Azərbaycan
dərdliləri – Əbdürrəhimbəy Haqverdiyev və
Məhəmməd Hadi
Tarix boyunca Azərbaycanı canından artıq sevən, rahatlığını Vətən uğrunda qurban verən insanlarımız çox olub. Bu yazıda qələmi, ömrüylə ulusumuza xidmət etmiş insanlardan ikisi - Əbdürrəhimbəy Haqverdiyev və Məhəmməd Hadi haqqında danışırıq.
XX yüzilin əvvəllərində Azərbaycan ədəbi mühiti əsasən iki möhtəşəm nəşrin – “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının təsiri ilə inkişaf və təşəkkül tapmaqda idi. “Mollanəsrəddinçilər” “Füyuzatçılar”dan fərqli olaraq xalqın dilində - aydın, anlaşıqlı yazırdılar. Ancaq hər iki məşhur nəşrin hədəfi bir idi: xalqı maarifləndirmək.
Bu il Ə.Haqverdiyevin
150 illiyidir. Onun yaradıcılığıyla
Azərbaycan ədəbiyyatında
gerçəkliyin mənaçılıq
səviyyəsində ifadəsi
daha da zənginləşdi.
Ə.Haqverdiyev Azərbaycan ədəbiyyatının,
maarifçilik hərəkatının
öncüllərindən biri
idi. Onun özünəməxsus yaradıcı
dəst-xətti vardı;
folkloru, çağının
ictimai-siyasi gedişlərini,
mədəniyyət tarixini,
ümumiyyətlə, tarixi,
ədəbiyyatı, dinləri
və s. dərindən
öyrəndiyi aydınca
görünür. O, dərin
müşahidəçi olduğu
dərəcədə də
dərin mükaliməçidir:
bu yaradıcı cəhət yazıçının
çağındakı əski
baxışlarla razılaşmamasında
aydınca görünür.
“Yåyərsən qaz ətini, görərsən ləzzətini”
(1892) pyesində insan hüquqsuzluğu tənqid
edilir. "Dağılan
tifaq"da (1896) varlı
mülkədar Nəcəf
bəyin ailə faciəsi, harınlıqdan
doğan acı sonluğun ifadəsi mahiyyətcə o dövr Azərbaycan gerçəkliyinin
məharətlə ümumiləşdirilmiş
halıdır.
“Bəxtsiz cavan” (1900) pyesində gənc maarifçi Fərhadın
faciəsi açıq-aydın
göstərilir: istəklər
həmişə gerçəklikdən
çox qabağa gedir. Fərhad insanların gözünü
açmağa, hüquqlarını
anlatmağa çalışır.
Cəhalətin baş alıb
getdiyi çağda insanların hadisələrdən
düzgün qənaət
çıxarmaları mümkünsüz
görünür.
"Pəri cadu"da
(1901) fələyin şirnisinə
aldanan Qurbanların faciəsi ümumiləşdirilib. İnsan yaşamının,
xarakterinin iblisləşməsi,
sonda dəhşətli
peşmanlığın təzahürü,
fitnə-fəsadlı münasibətlər
obrazların zəlilləşməsinin
köklü səbəbləridir.
Əsərin sonunda Qurbanın
vicdanının səsinə
oyanması belə onu uçurumdan qurtarmır.
Bu mənada Ə.Haqverdiyev
ardıcıl mənəviyyat
tərbiyəçisidir. “Ağa Məhəmməd şah Qacar”da dramaturqun tarix bilginliyi əsər boyunca aydın görünür. Əsas
surətin faciəvi xarakterini ustalıqla açan yazıçı
əslində bununla öz Qacarını yaratmağa nail olub. “Ac həriflər”də kababçı Həsənin
yeməkxanasında - özünü
bəy sayanların, aktyorların, yoldan keçənlərin yediyinin
pulunu ödəməməkdən
ötrü min bir oyunda çıxması, aldatmalar cəmiyyətdəki
gerçək oyunçuluğun
ifadəsi kimi diqqəti çəkir.
