Azərbaycan rəssamlığında Dədə
Qorqud obrazı
2-ci yazı
Xalq rəssam Sakit Məmmədov 2000-ci ildə Dədə Qorqud mövzusunda kətan üzərində yağlı boya ilə iki əsər yaradıb. Birinci əsərdə Dədə Qorqud tək təsvir olunub. Əsərdə Dədəmiz çox məğrur və düşüncəyə dalmış şəkildə təsvir edilib. Onun da əlində qopuzu, əynində yaşadığı çağın geyimi var. Bu əsərdə Dədə Qorqud açıq mühitdə təsvir edilib, haradasa axşamtərəfidir. Hava hələ qaralmayıb, ancaq göydə aypara var. O, üstünə xalça sərilmiş hündür bir yerdə oturub. Bu əsər kompozisiya bitkinliyi ilə diqqəti cəlb edir.
Rəssamın ikinci əsərində Dədə Qorqudu oğuzlar arasında ocaq başında görürük. Bir qəbir daşı yanında Dədə Qorqud əyləşib, insanlar da onun başına toplaşıb. Ortada ocaq yanır, ətrafdakı insanların əllərində taxtaya bərkidilmiş lopa şamlar var. Arxa fonda çadırlar görünür. Əsərdə ümumilikdə qəhvəyi rəngdən çox istifadə edilib. Rəssamın hər iki əsəri Türkiyədə özəl kolleksiyadadır.
Əməkdar rəssam Asif Azərellinin yaratdığı “Dədə Qorqud” əsəri də çox uğurludur. Rəssam tabloda Qorqudu təbiət qoynunda təsvir edib. O, daşların üstündə oturub uzaqlara baxır. Onun da baxışlarında qayğı və kədər var. Üzü işıqlı, çəkicidir, səmimi və düşündürücüdür. Əsərdə arxa fonda narıncı, sarı buludlar obrazın ümumi halı ilə birlik təşkil edir. O, iki əliylə qopuzundan yapışmış halda ağ paltarda təsvir edilib. Bundan başqa obrazın qara arxalığı diqqətdən yayınmır. Dədə Qorqudun A.Azərelli tərəfindən çəkilmiş obrazı nağıllardakı ağ geyimli, qeybdən soraq verən, bir az da möcüzələr yaradan övliyalara, müdriklərə bənzəyir.
Dəyərli miniatür rəssamı Fəxrəddin Əlinin bu mövzuda maraqlı əl işləri var, dastanın boyları ilə bağlı 20-dən çox əsər yaradıb. Kiçik ölçülü kağız üzərində olan bu illüstrasiyalar inandırıcı və həyatidir. Bunlara baxmaqla dastan və onun qəhrəmanları, oradakı olaylar haqqında dolğun fikir əldə etmək mümkündür. Təsvirlərin əhvalatlara, hadisələrə uyğunluğu tamaşaçını öz bədii təsirində uzun müddət saxlayır. Əsərlər tempera texnikası ilə kağız üzərində işlənib. Rəssam isti və soyuq rənglərin təzadından istifadə edərək maraqlı sənət əsərləri yarada bilib.
Tanınmış rəssam Bayram Qasımxanlı Dədə Qorqudu öz duyumunda bizə tanıdıb. Onun Qorqudu bir başqa biçimdədir. O da Dədəmizi təbiət qoynunda əlində qopuzla təsvir edib. İlk dəfə olaraq bu əsərdə Qorqudu saçları tökülmüş durumda görürük. Arxada isə uca, başı dumanlı dağlar, bir az yaxında qırmızı çadır təsvir olunub. Dədə Qorqud qopuz çalır. Bundan başqa, B.Qasımxanlının Dədə Qorqudla bağlı üç qrafik əsəri var: “Baba yurdu müqəddəs əmanətdir”, “Dədə Qorqud-1300”, “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”.
Dədə Qorqud obrazı rəssam Arif Mərdanın da diqqətindən yayınmayıb, bu mövzuda iki əsər yaradıb. Onun bütünlüklə fərqli bir Dədə Qorqudu var. Sanki Dədəmiz kiminləsə danışır, əliylə nəyəsə işarə edir. İkinci əsərdə Oğuz eli, yurdu təsvir olunub. Burada çoxlu insanlar görürük. Bu baxımdan əsərin kompozisiyası çox mürəkkəbdir. Obrazların və hadisələrin zənginliyi əsərin dərk edilməsini bir az çətinləşdirir. Sanki Oğuz yurdunda bir törən təşkil olunub. Rəssam bu əsərdə bütün boyların anlamını verməyə çalışıb. Sol yuxarı guşədə ağaca sarınmış Qaraca Çobanı, sol aşağı guşədə isə Dədə Qorqudu görürük...
Əməkdar rəssam İsmayıl Məmmədov da Dədəmizin obrazını yaradıb. Qrafik üslubda çəkilmiş əsərdə isə magik elementlər çoxdur. Burada dədənin geyimi də, qopuzu da fərqlidir. Əsərdə ağ, qara və qəhvəyi rənglərdən çox istifadə edilib. Əməkdar rəssam isə Ülviyyə Həmzəyevanın Dədə Qorqud obrazı sənətkarın dekorativ üslubuna uyğun şəkildə tamaşaçıya təqdim edilir.
