Gəl bura mahnı deyək,  qərib yerin yoldaşı…

 

 

Əmin Abid yaradıcılığında bayatı janrı

 

1-ci yazı

Bayatı çağırmaq uca ruhumuzdan doğub. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Bayatı dili ana dilıimizin həm də üzağlığıdır. Folklorun yaşının dəqiqliyi bilinmədiyi kimi, təbii olaraq populyar folklor janrı olan bayatının da yaşı bilinmir. İnsanın dərdini, həsrətini, habelə yaşamağa-yaratmağa inamını ifadə edən bayatı haqqında onillərdir az yazılmayıb.

Repressiya qurbanı, istedadlı folklorşünas Əmin Abidin yaradıcılığında bayatı janrının tədqiqi ayrıca yer tutur. Ancaq Əmin Abidin “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti” (1928) əsəri Azərbaycanda folklor mövzusunda yazılmış əsərlər sırasında ilkinliyi ilə diqqəti ayrıca çəkir. Azərbaycan bayatılarının ilk dəfə geniş şəkildə araşdıran Ə.Abid mövzuya ümumtürk kontekstində yanaşır, tanınmış rus, türk alimlərinin manı ilə bağlı araşdırmalarına diqqət çəkir, Azərbaycan bayatıları ilə məzmun, janr etibarilə uyğunluqlar axtarır.

Əsər “Manı və həyatının tarixi təkamülü. Turfan, Altay, Özbək, Mişər, Kazan, Kırım, Anadolu, İrak və Dağıstan manılarına bir baxış”la başlayır. Ə.Abid “Türk xalqları ədəbiyyatında bol məhsullu müstəqil bir ədəbi nevi olan manı-bayatı haqqında türkoloji aləminin çox az tədqiqə malik olduğuna” diqqət çəkir.

Ə.Abid mani janrının araşdırılmasında, təqdimində Hammerin, İ.Kunoşun, V.Radlovun, T.Kovaliskinin, M.F.Köprülüzadənin, H.Nahidin, Kilisli Rüfətin, Səddədin Nüzhət və Məhəmməd Fəridin, Ə.Züfəri və G.Yunusun adlarını çəkir, əsərlərinə istinad edir. Əsərin yazılmasına qədər Azərbaycanda bu mövzuda toplama, tədqi qat məsələsinə toxunan Ə.Abid Abbaszadənin kitabçasına, Bünyadzadənin "Kəşgül" adlı şərqilər məcmuəsinə, F.Köçərlinin "Balalara hədiyyəsi"nə, Y.V.Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərinə, Azərbaycan Ədəbiyyat Cəmiyyətinin nəşr etdigi "Bayatılar" kitabçasına diqqət çəkir.

Maraqlıdır, Ə.Abid məşhur ədəbiyyatşünas Salman Mümtazın Aşıq Abdulla adlı bir şairdən yazarkən bayatı haqqında verdiyi izahatı “qarışıq” sayır, fikrini əsaslandırır: “...bu izahatda ilk mısrada şairin öz adına zikr etməsi haqqında olan iddia, Haşım Nahidin fikrindən kopyə edilib. İkincisi, bayatının Oğuzların Bayat şöbəsinə nisbətlə adlandırılması fikri də Köprülüzadənin daha əvvəlcə söylədigi fikrinin ("Türkiyyat məcmuəsi", cild 1, səh. 205) təkrarı deməkdir. Səlman Mümtaz kitabçasında beş yüzə qədər bayatının Aşıq Abdullanın olmasını göstərməkdədir ki, bununla şərik olmaq qabil degildir. Mühəririn bu korkunc yanlışlığı kitaba "Azərnəşr" tərəfindən ilavə olunan müqəddimədə açıq bir surətdə göstərilib”.

Ə.Abid İsmayıl Hikmətin də yazılarında manılara aid təhlillərə təsadüf edildiyini yazır. İstinadın mənbəyi budur: “Azərbaycan ədəbiyyatı tarixi”, 1-ci cild, Bakı, 1928. Ancaq Ə.Abid bu yanaşmanı şairanəliyə daha yaxın sayır: “Bu mühərir eyni cinsdən manıları bir çox adlarla ayrı-ayrı olaraq qeyd etmişdir. Eşq şərqiləri, manılar, şikəstələr, bayatılar, izdivac şərqiləri, ölüm şərqiləri... Bəstə (musiqi) adı ilə nəzm şəkili adlarının qarışdırıldığı bu bölgünün özü belə bu tədqiqin nə qədər keyfi olduğunu göstərməkdədir. Sərlövhənin altında qeyd edilən izahat ictimai, ədəbi tədqiqdən ziyadə şairanə təhssüslərə daha yaxındır”.

