“Azərbaycan”
qəzetinin səhifələrində
54-cü
yazı
3 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokrat Firqəsinin (ADF-nin) Təbriz şəhərinin “Şir-o-Xorşid” teatr salonunda keçirilən təsis konfransında “12 Şəhrivər” bəyanatı kimi məşhur olan fəaliyyət proqramı qəbul olundu və bütün cəmiyyətə və dünyaya elan edildi.
(əvvəli ötən sayımızda)
O zaman biz bir tərəfdən azadixahları cəlb
etməyimizi, bir tərəfdən də dediklərimizi həyata
keçirdirik. Bizim bir iftixarımız da bu idi ki, o zaman
içərimizdə xain adamlar tapılmadı. Bizim hər
işimiz nəqşə üzərində idi. Hətta 21 Azər
qiyamımız da nəqşə üstə idi. Bir para adamlar da fikir edirdilər
ki, biz iş görmürük. O zaman biz ciddiyət edirdik ki,
milli Milli Məclisimiz London konfransından qabaq olsun və elə
də London konfransından qabaq Milli Hökumətin təsisini
elan etdik. Sonra biz 700 nəfərdən ibarət
böyük bir xalq kongərəsi (Konqresi- S.B.) təşkil
verdik. Bu kongərdə Milli Məclis və
Milli Hökumətimizin binasını qoyduq. Beləliklə, böyük nehzətimiz müəyyən
nəticəyə çatmış oldu.
Biz Məclis intixabatında xanımlara
seçib-seçilmək haqqı verməklə böyük
qədəm götürdük. Biz Tehran ilə
danışanda da şərt etdik ki, bu qanuni layihə surətində
Məclisə verilsin və təsvib olsun.
Biz cavanların intixabat haqqında 27 yaşından 21
yaşına tənəzzül verdik. Və qanun
keçirdik ki, Azərbaycanın Məclisdə 42 nümayəndəsi
olsun. Bizim iftixar etməli işlərimizdən
birisi də əmniyyəti hifz etmək idi. Bu dünyada görülməyən bir işdir.
Sonra şəhərlərin
abadlığına başladıq və xarbarın qiymətini
aşağı gətirdik. Bu işlərimizin nəticəsində
bütün xalq bizə tərəfdar oldular: əgər
verdiyimiz vədələrə əməl etməsəydik,
heç kəs bizim firqəmizin ətrafına toplanmazdı. İndi başımız ucadır. Dediklərimizə əməl etmişik. Ona görə xalq bizə inanır və etimad edir
(alqışlar).
Möhtərəm məsləkdaşlar, bizim vəzifələrimiz
qurtarmayıb.
Biz gərək indi xalqın səadətini daha
artıq təmin edək və xalqı fəlakətdən
qurtaraq. Çünki, onda deyirdik, bizim əlimizdə
qüdrət yoxdur, amma indi ki, bizim əlimizdə qüdrət
var. Gərək xalqın səadətini və xoşbəxtliyini
təmin edək. Burada gərək bir şeyi də nəzərimizdən
çıxarmayaq ki, bizim nehzətimiz də Tehranda olan bəzi
azadixah ruznamələr, məsələn, “Rəhbər”,
“İran-e ma”, “Zəfər” və sairləri əvəzsi
olaraq bizə kömək edirdilər.
Demək, onlar bizim nehzətimizin ikinci sütunu idilər. İndi gərək
biz onlardan təşəkkür və qədrdanlıq edək
və onlara düşündürək ki, bizim xalqımız
haqşinas bir xalqdır. Hər kimsə
onun mənfəəti yolunda bir qədəm
götürürsə, o onun əvəzində 10 qədəm
götürər və hər kəs də onun ziddinə
iqdam edərsə, xalq ona nifrət göstərib, onu aradan
aparmağa çalışar.
İndi
bizim qabağımızda iki şüar durur: birisi,
aldığımı azadlığı qanuni şəklə
salmaq və təşkilatlarımızı genişləndirmək.
İkinci şüarımız isə
aldığımız azadlıq və demokrasini bütün
İranda həyata keçirməkdir.
Sonra cənab
Pişəvəri öz əlilə demokrat firqəsində fəaliyyət
göstərən şəxslərə “Səttarxan
medalı” verdi. Medal ilə təltif
olunanlar bunlardır: Badiqan, Biriya, Qiyami, general Kaviyan, general Kəbiri,
general Qulam Daniçyan, Vilai, Dehqani,
Çeşmazər və dr. Cahanşahlı.
Pişəvəri nitqini “Yaşasın firqəmiz”,
“Yaşasın qəhrəman xalqımız”
şüarları ilə qurtardı.