İmpressionist rəssam İntiqam Ağayevin Dədə Qorqud obrazı isə tamam fərqlidir. Belə ki, burada Dədə dörd qadının əhatəsində təsvir olunub. Əsərin mərkəzində Dədə Qorqud yer alır. O oturub, qarşısında açılmış kitab var və bu kitaba baxaraq qopuzla çalır, nə isə oxuyur. Rəssam bu əsərində rəmzləşdirmədən istifadə edərək dünyanın yaranmasındakı dörd ünsürü dörd qadın obrazı ilə verir. Onların birinin əlində səməni var, bu, torpağa işarədir. Birinin əlində yelpik var ki, yeli, havanı simvolizə edir. Başqa qadının əlində çıraq var, bu, oda işarədir. Dördüncü qadının çiynində səhəng var, bu isə suya işarədir.
Rəssam Həbibə Allahverdiyevanın Dədə Qorquda həsr etdiyi tabloda ağ geyimli, ağsaçlı, ağsaqqal, müdrik bir qocanı görürük. Rəssam obrazı Naxçıvan təbiəti fonunda ağaca söykənmiş şəkildə təsvir edib. Uzaqda isə bənövşəyi fonda Naxçıvandakı məşhur İlandağ görünür. Hikmət Qəhrəmanov “Kitabi Dədə Qorqud” kitabına çəkdiyi illüstrasiyaları ilə diqqəti cəlb edir. Onun dastanın hər boyuna həsr etdiyi qrafik əsərləri var. Tanınmış rəssam Vaqif Ucatayın Dədə Qorquda həsr etdiyi iki tablosu var. Birinci əsərdə o Dədənin yalnız üzünün təsvir olunduğu obrazını yaradıb. Ağsaçlı, ağ saqqqalı Dədə ağ işıq fonunda təsvir olunub.
Rəssam ikinci əsərində də bu obrazdan istifadə edərək Dədə Qorqudun portretini kompozisiya əsasında yenidən yaradıb. V.Ucatayın yaratdığı əsər haqqında düşüncələri çox maraqlıdır. O deyir: “Dədə Qorqud obrazını yaradarkən insanlığın ən yüksək qatında duran, hər cəhətcə ideal ulu türkün surətini yaratmağa çalışmışam. Tablonun bütün sahəsini qapsayan göy fonda Dədə Qorqud öz işığı ilə ayrılır. Bu işıqdan surətin yörəsi də işıqlanıb. Qıraqlara doğru isə boyalar tündləşir. Kompozisiyanın belə çözümü çox uzaq ənginliklərdən insanlara “işıq seli” gəldiyi etkisi bağışlayır. Obrazın özünə gəldikdə isə, tabloda ən güclü işıq Dədə Qorqudun alnındadır. Bu, Dədə Qorqudun özünün işıq olduğunu, daha doğrusu, işığın insan şəklində insanlara görünməsi anlamı daşıyır. Dədə Qorqudun geniş alnı qırışlarla örtülüb. Bu qırışlar böyük həyat təcrübəsinin və dünya kədərinin təsviridir. Obrazın gözləri kölgədən güclə seçilir. Buna baxmayaraq, baxışlarda böyük inam, qətiyyət aydın görünür. Gözlərdəki kölgə isə onları daha çox sirli edir. Dodaqların kip yumulması gözlərdəki inamı, onlardakı qətiyyəti qüvvətləndirir. Dədə Qorqud mənəviyatca kamil olduğu kimi, kamil üz cizgiləri var.”
Əsərdə üç rəngdən – ağ, göy, qızılı və onların çalarlarından istifadə edilib. Bu rənglərin bir yerdə olması bədii harmoniyanı gücləndirir. Rəssam V.Ucatay: “Dədə Qorqudun başında uca, iki boyalı (ağ, göy) möhtəşəm şaman papağı var. Boyalar, ucalıq, arılıq və idrakilik anlamındadır. Papağın uca olması da şamanın (Dədə Qorqudun) mənəvi, ruhsal ucalığından soraq verir. Papağın tamaşaçıya görünən ən son, üst kəsimi tam çevrə şəklindədir. Bu, Dədə Qorqudun Tanrı səviyyəsi, Tanrının insan şəklində insanlara görünməsi deməkdir. Papağın ön tərəfində yuxarıdan aşağıya doğru üç kiçik ağ çevrə var. Çevrələrin hər biri ortada olmaqla, papağın çevrəsi boyunca ağ xətlə dövrələnib. Sonra bu kiçik çevrələr düz xətlə birləşdirilib. Papağın ön alın kəsimində beşləçəkli çiçək formasında olan simgə insan varlığını oluşduran beş əsas ünsürə – torpaq, su, hava, od və dəmirə vurğudur. Papağın önündə simmetrik olaraq hər tərəfdə tünd və açıq boyalı qırx iki qotaz birləşən yeddi bağ görürük. Yeddi rəqəmi həftənin günlərinə, iyirmi bir ağ qotaz ayın gündüz vaxtına, tünd boyada olan iyirmi bir qotaz isə ayın gecə vaxtına vurğudur.”
