QHT-lər də erməni təcavüzü
ilə bağlı dünyaya səsləndilər
04 oktyabr 2020-ci il tarixində, saat 10:30-dan başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri, Gəncə şəhəri, Mingəçevir, Tərtər, Ağcabədi, Xızı və digər rayonların mülki əhalisinin sıx yaşadığı məntəqələri kasset tipli raket atəşinə tutulub.
6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.
Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumlar etməsi ilə bağlı BMT-nin Baş katibinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb:”Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari il sentyabrın 27-də başlatdığı hərbi təcavüzlə bağlı Sizə müraciət edirik.
Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.
Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.
Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.
Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticəyönümlü addımlar atmağa çağırırıq”.
Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən 9 QHT rəhbəri isə "Amnesty International"ın verdiyi bəyanata etiraz edib.
Müraciətində deyilir: "Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər olaraq dərin narahatlıq və narazılıq hissi ilə Sizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mülki şəxslərin qorunması vacibliyi ilə bağlı verdiyiniz bəyanata etirazımızı bildiririk.
Hüquq müdafiə təşkilatı kimi mülki şəxslərin humanitar hüquq, həmçinin beynəxalq insan hüquqları çərçivəsində qorunmasının vacibliyi ilə bağlı mövqeyiniz təqdirəlayiqdir. Lakin təəssüflər olsun ki, bəyanatınızda qeyri-obyektiv baxış və qərəzlilik hiss olunur.
Belə ki, bəyənatda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verirsiz lakin, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini qeyd etmirsiz.
Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxmından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.
Eyni zamanda, düzgün olaraq qeyd edirsiniz ki, Azərbaycan və Ermənistan klaster silahları barədə Konvensiyanın tərəfləridir. Azərbaycan tərəfi bu konvensiya ilə öhdəlikləri tamlıqla yerinə yetirir. Lakin Ermənistan ordusunun istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız legitim hərbi obyektləri hədəf seçir. Mülki obyektlərə konvensiyaya uyğun olaraq atəş açılmır.
Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər adından Sizə müraciət edir və Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini pisləməyə çağırırıq.
Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir".
Onu da qeyd edək ki, Fransanın Azərbaycandakı səfirliyi qarşısında da Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi Fransa prezidentinin Ermənistanı dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlara etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiyada BDM sədri İsmayıl Ağayev və İSBAM sədri Samir Adıgözəlli Fransanın işğalçı Ermənistanı dəstəkləməsini və tutdugu ədalətsiz mövqe ilə bağlı çıxış ediblər.
Çıxışlardan sonra “Qarabağ Azərbaycandır” “Türkiyə-Azərbaycan” şüarları səsləndirilibr. Aksiyada Azərbaycan ictimaiyyəti adından bəyanat qəbul edilib: “İşğalçı Ermənistanın son təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatına başlamış və suveren ərazilərimizi düşməndən təmizləməkdədir.
Azərbaycanın apardığı haqq mübarizəsində təəssüflər olsun ki, Fransa dövləti açıq şəkildə işğalçı Ermənistana himayə göstərməkdədir. İşğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana isə beynəlxalq təzyiq edilməlidir. Lakin Fransa prezidenti Makronun bəyanatı bölgədə təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, işğalçının açıq müdafiəsinin təzahürüdür.
Minsk qrupu həmsədri funksiyasını yerinə yetirməli olan Fransanın özünü tərəf göstərərək işğalçını dəstəkləməsi, vasitəçilik missiyasının itirdiyinin təsdiqidir.Onsuz da otuz ilə yaxın müddət ərzində heç bir nəticə ortaya qoymayan Minsk qrupu adlı missiyaya Azərbaycan xalqının ehtiyacı qalmayıb. Torpaqlarımızın azad edilməsi və terrorçu xunta rejiminin zərərsizləşdirilməsi missiyasını Azərbaycan öz üzərinə götürməyə məcbur qalıb.
Fransa prezidentinin siyasi etikaya sığmayan bəyanatı otuz ildir torpaqlarımızın işğalda qalmasına göstərdiyi münasibəti ortaya qoyur.
Bu müharibə Azərbaycanın işğal olunmuş torpağlarının azad edilməsi uğrunda aparılır. Qarabağ əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpaqlarımızdır. Bunu başa düşməyən Fransa kimi vasitəçilərin missiyasına artıq heç bir ehtiyacımız yoxdur. Prezident Makronun “Ermənistana və ermənilərə hər cür dəstəyini davam etdirəcəyini” bildirməsi Fransanın beynəlxalq hüquqa,insan haqqlarına açıq hörmətsizliyi və Fransa prezidentinin riyakar mövqeyinin təsbitidir.
Soyqrımlar və terrorlar törədən Ermənistan kimi bir dövlətin Fransa tərəfindən bu cür dəstəklənməsi təsadüfü deyil. Çünki Fransa Əlcazair xalqına qarşı soyqırım törətməklə tarix qarşısında günahkardır.
Azərbaycan ictimaiyyəti olaraq, Fransa dövlət başçısının ədalətsiz və siyasi əxlaqa sığmayan bəyanatlarını şiddətlə qınayırıq.
Bu gün Ermənistan tərəfindən ağır silahlardan atəşə tutulan Azərbaycan şəhərlərini, öldürülən mülkü vətəndaşlarımızı Fransa və digər aparıcı ölkələr görməzdən gəlirlər. Həqiqəti görməkdə aciz qalan Fransanın Azərbaycan Respublikasını ittiham etməyə heç bir hüququ yoxdur. Bu gün ittiham olunacaq dövlət Ermənistandır.
Bir daha Fransanı ədalətli olmağa dəvət edərək prezident Makronun bəyanatlarını beynəlxalq hüquqazidd açıqlamalar olduğunu bildirərək, qınayır və rədd edirik”.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 8 oktyabr.-
S.9.