“Dilimiz
varlığımızdır” kitabının təqdimatı
olub
“Naxçıvan” Universitetinin Elmi kitabxanasında professor Sədaqət Həsənovanın “Dilimiz varlığımızdır” kitabının təqdimatı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva müəllifi təbrik edib, “Dilimiz varlığımızdır” kitabının elmi dəyərə malik olduğunu vurğulayıb. Bildirib ki, kitabda professor Sədaqət Həsənovanın son illərdə apardığı araşdırmalarının nəticələri əks olunub. Rektor diqqətə çatdırıb ki, müəllif Azərbaycan üslubiyyat elmi ilə bağlı ardıcıl məşğul olan alimlərimizdəndir. Onun 2017-ci ildə çap olunmuş irihəcmli “Dilimiz mənəvi kimliyimizdir” kitabı elmi ictimaiyyətin diqqətini cəlb edib, bu haqda Azərbaycanın bir sıra alimləri müsbət rəylərini bildiriblər.
Daha sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın və kafedranın müəllimləri, dosent Qənirə Əsgərovanın, dosent Arifə Zeynalovanın çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, professor Sədaqət Həsənovanın araşdırmaları dilçilik elminin müxtəlif sahələrini əhatə edir. Lakin onun elmi yaradıcılığında üslubiyyat məsələləri qırmızı xətlə keçir. Müəllifin “Dilimiz varlığımızdır” kitabında İmaməddin Nəsimi, Molla Cuma, Cəlil Məmmədquluzadə, Zeynal Cabbarzadə, Fikrət Qoca, Əli Kərim, Eldar Baxış, Nəriman Həsənzadə, Musa Yaqub və digər söz adamlarının dilindəki yeniliklər diqqətə çatdırılıb.
Sonda professor Sədaqət Həsənova çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki,
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr
olunan kitabın elmi redaktoru dosent Qənirə
Əsgərovadır.
Xalq Cəbhəsi.- 2020.- 10 oktyabr.-
S.15.