Rəssam Arif Həsənovun təsvir etdiyi Dədə Qorqud obrazı ayaq üstündədir. Onun mavi rəngdə üst geyimi var. Sağ əlində qopuz, sol əlində isə çomaq təsvir edilib. Arxa fonda körpü, qala görünür. Ola bilsin ki, rəssam Dədə Qorqudun əlində çomaq çəkməklə onun təkcə müdrik düşüncəli qoca yox, həm də yenilməz döyüşçü olduğunu göstərmək istəyib. Dədə Qorqud obrazına cizgi filmlərində də rast gəlirik. Rəssamlarımız bu mövzuda “Basat və Təpəgöz”, “Səgrəyin dastanı” kimi cizgi filmləri yaradıblar.
Azərbaycan heykəltəraşlığında da Dədə Qorqudla bağlı çox dəyərli əsərlər var. Heykəltəraşlar arasında bu obrazı işləyən ilk sənətçi Lətif Aslanov olub. O, 1980-ci illərdə yaratdığı “Dədə Qorqud”u qırmızı ağacdan yonub. Heykəlin yüksəkliyi 2,5 metrdir. Burada sənətçi Dədə Qorqudun üzündə qabarıq cizgi, xarakter verməyib, onu saqqallı və uzun papaqlı bir kişi olaraq təsvir edib. Təbii ki, Dədəmizin əlində qopuzu da təsvir olunub. Əsər Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində qorunur.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli dəyərlərə böyük önəm verilməyə başlanıldı. Ölkəmizin bir çox bölgələrində Dədə Qorqudun heykəlləri ucaldıldı. Bu heykəllər içərisində Qazax bölgəsində ucaldılan abidə diqqət çəkir. Abidənin müəllifi heykəltəraş Ramiz Məmmədovdur.
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin şərq girəcəyində “Dədə Qorqud” meydanı salınıb. 2005-ci ildə meydan tamamilə yenidən qurulub və 5 min kvadratmetr sahəni əhatə edir. Meydanda Dədə Qorqudun 9 metr hündürlüyündə heykəli qoyulub və dastanın 12 boyunu əks etdirən kompozisiyalarla birlikdə yaraşıqlı kompleks yaradılıb. Heykəltəraş Zakir Əhmədov yaradıcılığında ulusallığa və türkçülüyə geniş yer ayırır. Onun da fərqli “Dədə Qorqud” əsəri var. Kiçik həcmli heykəl bürüncdəndir. Dədə Qorqud obrazı primitiv üslubda yaradılıb.
“Dədə Qorqud kitabı”nın 1300 illiyi münasibətilə də ölkəmizin müxtəlif yerlərində abidələr ucaldılıb. Naxçıvan şəhərindəki Dədə Qorqud heykəlinin müəllifi Əməkdar incəsənət xadimi Elman Cəfərlidir. Bu əsər 5,3 metr olmaqla tuncdan tökülüb. Dədə Qorqud daşın üstündə oturaraq dizinin üstünə qoyduğu qopuzun qolundan yapışıb. Heykəl kompozisiyası ilə diqqətçəkən və yaddaqalandır. Obrazın əynində uzun kişi geyimi var və bu bizdə Dədə Qorqudun dəqiq təsəvvürünün yaranmasına xidmət edir.
2013-cü il Bakının gözəl yerlərindən birində “Dədə Qorqud parkı” yaradıldı və orada “Kitabi-Dədə Qorqud” abidəsi ucaldıldı. Heykəlin yaradıcısı tanınmış heykəltəraş Görüş Babayevdir. Abidənin yüksəkliyi 4,5 metrdir. Heykəl ağac formasındadır. Əsərin mərkəzində Dədə Qorqud və dastanda adı keçən qəhrəmanların surətləri əks olunub. Bu əsər bütövlükdə “Kitabi Dədə Qorqud” dastanlarına qoyulmuş adidədir.
Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Şirvan, Yevlax, Hacıqabul, Zaqatala şəhərlərində də Dədə Qorqudun heykəlləri ucaldılıb. Müdrik babamız Dədə Qorqud Azərbaycan rəssamlığının və heykəltəraşlığının daha çox müraciət etdiyi mövzulardan biridir. Təsviri sənətimizdə Qorqud babamızın çoxlu obrazları yaradılıb. Bu obrazlar isə təsviri sənətimizi zənginləşdirir. Ümid edirik ki, bundan sonra da rəssam və heykəltəraşlarımız yenidən Dədə Qorqud mövzusuna müraciət edəcək, yeni-yeni əsərlər yaradacaqlar.
Soltan Soltanlı
Xalq Cəbhəsi.- 2020.- 19 noyabr.-
S.14.