Azərbaycan Xalq
Cümhuriyyəti və ordu quruculuğu
2-ci yazı
Tarix elmləri doktoru
Mehman Süleymanov: “Azərbaycanda
milli zəminə söykənən bir ordu
formalaşdırılmışdı”
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən az sonra Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Milli dövlətçiliyin bərqərar olmasının ən vacib amillərindən, atributlarından biri milli ordunun yaranması idi. Tarix elmləri doktoru Mehman Süleymanovun araşdırmasında vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Bu işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir. Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi: “Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları var və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. irəli gələn xüsusiyyətləri də əhatə edir. Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də var. Azərbaycan Xalq Ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi”.
Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xətti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular: “Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən ilyarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi”.
Araşdırmaçı bu qənaətdədir ki, 1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması idi. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı.
Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici orqan olan Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Həmin qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların fəaliyyətinin istiqamətləndirilməsi üçün əsas kimi qəbul edilmişdi. Öz işini ölkə daxilində cərəyan edən proseslərlə sıx surətdə əlaqələndirən parlament dövlətin müstəqilliyinin qorunması sahəsində gərginlik yaradan məsələlərə dərhal reaksiya verir və bunları müzakirə obyektinə çevirirdi: “Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun Ümumi Qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. Mudros müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general V.Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi Azərbaycan qoşunları da Bakını tərk etsinlər. Çünki Tomson Bakı şəhərini istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi. İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi.
Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin Gəncəyə köçürülməsi, şübhəsiz ki, bu strukturla hökumət orqanlarının əlaqələrində və bütünlüklə ordunun formalaşma prosesində çətinliklər yaradırdı. Bununla belə Hərbi Nazirliyin rəhbərliyinin səmərəli fəaliyyəti ordu quruculuğu prosesində bir ardıcıllıq yaratdı. Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas qüvvələri də məhz Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkil edilmişdi”.
Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncədə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi: “Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra - 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə şəxsən tanış oldu. Hərbi nazir hələ türk qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla rastlaşdı və bu nöqsanları ümumiləşdirərək xüsusi əmr imzaladı və hissə komandirlərindən belə nöqsanların aradan qaldırılmasını tələb etdi. Hər şeydən əvvəl hissə və bölmə komandirləri qarşısında vəzifə qoyuldu ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil olunsun. 1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.
Hərbi Nazirliyin rəhbərliyi ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirmiş və bütün fəaliyyəti boyu ona riayət etmişdi. S.Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S.Mehmandarov və onun silahdaşlarının prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi. Yeni qurulan hökumətlərin rəhbərləri Hərbi Nazirliyin rəhbərliyini dəyişməz olaraq saxlamışdılar.
Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dili orduda da dövlət dili elan edilmişdi. Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi, şübhəsiz, şəxsi heyəti xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Bu məsələyə Hərbi Nazirliyin rəhbərliyi xüsusi diqqət yetirirdi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 21 noyabr.-
S.13.