“Azərbaycan”
qəzetinin səhifələrində
55-ci yazı
27 şabanda (1908-ci ilin sentyabr ayının 24-də -
S.B.) Maku ordusunun qalanı da gəldi. Ana
Xatun çölu və hər tərəf dolmuşdu. Bu qoşunun bir miqdarı Eynəli dağının
ətəyi ilə Dəvəçi məhəlləsinə
getməkdə ikən Acıçay kənarındakı fədailər
onların getməsinə mane olub və vuruşmağa
başladılar. Sərdarın əmri
üzərinə bu tərəfdən toplar atəş etməyə
başladı. Şrapnel toplarının
gülləlləri onların arasında partlayıb
onların nizamını dağıtdı və
darmadağın elədi. Bu halı
gördüklərində yarısı Dəvəçiyə
tərəf və qalanı da geriyə dönüb çox sürətlə
qaçmağa üz qoydular. Qaradağlı
Rəhim xan və Mərəndli Şüça Nizam da
onların içində idilər. Durbinli
kəşfiyyatçıların raportuna görə 40 nəfərə
qədər ölü yerdə qalmışdı.
Cümə günü, şabanın 28-də (1908-ci
ilin sentyabr ayının 25-də - S.B.), Qiyamət günündən
bir nümunə idi. Şəhərin ətrafını mühasirə edən
bütün orduların baş komandanı Eynüddövlə
gördü ki, təhdid ilə Təbrizin qeyrətli
camaatı təslim olmayacaq, istibdad bayrağının
altına girməyəcək və öz milli haqlarını
almaqda və müdafiə etməkdə getdikcə daha da
şücaət və cəsarətlə onun bu qədər
qüvvəsinin qarşısında qocaman bir dağ kimi
dayanıbdılar. Bunun üçün
şaban ayın 25-dən 28-ə (sentyabr ayının 22-dən
25-ə - red.) qədər tamam hazırlıq
aparılmışdı.
Şimal
bağının qarşısından, yəni Maralanın
üstündən ta Acı çayın yuxarısına qədər
bir məsafədə 14 dənə qüllə yıxan top
düzdürmüş və Maku ordusu da öz
toplarını şəhərin şimal-qərbindən ta
Qara Məliyə qədər yerləşdirmişdi. Günortadan bir saat keçirdi. Toplar
şəhərin üzərinə 3 tərəfdən atəş
etməyə başladılar. Sərdar (Səttarxan
– S.B.) və Saların (Bağırxan – S.B.) əmrinə
görə Ərk, Xiyaban, Maralan və Əmirəqızdakı
toplardan düşmənə tərəf güllə
yağdırmaqla amansızcasına cavab verilirdi. Bütün qeyrətli fədailər öz səngərlərinə
möhkəm yerləşib müdafiəyə
hazırlanmışdılar.
Eynüddövlənin
fərmanı ilə bir polk Şahsevən və Talış
xanlarının komandanlığı altında Maralan tərəfindən,
böyük bir polk Əraq və Bəxtiyari sərkərdələrinin
komandası altında Xiyaban məhəlləsinin səmtindən,
bir polk Bağmeşə qapısından, bir polk Alaqapı səmtindən,
böyük bir polk Qaradağlı Rəhim xanın sərkərdəliyi
ilə Saman meydanı, Dəvəçi qapısı tərəfindən,
bir polk İstanbul qapısından, yəni Sərdarın
sağ tərəfindən bir polk Dəvəçi ilə
Əmirəqız arasındakı Eyrançı
küçəsindən Səradarın qüvvəllərinin
mərkəzinə doğru, onların da sərkərdələri
Qaradağlı Zərğam və Hacı Musa xan və s.
Qaradağ xanları idilər. Bir polk Mərənd qüvvələri
Əmrəqız ilə Dəvəçi arasında olan Quru
çaydan Mərəndli Şüca Nizam və s. Mərənd
xanlarının komandası altında cənab Sərdarın
sol cinahına doğru, ikinci dəfə gələn Maku ordusu
da Acı körpüsü tərəfindən Makulu İzzətulla
xan və s. Maku, Salmas, Xoy və Avacuq xanlarının sərkərdəliyi
ilə, bir polk Qara Məlikdən Salari Ərfə və
Seyfulla xan və Üskülü Eyvazəli xanın fərmanı
altında şəhərin 11 məhəlləsinin üzərində
yuxarıda yazılan qayda ilə yürüş etməyə
başladılar.
Ehtiyatda olanlardan başqa bu qüvvələrin
sayını 40 mindən və 80 minə qədər qeyd edənlər
vardır.
