İrəvan quberniyasında azərbaycanlıların
soyqırımı arxiv sənədlərində
3-cü yazı
XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 25 mart 1918-ci ildə Trabzonda olakən polkovnik (albay) Rauf bəy İrəvan və onun ətrafında baş verən hadisələri ona danışan Müdafaayi Mazluman Cəmiyyətinin sədri, irəvanlı Əbdülhəmid əfəndinin sölədiklərini Xarici İşlər Nazirliyinə çatdırmışdı. Verilən ifadəyə görə, İrəvan quberniyasında ermənilər müsəlman əhaliyə qarşı böyük işgəncələr törədir. Bu qırğınların xüsusi olaraq Eçmiədzin və Gümrü bölgələrində həyata keçirildiyi bildirilirdi. Daşnakların həyata keçirilən qırğınlarda xüsusilə aktiv rol oynadıqları vurğulanırdı. Vurulan ziyanın 25 milyon manat olduğu müəyyən edildiyi, bununla bağlı Tiflisə şikayət edilsə də, bir nəticə alınmadığı, ermənilərin qətliamlara davam etdikləri bildirilirdi. İrəvanın müsəlman əhalisinin 50 faizinin salahlanmaq məcburiyyətində qaldıqları, lakin top və pulemyotlara malik olmadıqlarından tüfənglərlə mübarizə etmək məcburiyyətində qaldıqları vurğulanırdı. Məlumatda İrəvan türklərini ülamə Mirzə Hüseyn Həsənzadə və mühəndis Xəlil bəy Qasımbəyzadənin yonəltdikləri bildirilirdi.
Yeri gəlmişkən Göy məscidin axundu, tanınmış şərqşünas Mirzə Hüseyn ağanı ermənilər 1938-ci ildə repressiya məruz qoyub, Sibirdəki Kaluqa həbs düşərgəsinə göndəriblər, orada təqribən 70 yaşında ölüb. Xəlil bəy Qasımbəyov isə 1919-cu il oktyabrın 23-də iki körpə uşağı ilə Tiflisdə gəzintiyə çıxdığı zaman erməni çəkməçisinin arxadan atdığı atəş nəticəsində qətlə yetirilmişdi. Tanınmış ictimai xadim, İrəvan Müsəlman Milli Şurasının qurucularından olan Xəlil bəy Qasımbəyovun qətlə yetirilməsindən sonra Gürcüstandakı Müsəlman Milli Şurası Azərbaycanın Tiflisdəki Diplomatik missiyasına müraciət etmişdi ki, ermənilərin törətdikləri bu vəhşiliyi Paris sülh konfransının nəzərinə çatdırsın ki, bu cür vəhşi təzahürlərə birdəfəlik son qoysun.
1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan Andranikin qoşunu ayın 18-də Axıkələk istiqamətində hərəkət etmiş, Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdu. Axıkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək Tiflis quberniyasının İrəvan quberniyasına bitişik ərazilərində Voronsovka (sonralar Kalinin rayonu) və Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoymuşdu. Andranikin qoşunu həmin bölgənin Şabandilər, Qızlıkilsə, Kəkliyən, Səfərli, Hamamlı, Yuxarı Azman, Aşağı Azman, Mamışlı, Əngirval, Qamışlı, Saatlı, Muğanlı, Sarıyar, Molla Eyyublu, Soyuqbulaq, Xocakənd, Yırğancaq, İlməzli, Qaraqala, Qara İsə kəndlərini talan etmiş, əhalisini kütləvi surətdə qırğınlara məruz qoymuş, qırğınlardan canını qurtaran həmin kəndlərin əhalisi Türkiyə ərazisində özlərinə sığınacaq tapmışdı.
Mayın 21-22-də Vorontovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçir. Oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bəyazid (Kəvər) qəzasını, daha sonra isə Dərələyəz mahalının kəndlərini viran qoymuşdu.
1918-ci il iyunun 20-də Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olub. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum edib. Aparılan tədqiqatlar göstərir ki, həmin dövrdə ermənilər və türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq, yenidən Naxçıvana qayıdıb, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olub. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.
Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. 30 körpə bələkdə ikən süngülənərək qətlə yetirilmişdi.
