“Azərbaycan”
qəzetinin səhifələrində
52-ci yazı
Azərbaycan Demokrat Firqəsinin “12 Şəhrivər” müraciəti
(əvvəli ötən sayımızda)
Biz mətləbin uzanmasını nəzərə alıb Azərbaycanın keşməkeşli tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və babalarının böyük bir dövlət təşkil edib uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməyirik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi qızılbaş ordusunun bugünkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqlardan da bəhs etmirik, hətta İranın və Azərbaycanın Məşrutə cərəyanında Səttarxanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mücahidlərinin fəaliyyətlərini də ayrı mövqeyə saxlayırıq.
Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadlıq hərəkatlarını də şərh verə bilməyəcəyik.
Biz deyirik: Azərbaycan torpağında 4 milyonluq bir xalq yaşayır ki, onlar özlərinin etnik mənsubiyyətlərini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Bu xalq deyir ki, biz istəyirik ki, İranın istiqlaliyyətini və bütövlüyünü qorumaqla bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, edə bilək ki, öz evimizi öz meyl və iradəmizlə idarə edək və milli, yerli ehtiyaclarımızı öz gücümüzlə həll edək.
Azərbaycan deyir: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı müəyyən edib çarə etməkdən acizdir. Bizim mədəniyyətimizin inkişafının qarşısını alır. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan əlaqəmizi kəsmək iddiasında deyilik, ölkəmizin əsas və ümumi qanunlarına itaət edəcəyik. Milli Şura Məclisində (Parlamentdə) və mərkəzi hökumətdə iştirak etməliyik. Fars dilini dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilmiz ilə bərabər tədris etməyə imkan verəcəyik. Amma bunların ha-mısı ilə bərabər özümüz üçün bu haqqa da layiqik ki, gərək öz evimizin ixtiyar sahibi olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.
Necə ki, yuxarıda dedik, biz təzə bir iş başlamamışıq, illərdən bəridir ki, minlərcə Azərbaycan azadlıqsevərləri və mütəfəkkirləri tək və ya cəm halda bu müqəddəs fikir və ali məqsəd yolunda ki, Azərbaycanın və İranın həqiqi azadlıq və istiqlalının əsası gərək onun üzərində qurulsun, mübarizə etmiş, gizlin və açıq surətdə azərbaycanlıları mədəniyyət azadlığı və muxtariyyat üçün mübarizəyə dəvət etmişlər.
İndi ki, demokratik ölkələrin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin puç bir iddia olduğu sübuta yetmiş və bütün dünya millətlərinin sərbəst bir surətdə öz müqəddəratını təyin etməkləri xartiya və müqavilələr vasitəsilə elan olunmuşdur, bu halda Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri təbiidir ki, tək və ya dağınıq halda azadlıq mübarizələrini davam edə bilməzlərdi, ona görə lazım gəlirdi, bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və münəzzəm bir firqə təşkilatı vücuda gəlsin.
Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi vücuda gətirəcək, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır. Əlbəttə, bu firqənin proqram və əsasnaməsi çox tezliklə qurultay tərəfindən təsdiq ediləcək və xalq arasında yayılacaqdır. Bununla bərabər Müəssislər Heyəti bu vasitə ilə firqənin əsas ideyasını bütün xalqa elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.
Əziz həmvətənlər!
Budur, böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi təbəqə və sinif fərqini nəzərdə tutmayaraq öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə iştirak etməyə çağırır.
Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərəsə, çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı və Azərbaycanın və bütün İranın azadlıq mübarizlərinin sırasına daxil olmalıdır.
Bizim şüarlarımız bunlardır:
1. İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyat verilməlidir ki, edə bilsin, özünün mədəniyyəti yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün bütün ölkənin ədalətli qanunlarını gözləməklə bərabər öz müqəddaratını təyin etsin.
2. Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini seçib işə başlamalıdır. Bu əncümənlər mədəniyyət, səhiyyə və iqtisad sahəsində fəaliyət göstərməklə bərabər, Konstitusiyaya söykənərək bütün dövlət işçilərinin fəaliyyətini yoxlayıb, onların dəyişdirilməsi və əvəz edilməsində öz fikirlərini bildirəcəklər.