O zaman Təbrizin
təqribən üçdə bir hissəsi də irtica
qüvvəllərinin əlində idi. Cəbhə xətti
Maralanın üst tərəfindəki Qurxana ətəyindən
və oradakı toplardan başlayıb Peykəriyyə və
Bağmeşədəki qüllə üstündən və
oradan Meydan çayının sağ tərəfi ilə ta
Qarı körpüsünə qədər, sonra çayı
bu tərəfə keçib Bağmeşə
bazarçası, Hərbxana bazarı (indiki Maarif Nazirliyi və
Şəmsülimarə) və Müctəhid küçəsindən,
yəni Çarminardan təqribən Meydan çayının
məcrası ilə ta İstanbul qapısına qədər
uzanırdı.
İstanbul qapısı və Saman meydanından şəhərin
şimalına doğru Əmrəqız məhəlləsinin
Acıçay kənarına gedən yolun şərq tərəfindəki
Dəvəçi ilə Əmrəqız arasında olan
binalar və küçələr ta Çulə qədər,
Acıçay kənarına qədər cəbhə boyu idi.
Qərb cəbhəsində Qara Məliyin
qarşısında olan Hökmavər və Əmi Zeynəddin
məhəllələri idi. Saydığımız
cəbhə boyunun arxası, yəni əhatə etdiyi sahə
və cəmiyyət cəhətdən şəhərin
üçdə bir hissəsi tamamilə o amansız
düşmənlərin əlində idi. Belə
bir ağır şəraitdə Təbrizin biçarə
yerdə qalan üçdə iki hissəsi bu zalım, rəhmsiz
və insafsız cəlladlar, eşqiya və qanlı istibdad
canavarının suvariləri ilə ac-susuz olaraq 3 ay idi ki, gecə-gündüz
vuruşmaqda idi. Həqiqətən bu
şücaətə, bu şərəfə eşq olsun.
Möhtərəm oxucuları inandırıram və
görənlər də təsdiq edərlər ki, Təbrizin
o zamankı halı daş ürəkləri belə
ağladıb rəhmə gətirərdi. Şəhər
daxilində olan bağlar və bağçalar Təbrizin iffətli
və ismətli qadınları, məsum balaları ilə
dolmuşdu. Biçarələr qoyun
sürüsü kimi yonca və ot-ələf yeməyə
başlamışlardı. Bəzi
xırdaca balaların zibillər içində sümük
tapıb daş arasında döyüb yediklərini öz
gözümlə gördüm. Məhəllələrdə,
məhlə bazarçalarında baqqal, ələf və
göy-göyərti satan dükanlarda
çörək əvəzinə camaata yonca
satılırdı. Bu qiyamət əhvalını
o zamanlar görənlərin, ya görüb də indi
yadına salanların və eyni həqiqətlə yazılan
bu sətirləri oxuyanların insanlıq hissi və sevgisi
cuşa gəlib ağlamaması imkansızdır.
Bu, insanlıq gücündən də yüksək olan
ağır bir şərtlərlə aldığımız
məşrutədən (konstitusiyadan –S.B.), azadlıq nemətindən
bizi Tehrandakı irtica aparatı və mürtəceləri
riyakarlıq və hiylə yolu ilə məhrum etdilər. Azadlıq və
rəşadət beşiyi olan Təbrizi bu gün
gördüyümüz kimi xarab və pərişan hala
saldılar. Bu zəhmətlərimiz və
azadlıq yolunda çəkdiyimiz müsibətlər və
dözdüyümüz bəlaların haqqını və
muzdunu bu 39 ildə yaxşı ovcumuza qoydular. Öz xəyanət və riyakarlıqları ilə
ilk əvvəl bu azadlıq meydanının rəşid qəhrəmanlarını,
başda Səttarxan və Bağırxan olmaq üzrə hiylə
ilə Tehrana aparıb orada və ayrı yerlərdə
öldürməkdən başlayıb son 25 ildə
axırıncı mərtəbəsinə yetirdilər.
Yuxarıda dediyimiz kimi, Qaradağlı məşhur Rəhim
xan 28 şabanda (1908-ci ilin sentyabr ayının 25-də - S.B.) Dəvəçi
qapısı tərəfindən hücuma
hazırlaşmışdı. Seyid İbrahim məqbərəsinin
səmtində qoydurduğu top ilə fədailərin
İstanbul qapısında və Ərançı
küçəsindəki səngərlərini vururdu. Vərci və Gödərli məhəlləsinin fədailəri
bu səngərlərdə çox möhkəm dayanıb
atışmaya başladılar. Bir top gülləsi bu səngərə
dəyməklə Hacağa Məşədi Xudakərəm
Kudərlinin oğlunu dağıtdı. O cavanın ətini,
qanını və daş parçalarını, onun
yanındakı yoldaşları Kudərli Məşədi
Hüseynin və Seyfəddinin vurulduğunu öz gözlərilə
gördükləri halda o igid cavanlar heç hallarını
pozmadan atışmlarına davam edirdilər. Bir
addım da olsun geri qoymadılar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165,
05.04.1946
***
Sənədli hekayələr silsiləsindən.
