“Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi” adlı layihə
Beynəlxalq Muğam Mərkəzi (BMM) Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb.
AZƏRTAC xəbər verir ki, “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” adlı layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb.
Böyük Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən ad alan layihə qədim Azərbaycan torpağı - ölkənin milli irsi olan Qarabağın tarixinə, mədəniyyətinə və sənətinə həsr edilib. Layihənin ideya müəllifi beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstanın dövlət mükafatlarının sahibi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.
İlk efirinin qonaqları Xalq artisti Murad Hüseynov, Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin üzvü, professor Sürəyya Ağayeva, AMEA Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəyli və Niğde Ömər Xalisdəmir Universitetinin və Türkiyə Dövlət Konservatoriyasının professoru Feyzan Gövhər olub.
Azərbaycan və Türkiyənin mədəniyyət xadimləri birgə layihədə erməni vandalizmini qınayıb. Qarabağ tarixindən, Qarabağ ərazisində yerləşən mədəni abidələrdən söz açıblar.
Qeyd edək ki, bu günə kimi bir çox birgə layihələrə uğurla imza atan BMM ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb edən bu günlərdə fəaliyyətini vətənpərvərlik ruhunda daha da genişləndirir. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələri və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər.
Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə
yanaşı, xalqımızın zəngin folklor,
musiqi, ədəbiyyat nümunələri
və digər mənəvi sərvətlərini
ardıcıl və sistemli şəkildə
mənimsəməklə, əslində
işğalçılıq müharibəsini həm də
mədəni sərvətlər müstəvisində
genişləndirirlər. Ermənilər Azərbaycan
bəstəkarlarının musiqi əsərlərini,
xalq mahnı və rəqslərimizi, digər
mədəni irs nümunələrimizi də
özününküləşdirməklə bir
daha öz məkrli
siyasətlərini həyata keçirməkdə davam edirlər.
Xalq Cəbhəsi.- 2020.- 3 noyabr.-
S.16.