Milli Kitabxanada “Qarabağ abidələri” adlı sərgi
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ abidələri” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağ abidələrinin bugünkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoyub. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmayıb. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın ediblər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən siliblər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik ediblər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.
Qarabağın tarixi abidələrinin
darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat
tariximizin daşlaşmış
yaddaşının silinməsi kimi
ağrılı-acılıdır.
Xalq Cəbhəsi.- 2020.- 10 oktyabr.-
S.16.