Ə.Haqverdiyevin hekayələrində həyat
olaylarının məharətli
ümumiləşdirilməsini görürük. “Marallarım” silsiləsindən olan hekayələrdə o dövrki
cəmiyyət həyatının
dəqiq müşahidəçiliyi
var. “Diş ağrısı”nda
fürsətcil Hacı
Rüstəmin sağlam
dişlərini də
xəstə dişin hesabına çəkdirməsindən
feyziyab olması onu acı gülüş
hədəfinə çevirir.
“Mirzə Səfər”
hekayəsində Mirzə
Səfər obrazı
maarifçiliyə xüsusi
fikir verən, halallığı yaşam
tərzinə çevirən,
yaltaqlığı sevməyən
bir obrazdır. Baxmayaraq ki,
təbinin azlığından
şairlik sevdası baş tutmur. Hekayə boyunca yazıçının
müsbət obrazına
təbii olaraq dərin, səmimi simpatiyasını müşahidə
edirik. Ona görə ki,
Ə.Haqverdiyev üçün
bu kimi obrazların
yaradılması yazıçı
idealının gerçəkləşməsinə
xidmət edirdi.
"Qiraət" hekayəsində
Məşədi Qulamın
Nataşa üçün
sinov getməsi, ailəsini saymaması hərcayiliyi tənqid olunur. “Pir” hekayəsində
avamlığın, mövhumatın
meydan sulamasından yararlanan Əhmədin gecələr həyətdə
lağım ataraq pir düzəltməsi, hədsiz varlanması mövhumatın, cəhalətin
mənbələrindən biri
kimi ifşa olunur.
“Xortdanın cəhənnəm
məktubları”nda “O biri
dünya” gerçəkliyin
özünəməxsus mifoloji-bədii
ifadəsi kimi meydana çıxır. Haqverdiyevin yazıçı
təhkiyəçiliyi, cəmiyyət
həyatına, düşüncəsinə
bələdliyi bütün
çalarlarıyla bu
əsərdə üzə
çıxır. Avamlığın, mövhumatın, fürsətcilliyin,
pulçuluğun tənqidi
oxucu tərəfindən
təbii, gərəkli
qarşılanır.
“Hadi” – “yolgöstərən”
deməkdir. Ötən il 140 illiyi
qeyd olunan Hadi millətin vurğunu idi: o, çalxalanan, yenilənən
dünyada millətinin
özünəməxsus var
olmasını istəyirdi.
Onun poeziyasında ulusal dərdin, habelə bəşəri faciələrin
yanğı səviyyəsində
ifadəsi var. Hadi
"İnsanların tarixi
faciələri, yaxud
"Əlvahi-intibah" poemasında
bəşərin keçib
gəldiyi böyük
bir yaşam dövrünü faciələrdən
ibarət sayır:
Həyatın səsləri guşumda
həp fəryad şəklində,
Bu insanlar ki, qardaşdır və lakin yad şəklində.
Burdakı şair fəryadını
görməmək, duymamaq
mümkün deyil. Hadi burada
sadəcə, bir şair deyil, millətini düşündüyü
dərəcədə bəşəri
düşünür. O, özünə qıymadığını
bəşərə də
qıymır. Mahiyyətcə böyük bəşəriliyin
təməli millilikdir.
Hadi zərif
və həssas şair ürəyiylə
duyur ki, millətdən ayrı bəşər yoxdur, bəşərin səadətini
istəyirsənsə, millətinin
səadətini yarat, ancaq bu səadət
insanlığın ölçüsündə
olmalıdır. İnsanlıqdan xali olan millətin səadəti olmur əslində.
M.Hadinin romantikliyi əslində bu cərəyanın tələblərinə mahiyyətcə
sığmırdı. O, təkcə
romantikdirmi? Ümumiyyətlə, böyük yaradıcılar,
düşüncə insanları,
özündən keçənlər
hansısa “izm”-ə sığışırmı, sığışa bilirmi?
Əlbəttə, yox. Onun yaradıcılığında
fəlsəfi ümumiləşdirmələr
gözəlliyi yüksək
poetik səviyyədədir.