Aydın olur ki, Ə.Abid “manı-bayatı haqqında elm aləmində aparılan tədqiqlər bu ədəbi nevin keçirdigi tarixi təkamülü, hər ləhcə daxilində qazandığı orijinallığı, texniki xüsusiyyətləri sınıfların idealizəsilə olan əlaqəsini, ictimai mevqeyini, türk nəzminin qəmmi (koliçestvennıy) inkişafındakı rolunu, etnoqrafik qiymətinin bir tərkib (sintez) halında qavramaqdan çox uzaq” olduğu üçün problemə ciddi, köklü şəkildə yanaşmağı qarşısına məqsəd qoyur, müəyyən mənada istəyini gerçəkləşdirir. O, yuxarıda istinad etdiyi alimlərə, eləcə də Azərbaycanı Öyrənən Cəmiyyət tərəfindən toplanılıb tərəfindən tərtib edilən beş minə qədər Azərbaycan bayatısı olan nəşrə dayanaraq bir çox türk xalqlarının manılarına istinadən əsərin meydana çıxdığını göstərir.

Əmin Abidin “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti” əsərinin ikinci bölümü “Bayatımı, manimi?” adlanır. Təbii ki, o, mövzuya konkret baxış bucağından yanaşmağa çalışır. Türk ellərində, müxtəlif türk dillərində müxtəlif adlarla (Ə.Abidin təqdimatıyla “...qərb (osmanlı) ləhcəsində mani, çöl Kırım türkcəsində cınğ, Kazan ilə cənub Kırımcada cır, Özbəkcədə əşulə, yaxud aşulə, İraq türklərində türkü, qırğız və qazaxlarda kayım ölənğ, yaxud aytıspa”) tanınan bu janra ümumən türklərin şifahi xalq ədəbiyyatında geniş şəkildə rast gəlindiyini, yalnız Azərbaycanda “bayatı” adıyla tanındığını bildirir. Habelə Şimali Rumıniyada, Bessarabiyada yaşayan Qağauz türklərinin də bizdəki bayatı janrını manı adlandırmalarına diqqət çəkilir.

Buradaca vurğulayaq ki, 92 il bundan öncə yazılmış əsərin özünəməxsus sanbalı, tutarlı ədəbiyyat aparatı var. Ə.Abid Türkiyə türkcəsi, Avropa, eləcə də rusdilli mənbələrə istinadla mövzuya aid hərtərəfli, zəngin təəssürat yaratmağa, yetkin qənaətlərə gəlməyə çalışır.

Ə.Abid Zaqataladan toplanan bir örnəkdə “mahnı, manı” ifadələrinin ehtiva olunmasına diqqət çəkir:

 

Mahnı mahnının başı,

Mahnı bilməyən naşı.

Gəl bura mahnı deyax,

Qərib yerin yoldaşı.

 

Onun bayatı adına, bayatı ruhuna doğma, təəssübkeş yanaşması təsadüfi deyil. Azərbaycanda, Ağcabədinin Bayat kəndinin böyük Füzulinin əcdadlarının kəndi olması, bayatı janrının adının buradan götürülməsi ilə bağlı qənaətlər olub, indi də var.

Ə.Abid “bayatı” adının ilk öncə mənzum növlərin bəstə adları ilə daha çox yayıldığını düşünür, “bayatı təbirini bu nəzm nevinin musiqisinə verilmiş bir ad olduğu haqqındakı fikri qəbul etmək lazım gəldiyini” düşünür. “Necə ki, bizdə bayatı bəstəsilə (havasilə) söylənilən manılar, gərək şərq və gərəksə də digər türklərdə ayrı-ayrı bəstələrlə söylənilməkdədir. Hətta Azərbaycanın özündə də bir manı güftəsi, bayatı, bayatu çobani, şikəstə, Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi və Lenkaran şikəstəsi... kibi müxtəlif bəstələrlə söylənilməkdədir”.

