Azərbaycan Xalq Cümhuriyyəti və ordu quruculuğu

 

  1-ci yazı

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən az sonra Azərbaycan milli ordusunun yaradılmasına başlanıldı. Milli dövlətçiliyin bərqərar olmasının ən vacib amillərindən, atributlarından biri milli ordunun yaranması idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq edilməsinə başlandı. Bu dövrdə Azərbaycan ordusunda Azərbaycan dilini öyrənmək və hətta savadsızlığın ləğvi ilə bağlı kurslar açmağa başladılar. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırdı. Gürcüstandakı hərbi məktəblərdə təhsil almaq üçün ora yüzlərlə azərbaycanlı zabit və əsgər göndərildi. Gürcüstan Azərbaycan ordusuna 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşatılan tüfəng, 211 qılınc, 295 nizə və hərbi ləvazimat verdi. 1919-cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə olduğu vaxtda fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri açıldı.

Tarixçi Əzizağa Ələkbərov bildirir ki, müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razılıq verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hərbi hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik süvaribir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə birinci süvari alayının komandiri, polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr Bakıya daxil olduSalyan kazarmalarında yerləşdirildi. İngiltərə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya köçürüldü. 1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakının möhkəmləndirilmiş müdafiə rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində 1919-cu ilin avqust ayında ingilis hərbi birləşmələri Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz qüvvələri yaradıldı. Bu donanmanın tərkibində 75, 3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi vardı. Bura digər gəmilər, katerlər də daxil idi. Xəzər hərbi donanmasının şəxsi heyəti 1170 nəfərdən ibarət idi.

1920-ci ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları və 2 topçu briqadaları vardı.

Yenicə yaranmış olan Milli Ordunun döyüşçülərinin sonrakı taleyi son dərəcə kədərlidir. 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnikpodpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Suskeviç, Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri “qırmızıların” gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər “qırmızılardan”, üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Hargin adasına aparılaraq orada güllələnmişdi. Cavanşir bəy Şəfibəyovun başçılığı ilə hərbçilərdən bir qrupu mühasirədən çıxaraq Qarabağ üsyançılarına qoşulmağa getmişdilər. Onların arasında təqsiri olmayan generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski də vardı. Həriman Hərimanovun böyük səyilə bu iki general həbsdən azad olunmaqla hərbi xidməti istifadə üçün Moskvaya göndərilmişdilər. Qarabağda hərbçilərin üsyanı 1920-ci il iyunun əvvəllərində başlanmışdı. Üsyana özünü Qarabağın hakimi elan etmiş türk generalı Nuru paşa başçılıq edirdi. Üsyanın əsas qüvvəsini Milli Ordumuzun Qarabağın müxtəlif yerlərində olan hissələri, Ağdam, Cavanşirbaşqa süvari alayları, Bakı piyada alayı, 2 topçu diviziyası təşkil edirdi. Tərkibində 6 minə yaxın zabit və əsgəri olan bu birləşmələr əslində Qarabağa tam nəzarət edirdilər. Ehsan xan Haxçıvanskinin rəhbərlik etdiyi Şəki alayı Gəncədən Yevlax istiqamətində hərəkət edərkən bir qrup hərbçi ilə 11-ci Qızıl Ordu qərargahında güllələnmişdilər. 32 nəfər üsyançı-döyüşçü düşmənlə vuruşa-vuruşa mühasirədən çıxmışdı. Tarixi mənbələrdə bu məqam hətta “32-lər əfsanəsi” kimi xatırlanır.

1920-ci ilin may ayında Qarabağda XI ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş verib. Ruslar onlara qarşı çıxan üsyançıları tutduqda XI Ordu qərargahına gətirərək sorğu-sualsız güllələyirdi. Bunu eşidən Milli Ordunun əsgərləri və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələr də, 4 nəfər zabit və 28 nəfər əsgər son damlla qanlarına kimi döyüşməyə and içir, Bərdə tərəfdə IX Orduya qarşı ciddi müqavimət göstərirlər. Rus ordusunun sayca üstünlüyü və silahlarının çoxluğuna baxmayaraq, yaranmış əlverişli şəraitdən istifadə edən “32-lər” Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Onlar rusların Bərdəyə daxil olmasına ciddi müqavimət göstərirdi. Yerli caamat onlara tam dəstək olduğu üçün Lenin Bakıya xəbər göndərir ki, orda rus əsgərləri qırılır, əgər azərbaycanlı bolşeviklər bir ciddi addım atmasalar, yerli hakmiyyətdə təmsil olunmayacaqlar. Bu xəbər Bakıya çatan kimi Çingiz İldırım və Dadaş Bünyadzadə dərhal Qarabağa gəlirlər. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya, Qaryaginə gedərək, yerli kommunistlərdən M Məmmədxanov, A.Qaragözov, S Səfərov, A.Saturyan və başqalarının köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” hələ ki, XΙ orduya qarşı bütün təyziqlərə baxmayaraq döyüşürdülər. Vəziyyətin ciddiləşdiyini görən Ç.İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirir. Bu ultimatumdan sonra yerli əhalini qırğına verməmək üçün “32-lər” şəhəri tərk etməyə məcbur olub Qarabağa irəliləyən birinci süvari alayı ilə qarşılaşırlar.

Üç gün ərzində qanlı döyüşlər apardıqdan sonra mühasirəyə düşmək ehtimalının gerçəkləşdiyini görüb geri çəkilməyə məcbur olurlar. Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşada üsyan etmiş xalqın köməyinə gəlir. Üsyançılar Qarabağda sovet hökumətini devirir. Nuru paşanın ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. XI Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başlayır. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyulun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirir. İyulun 10-da Tərtər, iyulun 11-də Ağdam, iyulun 14-də Xankəndi 11-ci Qırmızı Ordu hissələri tərəfindən tutuldu. Yerli dinc əhaliyə də amansız divan tutulurdu. Kəndlər tamamilə qəsb edilir, əhalisi didərgin salınırdı. Üsyançılara qarşı döyüşlərdə ermənilər də ruslara yaxından kömək göstərirdilər.

1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Milli Ordusunun taleyi uğurla nəticələnməsə də, Vətən tariximizdə, xalqımızın azadlıq mübarizəsində silinməz izini qoydu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərqərar olunması eşqiylə yaşayan neçə-neçə şəxsləri sovet rejimi ailəlikcə məhv etdi, sürgünlərdə çürütdü.

1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov “1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919” nəşrində çap edilmiş “Azərbaycan Respublikasının yaranma tarixi” adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin mühüm təsirə malik olduğu vurğulanır. Tarix elmləri doktoru Ataxan Paşayevin araşdırmasında vurğulanır ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş “Hərbi mükəlləfiyyət haqqında qanuna uyğun olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 17 noyabr.- S.13.