3. Azərbaycanın ibtidai məktəblərində üçüncü sinfə qədər dərslər yalnız Azərbaycan dilində aparılmalıdır və üçüncü sinifdən yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli universitetin təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
4. Azərbaycan Demokrat Firqəsi zavod və fabriklərin genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikləri təkmil etməklə bərabər işsizliyi aradan qaldırmaq, əl və maşın sənayeini genişləndirmək üçün yollar tapıb, təzə fabriklər vücuda gətirsin.
5. Ticarətin genişlnməsini Azərbaycan Demokrat Firqəsi çox lazim və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndlilərin, xüsusilə bağçıların və xırda mülkədarların sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur. Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi şəkildə başlamağı və bu yolla ümumi sərvətin nöqsanının qabağını almasını nəzərdə tutmuşdur.
6. Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsədə çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənləri qanununu dəyişərək, şəhər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb, onları səliqəli və müasir hala salmağa imkan verilsin. Xüsusilə Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili cari məsələlərindəndir.
7. Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, ölkənin sərvət istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilməz ki, kəndlilər arasında vücuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı addımlar atsın. Xüsusilə kəndli ilə mülkədarlar arasında müəyyən bir hüdud təyin etmək və bəzi mülkədarlar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin təcili vəzifələrindəndir. Firqə səy edəcək, bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həm də mülkədarlar özlərinin gələcəyindən arxayın olub, rəğbətlə kəndlərinin və öz ölkələrinin abadlığına çalışsınlar. Xalisə yerləri (dövlət torpaqları) və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə məsrəf edən mülkədarların yerləri, əgər tezliklə Azərbaycana qayıtmasalar, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş-işrətindən ötəri Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlar üçün Azərbaycanda bir haqq təmin edilməyəcək. Bundan əlavə Firqə çalışacaq ki, çox asan və sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyətini torpaq və əkin alətləri cəhətdən təmin etsin.
8. Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu təhlükə çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu sel gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və yerli məmurlar tərəfindən bu barədə heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu riskin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklərin təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər, mümkündür bir qədər faydalı olsun.
9. Seçki qanununda Azərbaycana münasibətdə böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə 4 milyondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu ədalətsiz qanun üzündən Azərbaycana Milli Şura Məclisində (Parlamentdə) 20 deputat yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək, Azərbaycan əhalisinin sayına uyğun deputat seçmə haqqı olsun. Bu təqəribən Məclis (Parlament) nümayəndələrinin üçdə birini təşkil edə bilər. Azərbaycan Demokrat Firqəsi Parlament seçkilərinin mütləq azad olması tərəfdarıdır. O, dövlət işçilərinin, həmçinin pulluların xalqı qorxutmaq və aldatmaq yolu ilə seçki işınə qarışmalarına ciddi müxalifət edəcəkdir.
Seçki gərək bütün İranda eyni vaxtda başlanıb, çox tez bir surətdə qurtarsın.
10. Azərbaycan Demokrat Firqəsi satqın və rüşvətxor şəxslər ilə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında doğru və düzgün şəxslərə təşəkkür edəcək. Xüsusilə Firqə çalışacaq, onların maaşları və yaşayış şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bəhanə qalmasın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat yaratsınlar.
11. Demokrat Firqəsi səy edəcək, Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın.
12. Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, xüsusilə müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq, mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin. Budur Demokrat Firqəsini yaradanların əsl məqsədləri.
Biz ümidvaruq ki, hər bir vətənpərvər azərbaycanlı istər Azərbaycanın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmrəy və əlbir olacaqdır. Təbiidir ki, insan əgər əvvəl öz evini islah etməsə, məhəllə, şəhər və ya ölkə üçün işləyə bilməz. Biz əvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin pəncəsindən nicat tapacaqdır.
Yaşasın Demokrat Azərbaycan!
Yaşasın Müstəqil və Azad İran!
Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!
Təbriz, 3 sentyabr 1945-ci il
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 5 noyabr.-
S.14.