Buradaca Ə.Abidin M.F.Köprülüzadəyə istinad etməsi fikrinə əsaslı bir sübut tapması anlamına gəlir: “Bundan başqa Kafkas və Şimali İran türklərinə aid müsiqi bəstələri arasında Bayati Kürd, Bayati Qacar, Bayati İsfahan, Bayati Şiraz... kibi adlarla yad edilən bəstələr də vardır. Bu cihətləri qeyd edərək bu nəzm şəklinə bayatı adının Oğuzların bayat qəbiləsi tərəfindən verildigini və dolayisilə Azərbaycan bayatılarında musiqi və ədəbiyyatın qüvvətli olduğunu iddia edən Köprülüzadə M.F.: "Əski Osmanlı musiqisində də bayatı pək məşhur və mutəmmim bir məqamdır" deyir”.

Ə. Abidin tədqiqatının bura qədərki təqdimatından aydın olur ki, “bayatı” sözünün ruhu, mahiyyəti Azərbaycan türklərinin ömrü, yaşamı, birbaşa ruhu ilə bağlıdır. Müəyyən muğamların adında “Bayatı” adıyla yanaşı türk adının olmaması düşünürük ki, tarixi, ictimai-siyasi səbəblərlə bağlıdır.

Novruzda ümum Şərqilik olduğu dərəcədə ayrıca “Azərbaycan Novruzu” anlayışı var. Eləcə də bu məntiqlə muğamın yaranmasında Şərqin əsas xalqları iştirak etdiyi dərəcədə ayrıca olaraq Azərbaycan türkünün ruhunun ifadəsi, özünəməxsusluğunun təsdiqi olaraq “Azərbaycan muğamı” anlayışı var.

Ana dilimizdə “bayatı” ifadəsi geniş anlamda işləndiyi dərəcədə nə qədər acı səslənsə də, adını “Şur” muğamında şöbə şəklində qoruyub saxlaya bilib. “Bayatı-Türk” şöbəsi “Şur” muğamının tərkibinə daxil olunaraq, rast məqamına keçid əmələ gətirir.

***

Evliya Çələbiyə əsaslanan Ə.Abid “mani” kəlməsinin ərəblərdəki “məni”dən gəldiyi fikrini irəli sürür. Ancaq bu mani adı bizdəki bayatı adının sadəcə, adaşıdır. Di gəl ki, Ə.Abid türk ədəbiyyatının özü vurğuladığı kimi, hələlik elmə məlum olan ilk nümunələrinə akademik F.E.Korşun tədqiqatına əsasən sitat gətirir, heca şəklinə uyğun olmadığını bildirir:

 

Bilgə kağan bitigin

Yolug tikin bitiqin

Bunca barkag badızın

Özi kağan atısı

Yolug tikin mən ayı

Artıgı tort gün türup

Bitidim, badıztım...

("Bilgə kağan" abidəsi, qərbi-cənub tərəfi)

 

Sonra o, "Divan-i lüğat ül-turk"dəki mənzumələr arasında da yeddi hecalı bir çox mənzum parçaların olduğunu qeyd edir, örnəklər gətirir. Ə.Abidin gəldiyi qənaət: “...məni kəlməsinin zaman irəlilədikcə mövqe dəgişdirdiyini iddia etmək olur. Əvvəlcə, məni adı əruz vəznində yazılmış qitələrə verilərək ondan da hica vəznində yazılmış qitələrə keçdiyi ehtimalı varid olduğu kibi, bunun əksi də xatirə gəlməkdədir. Hər halda bu xüsusda qəti olaraq bir fikir söyləməyə əlimizdəki vəsiqələr müsayid olmamaqla bərabər məni kəlməsinin türkcə olmayışı bu təbirin də əruzlə bərabər türk ədəbiyyatına daxil olduğu fikrini hasil etməkdədir, yəni məni adının ilk dəfə əruzlə yazılmış qitələrə verildiğını qəbul etmək lazım gəlir”.

Buradaca qitənin mahiyyətinə varaq: “Qitə (ərəbcə: parça, hissə) - Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız iki misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır” (Vikipediyadan).

 

Elçin Qaliboğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 19 may.- S.14.