“Azərbaycan”
qəzeti (ADF orqanı), say 1( 290), 5 sentyabr
1946-cı il
***
Ey dağ - daşı gül, bağçası
gül, torpağı mərcan.
Ey ay kimi
ulduzlar içində üzü taban!
Ey xalqımızın şövkəti, sənsən
bizə zinət.
Sənsən verən övladına dünya boyu nemət.
Yurdum ,
yuvam, ellər gülü, doğma vətənimsən.
Dünya
hamısı bir yana, sən də mənimsən.
Azadlığı
çün sərv ağacı səndən alıbdır,
Dan ulduzu
tək baş çəkib ərşə,ucalıbdır.
Səndən
alır ilham o dağ - daşdakı tufan,
Bu qəlblərin
coşğun olan pak qanı sənsən,
Tarix o
özü keçmişini yaxşı yazıbdır,
Şanlı adını parlaq ürəklərdə
qazıbdır.
Heç
qüvvə cahanda ayırammaz səni məndən,
Mümkünmü
ayırmaq ola bir ruhu bədəndən.
Eşq olsun o aşiqlərə ki, bağladı peyman.
Öz canlarını eylədilər eşqivə qurban.
Oğlanlarının
eşqi, məramı budur ancaq,
Daim
yaşa ey izzətimiz, ey ana torpaq!
Mirmehdi Etimad( Natiqi)
***
Firidun
İbrahimi: "Tehran bəyanatının ətrafında"
Son aylarda İran daxilində, yaxud xaricində və ya
beynəlxalq dairələrdə Sovet Sosialist Respublikaları
İttifaqı (SSRİ) və İran münasibətlərini
bulandırmağa çalışan bir qrup təhrikçi və
saxtakar dövlət üzvlərinin var qüvvələrilə
apardıqları fəaliyyətlər bir nəticəyə
yetişmədi. Moskva və Tehranda iki dövlət
başçıları arasında olan müstəqim
müzakirələr imperializm dəllallarının
bütün fəsadtörədici tədbirlərini nəticəsiz
qoydu.
İran hökumətinin Baş naziri və Sovet dövlətinin
İrandakı Fövqəladə və Səlahiyyətli səfirinin
imzasına yetişmiş və bir neçə gün bundan əvvəl
Tehranda yayılan müştərək bəyanat imperialist
qüvvələrin siyasətinin irəli getməsi tərəfdarlarına
böyük və gözlənilməz bir zərbə kimi
idi. Var qüvvələri ilə dünya millətlərini
bir müharibə uçurumuna sövq edən dairələr
bu son zamanlarda Sovet qoşun hissələrinin İranın
şimalında yerləşməsindən istifadə edərək
apardıqları anti-sovet təhrik və təbliğatın
genişlənməsi üçün təzə bir ünvan
və bəhanə tapmışdılar. Xüsusilə,
cənab Əla və Tağızadə kimi dövlət
üzvləri bu məsələni özlərinə alət
edib istəyirdilər ki, İran millətinin zehnini öz nəcib
və şimal qonşusuna münasibətdə
bulandırıb və qarışdırsınıar. Lakin Qızıl ordu hissələrinin müəyyən
bir müddətə İranın şimal nöqtələrindən
çıxarılmasına dair Sovet dövlətinin
açıq-aydın vədəsi ümumdünya sülh və
dünya təhlükəsizlik düşmənlərinin
bütün tədbirlərini puça çıxardı.
İran-Sovet müştərək bəyanatının
görkəmli əhəmiyyəti bundadır ki, İran milləti
sovet xalqının ziddinə aparılan şiddətli təbliğat
və təhriklərə baxmayaraq, Sovet dövləti
başçılarının baxışlarını və
təfəkkür tərzlərini açıqcasına
düşündü və başa düşdü ki, Sovet
dövlət rəhbərləri anti-demokratik rejimlərin
ocağı olmayan qonşu dövlətlərin dostluq və səmimi
münasibətinə böyük bir qiymət verir.
Cənab
Saedin (Baş nazir) bədnam hökuməti dövründə
bəzi provokatorlar və irticaçı dairələr Sovet
hökuməti tərəfindən İranın şimal nahiyyəsində
istənilən neft imtiyazını İran istiqlalı əleyhinə
təhlükəli bir iş kimi göstərmək
üçün var qüvvələri ilə fəaliyyətə
keçdilər. O gün İranın mürtəce
başçıları hökumətin neft məsələsindəki
tələblərinə aid həqiqəti yalnız onların
imperialist ağalarının mənafeləri və
İrandakı mövqeləri təhlükəyə
düşməsin deyə millətin nəzərindən gizli
saxladılar. Lakin bu gün İranın Baş naziri ilə
Sovet dövlətinin İrandakı səfiri arasında
mübadilə olunan məktublar, şimal məntəqələrindəki
neftin imtiyazı haqqında alınmış qərarlar nəticəsində
İran milləti Sovet dövlətinin məhəbbətli və
səmimi cəhətli ruhiyyəsini aydıncasına başa
düşdü və bu imtiyazın şərtləri ilə
öz cənub qonşusunun ixtiyarında olan imtiyaz fərqlərini
nəzərdən keçirərək anti-sovet təhriklərin
təhlükəli sonluğunu, eləcə də İran millətinin
həqiqi düşmənlərinin mahiyyətlərini və
kim olduqlarını anlamış oldu.