Bəylər
Haili: “Həyatda mənim nəsibim”
Ətrafda olan yerli və homə (rayon – red.) komitələrindən
bir neçəsinin vəziyyətini və təşkilati
işlərini tədqiq edib nöqsanlarını dəf etmək
üçün Azərbaycan Demokrat Firqəsinin mərkəzi
komitəsi tərəfindən səyyar təlimatçılığa
təyin olunmuşdum. Gəzəcəyim yerlər Kəleybər
mahalı olduğundan özümü əvvəlcə Əhər
vilayət komitəsinə təqdim etdim. Gedəcəyim
kəndlərin mühit və şəraitinə müvafiq
olaraq o komitədən yazılı göstəriş və
şifahi tapşırıqlar aldıqdan sonra bir nəfər
bələdçinin müşayiəti ilə ilk mənzilə
tərəf yola düşdüm. Məqsədim
homələrdə gördüyüm mənfi və müsbət
cəhətləti izhar etmək olmadığından bir
neçə günün ərzində bir neçə kəndi
gəzib dolandığım haqqında da izahat verməyə
ehtiyac görmürəm. Lakin bunu qeyd edirəm
ki, o məntəqənin yol və irizlərinə bələd
olmadığım, xüsusilə adamlarını
tanımadığım üçün bir kənddən
başqa bir kəndə yola düşərkən o kəndin əhalisindən
bir nəfər firqə üzvü bələdçi
ünvanı ilə mənə qoşulur, söhbət edə-edə
yola nərdivan qoyurduq. Onlar müxtəlif
suallar vasitəsi ilə kəndlərin iqtisadi vəziyyətinin
yaxşılaşmasına dair firqə və hökumətin əmr
və qərarlarını, gündəlik məsələləri
və yeni xəbərləri məndən öyrənirdilər.
Bu yol ilə səyahət edərək həm
görmədiyim yerləri - qocaman ağaclı meşələrlə
örtülmüş əzəmətli dağları və
yalçın qayalı sıldırım dərələri
görür və həm də üzərimə
götürdüyüm vəzifəni ifa edirdim.
Xülasə, esfənd ayının qurtarmasına bir həftə
qalırdı (bu tarix mart ayının 15-ə uyğun gəlir
– red.). Havadan ilk baharın ətri gəlirdi. Mühit gözəl, üfüq göyçək,
səma da qəşəng idi. Təbiətin
bu sərxoş çağında mən bələdçi
yoldaşımla söhbət edə-edə yol gedirdim.
Üzəri ilə hərəkət etdiyimiz bir yoxuşu
aşarkən “budur, yetişdik” - deyə mənə xəbər
verdi. Mən
başımı qaldırıb baxdım, təxminən 1 km məsafədə
bir kənd gördüm. Bu kənd də o
birilər kimi yarım xaraba bir halda nəzərimdə cilvələndi.
Evləri 3, yaxud 4 binadan savayı çiy kərpic
və ya sadəcə palçıqdan tikilmiş daxmalardan
ibarət idi. Bu daxmaların hər birisinin
bir qapısı və bir də pəncərə əvəzində
geniş bir bacası var idi. Ümumiyyətlə,
mal-heyvan salınan tövlələr ilə yaşayan evləri
xarici görünüşdən təyin etmək
mümkün deyildi. Bu mənzərənin
müşahidəsindən mən ixtiyarsız olaraq dərin
bir xəyal aləminə getdim. “Xarici
ölkələrdə kənd əhalisi mədəni və
mütərəqqi bir həyat keçirməyə müvəffəq
olduqları bir halda, Tehran üsul-idarəsi altında Azərbaycan
kəndliləri günlərini qaranlıq və bədbəxt
bir halda keçirmişlər. Adlarını
vətən və millətpərəst qoyan xəbis hökmdarlar,
onların quyruqları olan Rza xanlar, Seyid Ziyalar və qeyriləri
xaricilərin müstəmləkə siyasətinə
razılıq verib Azərbaycan millətini bu cür zillətlə
yaşatdılar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165,
05.04.1946
***
Tarixi
elanlarımızdan:
Bütün əhalinin məlumatı üçün
elan olunur ki, Urmiya gölündə olan gəmilərin
adları aşağıdakı qayda ilə əvəz
olunubdur və bundan sonra təzə adlarla deyiləcəkdir.
Pəhləvi
Movləvi gəmisi – Səttarxan
Şahpur
gəmisi – Bağırxan
Ahəni
motori gəmisi – 21 Azər
Əxgər
gəmisi – 27 Azər
Rizaiyə
gəmisi – Urmiya
Yol,
Poçt, Teleqraf və Telefon Nazirliyi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165,
05.04.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri
tərcümə edən: AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 14 noyabr.-
S.14.