilir.
Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və Rusiyada 1917-ci oktyabr çevrilişi nəticəsində rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra İrəvan quberniyası ərazisində erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi.
Rusiya Ali Hərbi komandanlığının rəsmi məlumatına görə, I Dünya müharibəsinin əvvəlində rus ordusunun tərkibində Qərb və Qafqaz cəbhələrində təqribən 300 min erməni hərbi qulluqçuları var idi. Rus ordusuna qatılmaq üçün Tiflisdə keçirilən hərbi səfərbərlik nəticəsində 1 yanvar 1917-ci ildə hərbi qulluğa yararlı 121.921 erməni, 121.113 gürcü, 42.712 rus, 3221 yəhudi, 2413 alman, 1314 tatar (azərbaycanlı) qeydiyyatdan keçmişdi. Halbuki, həmin vaxt bütünlükdə Qafqazın əhalisinin təqribən yarısını azərbaycanlılar təşkil edirdi və ermənilərin ümumi sayı azərbaycanlıların sayından təqribən üç dəfə az idi. Sayca ermənilərdən dəfələrlə çox olmalarına baxmayaraq, dinc həyat tərzi keçirən, hərbi qulluğa çağırılmayan azərbaycanlılarla, rus ordusunda hərbi qulluq keçən və Türkiyə ərazisində silahlı üsyanlarda iştirak edın ermənilərin arasında silahla davranmaq baxımından böyük fərq var idi. Ümumiyyətlə, I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150 min erməni əsgəri və tərkibində təqribən 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) var idi. Erməni könüllü birlikləri Eçmiədzin kilsəsinin xeyir-duası ilə cəbhə bölgələrinə yola salınmışdılar. Erməni könüllü dəstələri və Şərqi Anadoluda yaşayan erməni əhalisi bölgənin rus qoşunları tərəfindən işğalında müstəsna rol oynamışdılar.
Rusiyada 1917-ci il noyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Bütün bunlar ermənilərin İrəvan quberniyasında azərbaycanlılara qarşı etnik təmizləmə planlarını reallaşdırmağa şərait yaratmışdı.
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1917-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Cənubi Qafqaz (Zaqafqaziya) Xüsusi Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Komissarlığın Azərbaycan (Müsəlman) fraksiyası təsis edilmişdi.
1917-ci il noyabrın 7-də Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən iki gün sonra Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul etmişdi. Millətlərin işləri üzrə Xalq Komissarlığı və onun nəzdində Erməni Məsələləri üzrə Komissarlıq yaradılmışdı. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret Türkiyənin Şərqi Anadolu vilayətlərində “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili kömək göstərilməsi haqqında” Erməni Məsələləri üzrə Komissarlığın bəyanatını müzakirə edərək qərara almışdı ki, bu məqsədlə təmən nasız olaraq 6.194.784 rubl vəsait ayrılsın. Eyni zamanda, bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Qafqaza göndərmək haqqında təlimat göndərmişdi. Göründüyü kimi, istər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Məhz həmin təlimata əsasən əldə edilən silahlarla və Qafqaz cəbhəsindən qayıdan erməni silahlılarının iştirakı ilə sonralar Cənubi Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımlar törədildi.
1917-ci ilin dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi imzalanmışdı. Dekabrın ortalarından etibarən rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsindən istifadə edən ermənilər komandanlığı və silah-sursatı ələ keçirməyə başlamışdılar. Geri çəkilən rus-erməni birlikləri müsəlman əhalisini vəhşicəsinə qırıb-çatır, kəndləri yandırırdı. Həmin dövrdə Tiflisdə çıxan qəzetlər tərxis edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək Sarıqamışdan Gümrüyədək keçdikləri əraziləri dağıdıb, xaraba qoyduqlarını yazırdılar.
Rus qoşunlarının geri çəkilməsi fürsətindən istifadə edən erməni silahlı dəstələri Sarıqamışda çalışdırılmaqda olan 1800 türk əsirini qətl etmişdilər. Qars və Sarıqamış şəhərləri tamamilə yandırılmış, Qağızman, Ərdahan, Axılkələk məntəqələri faciələr səhnəsinə çevrilmişdi.
İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən türk qoşunlarının gəlişinədək dövrü əhatə edir. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək əks hücuma keçir. Erməni qoşunları türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırıma məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.
Türkiyə kəşfiyyatının 18 mart 1918-ci ildə Qafqaz cəbhəsindəki vəziyyətlə bağlı əldə etdiyi məlumatda bildirilirdi ki, ermənilərin Qafqazdakı silahlı qüvvələrinin sayı 50 minə qədərdir və bu qüvvələrin formalaşması üçün 20-yə qədər ingilis zabiti fəal surətdə məşğul olurlar.
Elçin Qaliboğlu
Xalq
Cəbhəsi.- 2020.- 16 may.- S.13.