İran-Sovet
müştərək bəyanatı iki millətin münasibətlərini
bulandıran təhriklərə son vermək və yeni bir
dünya müharibəsinin binasını quran, eləcə də
beynəlxalq ixtilaflar bazarını genişləndirən dəllalların
bütün tədbirlərini nəticəsiz qoymaq
baxımından azad dünyada və azadlıq sevən millətlər
içində çox əhəmiyyətli və gözəl
təsirə malik ola bilmişdir.
Azərbaycan
milləti indiki şəraitdə var qüvvəsini öz
milli varlığının əsasını möhkəmləndirmək
yolunda təmərküzləşdirmişdir və bu yolda hər
gün yeni bir müvəffəqiyyətlərə nail
olmaqdadır, ruhən də İran-Sovet münasibətlərinin
səmimiləşməyindən və iki millətin
arasında olan müzakirələrin müvəffəqiyyətlə
nəticələnməsindən məmnundur.
Bizim
üçün heç bir şübhə yeri yoxdur ki,
böyük və nəcib şimal qonşumuz kiçik millətlərin
səadətini, onların zülmkar və irticaçı
hökumətlərin təzyiqi altından xilas
olmalarını istəyir və bu müqəddəs məqsədin
icrası üçün Sovet rəhbərləri
düşmən qüvvələrini öz topraqlarından
qovandan sonra faşizmin məhvedici təzyiqi altında inləyən
millətləri ciddi bir şəkildə xilas etməyə
başladılar və faşizmin məşum kölgəsini
həmişəlik Avropa millətlərinin başı üzərindən
qaldırdılar.
Bu gün bizim qəhrəman xalqımız da bütün azadlıqsevər və həqiqi demokratiyanı əldə etməyə çalışan millətlərin apardıqları mübarizə şərtləri altında mübarizəyə hazır olmuşdur. Heç bir qüvvə bizim milli tələblərimizin əsasına zərbə vurmaq, yaxud bizi getdiyimiz şərəfli yoldan geri qoymağa qadir olmayıb və belə bir imkan tapmayacaqdır. Biz dəfələrlə öz ehtiram hissimizi və nəzərimizi başqa millətlərin istiqlal və azadlıqlarına bildirib və göstərmişik. Buna görə də özgələrdən öz tam azadlığımıza ehtiram nəzəri ilə baxmağı gözləyir və tələb ediriksə, haqlıyıq.
Azərbaycan xalqı Milli Müəssislər Məclisi adlanan millət nümayəndələrinin ümumi konqresində öz məntiqi tələblərini aydın şəkildə demokratik dövlətlərə xitabən nəşr etdiyi deklarasiyada (bəyanatda) da qeyd etmişdir. O gündən etibarən xalqımız öz milli istəklərini həyata keçirməkdə böyük müvəffəqiyyətlərə nail olub, Milli Hökuməti və Milli Məclisi təşkil edib, mədəniyyət və milli maarifin bərpası və inkişafı yolunda fövqəladə irəli getmişdir.
İndi xalqımız bu məsələni ciddi şəkildə anlamışdır ki, dünyanın böyük və kiçik millətləri kimi həqiqi azadlıq və demokratiya nemətinlərindən faydalanmağa tamamilə haqlı və səlahiyyətlidir. Biz hətta düşünə də bilmirik ki, minlərlə Azərbaycan cavanlarının fədakarlıqları və saysız-hesabsız qəhrəmanlıqları sayəsində, Azərbaycanın minlərlə qəhrəman oğullarının qanı bahasına alınan azadlığımızı əlimizdən çıxarmağa təşəbbüs ola bilər. Biz öz azadlıq və milli varlığımızı müdafiə etmək üçün bütün vasitələrə malik olduğumuz kimi, lazım olan anda milli istəklərimizin müdafiəsi uğrunda bu vasitələrin hamısından layiqincə istifadə edəcəyimiz də şübhəsizdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 170, 11.04.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri
tərcümə edən: AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 12 noyabr.-
S.14.