Pəmbəkdə törədilən qırğınların ən dəhşətlisi azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Vartanlı (sonralar Şaumyan) kəndində həyata keçirilmişdi. 1918-ci il Novruz bayramı günü ermənilər qəfildən kəndi mühasirəyə almış, 13 yaşından yuxarı 411 kişini qoyun tövləsinə dolduraraq qapı-bacanı bağlamış, əvvəlcə gülləbaran etmiş, sora isə bacalardan ot və neft töküb od vurmuşdular. 411 nəfərdən yalnız Molla İsmayıl adında bir nəfər tövlənin bacasından çıxıb qaçaraq canını qurtara bilmişdi. Kəndin digər sakinləri – qadınlar, uşaqlar hadisədən xəbər tutduqdan sonra canlarını qurtarmaq üçün kəndi tərk edib meşələrlə, dağlarla qaçmışdı. Lakin onların da əksəriyyəti soyuqdan və aclıqdan həlak olmuşdular. Yalnız sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların bir qismi doğma kəndlərinə qayıda bilmişdilər.
Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyan) 1925-ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (“Keçmişdən”) əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar. İrəvan və digər qəzalarda bir çox kəndlər dağıdılmış və yandırılmışdı. Erməni fidailəri heç bir faydası və zərurət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi. Xüsusən Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”.
1988-ci ildə tarix təkrarlanmış ermənilər Vartanlı kəndində ən vəhşi üsullarla azərbaycanlıları kütləvi surətdə qətlə yetirmiş, evlərini qarət etmiş və yandırmışdılar. Belə ki, 1988-ci il noyabrın 26-na keçən gecə-güclü boran əsdiyi bir gündə ermənilər kəndə basqın etmiş, 14 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə gündüzlər dağlarla, meşələrlə gizlənmiş, yalnız gecələr yol gedərək, 13-14 gün ərzində Azərbaycana çatmışdılar.
Təəssüf ki, dünya ictimaiyyəti ermənilərinnə 1918-ci ildə, nə də 1988-ci ildə Vartanlı kəndində azərbaycanlılara qarşı nə törətdikləri vəhşiliklərdən xəbər tutmamışdı.
Erməni silahlı dəstələri həmçinin 1918-ci ilin Novruz bayramı günlərində Əştərək yaxınlığındakı Gözəldərə kəndinə basqın etmiş, 600 nəfərdən çox sakini qətlə yetirmiş, bütün tikililəri yandırmışdılar. Həmin kənddən yalnız üç nəfər gənc qaçaraq canlarını qurtarmış, Tiflis quberniyasının Daştəpə kəndində özlərinə sığınacaq tapmışdılar.
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunlarının İrəvan quberniyasında törətdikləri qırğınlar haqqında Türkiyə arxivlərində də kifayət qədər sənədlər saxlanılır. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınıb. K.Qarabəkir paşa yazır: “29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdi;
- Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam (Azərbaycan-türk - red.) kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırıblar;
- 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürüblər;
- 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdı.
Tiflisdə rus dilində nəşr edilən “Qruziya” qəzeti Gümrüdə ermənilərin törətdikləri vəhşilikləri təsvir edərək yazırdı” “Aleksandropolda (Gümrüdə) erməni dəstələri artilleriyadan müsəlman evlərinə atəş açmaqla öz toplarının gücünü sınayırdılar”.
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qağızman təmsilçisinin 7 may 1918-ci ildə türk ordusunun Başkomandanlığına göndərdiyi məktubda İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar haqqında yazılırdı: “İki aydan artıqdır ki, Qafqazda meydana gələn erməni-müsəlman toqquşmalarından dolayı, İrəvanda da müsəlmanlarla ermənilər arasında düçmənçilik artmağa başlamışdı. Bu günə qədər erməni quldurları müsəlamanları kəsib-doğramaqda, kəndləri bir-bir, iki-iki yandırıb yaxmaqdadırlar. İrəvan bölgəsində 30-dan artıq müsəlman kəndinin əhalisi kəsilmiş, kəndlər dağıdılaraq yandırılmışdı. Bu fəlakətdən dolayı İrəvan quberniyasındakı müsəlmanlar çox faciəvi həyat sürməkdədirlər. Söylənənlərə görə, İrəvan şəhərinin müsəlmanları ermənilər tərəfindən mühasirəyə alınmışdı. Hər gün İrəvan tərəfdən çoxsaylı xəstə, yaralı, qoca, qadın, qız qaçqınlar Qağızmana gəlməkdədirlər. Qaçqınların hamısı aclıqdan və yersizlikdən dolayı ölürlər. Təkbaşına qaçmağı bacaran qaçqınlar yeyəcək tapa bilmirlər. Rastlaşdıqları adamlara yalvarmağa başlayırlar. İrəvandakı müəslmanların bu acınacaqlı durumlarının Türkiyəyə xəbər verilməsi xahiş olunur. 36-cı Qafqaz diviziyası komandanından qaçqınlara maddi və mənəvi yardım göstərməsi və onlara qala biləcəkləri yerlər göstərməsini xahiş edirəm”.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 19 may.-
S.13.