Hadi zamanını, başlıcası,
içini dərindən
anladığından insanlığın
sözçüsü kimi
çıxış etməyə
haqq tapır. Bəşərin fəlakətli
hekayətini ürəyimizi
sızlada-sızlada danışır
ki, millətin fərdi olduğumuz dərəcədə də
bəşərin fərdi
olaraq dərs alaq:
Bu torpaq qanlı oylaqdır, bəşər
səyyad şəklində
Ədavət daima vardır, məhəbbət – ad şəklində.
Hadinin fəryadı bitmir-tükənmir:
niyə insanlar arasında yadlıq bu dərəcədə artır, niyə bəşər övladları
bir-birinin qanını
içir? Niyə insanlar ürəkdən sevinə bilmir, insan insana axıracan
məhəbbətli ola bilmir, sürətlə yadlaşır?
Fərəhlər həbs olunmuş,
hüznlər azad şəklində,
Müsibətlər, bəlalar, qüssələr abad şəklində,
Ürəklər qəm odilə hər zaman bərbad şəklində.
Hadinin bəşəri
qayğı yönündə
axtarışları göründüyü
kimi, çağımız
üçün olduqca
aktualdır. Bəlaların nədən baş
verdiyi Hadiyə gözəl aydındır.
Bu dərdləri ilahi
şair duyumuyla dilə gətirmək, məharətli ifadə etmək gözəlliyi yaşayır Hadinin insan-bəşər haraylı
şeirlərində:
Ədalətlər nerdə, lakin zülmü-vəhşətlər həqiqətdir,
Hanı hürriyyət aləmdə,
əsarətlər həqiqətdir.
Bütün əsrarımız qanlı,
cinayətlər həqiqətdir,
Budur tarix meydanında hekayətlər,
həqiqətdir.
Hadi zülmə,
ədalətsizliyə qarşı
üsyan edir. Əslində bəşərin bu duruma çatmasının
kökündə onun
məsuliyyətsizliyi dayanır.
Bu gün dünyada
bütün uğurlara
baxmayaraq fərəhsizlik,
sevincsizlik hökm sürür. Hadinin görümündə
insan müsibətlərdən
sıyrılıb səadətə
çatmaq üçün
özünü aramalı,
içinə baş vurmalıdır. O zaman
bu qanlı savaşlara da gərək qalmaz.
Hadi bəşərə
münasibətində qətiyyən
ümidsiz deyildi, o, çağının ardıcıl
davam edən halsızlıqlarına qarşı
hiddətli idi. Şair
harayında insanlığa,
insanlara dərin ümid var. Bu ümidin qaynağı isə Vətənə olan bitməz-tükənməz sevgisidir:
Ey Vətən! Ey pəriyi-vicdanım!
Səni sevmək deyilmi imanım?
Hadi millətin
dərdini Mirzə Cəliil, Sabir kimi öz dərdi
sanırdı. Sadəcə, bu dərdin ifadə çalarları fərqliydi:
...İmzasını qoymuş
miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində!
Hadinin ümidi ulusal düşüncə mədəniyyətimizin
özülündəki bəşəri
nikbinliyimizin ciddi soraqlarından biri kimi varlığımızı
təsdiq edir:
Məyus
olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.
Şairin
“Azərbaycan” qəzetinin
1919-cu il 23 aprel sayında çap olunmuş "Əsgərlərimizə, könüllülərimizə"
şeirindəki inam hissi sabaha ümidini
ifadə edirdi:
Qorxutmamalı bizləri yollardaki
əngəl,
Məfkurəyə doğru yürü,
qoş, durma, çapıq gəl!
Qoyma toxuna yurduna naməhrəm olan əl!
Amalımıza doğru şitaban
olalım, gəl!
Millətlə Vətən rahinə
qurban olalım, gəl!
Ə.Haqverdiyev “Mollanəsrəddin”çi” idi,
M.Hadi “Füyuzat”çı. Dil-üslub fərqi
hər birinin yaradıcılığında aydın görünür.
Ə.Haqverdiyevdən fərqli olaraq
M.Hadinin ömrü qısa oldu.
Hər ikisinin bir amalı
vardı: Azərbaycanımızın
varlığı üçün
təmənnasız çalışmaq.
Bu səbəbdən hər iki yaradıcı
insanı ağlımızda,
ürəyimizdə yaşatmaq
mənəvi borcumuzdur.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.-
2020.- 24 noyabr.- S.14.